Month: March 2021

  • Məşhur türkiyəli aktyor xəstəxanaya yerləşdirildi

    Məşhur türkiyəli aktyor Nuri Alço koronavirusa yoluxub.

    “Haber Global”ın məlumatına görə, onun vəziyyəti ağırlaşıb və o xəstəxanaya yerləşdirilib.

    Bir neçə gün öncə koronavirusa qarşı vaksin vurduran 69 yaşlı aktyorun bir həftəyə yaxındır xəstəliklə mübarizə apardığı ortaya çıxıb.

    Xatırladaq ki, Nuri Alço 40 illik aktyor karyerasında əksər hallarda mənfi obrazları canlandırıb.

  • Kürdəmirdə avtomobil su kanalına aşıb: Yaralılar arasında iki uşaq var

    Kürdəmirdə baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

    Median.Az ”Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində baş verib.

    Ağsu rayon sakini, 28 yaşı Cəfərov Səbuhi Mehman oğlu VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.

    Hadisə zamanı avtomobildə olan sərnişinlərdən Ağsu rayon sakini, 56 yaşlı Cəfərova İrayə Cəfər qızı hadisə yerində ölüb. Digər sərnişinlər Ağsu rayon sakinləri – 34 yaşlı Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, 6 aylıq Qasımov Pünhan Mənsur oğlu və 6 yaşlı Qasımova Zəhra Mənsur qızı müxtəlif dərəcədə bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • İlon Mask: “Marsa uçuşlara yaxın illərdə başlayacağıq”

    “Space X” şirkətinə məxsus “Starship” fəza gəmiləri artıq qarşıdakı illərdə Marsa uçuşlara başlayacaq.

    Bu barədə həmin şirkətin sahibi İlon Mask (Elon Musk) “Twitter” səhifəsində yazıb.

    “”Space X” Marsa “Starship” gəmilərini endirməyə 2030-cu ildən xeyli əvvəl başlayacaq”, – o deyib.

    Tanınmış iş adamı əsas məsələnin insanları Marsa çatdırmaqdan daha çox orada insanların yaşaması üçün lazımi şərtlərə malik olan daimi bazanı yaratmaq olduğunu bildirib.

    Qeyd edək ki, NASA (ABŞ Aeronavtika və Fəza Agentliyi) Marsa insanların uçuşlarını yalnız 2030-cu illərin ortalarında mümkün olacağı qənaətindədir.

  • Kafe və restoranlarda nöqsanlar aşkarlanıb – SİYAHI

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

    Agentlikdən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində martın 22-də ölkə üzrə 269 ictimai iaşə obyektində 472 monitorinq keçirilib.

    Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

    1. Sumqayıt şəhəri, 20 Yanvar küçəsi 65 ünvanında yerləşən, fiziki şəxs Bağırov Murad Tofiq oğluna məxsus “Bibər Pizza” restoranı;

    2. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Abbasov Fazil Həşim oğluna məxsus “Ayanz” restoranı;

    3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Muxtarova Sonaya məxsus “Faxralı” restoranı;

    4. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən, fiziki şəxs Yusifli Orxan Sərdar oğluna məxsus “Kvadrat Bar” restoranı;

    5. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2, Xavər Vəliyev küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Kamal Vaqif oğluna məxsus kafe;

    6. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə, ev 2 ünvanında yerləşən, fiziki şəxs Əzimov Samir Səttar oğluna məxsus kafe;

    7. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Xavər Vəliyev küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Əlizadə İsmayıl Ağadadaş oğluna məxsus çay evi;

    8. Bakı şəhəri, Səbail rayonu, Ə. Əliyev küçəsi, ev 11 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cavid Cabir oğluna məxsus kafe;

    9. Bakı şəhəri, Səbail rayonu, Rzayeva küçəsi, ev 13m ünvanında yerləşən, fiziki şəxs Qafarov Emin Murad oğluna məxsus “Nest” restoranı;

    10. Bakı şəhəri, Yasamal rayonu‎, Zahid Xəlilov ilə Şəhriyar küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Novruzova Sürəyya Tufan qızına məxsus “Avalon” kafesi;

    11. Bakı şəhəri, Yasamal rayonu‎, Şəhriyar küçəsi 28B ünvanında yerləşən, fiziki şəxs Məsimov Müslüm Polad oğluna məxsus “Daş dövrü” restoranı;

    12. Bakı şəhəri, Nərimanov ‎rayonu, Təbriz küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Səxavət Şahlar oğluna məxsus kafe;

    13. Bakı şəhəri, Nəsimi ‎rayonu, Behbudov küçəsi 26M ünvanında yerləşən, fiziki şəxs Abbasov Elgün Əvəz oğluna məxsus “Köz” kafesi;

    14. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 59B ünvanında yerləşən, hüquqi şəxs “McDonald`s Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə məxsus restoran;

    15. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 74H‎ ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət oğluna məxsus kafe;

    16. Gəncə şəhəri, Nərimanov 438C ünvanında yerləşən, fiziki şəxs Abbasov Tural Etibar oğluna məxsus “Boçka” kafesi;

    17. Salyan rayonu, Ələt-Astara şossesində yerləşən, fiziki şəxs Mustafayev Elvin Mail oğluna məxsus restoran;

    18. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Məhərrəmov Pərviz Xamis oğluna məxsus “Qədim Basqal” kafesi;

    19. İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən, fiziki şəxs Haşımlı Könül Əli qızına məxsus “Cənnət Bağı” restoranı;

    20. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 4/6 ünvanında yerləşən, hüquqi şəxs “New Bakı Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “The Merchant” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Azərbaycan iki nəfəri Rusiyaya təhvil verdi

    Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Rusiya Federasiyasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğular edilib.

    Bur barədə Baş Prokurorluqdan məlumat verilib.

    Belə ki, Kələntərov Emil Ağa-Xəlil oğlunun – qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdrada psixotrop maddələrin qaçaqmalçılığını etməsinə; bundan əlavə, Hüseynov Mirzəbala Rövşən oğlunun – külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyən edilib.

    Hər iki şəxs barəsində beynəlxalq axtarış elan olunub.

    Axtarışda olan şəxslərin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.

  • Azərbaycanda iki məhşur müğənni koronavirusa yoluxdu

    Müğənni Ülvi Qılınc koronavirusa yoluxub.

    Bu haqda aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, Ülvinin vəziyyəti ağırdır.

    Ü.Qılınc hazırda evdə izolyasiya olunur və müalicəsi davam edir.

    Ülvi Qılıncdan başqa daha bir müğənni Sevda Kazımova da koronavirusa yoluxub.

    Bu barədə Lent.az-a ifaçının özü bildirib: “Hazırda xəstəxanadayam. Xəstəliyi ağır formasından tutmuşam. Həkimlər çox sağ olsun, mənə yaxşı nəzarət edirlər. Dualarınıza ehtiyacım var. İnşallah ümid edirəm ki, bu xəstəliyə qalib gələrəm. Çalışın ki, xəstələnməyin, özünüzü qoruyun. Hamının xəstələnməyi mənə təsir etdi, sonda özüm də xəstələndim”.

  • Xaçmazda qəza: Bir nəfər öldü

    Martın 22-də saat 20 radələrində Xaçmaz rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Rayon sakini E.Musayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Şıxlar kənd sakini H.Xasıyevi vurub.

    Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Bakıda iki qadın əcnəbini soydu

    Paytaxtın Səbail rayonunda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı Alan Nevbiqqinq Kameron polisə müraciət edərək bildirib ki, qaldığı evdə qapının açıq olmasından istifadə edən naməlum şəxs onun içərisində 250 manat, bank kartları, sənədlər olan pul kisəsini və 1 ədəd “İphone-12” markalı telefonunu oğurlayıb.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, şikayət ərizəsi daxil olan kimi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxlsərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının qısa zamanda “isti” izlərlə keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Y.Məmmədova və E.Nəsrəddinova saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

    Qeyd edək ki, həmin şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefon, içərisində sənədlər, eləcə də bank kartları olan pul kisəsi aşkar olunaraq sahibinə geri qaytarılıb. Saxlanılan şəxslər barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

  • “ƏDV geri al” sistemində problem – Çeklərin ikinci surətini çıxarırlar?

    Artıq ölkədə vətəndaşların əksəriyyəti “ƏDV geri al” sistemindən istifadə edir. Lakin zaman-zaman bununla bağlı probemlər də müşahidə olunur. Belə ki, sosial şəbəkələrdə bəzi alıcılar çeklərin ikinci surətinin çıxarıldığını iddia edir və ya yalnız böyük mağazalarda bu sistemdən yararlana bildiklərini deyir, ƏDV-nin geri qaytarılması zamanı müəyyən maneələrin yarandığını bildirirlər.

    Maraqlıdır, Azərbaycanda ƏDV sistemi ilə bağlı hansı çatışmazlıqlar var? Qeyd edilən şikayətlər niyə öz həllini tapa bilmir?

    İqtisadçı-ekspert Eldəniz Əmirov sfera.az-a açıqlamasında qeyd edib ki, ƏDV qaytara biləcəyimiz çeklər yeni nəsil aparatları vasitəsilə mümkündür:

    “Çeklərin surətinin ikinci dəfə çıxarılma ehtimalı yoxdur. Bilirsiniz, çeklərdə QR kod və ya unikal identifikator (fiskal İD) mövcuddur və onlardan istifadə etməklə ƏDV-ləri geri qaytara bilirik. Əgər bu kodlardan kimsə əvvəlcədən istifadə etmiş olsa, yükləyən zaman bununla bağlı sizə məlumat gələcək. Yəni, qeyd edilən QR kod və ya unikal identifikator artıq istifadə olunub. Bu baxımdan çeklərin surətini çıxarmaq yox, oğurlamaq – yəni sizdən öncə kiminsə götürməsi mümkün ola bilər. Adətən kassada oturanlar götürülməyən çekləri yığır və özləri istifadə edirlər”.

    Ekspert bəzi marketlərdə ƏDV-nin qaytarılmama faktlarından da söz açıb: “Qeyd etdiyim kimi ƏDV-nin qaytarılma sistemi yeni nəsil kassa aparatlarının verdiyi çeklər üzərindən mümkün olur. Köhnə aparatların verdiyi çeklərdə isə QR kod və unikal identifikator yoxdur. Bəzi marketlər yeni nəsil aparatlarından istifadə etmirlər. Bəzilərində isə belə aparatlar məhdud saydadır. Bu baxımdan kimsə şəxsən ƏDV üçün kod tələb etsə, o zaman yeni aparatdan istifadə edərək çeki müştəriyə verirlər. Əks halda, vermirlər. Başqa sözlə, məsuliyyətsizlik edərək qanunu pozurlar. Çünki vətəndaşa bunu mütləq şəkildə təqdim etmək lazımdır. Kiçik marketlərin demək olar ki, heç birində yeni nəsil aparatlar mövcud deyil və problemlər də burdan yaranır”.

    Müsahibimizin fikrincə, bu gün ƏDV sistemi ilə bağlı ölkədə əsas problem ticarət mərkəzlərində, alqı-satqı yerlərində, mağazalarda məhz yeni nəsil kassa aparatlarının olmamasıdır:

    “Bu aparatlar bəzilərində olsa da, əksəriyyətində yoxdur. Ona görə də insanlar ƏDV-dən yararlana bilmirlər. Digər tərəfdən düşünürəm ki, ƏDV prinsipinin şamil edildiyi çevrə məhduddur. Məsələn, yanacaqdoldurma məntəqələrində və bir sıra yerlərdə ƏDV-nin geri alınma prinsipi işləmir. Bu, əslində vətəndaşı düşünərək edilən addım deyildi. Ödənişlərin və ticarət dövriyyəsinin şəffaflaşdırılması, iqtisadiyyatın ağardılması, alqı-satqının qeydiyyata alınması, vergidən yayınmanın qarşısının alınması kimi məqsədlər daşıyırdı. Bu vasitə ilə alıcı öz ödədiyi pulu rəsmiləşdirməyə və məhsuldan ƏDV-nin 10-15 faiz həcmində vəsaitin qalmasına maraqlı olurdu. Ona görə də vətəndaş satıcıdan çek tələb edir və bu isə iqtisadiyyatın ağardılmasına stimul verən addımdır. Bəs niyə digər yerlərdə ƏDV geri qaytarılmırdı? Çünki həmin yerlərdə onsuz da ödənişlər çek vasitəsilə həyata keçirilirdi. Bayaq dediyim kimi, məsələn, yanacaqdoldurma məntəqəsində və ya digər bu kimi obyektlərdə proses onsuz da rəsmi olduğuna görə ƏDV geri al sistemi tətbiq edilmirdi”.

    E.Əmirov ƏDV sistemi ilə bağlı digər çatışmazlıqların mövcud olduğunu bildirib: “Qanunvericiliyə əsasən, əgər müştəri onlayn qaydada , yəni kart vasitəsilə ödəniş edirsə, ƏDV-nin 15 faizi geri qaytarılır. Nağd ödənişlərdə isə bu rəqəm 10 faiz olur. Kifayət qədər fərq olduğunu görmək mümkündür. Bu isə onu deməyə əsas verir ki, hər kəs onlayn qaydada ödəniş etməyə maraqlı olmalıdır. Lakin bütün alış-veriş mərkəzlərində pos-terminallar varmı?

