Month: February 2021

  • Gürcüstan “GUAM-Yaponiya” formatında əməkdaşlığı dərinləşdirəcək

    Gürcüstanın xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili Yaponiyanın bu ölkədəki səfiri Akira İmamura ilə görüşüb.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

    Tərəflər ölkələr arasında müxtəlif sahələrdə mövcud əlaqələri nəzərdən keçiriblər və əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətindən danışıblar.

    Söhbət zamanı GUAM təşkilatının Yaponiya ilə əməkdaşlıq məsələləri də müzakirə olunub. Qeyd olunub ki, “GUAM-Yaponiya” formatı ən uğurlu əməkdaşlıq formatlarından biridir. Gürcüstan tərəfi cari ildə təşkilata sədrliyi çərçivəsində bu formatda əməkdaşlığın dərinləşdirilməsinə hazırlığını ifadə edib.

  • Fahrettin Koca: “Türkiyədə COVID-19-un Braziliya və Cənubi Afrika ştammları aşkar olunub” – FOTO

    Türkiyədə koronavirusun yeni mutasiyaları aşkarlanıb.

    “Haber Global” məlumat verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” səhifəsində yazıb.

    “Ölkəmizdə koronavirusun Britaniya ştammı ilə yanaşı, iki nəfərdə Cənubi Afrika, bir nəfərdə isə Braziliya növü aşkarlanıb. Xəstələr və onlarla əlaqədə olan insanlar xəstəxanalarda təcrid ediliblər”, – deyə nazir bildirib

  • Bakıda “BMW” TIR-ın altında qaldı – Qəza anının VİDEOsu

    Axşam saatlarında Bakıda avtomobil qəzası baş verib.

    Axşam saatlarında Binəqədi şosesində, Bünyad Sərdarov adına Poladtökmə zavodunun yaxınlığında “BMW” markalı avtomobil iri tonnajlı yük avtomobili ilə toqquşub. Yerdəyişmə edən minik avtomobili yük maşınının altında qalıb.

    Qəza anı motosikletçinin kamerasına düşüb.

    Qeyd edək ki, yerdəyişmə zamanı zolağı dəyişmək istəyən avtomobil öz yolu ilə hərəkətdə olan maşına yol verməlidir.

    //milli.az

  • Cəlilabadda minik avtomobili yük maşınına çırpıldı

    Cəlilabad rayonunda yol qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə Maşlıq kəndində qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı minik avtomobili “QAZ-53” markalı yük maşınına çırpılıb.

    Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

    İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün səhvi nəticəsində baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ermənistanda əhali kütləvi şəkildə ölkəni tərk edir

    Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Rusiya ilə sərhədlərin açılması bu axını daha da sürətləndirib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təkcə cari ilin yanvarında 10 minə yaxın erməni Rusiya, Ukrayna və digər ölkələrə üz tutub. Ukraynaya getmək istəyənlər müəyyən problemlərlə üzləşiblər. Onların bəziləri ya geri qayıdıb, ya da başqa ölkələrə üz tutublar.

    Mətbuatın yazdığına görə, ermənilər ən çox Rusiyaya gedirlər. Ötən il 30 min 500 Ermənistan vətəndaşına Rusiya pasportu verilib. Ümumiyyətlə, son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb.

    Analitiklər hesab edirlər ki, ermənilərin başqa ölkələrə köç etməsi əsasən Ermənistandakı acınacaqlı vəziyyət ilə əlaqədardır. Hesablamalara görə, ölkədə təbii artım da xeyli azalıb. Əgər belə davam edərsə, Ermənistanda demoqrafik vəziyyət çox acınacaqlı olacaq və ölkədə təxminən bir milyona yaxın əhali qalacaq.

  • Deputatlar nə qədər maaş alır? – RƏSMİ

    Bir sıra sosial şəbəkələrdə “Milli Məclisin deputatlarının yeni əməkhaqqı cədvəli” başlığı altında yayımlanan iddialar həqiqəti əks etdirmir.

    Bu barədə Milli Məclisin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, bir müddət əvvəl Milli Məclisin deputatlarının aylıq vəzifə maaşları haqqında parlament Aparatının müvafiq şöbəsi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi qərəzli dairələr tərəfindən bu cür yalan iddiaların irəli sürülməsində məqsəd ictimai rəyi çaşdırmaq, Milli Məclisin nüfuzuna xələl gətirməkdir.

    Bir daha qeyd edirik, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

    Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini – 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri – 80 faizi (1 980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini – 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

    Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

  • Koronavirusa yoluxanları gözləyən BÖYÜK TƏHLÜKƏ

    Almaniyada aparılan araşdırmaların nəticələrinə görə, koronavirusu asimtomatik keçirən xəstələrin təxminən 60 faizində səssiz miyokardit aşkar edilib.

    Median.Az xəbər verir ki, türkiyəli kardioloq, Prof. Dr. Özlem Esen koronovirusdan sonra qoyulan erkən diaqnozun problemin müalicəsində effektiv olduğunu bildirib. Həkimin sözlərinə görə, koronovirus ağciyərlər üzərində zədələnmələrə yol açan infeksiya olsa da, başqa orqanlara da zərər verir:

    “Şiddətli COVID-19 səbəbiylə xəstəxanada yatan və xəstəliyi ayaqda keçirən insanların yaxşılaşma dönəminin 4-6 həftəsində edilən exokardioqrafiya analizi nəticəsində ürəkdə yaranan problemlərin dəqiq diaqnozunu təyin etmək mümkündür. Xüsusilə gənclərə idmana başlamazdan əvvəl ürək funksiyalarını müayinə etdirmək tövsiyə edilir.

    COVID-19 infeksiyasından sonra sinədə ağrı, tənginəfəslik və ürək əzələsinin zədələnməsi həm də perikarditi aşkar etmək üçün exokardiyoqrafiya aparmaq çox vacibdir” , – professor qeyd edib. (publika.az)

  • Həmyerlisinin üzərinə benzin töküb yandıran şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Vüsal Kərimovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    “Report” xəbər verir ki, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

    Baxış iclası fevralın 9-na təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib. Xaçmaz rayonu, Uzunoba kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb.

    Ağır yanıq xəsarətləri alan N.Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

    V.Kərimova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham verilib

  • Vilayət Eyvazov baş leytenantı bölmə rəisi təyin etdi

    Daxili işlər orqanlarında kadr təyinatı olub.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis baş leytenantı Vəkilov Azad Məhid oğlu, Ağstafa rayon Polis Şöbəsinin Köçvəlli Polis Bölməsinə rəis təyin edilib.

    O, buna qədər Ağstafa RPŞ cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyib.

  • Azərbaycandan Rusiyaya alma və pomidorun ixracı məsələsi müzakirə olunub

    Bitki mühafizəsi tədbirləri nəticəsində Azərbaycanın sağlamlaşdırılmış təsərrüfatlarından Rusiya Federasiyasına alma və pomidor məhsullarının ixracı məsələsi müzakirə olunub.

    Median.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında telefon danışığı olub. Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan alma və pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı keçirilən görüşdə AQTA sədri alma və pomidor istehsalı ilə məşğul olan müəssisələrdə nəzarətin gücləndirilməsi, həmçinin təssərrüfatlarda aparılan bitki mühafizəsi tədbirləri və həyata keçirilən birgə videomonitorinqlərlə bağlı məlumatları diqqətə çatdırıb.