Month: April 2021

  • Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

    Kürdəmir rayonunda toy məclisi təşkil edən rayon sakinləri saxlanılıb.

    ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ərşəli kənd sakini Abuzərov Tacir Abuzər oğlu və onun qardaşı Abuzərov Ağamirzə kənddə toy məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Hər iki qardaş rayon polis şöbəsinə gətirilib və işə hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 200 manat cərimə tətbiq olunub.

  • Kürdəmirdə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

    Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

    “Report” xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə rayon sakini, əvvəllər məhkum olunmuş Baxşıyev Mübariz Şahin oğlunun narkotik vasitələri daşıması və satması barədə məlumat daxil olub.

    Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Baxşıyev şübhəli şəxs qismində saxlanılıb.

    Onun üzərinə baxış keçrilən zaman 4 ədəd bükümdə ümumi çəkisi 2.089 qram narkotik vasitə heroin və 0.254 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

    İlkin dindirmə zamanı Mübariz Baxşıyev etdiyi cinayət əməlini etiraf edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.

  • İş yerlərində ixtisara yol verildikdə hüquqlarınızı necə qoruya bilərsiniz?

    Pandemiya səbəbindən fəaliyyəti məhdudlaşan və ya daralan sahələrdə işçilərin əmək müqavilələrinə xitam verilməsi prosesi dövlət orqanları tərəfindən nəzarətdə saxlanılır.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən prosesə nəzarətlə bağlı Oxu.Az-a məlumat verilib.

    “Sahibkarlar iş yerlərində ixtisara yol verməsinlər deyə pandemiya dövründə onlara dövlət tərəfindən maliyyə dəstəyi göstərildi. Göstərilən maliyyə dəstəyi proqramlarından biri də məhz muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması idi. İş yerlərində ixtisara getməyən, əmək müqavilələrini aktiv saxlayan vergi ödəyicilərinə dövlət dəstəyi edildi. Proqram çərçivəsində dörd mərhələdə ödəniş həyata keçirilib. Bu proqrama görə sahibkarların mütləq əksəriyyəti iş yerlərini saxladı və ixtisara getmədilər. Əmək müqavilələrinin sayına da diqqət yetirsək 2020-ci ildə onların sayının artığını görürük və artımın əsas hissəsi də özəl sektorun payına düşüb. Burada şübhəsiz ki, qeyri-formal iş yerlərinin ağardılması və leqallaşmanın da payı var.

    Qısacası maliyyə dəstəyi göstərilən zaman Dövlət Vergi Xidməti birinci dəfə dəstək alan sahibkarların növbəti dəstəyə qədər iş yerlərini ixtisar edib-etməməsinə diqqət yetirdi. Əgər belə bir hal yaşanarsa maliyyə dəstəyinin ikinci hissəsindən imtina edilirdi. Buna görə də sahibkarlar bu ixtisarlara getməməyə çalışdılar”.

    Fəaliyyəti məhdudlaşmayan, lakin müəyyən maliyyə problemləri ilə üzləşən müəssisələrdə işçilərin əmək müqavilələrinə xitam verməsi zamanı prosesin necə tənzimləndiyi ilə bağlı əlavə edilib ki, həm Vergi Xidməti, həm də məşğulluq orqanları əmək müqavilələrinin sayını nəzarətdə saxlayırlar:

    “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergiyə nəzarət gücləndirilib. Eləcə də, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiya tərəfindən də bu və digər məsələlərə nəzarət həyata keçirilir. Yəni, dediyimiz hallarda bağlı ümumi nəzarət prosesi mövcuddur”.

    İnsan Resursları (HR) üzrə mütəxəssis Cəmil Hüseynovun sözlərinə görə, pandemiya ilə əlaqədar əmək müqavilələrinə xitam verilməsi məsələsinə birbaşa Vergilər Xidməti nəzarət edir. Belə ki, işəgötürənlər tərəfindən sui-istifadə halları olduqda həmin şirkətlərdən bu barədə məlumat tələb edilir.

    O qeyd edib ki, ümumilikdə işəgötürənlərin işçilərlə əmək münasibətlərinin yerli qanunvericiliyin tələblərinə uyğun qurulmasına nəzarəti isə Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Əgər əməkdaşlar qanunvericiliyə zidd hallarla qarşılaşırlarsa Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər.

    Həmçinin, əməkdaşların çalışdığı müəssisədə Həmkarlar İttifaqı varsa, öz hüquqlarının müdafiəsi üçün Həmkarlar İttifaqına da müraciət edə bilərlər. Bunlardan əlavə işçilər birbaşa məhkəməyə də müraciət etmək hüququna malikdirlər.

    Cəmil Hüseynov müvafiq qanuna zidd halların İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 6-cı bəndinə əsasən tənzimləndiyini deyir:

    “İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə müəssisənin vəzifəli şəxsləri 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

    Bundan başqa məhkəmənin qərarı ilə işçi iş yerinə əvvəlki şərtlərlə işə bərpa edilir. Bu halda işəgötürən işçiyə onun işləmədiyi dövr üçün də müvafiq əmək haqqını ödəməyə borcludur”.

  • IMF Gürcüstana əlavə 111 milyon dollar ayıracaq

    Gürcüstan Beynəlxalq Valyuta Fondundan (IMF) əlavə olaraq təxminən 111 milyon ABŞ dolları əldə edəcək.

    Bu barədə ölkənin Milli Bankından bildirilib.

    Vəsait Gürcüstanda iqtisadiyyatın bərpasına yönəldiləcək.

    Bankın məlumatına əsasən, koronavirus pandemiyası səbəbindən Gürcüstan iqtisadiyyatı ötən il 6,2 % azalıb. Proqnoza əsasən, iqtisadiyyatın bərpası bu ilin II rübündən etibarən başlayacaq.

    Qeyd edək ki, IMF bu yaxınlarda qonşu ölkədə builki iqtisadi artım proqnozunu 4,3 %-dən 3,5 %-ə qədər azaldıb.

  • Şəkidə məktəblini maşın vurub öldürdü

    Şəkidə velosipedçini avtomobil vuraraq öldürüb.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Əsəbəli Tütünçüyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, velosipedlə yolu keçmək istəyən Böyük Dəhnə kənd sakini, 11-ci sinif şagirdi Məhəmməd Namazovu vurub.

    Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi

    Xəbər verdiyimiz kimi, aprelin 9-da 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nurəli oğlu idarə etdiyi minik avtomobili ilə sərnişin, 1984-cü il təvəllüdlü Əhmədov Zamir Vaqif oğlu ilə birlikdə işğaldan azad edilmiş olunmuş ərazilərdən əlvan metal toplayıb geri qayıdarkən rayonun Yuxarı Seyidəhmədli kəndi ərazisində xidmət aparan Füzuli rayon Polis Şöbəsinin əməkdaşı Elməddin Abbasova və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu Yusif Şərbətlinin avtomobili saxlaması barədə qanuni tələbinə məhəl qoymayaraq, avtomobili onların üzərinə sürüb.

    “Report” xəbər verir ki, faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Zamiq Fərzəliyev və Zamir Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Serbiya klubları danışılmış oyunlarda ittiham olunur

    UEFA Serbiya Futbol İttifaqına daxili yarışlarda iki oyunun nəticəsinin manipulyasiya olunması ilə bağlı məktub göndərib.

    “Report” yerli mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan komandaların matçlarına Avropa və Asiyanın müxtəlif bukmeyker kontorlarında külli miqdarda pul qoyuluşu edilib.

    Qarşılaşmalardan biri martın əvvəlində, digəri isə sonundada oynanılıb. Danışılmış oyunlarda bəzi futbolçuların iştirakı artıq təsdiqlənib. İstintaq davam etdiyi üçün onların adları açıqlanmayıb.

    Qeyd edək ki, ötən ay Serbiya Futbol İttifaqının prezidenti Slavişa Kokeza istefa verib. Onun adam oğurluğu və qətldə ittiham olunan qrupla yaxın əlaqələri olduğu iddia edilir.

  • Moskvada azərbaycanlı “qanuni oğru” qətlə yetirildi – VİDEO

    Moskvada əslən azərbaycanlı “qanuni oğru” Əli Heydərov qətlə yetirilib.

    Bu barədə “47news” portalı məlumat yayıb.

    “Albert Rıjıy” kimi tanınan mərhum yaşadığı binanın idman zalında bir neçə nəfərin hücumuna məruz qalaraq öldürülüb. Qatillər hadisə yerindən qaçmağa müvəffəq olublar.

    Maraqlıdır ki, Albert idman zalına cangüdənləri ilə gəlib. Lakin hücum anında onlar mərhumun yanında olmayıblar.

    Hazırda cinayət yerində hüquq-mühafizə orqanları araşdırma aparır.

    Qeyd edək ki, Albert “Ded Xasan” cinayətkar klanının üzvü olub.

  • Ceyhun Bayramov və Abdulla Şahid arasında telefon danışığı olub

    12 aprel 2021-ci il tarixində xarici İşlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid arasında telefon danışığı baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirlər ölkələr arasında ikitərəfli əməkdaşlıq gündəliyinin məsələləri üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə, humanitar sahədə əməkdaşlıq və Azərbaycan hökumətinin təqdim etdiyi təqaüd əsasında Maldiv Respublikasından olan tələbələr üçün təhsil almaq imkanının yaradılması nazir Abdulla Şahid tərəfindən məmnunluqla vurğulanıb.

    Nazir Ceyhun Bayramov dost ölkələrin vətəndaşlarının Azərbaycanda elm və təhsil sahəsində fəaliyyətlərini həyata keçirmələri üçün hər zaman müvafiq şəraiti təmin etməyə hazır olduğumuzu qeyd edib.

    Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və ixtisaslaşmış təsisatları çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, yaranan yeni reallıqlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barədə məlumat verib.

    Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Bu günə qədər neçə təhsil işçisi vaksinasiya edilib?

    Ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş məktəb heyətinin ümumi sayı 70 027 nəfər (31,48 faiz) təşkil edir.

    Ümumi sayın 16 032 nəfəri (30,44 faiz) Bakının, 3 561 nəfəri (60,50 faiz) Sumqayıtın, 2 090 nəfəri Abşeronun (36,40 faiz), 48 344 nəfəri isə (30,57 faiz) regionların payına düşür.

    Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olumuş məktəb heyətinin ümumi sayı isə 48 285 nəfərdir (55 faiz).

    Bakı üzrə 50 yaşdan yuxarı vaksin olunmuş heyətin sayı 11 868 nəfər (57 faiz), Sumqayıt üzrə 1 807 nəfər (70 faiz), Abşeron rayonu üzrə 910 nəfər (64 faiz), regionlar üzrə isə 33 700 nəfər (54 faiz) təşkil edir.

    Qeyd edək ki, martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir.

    Təhsil Nazirliyi olaraq təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq.