Month: April 2021

  • Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub

    Zaqatalada 10 il əvvəl qətl törətməkdə təqsirləndirilən Polad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

    Hökmə əsasən, P.İsmayılov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    O, Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinib.

    Qeyd edək ki, Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyiti aşkar edilməsi ilə bağlı başlanan cinayət işinin üstü 9 il sonra – 2020-ci ildə açılıb.

    Əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı onu bıçaqla xəsarətlər yetirərək öldürməsi müəyyən edilib.

    P. İsmayılov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Ərdoğan Bakıdakı forumda videomesajla iştirak edib

    Bakıda Dünya Etnospor Konfederasiyasının (DEK) IV Forumu keçirilib.

    “Report” “TRT Haber”ə istinadən xəbər verir ki, “Ənənəvi İdmanın Bərpası” adlı konfrans pandemiya səbəbindən onlayn formatda təşkil olunub.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomesaj vasitəsilə qatıldığı Forumda DEK-nın prezidenti Bilal Ərdoğan, Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, onun Qambiya, Qətər, Mali, Serbiya və Somalidən olan həmkarları, həmçinin 61 ölkədən 300-dək nüməyəndə iştirak edib.

    Pandemiyanın cəmiyyətlərə təsirindən danışan Ərdoğan bu dövrdə ənənəvi dəyərlər və idmanın ön plana çıxacağını vurğulayıb.

  • Mərmi yeşikli oturacaqlar, mərmi ərintilərindən işıqlandırma sistemi – Nadir park

    Bu gün Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub.

    Parkın ərazisindəki hər bir element demək olar nadirdir.

    Məsələn, buradakı oturacaqların alt hissəsi qənimət kimi götürülmüş mərmi yeşiklərindən düzəldilib. Parkın ərazisindəki işıqlandırma sistemi mərmilərin ərintilərindən, tullantı yeşikləri isə tank mərmisinin barıt atıcısının futlyarından hazırlanıb.

  • Neftçalada 16 yaşlı qızın zorlanması ilə bağlı DİN-dən – Açıqlama

    “Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq”.

    Bunu Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavabında bildirib.

    O deyib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib:

    “Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra halkimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

    Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir”.

  • İlham Əliyev: “Başımızı aldatmaq, himayədarlarına arxalanmaq, müftə silah almaq – bu idi onların niyyətləri”

    Biz Ermənistana şans verirdik. Hələ 2016-cı ildə Aprel döyüşləri zamanı şans verdik. Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları bizə qaytarmaq sözü vermişdi. O vaxt Aprel döyüşləri gedə-gedə onlar gecə-gündüz Moskvaya, Rusiyanın Baş qərargah rəisinə zəng edirdilər ki, Azərbaycana deyin müharibə dayansın, yalvarırdılar. Biz o şərtlə dayandırdıq ki, dərhal danışıqlar başlasın və başlamışdır.

    Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib:

    “Müharibə dayanandan bir ay sonra Vyanada artıq Minsk qrupunun həmsədr ölkələrinin xarici işləri nazirləri səviyyəsində görüş keçirilmişdir. Nə üçün o vaxta qədər bu səviyyədə görüş keçirilmirdi? Amma Aprel döyüşlərində biz ermənilərin başına bir zərbə vurandan sonra dərhal may ayında görüş keçirildi. İyun ayında Rusiyada zirvə görüşü keçirildi. Sarkisyan mənə söz vermişdi ki, ona iki həftə vaxt lazımdır. Mən söz verirəm ki, bunu həll edəcəyəm. Dedim yaxşı, çıxdı getdi. Ondan sonra orada ya özləri təşkil etmişdilər, ya da özü-özlüyündə belə bir hadisə baş vermişdir, polis bölməsini zəbt etmişdilər. Bunu bəhanə gətirərək imtina etdi. Yenə də bizi aldatdılar. Tək Sarkisyan yox, onların hamısı. 2018-ci ildə Naxçıvan əməliyyatı, yenə də onlara dərs verdik, yenə də göstərdik ki, axırı pis olacaq, məhv edəcəyik sizi. O da dərs olmadı. O da düşdü hakimiyyət dəyişikliyinə. Ermənistana təzə hakimiyyət gəldi.

    Ondan bir ay sonra biz Naxçıvanda sərhəddə uğurlu əməliyyat keçirərək önəmli strateji yerləri götürmüşdük və artıq Qarabağa gedən yola tam nəzarət edirdik. Müharibə dövründə, – indi bu, sirr deyil, – bilirdik ki, Dağlıq Qarabağa nə aparılır. İstənilən an o yolu kəsə bilərdik. Sadəcə olaraq, buna ehtiyac yox idi. O da dərs olmadı. Ondan sonra yeni hakimiyyət bizdən vaxt istədi. Dedi ki, vaxt verin biz burada daxili problemləri, köhnə xunta nümayəndələrinin problemlərini həll edək, biz həll edəcəyik. Bizi yenə də aldatdılar. Ondan bir il sonra Ermənistan baş naziri Dağlıq Qarabağda demişdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? O deməkdir ki, danışıqlar qurtardı, mənasızdır. Bu, danışıqların sonu idi. Təxribat xarakterli digər addımlar, hərəkətlər, çıxışlar göstərirdi ki, Ermənistan torpaqları qaytarmaq istəmir.

    Azad edilmiş torpaqlarda gördüyümüz mənzərə, sizin dəf etdiyiniz o təmas xətləri, o müdafiə xətləri göstərir ki, bir qarış torpaq vermək istəmirdilər. Başımızı aldatmaq, öz himayədarlarına arxalanmaq, onlardan müftə silah almaq, siyasi dəstək almaq, onların ölkələrində yaşayan lobbiçilərdən istifadə etmək və bizi bu vəziyyətdə əbədi saxlamaq – bu idi onların niyyəti. Ondan sonra iyul ayında dövlət sərhədində təxribatlar törədildi, avqust ayında diversiya qrupu göndərildi və sentyabr ayında artıq İkinci Qarabağ müharibəsi başlamışdır.

    Azərbaycan xalqının müharibə ilə bağlı geniş təsəvvürü var. Vaxt keçdikcə ayrı-ayrı əməliyyatlar haqqında da məlumat verəcəyik. Ancaq 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi”.

  • Paytaxtın böyük hissəsində təbii qaz təchizatı yaxşılaşdırılacaq

    Paytaxtın Nəsimi rayonunda 35 min abonentin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək məqsədilə təmir işləri aparılır.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, Dilarə Əliyeva küçəsindən başlayaraq Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən Neftçilər prospektinədək istismar müddəti başa çatmış qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.

    Diametri 530 mm olan polad boru ilə çəkilmiş qaz xətti uzunluğu 800 metr, diametri 400 mm olan polietilen boru ilə əvəzlənir. İşin həcmi böyük olduğundan təmir işi gedən əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb olunub.

    Təmir-tikinti prosesinin aprel ayının sonunadək davam edəcəyi gözlənilir.

  • Nazirlik şikayəti araşdırdı: Çayın çirkləndirilməsi təsdiqləndi

    Türyançayın Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində məişət tullantılarının çay hövzəsinə atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, çay hövzəsinə keçirilən baxış zamanı sözügedən ərazinin Türyançay Dövlət Təbiət Qoruğunun ərazisi olmadığı məlum olub, lakin tullantıların pərakəndə şəkildə çay hövzəsinə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapıb:

    “Ərazinin qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Ağdaş rayonunun Yuxarı Ləki bələdiyyəsinin sədri Faiq Mahmudova məcburi göstəriş verilib.

    Çay hövzəsi Xidmətin əməkdaşlarının nəzarəti altında bələdiyyə işçiləri tərəfindən tullantılardan təmizlənib”.

  • Prezident: “Bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar”

    2003-cü ildə prezident seçiləndən sonra demişdim ki, sıfırdan başlamalıyıq danışıqlara. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Bunun nəticəsində Madrid prinsipləri ortaya çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu.

    Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.

    “Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti, mövzusu olmayacaq, olmayıb və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəf müqabili nə deyirsə, o həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu torpaqları erməni tapdağının altında daima saxlamaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar… Onu sonra anladım.

    Ancaq bununla paralel olaraq, danışıqları apararaq, eyni zamanda hazırlıq işləri də gedirdi. Mən bunu gizlətmirdim, dəfələrlə demişdim ki, əgər sülh yolu ilə məsələ həll olunmasa, hərbi yolla biz bunu həll edəcəyik. Nəticədə də belə oldu. Nə demişəmsə, onu da eləmişik. Bütün bu illər ərzində demişdim ki, heç vaxt erməni dövləti bizim torpağımızda yaradıla bilməz. Demişdim ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb.

    1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin birinci qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu da qınamışam. Demişəm ki, bu, xəyanət idi, satqınlıq idi, bağışlanılmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin böyük xidmətləri var Azərbaycan xalqı qarşısında, ancaq biz tarixi malalamamalıyıq, tarixi bilməliyik”, – deyə İ.Əliyev bildirdi.

  • Sahibə Qafarova İtaliya Senatının komissiya sədri ilə görüşüb

    Aprelin 12-də Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli ilə görüşüb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Spiker bu səfərin parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    O, tarixən qədim köklərə malik olan Azərbaycanla İtaliya arasında əməkdaşlığın ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.

    Qeyd olunub ki, münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rolu olmuşdur. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.

    Milli Məclisin sədri bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələr geniş ictimaiyyətə yaxşı məlumdur.

    “Bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Bu gün ölkələrimizin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı həyata keçirilən yüksək səviyyəli səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir”.

    Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında da qonağa məlumat verən spiker vurğulayıb ki, həmin dövrdə bir çox italiyalı parlamentari Azərbaycanın bu haqq işinə öz dəstəklərini ifadə ediblər.

    Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri tamamilə dağıdıb.

    “Çox təəssüf ki, Ermənistan yenə də cinayətkar fəaliyyətdən əl çəkmir və bütün çağırışlara baxmayaraq, növbəti dəfə hərbi cinayət törədir, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Hesab edirəm ki, bu hərbi cinayətin qarşısının alınması üçün sülh və təhlükəsizliyi təhdid edən bu addıma qarşı beynəlxalq ictimaiyyət də öz mövqeyini ortaya qoymalıdır”.

    Azərbaycanla İtaliya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirən Vito Petroçelli xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.

  • Tarix İnstitutunun informasiya müharibəsi – Erməni dilində broşürlər hazırlanıb

    “Dayanmaq olmaz, çünki informasiya bitməyib, düşmən yatmayıb, öz uydurmalarını yaymaqda davam edir”.

    Bu sözləri Modern.az-a AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Güntəkin Nəcəfli tarixçilərin informasiya müharibəsində rolundan danışarkən deyib.

    “Biz döyüş meydanında qalib gəldiyimiz kimi, informasiya müharibəsində də qalib gəlməliyik. Bunun üçün də tarixçilər daha çox çalışmalıdır. Bununla bağlı Tarix İnstitutunda ciddi tədqiqatlar gedir. Xaricdə olan arxivlərdən çoxsaylı sənədlər gətirilir. Ermənilər hətta öz mənbələrində belə ifşa olunub. Azərbaycana qarşı törətdikləri təcavüzlər rusdilli sənədlər əsasında faktla sübut edilib”.

    G.Nəcəfli tək öz dilimizdə yox, beynəlxalq dillərdə informasiya yaymağın vacibliyindən də söz açıb:

    “Biz informasiya müharibəsini beynəlxalq dillərdə davam etdiririk. Məsələn, “Qarabağ real faktlar, sənədlər” kitabı dünyanın ən aparıcı 12 dilinə tərcümə olunub. Daha sonra “Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” kitabı 8 dilə, o cümlədən rus, ingilis, ispan, alman dilinə tərcümə olunub. Hətta ərəb dili vasitəsi ilə Şərq ölkələrinə həqiqətləri yaymağa çalışırıq. Prezidentimizin göstərişi ilə həmin kitabların kiçik broşürləri də hazırlanıb ki, əldə paylamaq rahat olsun. Bu broşürlər dünyanın bir çox dillərinə, eyni zamanda gürcü və erməni dilinə də tərcümə olunub. Erməni xalqı liderlərinin uydurmalarından çox vaxt xəbərsiz olur. Ona görə də bunlar erməni dilinə də tərcümə olunub”.