Month: February 2021

  • Həkim-infeksionist: Vaksinasiya sayəsində COVID-19 statistikası azalmağa başlayıb

    Artıq bir ilə yaxındır ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də ölümcül COVID-19 pandemiyasına qarşı mübarizə aparılır. Azərbaycanda peyvəndləmə kampaniyasına yanvarın 18-də start verilib və məhz bundan sonra yeni yoluxma hallarının sayı tədricən azalmağa başlayıb. Sonrakı proqnozlar da kifayət qədər nikbindir.

    Bu barədə həkim-infeksionist İlahə Vəliyeva media.az-a danışıb.

    “Mahiyyət etibarilə koronavirusa qarşı peyvənd virusun zəifləmiş və ya “ölü” formasının bədənə daxil olunmasıdır. Bunun nəticəsində virusu daha da yaxşı “tanıyacaq” anticisimlər əmələ gəlir.

    Bu isə o deməkdir ki, immun sistemi koronavirusla yenidən görüşdükdə onu dərhal tanıyacaq və virusla daha fəal mübarizə aparacaq. Nəticədə insan ya heç xəstələnməyəcək, ya da xəstəliyi çox asan, ağırlaşma halları olmadan keçirəcək. Bu, COVID-19-dan ölüm səviyyəsinin azalmasına, statistik göstəricilərin yaxşılaşmasına və nəticədə pandemiyanın sona çatmasına səbəb olacaq”, – deyə həkim bildirib.

    Onun sözlərinə görə, koronavirusa qarşı vaksinasiyanın könüllü olduğunu nəzərə alaraq, həkimlər heç kimi peyvənd vurdurmağa məcbur edə bilməz.

    “Peyvəndin heç bir mənfi təsiri yoxdur. Ona görə də insanları daha məntiqli olmağa, medianı isə ictimaiyyəti maarifləndirməyə çağırıram ki, vətəndaşlarımız düzgün seçim edə bilsinlər.

    Vaksinasiya yalnız uşaqlar və hamilə qadınlar üçün əks göstərişlidir. Digər hallarda koronavirusa qarşı peyvənd vurdurmağı mütləq hesab edirik. Çünki vaksinasiya yalnız virusun mövcud ştammı ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir.

    Peyvənddən sonra koronavirusa yoluxa bilərik, ya yox? Bu fərdi xüsusiyyətlərdən və orqanizmin ümumi vəziyyətindən asılıdır. Adətən, virusa qarşı immunitet 6-12 ay arasında davam edir. Ancaq praktikamızda koronavirusa təkrarən yoluxan xəstələr var.

    Bu səbəbdən də peyvəndlə yanaşı, bütün lazımi sanitar və gigiyenik qaydalara riayət edilməsi son dərəcə vacibdir. Bu hələ də aktualdır. Vaksin və karantin pandemiyanın mümkün qədər tez bitməsini təmin etmək məqsədini daşıyır. Ümid edirik ki, yaxın gələcəkdə bu baş verəcək”, – deyə İlahə Vəliyeva qeyd edib.

  • Yaponiyada üç deputat fövqəladə vəziyyət rejimini pozduğuna görə hakim partiyanı tərk edib

    Fevralın 1-də Yaponiyanın hakim partiyasından olan üç deputat fövqəladə vəziyyət rejimində restoran və barlara getdiklərinə görə hakim partiyanı tərk etmək üçün müraciət ediblər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə hakim Liberal Demokratik Partiyasının yüksək vəzifəli nümayəndəsi məlumat verib.

    Bildirilir ki, İctimai Təhlükəsizlik üzrə Milli Komissiyanın sədri Matsumoto Cyun, dövlət təhsil naziri Tanoşe Taydo və parlamentin şöbə rəisinin müavini Otsuka Takaşı deputat mandatından imtina edib.

    Əlavə olaraq qeyd edilir ki, ötən həftə C.Matsumoto KİV-lərin onun yanvarın 18-də Tokiodakı italyan restoranına getməsi barədə yaydığı məlumatdan sonra Seymin sədrinin səlahiyyətlərini icra edən vəzifəsindən istefa verib.

    İlkin olaraq o, restoranda tək olduğunu bildirsə də, T.Tanoşe və O.Takaşinin sonradan ona qoşulduqları bildirilir.

  • Prezident İlham Əliyev AZTV-yə müsahibə verib – CANLI

    Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.

