Month: February 2021

  • İlham Əliyev Şahbuz Rayon Məhkəməsinə yeni sədr təyin etdi – SƏRƏNCAM

    Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Prezidentdən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkil olunması ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncamda deyilir:

    Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə qərara alıram:

    1. Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilsin.

    2. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    3.1. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

    3.2. maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;

    3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Fransanın “Atlantico” portalı: “Qarabağın kabus şəhəri Ağdam dirçəlişini gözləyir”

    Fransanın “Atlantico” portalında “Qarabağın kabus şəhəri Ağdam dirçəlişini gözləyir” adlı məqalə dərc olunub.

    Məqalədə deyilir ki, Birinci Qarabağ müharibəsi zamanı bölgədəki çoxsaylı şəhər və kəndlər “böyük Ermənistan” xəyallarını reallaşdırmağa cəhd edən ermənilərin nəzarəti altına keçdi. Müharibə nəticəsində 800 min azərbaycanlı doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrildi. Ermənilər tərəfindən işğal ediləndən sonra Ağdamda müharibədən əvvəlki həyat yoxa çıxdı və şəhər kabus məkana çevrildi. Ağdam sakini olan Tərlan İsgəndərova müharibə zamanı başlarına gələn hadisələrdən danışır. O, həmin vaxt 26 yaşlı ərinin həlak olduğunu, özünün hamilə vəziyyətdə evindən qaçmağa məcbur qaldığını bildirir. “Həyat yoldaşımdan qalan yeganə yadigarım qızımdır. Bütün əşyalarımızı qoyub çıxmalı olduq”, – deyən Tərlan Xocalıda törədilmiş qırğının onların şəhərində də təkrarlanacağından ehtiyat etdiklərini deyir. Köçkünlüyün ilk illərini çadırda keçirən, sonradan dövlətin bağışladığı gözəl mənzildə yaşayan Tərlan Ağdamı tərk edərkən hətta ərinin cəsədini tapa bilmədiyi, bu gün onun bir qəbri belə olmadığını söyləyir.

    Jurnalist ermənilərin Ağdamda törətdikləri dağıntılardan bəhs edir. O yazır ki, şəhər talan edilərək dağıdılıb. Bir vaxtlar teatrı, mehmanxanaları, müxtəlif müəssisələri ilə Qarabağın əsas mərkəzlərindən olan Ağdamdan heç nə qalmayıb. Dünyada yeganə olan Çörək muzeyi, məşhur Muğam Mərkəzi yerlə-yeksan edilib. Yalnız ermənilərin nəzarət məntəqəsi kimi istifadə etdikləri bir məscid qalıb. Ermənilər hər şeyi, hətta evlərin daşlarını belə söküb aparıblar.

    Müəllif onu da diqqətə çatdırır ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər əraziləri tərk edərkən bütün evləri yandırıb, hər tərəfi minalayıblar. O qeyd edir ki, 2020-ci il noyabrın 20-də Azərbaycana qaytarılmış və geniş xarabalıqdan ibarət olan Ağdamda bu gün minatəmizləyənlər fəaliyyət göstərirlər. Əhalinin doğma evlərinə qayıtmaları üçün zamana ehtiyac var. Azərbaycan hökuməti şəhəri əvvəlki formada yenidən bərpa edəcəyini bildirib.

    Jurnalist vurğulayır ki, bu gün bütün məcburi köçkünlərin yeganə bir arzusu var, o da doğma torpaqlarına qayıtmaqdır.

    AZƏRTAC

  • Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxdu

    Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

    Nazirlikdən bildirilib ki, 10 şagirin hərarəti 37 dərəcədən yuxarı olub.

    İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub.

    Virusa yoluxmuş işçi heyətinin sayı 7 nəfərdir.

    Məktəbəqədər hazırlıq qruplarında təhsil alanlar arasında virusa yoluxan qeydə alınmayıb.

    Qeyd edək ki, əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 564 nəfər olub.

  • Elm və təhsil müəssisələrində azı 25 il çalışmış şəxslərə Prezident təqaüdü veriləcək – RƏSMİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarına müraciət edib.

    Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Prezidentinin fərmanına əsasən, pensiya əlavələrinin əvəzinə eyni məbləğdə Prezidentin aylıq təqaüdü təsis edilib.

    Təqaüdün təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv qaydada (vətəndaşın müraciəti olmadan) həyata keçirilir.

    Hər hansı səbəbdən proaktiv təyinat aparılmamış bu kateqoriyadan olan vətəndaşlara Prezidentin təqaüdünün təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə aşağıdakı sənədlərlə müraciət etmələri tövsiyə olunur:

    Şəxsiyyət vəsiqəsinin surəti;

    Əmək kitabçasının surəti;

    Elmi dərəcəsini təsdiq edən sənədin surəti.

  • Meksika Rusiyanın koronavirus peyvəndinin təcili istifadəsini təsdiqlədi

    Meksika koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin təcili istifadəsini təsdiqləyib.

    Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Huqo Lopez-Qatel hökumətin “Twitter” hesabında yayılan videoda deyib.

    Onun sözlərinə görə, növbəti addım Rusiya tərəfinin tədarük müqaviləsini imzalaması olmalıdır.

  • Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunur

    Zəfərimizin qəhrəmanlarından biri olan İslamov Qurbanəli Məzahir oğlunun da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.

    Nazirlikdən bildirilib ki, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Məzahir yaxın günlərdə həmin protezlə təmin olunacaq.

    Bu məqsədlə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb.

    Ona protezləşməyə hazırlaşması üçün lazımi təlimatlar verilib.

  • Кто исполняет обязанности Наджмеддина Садыкова?

    Должность первого заместителя министра обороны Азербайджана – начальника Генерального штаба Вооруженных сил остается вакантной.

    По имеющейся у Oxu.Az информации, в настоящее время нет и того, кто временно исполняет его обязанности.

    Отметим, что 28 января Минобороны распространило информацию об освобождении от должности первого заместителя министра обороны – начальника Генштаба ВС.

    В ведомстве заявили, что Н.Садыков в настоящее время не состоит на военной службе в связи с увольнением в запас.

  • Nəcməddin Sadıkovun vəzifəsini kim icra edir?

    Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsi boşdur.

    Oxu.az-ın əldə etdiyi məlumata əsasən, hazırda həmin vəzifəni icra edən də yoxdur.

    Qeyd edək ki, Müdafiə Nazirliyi yanvarın 28-də müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən azad olunmasına dair məlumat yaymışdı.

    Nazirlik bəyan etmişdi ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil. Qeyd olunmuşdu ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

  • Karate millilərimizə yeni məşqçilər təyin olundu

    Karatenin kata növü üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində təyinatlar olub.

    Para-Karate və 14-15 yaşlı kata seçmə komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb olunub.

    Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev para-karate üzrə, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçisi işləyəcək.

    Xatırladaq ki, kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur.