Month: January 2021

  • Burak Yılmaz “Lil”in dekabrda ən yaxşı futbolçusu seçildi

    Türkiyəli futbolçu Burak Yılmaz “Lil” klubunda göstərdiyi oyunla diqqətləri üzərinə toplayıb.

    Bu barədə “Milliyet” məlumat yayıb.

    Belə ki, türkiyəli ulduz komandasında dekabr ayının ən yaxşı futbolçusu seçilib.

    Qeyd edək ki, Türkiyə millisinin də şərəfini qoruyan Burak Yılmaz mövsümün əvvəlində “Beşiktaş”dan “Lil”ə transfer olunub.

    O, yeni komandasının heyətində 16 qarşılaşmada yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.

  • Dövlət Komitəsi itkin düşmüş və bu gün tapılan 12 yaşlı qızı nəzarətə götürdü – RƏSMİ

    Axtarılan 12 yaşlı Ləman Şahbazova tapılaraq Komitənin nəzarətinə götürülüb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, kütləvi informasiya vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapmışdır.

    Hadisə dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

    12 yaşlı L.Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib.

    Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Müvafiq tədbirlər görülür.

  • Evdə karantin qaydalarını pozanlar saxlanıldı: Qumar oynayırlarmış

    Goranboyda karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

    RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Qaraçinar kənd sakini Ramiz Zamanovun özünə məxsus fərdi yaşayış evinə xüsusi karantin qaydalarını pozaraq həmkəndlilərini dəvət etməsi və onlarla qumar oynaması aşkar edilib.

    Bununla əlaqədar olaraq, Müseyib Verdiyev, Toğrul Cəfərov, İnqilab Dadaşov, Ağa Qurbanov, Sulduz Verdiyev və ev sahibi Ramiz Zamanov barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 525-ci (Qumar oyununda iştirak etmə) maddələri ilə protokol tərtib edilərək baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilib.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı Bəkir Qarayev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polkovnik Əkbər İsmayılovun şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə təyinat alıb.

    O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

  • Bakıda narkotacirlər ələ keçdi

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Bəşirov paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb.

    Bu barədə məlumatı DİN yayıb.

    Şəxsi axtarış zamanı ondan yeddi qramdan artıq heroin və metamfetamin aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 5 kiloqram 385 qram heroin və 414 qram metamfetamin götürülüb.

    Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qrupun digər üzvü – Abşeron rayon sakini L.Abuzərova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

    Ondan narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyi bankomat kartı götürülüb.

  • DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağlı AÇIQLAMA – FOTO

    Daxili İşlər Nazirliyi dünən Bakıda toplaşan bir neçə şəhid ailəsinə qarşı polis əməkdaşlarının kobud davranması haqda sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

    DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-ya açıqlamasında bildirib ki, dünən Səbail rayon ərazisində bir qrup şəhid valideynləri ilə orada xidmətdə olan polis əməkdaşları arasında, çox təəssüf ki, xırda insident yaşanıb:

    “Məsələ dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Hazırda bununla əlaqədar araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.

    Bununla belə, həmin vaxt bir polis əməkdaşının işlətdiyi xoşagəlməz ifadəyə görə orada olan şəhid ailələrindən üzr istəyir və səbirli olmalarını xahiş edirəm.

    Rəhbərliyin tapşırığına əsasən, nazirliyin əməkdaşları həmin şəhid ailələrinə baş çəkərək yerindəcə problemləri ilə maraqlanacaqlar”.

    Qeyd edək ki, şəhid anası övladının Qaradağ rayonunda kənar bir qəbiristanlıqda dəfn olunmasına etiraz edib.

  • Ali Məhkəmənin hakimi koronavirusdan öldü

    Ali Məhkəmənin hakimi İnqilab Nəsirov 58 yaşında vəfat edib.

    Sosial şəbəkələrdə yayılan məlumata görə, İ.Nəsirovun koronovirusdan öldüyü bildirilir.

    Qeyd edək ki, İ.Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərindən olub.

  • İsraildə pandemiyanın əvvəlindən bu yana virusun ən təhlükəli dalğası barədə xəbərdarlıq

    İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə yayılan yeni koronavirus ştammı səbəbiylə xəstəxanalara yerləşdirmə sayında artım olduğu üçün ölkədə sərt karantin tətbiq edilməsinin zəruri olduğunu açıqlayıb.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    “Xəstəxanalar xəbərdarlıq edir ki, biz pandemiyanın əvvəlindən bu yana ən təhlükəli dalğaya qədəm qoyuruq. Səhiyyə Nazirliyi və ekspertlər bizi xəbərdar edirlər ki, biz fövqəladə vəziyyətdəyik və əgər dərhal fəaliyyətə keçməsək yüzlərlə İsrail vətəndaşını itirəcəyik”, – deyə B.Netanyahu bildirib.

    O, qeyd edib ki, İsrail dərhal sərt karantin tətbiq etməli və vaksinasiya əməliyyatını davam etdirməlidir.

  • Azərbaycanda yüksək vəzifəyə yeni TƏYİNAT

    Hesablama Palatasında yeni təyinat olub.

    Bu barədə Palatadan məlumat verilib.

    Bildirilib ki, Hesablama Palatasında elan edilmiş daxili müsahibədən müvəffəqiyyətlə keçmiş Nəsir Sadıqov Hesablama Palatası Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

    Qeyd edilib ki, N.Sadıqov Hesablama Palatasında əmək fəaliyyətinə 2009-cu ildən başlayıb, 2016-cı ildən isə Hüquqi təminat və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.

  • “Azeri Light” bir gündə kəskin bahalaşdı

    Azərbaycan neftinin qiyməti artır.

    “Azeri Light” markalı neftin bir bareli 3,96 faiz və ya 2,02 ABŞ dolları qədər bahalaşıb.

    Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 52,94 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum – 149,66 dollara satılıb.