Month: April 2021

  • İlham Əliyev: “Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq”

    Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını vətən uğrunda qurban veriblər. Təsəlli odur ki, torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik. Düşməni torpaqlarımızdan qovduq.

    Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib:

    “Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilməyib. Biz bu mərasimi yeni bulvarda keçirdirik. Yeni bulvar mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl salınıb. Yeni bulvarın uzunluğu 12 kilometrdir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 kilometrdir. Bu bulvarın salınması dövlətimizin qüdrətini göstərir, xalqa olan qayğını göstərir. Bu, yenilik idi, inkişaf idi. Bu, bizim gücümüzün təzahürüdür. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XIX əsrin müharibəsini aparmışıq. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımızı, uğurlarımızı, qələbəmizi öyrənilir”.

  • Sabiq icra başçısının həbs müddəti uzadıldı

    Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    “Report” xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, N.Zeynalovun barəsindəki həbs qətimkan tədbiri üç ay uzadılıb.

    Qeyd edək ki, N.Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

  • İranlı məmur nüvə mərkəzində bədbəxt hadisə ilə üzləşdi

    Nətənz nüvə mərkəzində baş verən qəza yerinə baxış keçirən İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi yeddi metr yüksəklikdən yıxılaraq xəsarət alıb.

    Bu barədə İranın IRIB agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, hadisə vaxtı İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Saleh də orada olub.

    Hər iki şəxs nüvə mərkəzinə baxış keçirmək üçün hadisə yerinə ezam olunub.

    Son məlumata görə, hadisə nəticəsində B. Kamalvəndi sınıq xəsarəti alıb, hazırda vəziyyəti sabitdir.

  • Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı mübarizə tədbirlərində ən yüksək reytinqə sahib oldu

    Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb

    Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5 ulduzlu” reytinqə layiq görülən dünyada beşinci hava limanı olub.

    Bu barədə Heydər Əliyev beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

    Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.

    “Skytrax” agentliyinin COVID-19 reytinqi, koronavirus pandemiyası dövründə hava limanlarında sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin peşəkar və elmi araşdırmalara əsaslanaraq aparılmış dünyada yeganə qiymətləndirməsi və sertifikatlaşdırmasıdır.

    COVID-19 auditi 2021-ci ilin mart ayında, COVID-19 pandemiyası dövründə sərnişinlərin və işçi heyətin təhlükəsizliyini qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən tətbiq olunan 175-dən çox təhlükəsizlik protokolunun qiymətləndirilməsi məqsədilə keçirilib. Audit, ICAO Şurası, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) və Xəstəliklərin qarşısının alınması və nəzarət olunması üzrə Avropa Mərkəzinin (ECDC) tövsiyələrinə uyğun olaraq hava limanı tərəfindən sağlamlığın qorunması, gigiyena və təhlükəsizlik tədbirlərinə riayət olunması dərəcəsinin qiymətləndirilməsini əhatə edir.

    “Sərnişinlərin təhlükəsizliyi və sağlamlığı hər zaman ən yüksək prioritetimizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu da daxil olmaqla, hava limanlarında vaxtında görülən tədbirlər sayəsində müvafiq infrastruktur yaradılaraq aerovağzal kompleksinin fəaliyyətini ən qısa müddətdə bərpa etməyə bacardıq. Keçirilmiş auditə və gördüyümüz işlərin yüksək qiymətləndirilməsinə görə “Skytrax” agentliyinə təşəkkürümü bildirirəm” – deyə “AZAL” aviaşirkətinin prezidenti Cahangir Əsgərov bildirib.

    Qeyd edilən audit COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün hava limanının obyektləri və xidmətləri tərəfindən prosedurlara effektiv və düzgün şəkildə riayət olunmasını qiymətləndirir. Onlara terminalın təmizliyi, işçi heyət tərəfindən fərdi qoruyucu vasitələrdən istifadə, aerovağzal binasında döşəməyə və skamyalara vurulan müvafiq işarələr və nişanlar, qida məhsulları və içkilərin təmizlik və gigiyena qaydalarına riayət olunması, eləcə də sosial məsafənin saxlanmasına və maskalardan istifadəyə nəzarətin həyata keçirilməsi daxildir.

    “Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən təsdiqlənmiş ən yüksək COVID-19 təhlükəsizlik reytinqi sərnişinlərin uçuşlara olan inamını bərpa etmək üçün təhlükəsiz səyahət zəmanətini verir. Hava limanında görülən bütün təkmilləşdirmə tədbirləri sayəsində ən yüksək gigiyena və təhlükəsizlik standartları təmin edilir. Heydər Əliyev Beynəlxalq Aeroportu, COVID-19-un yayılması ilə əlaqəli riskləri azaltmaq üçün yaxşı balanslaşdırılmış təhlükəsizlik təcrübəsi portfelini təqdim edir. Onları belə yüksək standartlara nail olmaları münasibətilə təbrik edirik” – deyə “Skytrax” agentliyinin icraçı direktoru Edvard Pleysted vurğulayıb.

    COVID-19 auditi çərçivəsində maskalardan istifadə qaydalarına riayət olunmasına, əməkdaşlar və sərnişinlər arasında sosial məsafənin qorunmasına diqqətlə nəzarət edilir. Hava limanında təmizliyə və gigiyena qaydalarına riayət olunması auditinə avadanlıqların qiymətləndirilməsi, təmizlik xidmətinin işçilərinin sayı və effektivliyi ATF testi vasitəsilə ölçülən dezinfeksiya işlərinin müntəzəmliyi daxildir.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda beynəlxalq standartlara uyğun olaraq təmizlik və gigiyena qaydalarına riayət olunması üzrə ciddi prosedurlara əməl olunur. Hava limanı iki metrlik sosial məsafənin saxlanmasına nəzarət edən bütün lazımi işarələrlə təchiz edilib.

  • Damlanın getdiyi toya POLİS BASQINI – VİDEO

    Müğənni Damlanın başına iş gəlib.

    İifaçı Sankt-Peterburq şəhərində azərbaycanlıların keçirdiyi toy mərasimində iştirak edən zaman içəri polis basqın edib. Bu barədə Damlanın prodüseri Şamil sosial şəbəkədə yazıb. O, bildirib ki, “Zolotoy dvor” şadlıq evində məclisə gələnlər saxlanılıb. Buna səbəb yeni evlənənlərin şərəfinə toy sahiblərinin havaya atəş açması olub.

  • Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir kitabının təqdimatı olub – FOTO

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib.

    Tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq təqdimatı keçirilən kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək, deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss olunur.

    Günay Əfəndiyeva kitabın Qırğızıstanda da çap olunduğunu söyləyib. Nəşr qırğız oxucusunu müasir Azərbaycan poeziyasının nümunələri ilə tanış edir. Fondun da bu səpkidə fəaliyyəti iki xalqı bir-birinə yaxın etməkdən ibarətdir.

    Mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, Leyla Əliyevanın müraciət etdiyi həssas mövzular və onun bədii təxəyyülü oxucusunu duyğulandırır, eyni zamanda, düşündürür. Leyla Əliyevanın yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının duyğuları, hissləri, emosiyası müşahidə olunur.

    Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib və bu, təkcə ölkəmiz üçün deyil, bütün türkdilli xalqlar da daxil olmaqla, dünya ədəbi irsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Çünki dahi Nizaminin yaradıcılığı türk-islam bədii təxəyyülünün ən parlaq nümunələrindən hesab olunur.

    Qeyd edilib ki, ötən ay Mədəniyyət Nazirliyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – TÜRKSOY-un qərargahında, həmçinin İstanbul şəhərində dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirlər təşkil edilib. Türk dövlətlərində, xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində bu cür tədbirlərin təşkili ortaq mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından müstəsna əhəmiyyət daşıyır.

    “Türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinin qorunub saxlanması və geniş miqyasda tanıdılması sahəsində yarandığı vaxtdan etibarən TÜRKSOY-un böyük əməyi olub. Türk Mədəniyyəti və İrsi Fondu da öz tərəfindən qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən müxtəlif layihələrə imzalar atıb”, – deyə Anar Kərimov vurğulayıb.

    Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib:

    “Leyla Əliyeva qələmə aldığı hər mövzuya özünəməxsus şair baxışı ilə yanaşır, gördüklərini azad baxışlarla poeziyaya çevirə bilir. Gənc şairə təbiətə münasibətdə həssas hisslər nümayiş etdirir, gerçəkliklə zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair baxışı ilə baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır”.

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, Leyla Əliyevanın yaradıcılığına yaxından bələddir:

    “Şairlər olduğu kimi görünən, göründüyü kimi də olan insanlardırlar: “Göründüyün kimi ol, olduğun kimi görün” düşüncəsi Leyla Əliyevanın elə şəxsiyyətində bütövləşib. Çünki digər insanlardan fərqli olaraq, şair və ya yazıçı öz ağrı-acısı ilə bərabər başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir”.

    Türk Şurası baş katibinin müavini Sultanbek Raev bildirib ki, Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunu qırğız dilinə tanınmış şairlər tərcümə edib:

    “İnsana elə gəlir ki, müəllif bu kitabda Allaha müraciət edir. Çünki hər bir insan qəlbində uca Tanrının yeri olduğu üçün onun səsini eşitmək istəyir. Allahın səsi, ifadəsi ilə müəllif sanki insanlarda ən ülvi hissləri oyatmağa çalışıb”.

    Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibinin müavini Əli Yıldız, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

    Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Mehriban Zəkinin və Qırğızıstanın Xalq artisti Tinar Abdrazayevanın ifalarında “Tanrının səsini eşitmək istəyirəm” kitabından şeirlər səsləndirilib.

  • Nobel prospektinin adı dəyişdirildi

    Bakının Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.

    Bununla bağlı qərar bu gün qəbul edilib.

    Hərbi Qənimətlər Parkı da “8 Noyabr” prospektində yerləşir.

    Gələcəkdə bu prospektdə Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması da planlaşdırılır.

  • Türkiyədə Ramazan ayına görə qadağalar tətbiq olundu

    Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 81 bölgəsinə “Ramazan ayı tədbirləri” adlı qaydalar göndərib.

    “Haber Global” məlumat verir ki, qadağalarda karantin qaydalarına nəzarət etmək nəzərdə tutulub.

    Qaydalara əsasən insanlar imsak və iftarda nə evdə, nə də evdən kənarda toplu şəkildə yığışa bilməz.

    Təravih namazını hərə öz evində qılacaq. Pide və çörək sifarişi iftardan bir saat əvvələ qədər bitməlidir.

    Eyni zamanda, bayramla əlaqədar müqəddəs yerlərə və qəbiristanlıqlara ziyarətlərin artacağı nəzərə alınaraq ehtiyyat tədbirləri görüləcək.

  • DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

    Pandemiyanın özü ilə bərabər gətirdiyi dəvətsiz qonaq – tibbi maska açıq-qapalı məkan demədən, hər an burnumuzun üstündədir. Hətta bundan təngə gələn vətəndaşlar sosial şəbəkələrdə #açıqhavadanəfəsalaq kampaniyasına da başlayıblar.

    Boğulmaq bir yana, həyatımızın “qoruyucu mələk”inə çevirilən 30 qəpiklik maska, iplərinin ani olaraq qırılması, yaxud düzəltmək istədiyimiz yerdə əlimizdən yerə düşməsi, külək aparması ilə bizi 100-200 manatlıq cərimə ilə üz-üzə qoya bilər. Bəs, bu halla qarşılaşmamaq üçün nə etməli, ehtiyat maska ilə gəzməli, yoxsa polisdən güzəşt gözləməli?

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, hər bir vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən izolyasiya qaydalarına əməl etməlidir:

    “Vətəndaşlarımız tibbi maskalardan istifadə ilə bağlı müəyyən edilən normalar daxilində açıq və qapalı ictimai yerlərdə düzgün istifadə etməlidirlər. Bu tək özünün yox, eləcə də digər vətəndaşların həyat və sağlamlığı üçün zəruri şərtlərdəndir.

    O ki qaldı, vətəndaşın tibbi maska ilə bağlı ani olaraq yaranan probleminə, insanlar bunu əvvəlcədən nəzərə almalıdırlar. Tibbi maska normal və qaydasında olmalıdır ki, istifadə ilə bağlı hər hansı inzibati xəta tərkibi yaradan hal aşkarlanmasın. Bütün hallarda polis və Daxili İşlər Nazirliyinin hərbi qulluçuları tərəfindən respublika ərazisində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir”.

    Sosial şəbəkə istifadəçiləri tərəfindən trendə çeviriliən #açıqhavadanəfəsalaq kampaniyasına gəlincə, qurum rəsmisi deyib ki, tibbi maskalardan istifadə edilib-edilməməsilə bağlı normaları Daxili İşlər Nazirliyi müəyyənləşdirmir:

    “Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar var və polis onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir”.

  • Bakıda bu marşrutda gedişhaqqı ucuzlaşdı

    Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrindən paytaxtın mərkəzinə sərnişinlər daha tez və rahat çatacaqlar. Bu məqsədlə Qala qəsəbəsində yeni nəqliyyat mübadilə məntəqəsi tikilib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əraziyə dayanacaqlar qoyulub və yeni marşrut xətti açılıb.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, bu qəsəbələrdən paytaxta gələn sərnişinlər mübadilə mərkəzində düşərək ”BakuBus”un yeni avtobuslarına minəcəklər. Həmin avtobuslar isə sərnişinləri əvvəlki kimi Ramana qəsəbəsinin içindən keçməklə deyil, birbaşa hava limanı yolu ilə ”Koroğlu” metrostansiyasına gətirəcək.

    Mais Ağayev həmçinin bildirib ki, sərnişinlərin narazılıqları nəzərə alınaraq 101, 150 və 187 saylı marşrut avtobusları da yenilənib. Əvvəllər “3 Nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”nin müvqqəti istismarında olan bu xətlər indi istehsalat bazası olan daşıyıcı şirkətlərin birinə həvalə edilib.

    Mais Ağayev yeni dəyşikliklərin gedişhaqqına təsir edib-etməməsi məsələsinə də münasibət bildirib. Deyib ki, əvvəllər Pirallahıdan “Koroğu”ya gəlmək 90 qəpik idi, indi isə sərnişinlər 10 qəpik az ödəməli olacaqlar. Digər istiqamətlərdə isə qiymətlər dəyişməyib.