Month: March 2021

  • Azərbaycan təbii və süni xəz məmulatların idxalını 5 dəfədən çox azaldıb

    Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 23,97 min ABŞ dolları dəyərində təbii və süni xəz, həmçinin ondan hazırlanan məmulatlar idxal edib.

    “Report”un Dövlət Gömrük Komitəsinə statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 102,47 min ABŞ dolları və ya 5,3 dəfə azdır.

    Bu ilin iki ayında isə Azərbaycandan xarici ölkələrə təbii və süni xəz, həmçinin ondan hazırlanan məmulatların ixracı həyata keçirilməyib.

    Qeyd edək ki, 2020-ci ilin yanvar vevral ayları ərzində Azərbaycan 126,44 min ABŞ dolları dəyərində təbii və süni xəz, həmçinin ondan hazırlanan məmulatlar idxal edib. Ötən ilin ilk iki ayında isə bu adda məulatların ixracı həyata keçirilməyib.

  • Bakıda atasını öldürməkdə şübhəli bilinən oğul saxlanılıb – RƏSMİ

    Martın 22-də Xəzər rayonu ərazisində Kərimov Ramiz Nurulla oğlunun hipertoniya (qan təzyiqi) ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Xəzər rayon prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub. Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib. Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İlqar Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • SMS-icazə kimlərə tətbiq edilə bilər? – VİDEO

    Yoluxma sayındakı artım bir neçə gün də davam edərsə, bunu üçüncü dalğa kimi dəyərləndirə bilərik.

    Bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində həkim Adil Qeybulla deyib.

    O bildirib ki, karantin qaydalarına əməl edilməsə, daha sərt tədbirlərlə üz-üzə qalacağıq”.

    “Epidemioloji vəziyyət pisləşərsə, bu, o deməkdir ki, mövcud situasiya infeksiyanın yayılmasını cilovlaya bilmir. Belə olan halda isə sərtləşdirilməyə gedilməli, müəyyən mənada təmasların azaldılmasına yönəlik digər qadağalar tətbiq edilməlidir. Hazırkı situasiya isə imkan vermir ki, infeksiyanın yayılması cilovlansın. Bu səbəbdən təmasların azaldılması istiqamətində qərarların verilməsi mümkündür. Risk qrupunda olan və vaksin olunmayan şəxslərə SMS-icazə və s. tətbiq edilə bilər”.

    A.Qeybulla Azərbaycanda koronavirusa daha çox qadınların yoluxmasına da aydınlıq gətirib:

    “Daha çox qadınların koronaya yoluxmasının səbəbi sosial faktorlardır. Çünki qadınlar daha çox ünsiyyətdə olurlar və yəqin ki, ünsiyyətdə olan zaman qaydaları daha çox pozurlar. Təmas nə qədər çox olarsa, yoluxma da o qədər çoxdur”.

    Həkim onu da qeyd edib ki, ölkəmizdə qeydə alınan Britaniya ştammı ilə Cənubi Afrikada tapılan yeni növ virus oxşardır.

  • DYP-dən sürücülərə xəbərdarlıq

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

    İdarədən verilən məlumata görə, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

    “Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcədə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki avtomobilləri hündürmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”, – deyə qeyd olunub.

  • Cəbrayılın Qumlaq kəndindən görüntülər

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Qumlaq kəndindən videogörüntülər yayıb.

    “Report” həmin görüntüləri təqdim edir.

  • Azərbaycan diri heyvan idxalını iki dəfədən çox azaldıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycan diri heyvanların idxal-ixracını kəskin azaldıb.

    “Report” bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

    Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın diri heyvan idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 % azalaraq 4,4 milyon ABŞ dolları dəyərində olub.

    Hesabat dövründə diri heyvan idxalı Azərbaycanın ümumi idxalının 0.27 %-ini təşkil edib.

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanın diri heyvan ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6 % azalaraq 57.50 min ABŞ dollar dəyərində olub.

  • XİN-dən “Human Rights Watch”un hərbi əsirlərlə bağlı iddialarına – MÜNASİBƏT

    “Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqqları hüququ daxil olmaqla, beynəlxalq normalara riayət olunmasına sadiqdir. Biz “Human Rights Watch” (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik”.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin “Human Rights Watch” təşkilatının məruzəsində erməni əsirləri ilə pis rəftar halları barədə iddialara dair şərhində deyilir.

    “Təəssüf edirik ki, HRW tərəfindən erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat birtərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir. Əsassız dəlillərə və yoxlanılmayan faktlara əsaslanan bu cür hesabatların sistematik olması onların etibarlılığını şübhə altına alır.

    Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib.

    Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, olanlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib. Müayinə zamanı xəsarət izləri aşkar olunmayıb (döyüş əməliyyatlarında alınan zədələr istisna olmaqla)”, – XİN-dən bildirilib.

    Qeyd olunub ki, Azərbaycanda hərbi əsirlərin olması iddialarına gəldikdə, vurğulamaq istərdik ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb:

    “Bu, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə razılaşdırılıb.

    2020-ci ilin oktyabr ayından etibarən erməni hərbi əsir və mülki şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən müntəzəm baş çəkilib və ailə üzvləri ilə telefon və video danışıqlarına icazə verilib.

    Əlavə olaraq, Azərbaycan Respublikası Ombudsman Aparatının nümayəndələri hərbi əsirlərin və mülki şəxslərin saxlandıqları yerləri ziyarət edərək onların şəraiti ilə tanış olublar.

    Azərbaycanda sui-istifadə halları ilə əlaqəli olduğu iddia edilən şəxslərə qarşı cinayət işləri açılıb. Xatırladaq ki, dəfələrlə edilən müraciətlərə və çoxsaylı iddialara baxmayaraq, Ermənistan azərbaycanlı əsirlərə və həbsdə saxlanılan mülki şəxslərə qarşı alçaldıcı rəftar halları ilə bağlı hər hansı bir araşdırmaya başlamayıb.

    Ermənistan hökuməti, həbslərin edildiyi konteksti qarışdırmağa çalışır. Qarşıdurmanın bitməsini ehtiva edən 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər.

    Sözügedən üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilənlər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir deyillər və hesab edilə bilməzlər.

    Saxlanılanlar Azərbaycan Respublikasının cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar. Saxlanılanlarla beynəlxalq insan hüquqları hüququ və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır”.

    XİN-dın vurğulanıb ki, Azərbaycan hərbi əsir kimi təsnif edilən bütün məhbusları geri qaytarıb:

    “Azərbaycan hökuməti, HRW təşkilatını diqqətini Ermənistan tərəfindən azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, habelə itkin düşən minlərlə azərbaycanlına qarşı pis rəftar faktlarına yönəltməyə çağırır.

    Birinci Qarabağ müharibəsi nəticəsində 3890 azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil. İtkin düşənlərin 3171-i hərbçi, 719 mülki şəxsdir (o cümlədən 71 uşaq, 267 qadın, 326 yaşlı).1480 keçmiş Azərbaycan əsirinin şahid ifadələrinə görə, 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə Azərbaycan əsirləri işgəncə görüb, onlara qarşı pis rəftar edilib və onlar alçaldıcı şəraitdə saxlanılıb.

    Azərbaycan əsirləri və saxlanılan şəxslərə qarşı alçaldıcı rəftar və işgəncə etdiyi sübuta yetirilən 35 nəfər barəsində cinayət işi açılıb. Məsuliyyət daşıyan şəxslərin adları İnterpola təqdim edilib.

    Son hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı pis rəftarı göstərən və sosial mediada geniş yayılmış video materiallar da daxil olmaqla çoxsaylı dəlillər var.

    Əvvəllər Ermənistanda saxlanılan və daha sonra Azərbaycana qaytarılan bütün əsir və mülki şəxslər məhkəmə tibbi ekspertizasından keçirilib və saxlanma şəraitləri barədə sorğu ediliblər.

    Mütəxəssis rəyləri, şəxsi ifadələr və digər materiallar məhbusların böyük əksəriyyətinin fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldıqlarını təsdiqləyib.

