Month: February 2021

  • Zaqatalada 56 yaşlı kişini avtomobil vurdu

    Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    “Report” xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.
    Belə ki, 1965-ci il təvəllüdlü İsayev Zeynal Muhamma oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
    Faktla bağlı araşdırm aparılır.

  • Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb

    Avropa Şurası Avropa İttifaqının 6 xüsusi nümayəndəsinin mandatını uzadıb.
    Trend xəbər verir ki, mandatı uzadılan xüsusi nümayəndələr arasında Toivo Klaar da var. Beləliklə, T.Klaar növbəti 12 ay ərzində (2022-ci ilin fevral ayının 28-dək) Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışacaq.
    Xatırladaq ki, Toivo Klaar ilk dəfə bu vəzifəyə 2017-ci ilin noyabr ayında təyin edilib.

  • Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılıb

    Türkiyənin paytaxtı Ankaranın məşhur simvollarından olan Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsini anmaq məqsədilə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb.
    Trend xəbər verir ki, Ankaranın bir çox yerindən görünən qüllədə türk və ingilis dillərində yazılmış “Xocalını heç vaxt unutmayacağıq!” ifadəsi əks olunur.

  • Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb

    Soydaşlarımızın təşəbbüsü ilə dünyanın bir çox media orqanlarında Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar məqalələr yayımlanıb.

    Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, İtaliyanın “eurasiaticanews.altervista.org” xəbər portalının “Azərbaycanda Xocalı qətliamının 29-cu ildönümü qeyd edilir” sərlövhəli məqaləsində müəllif Xocalı soyqırımının Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən fərqlənmədiyini bir daha oxucuların nəzərinə çatdırılıb.

    Finlandiyanın nüfuzlu https://suomenkuvalehti.fi xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümünə “Xocalı – tanınmamış soyqırım” sərlövhəli məqalə həsr olunub. Məqalədə əsir götürülən gənc xanıma verilən işgəncələr xüsusi ilə vurğulanıb.

    Həmvətənlərimizin təşəbbüsü ilə İtaliyanın “Electo Magazine” xəbər portalında “Üzərindən 29 il keçən Xocalı qırğınına görə azərbaycanlılar ədalət tələb edir”sərlövhəli məqalə yayımlanıb. Enriko Tosellinin qələmə aldığı məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin və onların havadarlarının Xocalı şəhərində xüsusi qəddarlıqla dinc azərbaycanlıları qətlə yetirməsi barədə ətraflı məlumat verilib.

    Almaniya Azərbaycanlıları Alyansının icraçı direktoru Qurban Məmmədovun alman mətbuatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı qətliamı: bütün məsuliyyəti Ermənistan daşıyır” sərlövhəli məqaləsi dərc olunub.

    Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin

    366-cı motoatıcı alayın köməyilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı aktı törətməsindən, eləcə də Ermənistanın təcavüzkar siyasətindən bəhs olunur.

    Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zərifə Əlizadənin təşəbbüsü ilə https://www.danas.rs xəbər portalında “Azərbaycanın Xocalı soyqırımından 29 il keçir” sərlövhəli məqalə yerləşdirilib.

    Məqalədə bildirilib ki, Xocalıda törədilən dəhşətli qətliamın izləri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək.

    Məqalələrlə daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

    L’Azerbaijan commemora il 29° anniversario del massacro di Khojaly

    Khojali – kansanmurha jota ei tunneta

    L’Azerbaijan commemora il 29° anniversario del massacro di Khojaly

    Massaker von Chodschali: Armenien trägt die volle Verantwortung

    Azerbejdžan obeležava 29 godina od genocida u Hodžaliju

    Massaker von Chodschali: Armenien trägt die volle Verantwortung

  • Vyanada Xocalı soyqırımı qurbanları anılıb

    Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycanın Avstriyadakı səfirliyinin önündə keçirilən tədbirdə Dərnək üzvləri və bu ölkədəki türk mətbuatının nümayəndələri iştirak edib.

