Month: January 2021

  • Futbol millimizin üzvü Niderlandda evləndi – FOTO

    Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və “Sabah” klubunun üzvü Ozan Can Kökçü ailə qurub.

    “Report” xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib. Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.

    Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, “Sabah”a isə 2019-cu ildən cəlb olunub. Onun qardaşı Orkun Kökçü Türkiyənin əsas millisində və Niderland “Feyenord”unda forma geyinir.

  • “WhatsApp” rekorda imza atdı

    Dünyada “WhatsApp” messencerinin istifadəçiləri Yeni il bayramı ərəfəsində edilən zənglərin sayına görə tarixi rekord müəyyənləşdiriblər.

    Median.Az xəbər verir ki, istifadəçilər 1,4 milyarddan çox səsli və videozəng ediblər. “Facebook” əməkdaşları qeyd ediblər ki, bayramqabağı dövrdə servislər adətən çox yüklənir. Bununla belə, bu göstərici indiyədək “WhatsApp” tərəfindən qeydə alınan ən yüksək göstərici olub.

    Analitiklərin sözlərinə görə, ünsiyyət çatlarının populyarlığı insanların sosial distansiyaya baxmayaraq, rabitə əlaqəsi saxlamaqlarını tələb edən koronavirus pandemiyası ilə əlaqədardır.

    “Facebook” şirkətinin meneceri Keytlin Benford bildirib ki, bu tendensiya 2020-ci ilin martında yaranıb. Bayram ərəfəsində texniki mütəxəssislər tərəfindən əlaqə saxlayan və “dünyanın 2021-ci ildə zəng etməsi” üçün istənilən problemi həll etməyə hazır olan komandalar təşkil edilib.//oxu24.com

  • Xaçmazda polis zabiti koronavirusdan ölüb

    Xaçmaz rayonunda polis mayoru COVID-19-dan vəfat edib.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşı, əslən, Quba rayonundan olan 51 yaşlı polis mayoru Baba Poladov bir neçə gün koronavirusdan müalicə alsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis zabiti bu gün vəfat edib.

    Baba Poladov Quba rayonunun Bağbanlı kəndində dəfn edilib.

    Allah rəhmət eləsin!

  • General Polad Həşimovun komandiri olduğu şəhid baş leytenant

    Cəlilabad rayonunda doğulub boya-başa çatan baş leytenant Kərimov Asif Məmməd oğlu hərb tariximizə Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən zabitlərindən biri kimi düşüb.

    “Report”un Muğan bürosu xəbər verir ki, Asif Kərimov 1989-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Neft Akademiyasında təhsil alıb.

    Qardaşı Fəttah Kərimov deyir ki, Asifdə həmişə birinciliyə can atmaq istəyi var idi. Komandiri, şəhid general-mayor Polad Həşimov şəhid olduqdan sonra Asif daim əsəb, narahatlıq hissləri keçirirdi. Deyirdi ki, Ali Baş Komandanımız nə vaxt əmr versə, cəbhəyə gedərək döyüşlərə qoşulacam.

    O, belə də edir. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda çoxları kimi Asif Kərimov da könüllü olaraq döyüşlərə qoşulur.

    Cəsur baş leytenant nəinki Vətən Müharibəsinin gərgin döyüşlərində daim öndə olur, həm də fədakarlığı ilə qısa zamanda nümunəvi zabitlərdən birinə çevrilir.

    Bir sıra ağır döyüşlərdən üzüağ çıxan zabitimiz ötən ilin noyabrında Şuşa ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Asif Kərimov doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.

    Cəsur zabitimiz göstərdiyi igidliklərə görə, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

    Asif Kərimov ailəli idi, 1 qız və 1 oğlu yadigar qalıb.

    Allah rəhmət eləsin!

  • Avtobuslarda gediş haqqı 40 qəpik OLACAQ? – AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, Tarif Şurasının qərarı ilə Aİ-92 növ benzinin və dizelin qiyməti qaldırıldı. Belə ki, Aİ-92 növ benzinin qiyməti 10 qəpik qaldırılaraq 1 manat, dizel isə 80 qəpik olub.

    Sözügedən məsələyə münasibətində deputat Vüqar Bayramov bildirib ki, kənd təsərrüfatından istifadə olunan texnikanın əhəmiyyətli hissəsi dizellə işləyir. Deputat vurğulayıb ki, ictimai nəqliyyat da bura aiddir və hər iki sektor üzrə dəstək paketinin hazırlanması gözlənilir.