    Qeyd etmək istərdik ki, Azərbaycandan fərqli olaraq, Ermənistan hökuməti bu iddiaları araşdırmaqdan imtina edib.

    Biz müvafiq beynəlxalq institutları qərəzli mövqedən çəkinməyə və bölgədəki münaqişədən sonrakı vəziyyətlə bağlı hesabatlar tərtib edərkən tam qərəzsizliyi və peşəkar münasibəti təmin etməyə çağırırıq”.

  • Nazirlikdən meteohəssas insanlara ÇAĞIRIŞ

    Milli Hidrometeorologiya Xidməti martın 23-ü meteohəssas insanları diqqətli olmağa çağırır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, martın 23-24-də Bakı və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:

    “Arabir güclənəcək qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 5-7, günorta saatlarında isə 13-18 dərəcə isti olacaq”.

    Bölgələrdə də havanın qeyri sabit keçəcəyi gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq:

    “Bölgələrdə gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, 23-ü axşam və 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı istisna olunmur. Havanın temperaturu günorta 15-20, dağlıq ərazilərdə isə 5-8 dərəcə isti olacaq”.

    Qeyri-sabit hava şəraitinin martın 25-ə kimi davam edəcəyi gözlənilir.

  • Vətən müharibəsinin ilk qadın şəhidinin yaşadığı ev qazlaşdırılıb – VİDEO

    İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın yaşadığı ev qazlaşdırılıb.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Şəhid Arəstə Baxışovanın ailəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır. Evlərində bu günədək təbii qazdan istifadə edilməyib. Evi yalnız elektrik enerjisi ilə çətinliklə isitməyə çalışıblar, lakin bu o qədər də yaxşı alınmayıb.

    Məlumatda qeyd olunur ki, şəhid hərbçimizin ailəsi bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinə (İB) müraciət etməyib:

    “Bu barədə bizə müraciət olunmasa da “Azəriqaz” İB-nin əməkdaşları problemdən xəbər tutaraq ailəyə baş çəkib. Razılıqlarını aldıqdan sonra fərdi yaşayış evində qazlaşma işlərinin aparılmasına başlanılıb”.

    Xatırladaq ki, A.Baxışova sentyabrın 27-dən başlayan döyüşlər zamanı hərbçilərə tibbi yardım göstərilmək üçün cəbhəyə yollanıb. Bir neçə istiqamətdə qorxmadan, yorulmadan vəzifəsini icra edib. O, noyabrın 24-də yaralı hərbçiləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib.

    Arəstə Baxışovanın Zəhra və Mərdan adlı iki övladı var.

  • Nigeriyada koronavirusa qarşı 2 vaksin hazırlandı

    Nigeriyada koronavirus xəstəliyinə qarşı iki peyvənd dərmanı hazırlanaraq klinik sınaqlara təqdim olunub.

    “Report” “Vanguard”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin COVID-19 ilə bağlı yaratdığı İşçi Qrupun rəhbəri, federal hökumət katibi Boss Mustafa Abucada brifinqdə deyib.

    “Nigeriyalı alimlərin hazırladığı COVID-19-a qarşı azı iki peyvənd dərmanının klinik sınaqlarını və sertifikat almasını gözləməsi əlamətdardır. Bu gözəl hadisə elmi sıçrayışda yeni üfüqlər açaraq ölkənin tibb sənayesinin ovqat və imicini yüksəldəcək”, – o bildirib.

    Hökumət nümayəndəsi rəsmi qurumları “başqa tədqiqatçıları də həvəsləndirmək üçün” dərmanların lazımi sertifikat almasına müvafiq dəstək göstərməyə çağırıb.

    İşçi qrupun rəhbəri həmçinin Oksford – “Astra Zeneca” dərmanından 300 min doza aldıqlarını söyləyib.

    Qeyd edək ki, koronavirusa qarşı peyvəndə bu il martın 5-dən başlandığı Nigeriyada indiyədək bütövlükdə 161 402 nəfər koronavirusa yoluxub, onların 2 027 nəfəri ölüb.