    Aksiya zamanı Azərbaycan səfirliyinin önündə yaradılmış anım güşəsinə əklillər qoyulub və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Dərnəyin sədri Yardım Günəş səfirliyin önündə Avstriyadakı türk mətbuat orqanlarının təmsilçilərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, bəşəriyyətin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının tanıdılması və siyasi-hüquqi qiymətin verilməsi üçün hər bir diaspor üzvü və təşkilatı yerli ictimaiyyət və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etməli, ardıcıl və sistemli fəaliyyət aparmalıdır.

  • Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı

    Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

    Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

    “Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”-deyə, DİN rəsmisi bildirib.

    Qeyd edək ki, Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığınla bağlı polisə şikayət ərizəsi təqdim edib.

  • Yevlaxda oğurluq etmək istəyən şəxsi elektrik cərəyanı vuraraq öldürdü

    Yevlax rayon sakini faciəvi şəkildə ölüb.

    “Report” xəbər verir ki, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

    Belə ki, rayon sakini, Yevlax rayonunun Malbinəsi kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Məmməd oğlu Mehrəliyev Kolanı kəndindəki taxıl və yonca sahələrinin suvarılması üçün istifadə edilən artezian quyularındakı transformatorun naqillərini oğurlamaq istəyib. Ancaq naqilləri kəsmək istəyərkən onu elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

    Mərhumun bundan öncə Tərtər və Yevlaxda da eyni əməlləri törətməkdə şübhəli bilindiyi ortaya çıxıb.

    Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Maskadan istifadə edilməsi qripə yoluxma hallarının azalmasına səbəb olub

    Pandemiya şəraitində yaşadığımız dövrdə maska həyatımızın əsas aksesuarına çevrilib. Mütəxəssislərin dediyinə görə, gündəlik həyatda istifadə edilən tibbi maskalar nəinki yeni növ koronavirus (COVID-19) infeksiyasından, hətta yayılma təhlükəsi olan digər mövsümi xəstəliklərdən də qoruyur.

    Hər il payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma halı artır. Həkimlər bildirirlər ki, son dövrdə mövsümi xəstəliklərin sayı azalıb. Maskadan istifadə, eləcə də digər karantin qaydalarına əməl olunması xüsusilə qripə yoluxmanın qarşısını alır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bununla əlaqədar olaraq deyib: “Hər il yanvar-fevral aylarında qripin tüğyan etdiyi dövrü yaşayırdıq. İndi demək olar ki, belə hallar müşahidə edilmir. Hələ oktyabr-noyabr aylarında əhalinin təxminən 400 min nəfəri Səhiyyə Nazirliyinin göstərişi ilə dövlət hesabına qrip əleyhinə vaksinasiya edilib. Təbii ki, bu, xəstəliyin profilaktikasına öz təsirini göstərib”.

    Lakin bu müsbət tendensiya arxayınçılıq hiss yaratmamalıdır, əks halda infeksiyaya yoluxma halı arta bilər. Ona görə də maskadan düzgün istifadə, gigiyenik qaydalara riayət və sosial məsafənin qorunması əsas şərtlərdən biri olaraq qalmalıdır.

  • Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir – Müdafiə Nazirliyi

    Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

    Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, polkovnik Elxan İbrahimov əvvəl olduğu kimi hazırda da Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsindədir.

    Qeyd edilib ki, Tibb Baş İdarəsinin rəisi vəzifələrinin icrası müvəqqəti olaraq polkovnik Firuddin Nəbiyevə həvalə edilib.

  • Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

    Gürcüstanda müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkən əcnəbilər arasında 108 Azərbaycan vətəndaşı var.

    Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin yanvar ayı üzrə hesabatında bildirilib.

    Sənədə əsasən, Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 2 nəfər artıb. Onların 9-u ittiham olunan, 99-u isə məhkumdur. Məhkumların 4-ü yeniyetmədir.

    Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər azalaraq 30 nəfər olub. Onların 27-si kişi, 3-ü qadındır.

    Qonşu ölkənin həbsxanalarında saxlanılan xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 567 nəfər təşkil edir. Probasiya nəzarətində saxlanılan əcnəbilərin sayı isə 237-dir.

    ///Report