    Əsas problem budur. Bölgələrdə, kəndlərdə ümumiyyətlə bundan söz gedə bilməz. Rayon mərkəzlərində isə yalnız böyük marketlərin bəzilərində post-terminallar var, yeni nəsil aparatı ümumiyyətlə yoxdur. Bakının özündə, tutaq ki, “Elmlər Akademiyası” metrostansiyasından universitetə qədər yolun qırağında sırayla düzülən mağazaların 10-nundan yalnız 3-4-də terminal var, qaldı ki, onlayn ödənişlər. Şəffaflığın və iqtisadiyyatın ağardılması istiqamətində irəliləyiş əldə etmək istəyiriksə, mütləq bütün ticarət obyektləri məcburi şəkildə post-terminallarla , o cümlədən yeni nəsil kassa aparatları ilə təmin edilməlidir”.

    İqtisadçının sözlərinə görə, hazırda ölkədə 24 mindən çox yeni nəsil kassa aparatları mövcuddur: “Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bu yaxınlarda məlumat paylaşmışdı. 2022-ci ilin sonuna qədər bütün kassa aparatların yeni nəsil kassa aparatları ilə dəyişiləcəyi nəzərdə tutulub. Bu proses yekunlaşandan sonra artıq ƏDV prinsipi də tam gücü ilə işləyəcək”.

  • İsrail hərbi sənaye şirkəti Azərbaycanda birgə müəssisə yaratdı

    İsrailin “Meteor Aerospace” hərbi sənaye şirkəti Azərbaycanda Caspian Ship Building Company (Bakı Gəmiqayırma Şirkəti) ilə birgə müəssisə yaradıb.

    Median.Az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə “İsrael Defense” jurnalı şirkətin yaydığı məlumata istinadən bildirir. Məqsəd Azərbaycanın milli ehtiyaclarını təmin etmək üçün müdafiə sahəsində qabaqcıl həllər təklif etməkdir.

    Məlumatda deyilir ki, hər iki şirkət Azərbaycanın müdafiə sahəsinin və sənayesinin ehtiyacları üçün geniş spektrdə həllər təklif etmək üçün yaxşı imkanlara və unikal üstünlüklərə malikdir. “Meteor Aerospace” bildirir ki, bu əməkdaşlığın həyata keçirilməsi üçün Azərbaycanda “Caspian Meteor” adlı yeni birgə müəssisə yaradılıb. (https://www.caspianmeteor.com/)

    “Bakı Gəmiqayırma Zavodu” MMC artıq İsrail şirkətləri ilə birlikdə hərbi gəmilərin inşaatını həyata keçirir.

    “Meteor Aerospace” şirkəti isə hərbi sahədə geniş spekrdə müdafiə sistemləri işləyib hazırlayır. Bura maksimal yükgötürmə qabiliyyəti 1400, faydalı yük götürmə qabiliyyəti 700 kiloqram olan böyük pilotsuz uçan aparatlar, sürəti saatda 60 uzla çatan sürətli, pilotlu və pilotsuz gəmilər, pilotsuz yerüstü avtomobillər, yüksək dəqiqlikli, böyük radiusa malik, böyük məsafələrdən ağır zərbələr endirmək imkanları olan raketlər daxildir.

    “Meteor Aerospace” 2013-cü ildə biznesmen İshaq Nissan tərəfindən təsis edilib, hazırda o şirkətin idarə heyətinin sədri və baş icraçı direktorudur. Daha əvvəl İshaq Nissan digər iri hərbi sənaye şirkəti olan “İsrael Aerospace Industries” (IAI) şirkətinin baş direktoru və prezidenti olub. Və İsraildə və dünyada müdafiə və aerokosmik sahədə 30 illik iş təcrübəsinə malikdir.

    İshaq Nissan əsas silah sistemlərinin, o cümlədən hava hücumundan müdafiə təyinatlı və hücum təyinatlı raketlərin, pilotsuz uçan aparatların, peyklərin, ballistik raketlərə qarşı raketlərin və radarların işlənib hazırlanmasına, istehsalına başçılıq edib.

    Qeyd edək ki, F-35 beşinci nəsil döyüş təyyarələri şirkətin istehsal etdiyi “Meteor” raketləri ilə təchiz olunub.