Month: April 2021

  • Dövlət Gömrük Komitəsi Hesablama Palatasına cavab verib

    Ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması prosesində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb.

    Bu barədə Komitənin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, bu iddialar tamamilə əsassızdır və gömrük orqanları qanunvericiliyə uyğun olaraq üzərilərinə düşən vəzifələri tam yerinə yetiriblər.

    Hüquqi şəxs rezidentlərin valyuta sərvətlərinn ölkəyə köçürməsi və nağd şəkildə gətirməsi, habelə ölkədən köçürməsi və nağd şəkildə çıxarması “Valyuta tənzimi haqqında” Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilir. Yerli banklar təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılmasını rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.

    Azərbaycan Mərkəzi Bankının da təsdiq etdiyi kimi, bu növ əməliyyatlar yerli bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədi daşıyıb. Belə ki, yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməz. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur.

    “Aparılan nağd vəsaitin xaricdəki müxbir hesaba mədaxil olunmasına “gömrük nəzarəti” barədə kütləvi informasiya vasitələrində yayılan fikrə dair bildiririk ki, Dövlət Gömrük Komitəsinin ölkəmizdən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur. Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun funksiyalarına aiddir”, – deyə açıqlamada qeyd olunub.

  • 111 yaşlı qazaxıstanlı qadın uzunömürlüyün sirrini açdı

    Qazaxıstanın Karaqandi əyalətinin ən uzunömürlü sakini Tuyməgül Temirbayeva 111 yaşında olmasına rəğmən aktivliyi və yaddaşını qoruyub saxlayıb.

    Milli.Az xəbər verir ki, qadın bu vaxta kimi həkimlərdə olmayıb.

    Gözü belə itiliyini itirməyən Tuyməgül iynəni özü saplayır.

    1910-cu ildə doğulan qadının oğulları ard-arda 70-80 yaşında dünyasını dəyişib.

    “Bütün ömrüm boyu ərimlə heyvandarlıqla məşğul olmuşam. O, atçılıq fermasının çobanı idi. Gəncliyimdən kımızı çox sevirəm (at südündən içki). Eləcə də qazlı limonad xoşuma gəlir. Heç vaxt dieta saxlamamışam, həkim müalicəsi almamışam”.

    Heç bir ciddi xəstəliyi olmayan Temirbayeva arada qrip olub öskürəndə bir qaşıq tibbi spirt daxilə qəbul edib içdiyini və bununla da sağaldığını bildirir.

    Gəlinləri, nəvələri deyir ki, o çox istiqanlı, deyib-gülən, ünsiyyətcildir. Heç vaxt özünə qapanmır. Uşaqlarla belə söhbətləşir, daim aktivdir. /medicina.az

  • Türkiyədə koronavirusa yeni yoluxanların sayında rekord qeydə alınıb

    Türkiyədə son 24 saat ərzində 305 103 nəfərin COVID testi yoxlanılıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 55 791 nəfər təşkil edib ki, bu da indiyədək qeydə alınan ən yüksək rəqəmdir.

    Son sutka ərzində 253 nəfər koronavirus səbəbindən vəfat edib.

    Hazırda Türkiyə xəstəxanalarında 2658 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.

  • “Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Bərdə rayonunda bal verən ağacların əkilməsi üzrə kütləvi aksiya keçirilib.

    IDEA İctimai Birliyindən “Report”a verilən məlumata görə, aprelin 9-da könüllü gənclərin iştirakı ilə baş tutan aksiya zamanı 1 250 ədəd göyrüş və 625 ədəd akasiya ağacları əkilib.

    “Yaşıl marafon” layihəsi üzrə təşkil edilən aksiya eyni zamanda IDEA İctimai Birliyinin ölkədə ekosahibkarlığın inkişafına dəstək layihəsinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların Azərbaycanda arealını artırmaq, eyni zamanda ölkədə arıçılığın inkişafına dəstək verilməsindən ibarətdir.

    Məlumdur ki, arı və digər tozlandırıcıların biomüxtəlifliyin mühafizəsində oynadığı vacib rolu nəzərə alaraq, arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz və faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bitkilər aləminin inkişafı və arıların varlığı bir-birindən asılıdır. Arılar və bəzi başqa həşəratlar bitkiləri tozlandıraraq təkcə bitkilərin fərdi bərpasını yox, həm də müəyyən növlərin inkişafını təmin edir.

    Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.

    Yaz və payız mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.







  • Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub – FOTO

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinezin görüşü olub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edən S.Babayev ərazilərimizin Ermənistanın işğalından azad edildiyini diqqətə çatdırıb. Nazir dağıdılmış həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını qeyd edib.

    O, dövlət başçısının tapşırığı ilə ölkəmizdə əmək, məşğulluq və sosial təminat sahəsində aparılan islahatları, bu sahələrdə tətbiq olunan innovativ yenilikləri diqqətə çatdırıb. Venesuela Bolivar Respublikası ilə Azərbaycan arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.
    S.Babayev ikitərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini qeyd edib.

    K.Martinez ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini vurğulayıb. Səfir sosial sahədə əməkdaşlıq üçün yaxşı perpsektivlərin olduğunu bildirib.

    Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin qurulması imkanları müzakirə olunub.

  • Amerikalı reper DMX vəfat edib

    Amerikalı reper və aktyor DMX (əsl adı Erl Simmons) 50 yaşında ikən vəfat edib.

    Bu barədə “Rolling Stone” jurnalı onun ailə üzvlərinə istinadən məlumat yayıb.

    Reper aprelin 2-də Nyu-Yorkdakı mənzilində olarkən özünü pis hiss edib və xəstəxanaya çatdırılıb. Ürək tutması keçirən ifaçı süni həyat təminatı cihazına qoşulub.

    Qeyd edək ki, DMX-in altı albomu “Billboard” hit-paradında birinci pillədə debüt edib. Reper, həmçinin 20 filmdə çəkilib.

  • Bu insanlarda koronavirusa qarşı immunitet yaranmır

    Dünyanın hər onuncu sakinində yalnız COVID-19 peyvəndlərinə deyil, həm də digər xəstəliklərə qarşı immuniteti olmadığı ortaya çıxıb.

    Bu barədə Vektor Araşdırmalar Mərkəzinin direktoru Rinat Maksyutov “İzvestiya” qəzetinə verdiyi müsahibədə danışıb.

    “Əhalinin təxminən 10 faizi peyvəndlərə qarşı reaksiya vermir və onlarda immunitet yaranmır. İnsanın həyat tərzindən tutmuş immunitet sisteminin xüsusiyyətlərinə qədər bir çox faktor antikor istehsalına təsir edir.

    EpiVacCorone və digər rus peyvəndləri üçün təlimatlarda antikorların qoruyucu titrinin və peyvənddən sonrakı immunitet müddətinin nə qədər davam edəcəyinin məlum deyil. Aprel ayının ortalarında, tədqiqatlar bitdikdən sonra buna aydınlıq gələcək”, – ekspert bildirib.

    Vektor rəhbəri bildirib ki, koronavirusa qarşı hər hansı bir peyvənddən sonra yoluxma şansı mövcuddur. Bu, çox vaxt tam hüquqlu immunitetin yaranması üçün lazım olan vaxtın keçməməsi ilə bağlıdır. Məsələn, 60 yaşdan yuxarı 150 könüllü üzərində aparılan klinik tədqiqatlar zamanı 20 nəfər peyvəndin ilk dozasından sonra xəstələnib. (publika.az)

  • Millimizə ABŞ-dan məşqçi gətirildi

    Azərbaycanın yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığmaları Göygöldə təlim-məşq toplanışını davam etdirir.

    Federasiyadan “Report”a verilən məlumata gtörə, ötən həftənin ilk günlərindən Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının rəhbərliyi də yaxından izləyir.

    Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Bu məqsədlə ABŞ-dan fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi ölkəmizə dəvət olunub. Güləşçilər əcnəbi məşqçinin nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir.

    Qeyd edək ki, sərbəst güləş üzrə yığma baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi Arif Abdullayev, yunan-Roma güləşi üzrə milli baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyev, qadınlardan ibarət komanda isə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qarşıdan gələn iki mühüm yarışa hazırlaşır.

    Xatırladaq ki, güləşçilər Azərbaycanı 19 – 25 apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında və 6 – 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirində təmsil edəcək.

    Qitə birinciliyində iştirak edəcək heyət həftəsonu Bakıya qayıdacaq və taktiki-texniki hazırlığı Olimpiya Güləş Mərkəzində keçəcək. Digər güləşçilər isə Göygöldə hazırlığı davam etdirəcək.

  • Türkiyə ABŞ hərbi gəmilərilə bağlı Rusiyanı xəbərdar edib

    Türkiyə ABŞ hərbi gəmilərinin Bosfor boğazı vasitəsilə Qara Dənizə daxil olacağı barədə Rusiyanı xəbərdar edib.

    TASS xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfirliyindən məlumat verilib.

    Müvafiq xəbərdarlığın Montre Konvensiyasına uyğun olaraq verildiyi bildirilib.

    Qeyd edək ki, ABŞ Qara Dənizə iki hərbi gəmi göndərməyi planlaşdırır. Bu addımın Ukraynaya dəstək mesajı daşıdığı qeyd olunur.

  • Gürcüstanda gələn ay bir həftəlik tətil olacaq

    Gürcüstanda mayın 4-dən 11-dək bütün ölkə miqyasında tətil elan olunub.

    Bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının toplantısında qəbul edilib.

    İclasda ölkədə pisləşməkdə olan epidemioloji vəziyyət müzakirə olunub. Bildirilib ki, koronavirusa yoluxma hallarında artım xüsusi diqqət və yanaşma tələb edir.

    Digər qərara əsasən, cari epidemioloji vəziyyəti nəzərə alınmaqla saat 21:00-dan saat 05:00-dək ölkə ərazisində hərəkətə tətbiq olunan qadağa qüvvədə saxlanılacaq.