    Prezident daha sonra Azərbaycan Televiziyasına müsahibə verib:

  • Bakıda ağır yol qəzası baş verib

    Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

    Hadisə paytaxtın Yasamal rayonu ərazisində, Bakı Kənar Dairəvi yolunda qeydə alınıb.

    İlkin məlumata görə, “Sədərək” Ticarət Mərkəzindən Yasamal rayonu istiqamətində hərəkətdə olan iki avtomobil idarəetməni itirərək toqquşub.

    Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ciddi ziyan dəyib, ölən və yaralananlar barədə məlumat yoxdur.

    Baş verən yol nəqliyyat hadisəsi səbəbindən Bakı Kənar Dairəvi yolunda uzun tıxac yaranıb.

    Əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

  • В центре Баку образовалась большая пробка – ФОТО

    На центральных улицах и проспектах Баку образовалась пробка.

    Об этом в соцсетях написал известный ведущий Турал Юсифов.

    Опубликованное им фото было сделано на проспекте Нефтчиляр.

  • “Sədərək” Ticarət Mərkəzi bazarda baş verən ölüm hadisəsinə aydınlıq gətirdi

    Sədərək Ticarət Mərkəzi bazar ərazisində baş verən ölüm hadisəsinə münasibət bildirib.

    Qurumun İdarə Heyətindən verilən məlumatda bildirilir ki, baş verən hadisənin ticarət mərkəzinə heç bir aidiyyəti yoxdur: “Ərazi olaraq hadisə “Sədərək” Ticarət Mərkəzinin sahəsində baş verib. Amma həmin ərazidəki dükan şəxsi sahibkara məxsusdur. Hadisənin baş verdiyi yük lifti isə qanunsuz quraşdırılıb. Sahibkar əgər öz mağazasında hansısa bir qaldırıcı qurğu, yük daşıyan vasitə quraşdırırsa, bunun üçün Fövqəaldə Hallar Nazirliyindən rəsmi icazə almalıdır. Sahibkar bu məqsədlə Fövqəladə Hallar Nazirliyinə müraciət edir, nazirliyin mütəxəssisləri əraziyə və qurğuya baxış keçirir, əgər qurğu standartlara cavab verirsə, həmin cihazın quraşdırılmasına icazə verilir.

    Amma bu sahibkar həmin qurğunu kustar üsulla özü quraşdırdığı üçün heç bir aidiyyəti qurumdan icazə almayıb, qanunsuz hərəkətlərə yol verib. Nəticədə həmin qurğu ilə üçmərtəbəli mağazaya yük qaldırarkən tros qırılıb və bu da bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib”.

    Mərkəzdən bildiriblər ki, hazırda faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb və günahkar şəxslərin müəyyənləşdirilməsi ilə bağlı istintaq aparılır. Xatırladaq ki, yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

  • Prezident: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”

    “Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

    Ölkə başçısı qeyd edib ki, Şuşanın ərazisinin ölçüsü 300 hektardır:

    “Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı, necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm və indi müxtəlif şirkətlər, yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir, ancaq bunu yenə də mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm, amma necə olacaq, onu mütəxəssislər deyəcək, memarlar, tarixçilər, şuşalılar özləri, onlar necə bu şəhəri görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, işlər, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək”.

    “Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”, – deyə Prezident əlavə edib.

  • Dövlət başçısı FHN və DSX-ni tənqid etdi: “Hərə otursun yerində, öz işi ilə məşğul olsun”

    “Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm, yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına”.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

    “Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”, – dövlət başçısı deyib.

  • Prezidentdən Elman Rüstəmovun fikirlərinə sərt reaksiya: “Bu, özbaşınalıqdır!”

    Prezident İlham Əliyev bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib.

    Ölkə başçısı açılış mərasimində Azərbaycan Televiziysına müsahibə verib.

    İlham Əliyev müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmovun Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirməsi ilə bağlı məsələyə də münasibətini bildirib.

    Dövlət başçısı Elman Rüstəmovun fikrini tənqid edib:

    “Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir.

    Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır

    İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir”.

  • Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 77 yeni yoluxma – FOTO

    Son sutka ərzində Azərbaycanda koronavirusa 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

    Ölkədə son sutka ərzində 3 984, hazırkı dövrədək isə 2 412 034 test aparılıb.