    Bunları nəzərə alsaq, avtobuslarda gediş haqqının nə qədər artırılacağı müzakirə mövzusudur.

    Median.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:

    “Belə qaydada qiymət artımı olandan sonra, yəni ictimai nəqliyyat vasitələrinə, metro, avtobusa hokumət əlavə subsidiya və ya yardım etməyəcəksə, əlbəttə ki, sözügedən qurumlar gediş haqqının artırılması ilə baglı Tarif şurasına müraciət edəcək. Bu da əsaslı olacaq.

    Tarif şurasının əsaslandırmasında bir çox sahələrin adı çəkilib ki, onlara əlavə kompensasiya veriləcək. Bura kənd təsərrüfatı və ictimai nəqliyyat da daxil edilib.

    Həmin zərəri qarşılamaq üçün hökumətin kompensasiya verəcəyi deyilir. Yəni bu xidmətlər subsidiyalaşdırılacaq.

    Yanacağın qiymətinin artması mal və xidmətlərin maya dəyərinin artmasına səbəb olur. Bu da qiymət artımını aktuallaşdırır.

    Maya dəyəri artırsa, sahibkarın mənfəət norması aşağı düşür, rentabelli işləyə bilmir. Sahibkar da belə olduğu təqdirdə qiyməti qaldırmağa məcburdu.

    Hesab edirəm ki, avtobuslarda qiymət artımı 10 qəpik artırılmaqla, bu məbləğ 40 qəpik olacaq. Bu hal kompensasiya olmasa, Tarif şurası qiymət artımına gələn xərcləri qarşılaya bilməsə, qeyd etdiyim kimi qiymət artımı gözləniləcək”.

  • Mingəçevirdə avtomobil 11 yaşlı uşağı vurdu

    Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, yolu keçən 2010-cu il təvəllüdlü Abdullayev Əli Elşən oğlunu avtomobil vurub.

    Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan bu gün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sağ gicgah sümüyünün sınığı diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

    Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, söhbət Yardımlı Rayon Mərkəzi xəstəxanasının cərrahı Feyruz Sultanovdan gedir.

    Koronavirusdan bir müddətdir müalicə alan cərrah bu gün dünyasını dəyişib.

  • Şağan qəsəbəsinin bitməyən çirkab suları – VİDEO

    İl bitdi, Şağan qəsbəsinin çirkab su problemi bitmədi.

    Burada yaşayan sakinlər Baku TV-yə müraciət edərək bir sıra qurumlara efir vasitəsilə səsləniblər.

    Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problemlərini həll edən olmayıb.

    Ətraflı süjetdə:

  • Qarabağda meyitləri tapılan ermənilərin sayı artdı

    Hadrut və Cəbrayıl rayonlarında aparılan axtarışlar nəticəsində daha 9 erməninin meyiti tapılıb.

    “Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Məlumata görə, bununla da Qarabağda meyitləri tapılan ermənilərin sayı 1 175 nəfərə çatıb.

    Qeyd edilir ki, hazırda axtarış işləri Talış, Hadrut, Füzuli və digər istiqamətlərdə davam etdirilir.

    Xatırladaq ki, Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərin valideynləri dəfələrlə Ermənistanın müvafiq dövlət orqanlarının binaları qarşısında etiraz aksiyaları, habelə hökumət rəsmiləri ilə görüşlər keçirərək övladlarının tapılmasını tələb ediblər.

    Daha əvvəl Cəbrayılda və Xocavənddə də erməni hərbçilərin meyitləri tapılıb.

  • Vətən Müharibəsində itkin düşmüş şəhidimizin meyiti tapılıb: Sabah Sabirabadda dəfn olunacaq

    44 günülük Vətən Müharibəsi dövründə itkin düşmüş Sabirabad rayonunun Poladtoğay kəndinin sakini Əhmədli Əhməd Anar oğlunun şəhid olması xəbəri gəlib.

    Bununla bağlı onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

    Bildirilib ki, şəhidlik zirvəzisinə ucalan Əhməd Əhmədlinin meyiti tapılıb və dəfn olunması üçün yaşadığı kəndə gətirilib.

    Şəhidimiz sabah saat 12:00-da Sabirabad rayonunun Poladtoğay kəndində dəfn olunacaq.

    Allah rəhmət eləsin.