Month: January 2021

  • 2021-ci ildə investisiya üçün ən yaxşı valyuta hansıdır?

    2021-ci ildə Avropa iqtisadiyyatının bərpası müsbət dinamika göstərdiyindən avroya investisiya qoymaq daha yaxşıdır.

    “BCS World of Investments” fond birjasının mütəxəssisi Mixail Zeltser bu barədə “RİA Novosti”yə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Avropa iqtisadiyyatı ABŞ iqtisadiyyatından daha sürətli böyüyəcək:

    “Beləliklə, 2021-ci ilin birinci yarısında avro dollar qarşısında 1,3-ə qədər möhkəmlənə bilər. Bu da onu göstərir ki, xarici valyuta olaraq avroya daha çox üstünlük veriləcək”.

    Bundan əlavə, Zeltser qeyd edib ki, yuan, yen və rupi də maraq doğura bilər.

  • 2021-ci ildə dünyanın qarşılaşacağı risklər açıqlandı

    “Eurasia Group” Konsaltinq şirkəti 2021-ci ildə dünyanın qarşılaşacağı risk reytinqini açıqlayıb.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Siyahının ilk sətirini “ABŞ-ın parçalanması” tutur. Analitiklərin sözlərinə görə, Co Baydenin hakimiyyətə gəlməsi ilə birlikdə, ABŞ sakinlərinin təxminən yarısının hər növbəti dövlət başçısını qeyri-qanuni hesab edəcəyi bir dövr başlayır.

    Gələn ilin ikinci əsas riski COVID-19 pandemiyasıdır. Mütəxəssislərin fikrincə, vaksinasiya fonunda cəmiyyətin varlı və kasıb təbəqələrə bölünməsi daha da artacaq və bu da bir çox ölkələrdə iğtişaşlara səbəb ola bilər.

    Siyahının üçüncü sətirində, analitiklərin fikrincə, beynəlxalq rəqabətə səbəb olacaq iqlim dəyişikliyinə qarşı mübarizə dururdu.

    “Eurasia Group”a görə ilin əsas riskləri arasında Vaşinqton və Pekin münasibətlərindəki artan gərginlik, məlumatların beynəlxalq formatda ötürülməsindəki çətinliklər, rəqəmsal məkanda qlobal qarşıdurma ehtimalı, Türkiyə iqtisadiyyatında siyasi nəticələrə səbəb ola biləcək problemlər, Yaxın Şərq iqtisadiyyatlarında neftin aşağı qiymətləri ilə bağlı tənəzzül, Alman Kansleri Angela Merkelin istefası, həmçinin, bir sıra ölkələrdə seçkilər və pandemiyaya görə Latın Amerikasında siyasi və sosial böhran yer alıb.

  • Toy zamanı kəndə hücum: 100-ə yaxın şəxs qətlə yetirildi

    Malidə naməlum şəxslərin idarə etdiyi helokopter toy keçirilən kəndə hücum edərək 100-ə yaxın qonağı qətlə yetirib.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    İnsident gecə saatlarında baş verib.

    Hadisənin səbəbləri və hücumun təfərrüatları barədə məlumat verilməyib.

  • Koronavirusun gec sağalmasına təsir edən amil

    Koronavirusa yoluxma zamanı xəstələrin gec sağalmasına təsir edən amillərdən biri də onların telefonla danışmalarıdır.

    “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Daxili Xəstəliklər üzrə türkiyəli uzman həkim Mustafa Çətin deyib.

    Onun sözlərinə görə, koronavirus xəstələri nəfəs almaqla bağlı çətinlik yaşadıqları halda “kimləsə danışım, son sözlərimi deyim” düşüncəsində olurlar.

    Yaxınları ilə uzun müddət telefonla danışmaq onların oksigen ehtiyaclarını və bu xəstəliyin əsas narahatlığı olan öskürəyi artırır:

    “Xəstələrin fiziki fəaliyyətini azaltmaqla yanaşı, həddindən artıq ünsiyyət, pis düşüncələr və ya kədərləri bildirmək xəstənin motivasiyasını tamamilə aşağı salır. 45-50 yaşlarında, heç bir xəstəliyi olmayan xəstəmiz “ölüm qorxusu var” deyərək ağlayır.

    Çünki burada atmosfer təəssüf ki, bir az fərqlidir. Bununla yanaşı tənəffüs çatışmazlığından əziyyət çəkən xəstələrin vəziyyətini nəzərə almalıyıq. Həddindən artıq ünsiyyət xəstələrdə COVID-19-un fiziki sıxıntısı ilə yanaşı psixi problemlərə də səbəb olur”.

    Həkim bildirib ki, koronaviruslu xəstələrin az hərəkət etmələri, çox dincəlmələri lazımdır.

  • Azərbaycanda icra başçısı müavinini işdən çıxardı

    Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad edilib.

    Unikal.org-un məlumatına görə, bununla bağlı RİH-nin başçısı Siraqəddin Cabbarov əmr imzalayıb.

    Əmrə əsasən, başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənov işdən çıxarılıb.

  • Azərbaycanın 20 ən çox qol vuran futbolçusu – ADLAR

    Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümünün 13 turu ölkə çempionatları tarixinin ən yaxşı 20 bombardiri siyahısında dəyişikliyə səbəb olmayıb.

    Buna səbəb ən çox qol vuran futbolçuların artıq karyerasını başa vurmasıdır. Ən məhsuldar oyunçular cədvəlinə Nazim Əliyev başçılıq edir. Onun hesabında 183 top var.

    İkinci sırada qərarlaşan, hazırda “Qarabağ”da Qurban Qurbanovun köməkçisi işləyən Müşfiq Hüseynov 58 top az vurub. İlk “üçlüy”ü 116 dəfə fərqlənən Rövşən Əhmədov qapayır. Ümumilikdə 10 futbolçu 100 və daha çox qola imza atıb.

    1. Nazim Əliyev – 183

    2. Müşfiq Hüseynov – 125

    3. Rövşən Əhmədov – 116

    4-5. Qurban Qurbanov – 115

    Samir Ələkbərov – 115

    6. Alay Bəhramov – 108

    7. Nadir Nəbiyev – 103

    8-9. Xaqani Məmmədov – 102

    Vadim Vasilyev – 102

    10. Kənan Kərimov – 101

    11. Musa Qurbanov – 94

    12. Fazil Pərvərov – 89

    13. Samir Musayev – 88

    14-15. Fərrux İsmayılov – 85

    İmamyar Süleymanov – 85

    16. Samir Əliyev – 84

    17. İsmayıl Məmmədov – 76

    18. İlham Məmmədov – 74

    19. Azər İsayev – 73

    20. Paşa Əliyev – 72

  • Rüsvayçı kapitulyasiyanın əks-sədası: “Vanetsyanın muzdluları döyüşə girmədən qaçdı” – VİDEO

    İşğal edilmiş əraziləri əlində saxlamağa cəhd edən Ermənistan Qarabağ döyüşlərində Azərbaycan Ordusu qarşısında tab gətirmək üçün cəbhəyə nizami ordu ilə yanaşı polis, xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları və əcnəbi muzdlu döyüşçüləri də göndərmişdi.

    Bu barədə “Caliber” layihəsinin “YouTube” hesabında paylaşılan videoda bəhs edilib.

    Bundan əlavə, ölkədə özünü siyasi cəhətdən reklam etmək istəyən erməni siyasətçilər daha doğrusu “kreslo”suz qalan keçmiş hakimiyyət üzvləri orduya dəstək adı ilə bir sıra addımlar atıblarmış.

    Bunlardan biri də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan olub. O, özünün vəsaiti hesabına Suriya və Livan ermənilərindən ibarət hərbiləşdirilmiş dəstə yaradıb. Çarəsiz vəziyyətdəki erməni ordusu isə onun köməyindən imtina etmək iqtidarında olmayıb və Vanetsyanın quldur dəstəsinə müdafiə üçün ən vacib istiqamətlərdən biri sayılan Şuşa ətrafındakı vacib yerlərdən biri – Şuşikənd verilib.

    Lakin Azərbaycan xüsusi təyinatlılarının Şuşaya gedən yolu üzərində olan Şuşikənddə maraqlı anlar yaşanıb. Belə ki, Vanetsyanın dəstəsi elə ilk atəş səsini eşidən kimi silahı, maşınları və sursatı qoyaraq qaçmağa başlayıb.

    Sözügedən hadisə isə erməni ordusunun “əfsanəvi” döyüş ruhunun əsl təcəssümü olub.

  • Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılır – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Fərmana əsasən, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir.

    Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə üç üzvdən ibarət Müşahidə Şurası yaradılır. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

    Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

    – Azərbaycan Respublikasının Prezidentinə:

    1. Mərkəzin yenidən təşkili və ləğvi;

    2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

    – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

    1. Müşahidə Şurasının sədrinin və digər üzvlərinin, İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;

    2. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

    Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən müvafiq beynəlxalq öhdəliklərdən irəli gələn xərclərinin ödənilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

  • Azərbaycan idmançılarını 2021-ci ildə gözləyən mötəbər yarışlar – SİYAHI

    Azərbaycan idmançıları bu il pandemiya şəraitində də olsa, ölkəmizi təmsil etməyə çalışacaq.

    Bəs Azərbaycan idmançılarını 2021-ci ildə hansı mötəbər turnirlər gözləyir?

    Oxu.Az bu barədə araşdırma apararaq, təqvimi təsdiq olunan turnirlərə əsasən həmin yarışları təqdim edir:

    10 metr məsafəyə atıcılıq üzrə Avropa çempionatı – 26 fevral – 8 mart (Lohya, Finlandiya)

    Güləş üzrə Avropa Olimpiya Təsnifat turniri – 18-21 mart (Budapeşt, Macarıstan)

    Cüdo üzrə Avropa çempionatı – 16-18 aprel (Lissabon, Portuqaliya)

    Güləş üzrə Avropa çempionatı – 19-25 aprel (Varşava, Polşa)

    İdman gimnastikası üzrə fərdi Avropa çempionatı – 21-25 aprel (Bazel, İsveçrə)

    Badminton üzrə fərdi Avropa çempionatı – 27 aprel – 2 may (Kiyev, Ukrayna)

    Batut, tamblinq gimnastikası üzrə böyüklər və gənclər arasında Avropa çempionatı – 29 aprel – 2 may (Soçi, Rusiya)

    Güləş üzrə Dünya Olimpiya Təsnifat turniri – 6-9 may (Sofiya, Bolqarıstan)

    Sambo üzrə Avropa çempionatı – 18-20 may (Linyano Sabbyadoro, İtaliya)

    25, 50, 300 metr məsafəyə, qaçan hədəflər və stend atıcılığı üzrə Avropa çempionatı – 23 may – 6 iyun (Osiyek, Xorvatiya)

    Cüdo üzrə dünya çempionatı – 6-13 iyun (Budapeşt, Macarıstan)

    Atıcılıq üzrə dünya çempionatı – 8-17 iyun (Şatoru, Fransa)

    V Avropa Universitet Oyunları – 14-27 iyul (Belqrad, Serbiya)

    XXXII Yay Olimpiya Oyunları – 23 iyul – 8 avqust (Tokio, Yaponiya)

    XXXI Dünya Yay Universitet Oyunları – 18-29 avqust (Çendu, Çin)

    XVI Yay Paralimpiya Oyunları – 24 avqust – 5 sentyabr (Tokio, Yaponiya)

    I MDB Oyunları – 4-11 sentyabr (Kazan, Rusiya)

    V İslam Həmrəyliyi Oyunları – 10-19 sentyabr (Konya, Türkiyə)

    Güləş üzrə dünya çempionatı – 2-10 oktyabr (Oslo, Norveç)

    İdman gimnastikası üzrə dünya çempionatı – 18-24 oktyabr (Kitakyushu, Yaponiya)

    Bədii gimnastika üzrə dünya çempionatı – 27-31 oktyabr (Kitakyushu, Yaponiya)

    Batut gimnastikası üzrə dünya çempionatı – 11-14 noyabr (Bakı, Azərbaycan)

    Sambo üzrə dünya çempionatı – 12-14 noyabr (Moskva, Rusiya)

    Karate üzrə dünya çempionatı – 16-21 noyabr (Dubay, BƏƏ)

    Badminton üzrə dünya çempionatı – 29 noyabr – 5 dekabr (Uelva, İspaniya)

  • Dövlət Xidmətindən Aİ-92 benzini ilə bağlı sahibkarlara XƏBƏRDARLIQ

    Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir.

    Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

    Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.

    Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.

    Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

    Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda, toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndəriləcək.

    İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər (tel:498-15-01, 498-15-04).