Month: April 2021

  • Laçının bir məktəbi distant təhsilə keçib

    Ağsu rayon Xanbulaq kəndində yerləşən Laçın rayonunun Xərəcan kənd orta məktəbi distant təhsilə keçib.

    Buna səbəb müəllim və şagirdlərdə koronavirus infeksiyasının aşkarlanmasıdır.

    Ağsu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) əməkdaşları tədris ocağında araşdırma aparıb və əyani təhsilin müvəqqəti olaraq dayandırılmasına qərar veriblər.

    Hazırda məktəbdə dezinfeksiya işləri aparılır.

  • AFFA-nın icraçı vitse-prezidentindən AVRO-2020 açıqlaması

    “Aprelin 8-də ictimaiyyətə verilmiş məlumatda qeyd olunduğu kimi, AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarında azarkeşlərin iştirakı ilə bağlı bütün müvafiq sənədlər, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı UEFA-ya göndərilib”.

    Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına azarkeşlərin buraxılması barədə danışarkən deyib.

    O bildirib ki, turnirə evsahibliyi edəcək digər şəhərlər haqqında da ümumi məlumat artıq paylaşılıb: “Sevindirici haldır ki, Bakıda keçiriləcək oyunlar zamanı stadionun tamaşaçı tutumunun 50%-i qədər azarkeşin qarşılaşmaları tribunalardan izləməsi mümkün olacaq. AVRO-2020-nin təşkil olunacağı digər şəhərlərdə rəqəmlər müxtəlifdir. Ümid edirəm ki, çempionatın keçiriləcəyi bütün şəhərlərdə azarkeşlərin iştirakı minimum 50%-ə qədər təmin ediləcək”.

    Məmmədovun sözlərinə görə, mayın 15-də bilet satışı bərpa olunacaq: “Stadionun ümumi tamaşaçı tutumunun cəmi 50%-nə azarkeşlərin buraxılacağını nəzərə alaraq, futbolsevərlərə biletlər satışa çıxan kimi tələsməyi tövsiyə edərdim. Bizi maraqlı oyunlar gözləyir. Xüsusilə, qardaş Türkiyə millisinin iki oyununun Bakıda keçiriləcəyini bir daha xatırlatmaq istərdim. Özünəməxsus futbol ənənələrinə malik Uels və İsveçrə millilərinin qarşılaşmasının da maraqlı olacağına şübhə etmirəm. Bakı Olimpiya Stadionunda izləyəcəyimiz 1/4 final oyununda isə Avropa çempionu adına iddialı iki komandanın qarşılaşa biləcəyi istisna olunmur. Stadiona girişlə bağlı qaydaları bilet satışı başlamazdan öncə detallı şəkildə təqdim edəcəyik. Sağlam olaq və böyük futbol həyəcanına birgə şahidlik edək”.

  • Xəzər Kürə axıb, 40 kilometr irəlilədi

    Neftçala rayonunda dəniz suyu Kür çayına qarışıb. Daha doğrusu, artıq Kür Xəzərə yox, Xəzər Kürə axır.

    Son günlər Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi minimum həddə düşüb.

    Ötən ilin aprelində çayda suyun orta dərinliyi 162 santimetr təşkil edirdisə, müvafiq dövrdə 109 santimetr olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 santimetr aşağıdır. Odur ki, son 20 gündə dəniz suyu Kür çayının 40 kilometr məsafəsinə qədər irəliləyib. Nəticədə rayonun I Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə 15 yaşayış məntəqəsində su problemi yaranıb.

    Yaranmış problemin aradan qaldırılması üçün 10-dan çox su maşını ayrılıb. Həmin maşınlar vasitəsi ilə yaşayış məntəqələrində quraşdırılmış 170-ə yaxın çənə su vurulur, əhali də bundan istifadə edir.

    Kür çayının şorlaşması kənd təsərrüfatına da öz mənfi təsirini göstərib. Yaz-tarla işlərinin qızğın çağı olmasına baxmayaraq, fermerlər su qıtlığı ilə üzləşməli olublar. Bəzi fermerlər isə əkin sahələrini suvarmaqdan ötrü şor sudan istifadə etmək məcburiyyətində qalıblar.

    Hazırda Kür çayında şor suyun əhatə etdiyi 10 nasos stansiyasının 5-i dayandırılıb. Məcburiyyət qarşısında qalan bəzi fermerlərin istəyi ilə nasoslarla kanallara şor su ötürülür.

    Mütəxəssislərin fikrincə, vəziyyət bir qədər də belə davam edərsə, rayonda ekoloji təhlükə yarana bilər.

  • Qazaxda bir ailənin 4 üzvü qidadan zəhərlənib

    Qazax rayonunda 4 nəfər qidadan zəhərlənib.

    Hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

    Belə ki, bir ailənin 4 üzvü – 1958-ci il təvəllüdlü Məqsanə Mustafayeva, 1986-cı il təvəllüdlü Bahar Mustafayeva, 2009-cu il təvəllüdlü Rəfiqə İlyasova və onun bacısı 2011-ci il təvəllüdlü Cəmilə İlyasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlar pomidordan zəhərləndiklərini bildiriblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident İlham Əliyev Britaniya kraliçasına və baş nazirinə başsağlığı verib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə başsağlığı məktubu ünvanlayıb.

    Mətndə deyilir:

    “Ülyahəzrət,

    Həyat yoldaşınız – Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

    Şərəfli və ləyaqətli bir ömür yolu keçmiş Şahzadə Filip öz doğma xalqına sədaqətlə xidmət etmiş, həmişə Sizin yanınızda olmuş, ölkənizin rifahı naminə məsuliyyətli fəaliyyətinizdə Sizə dəstək vermişdir.

    Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona da başsağlığı verib:

    “Hörmətli cənab Baş nazir,

    Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

    Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

  • Avtoxuliqanlıq edən Astara sakini həbs edilib

    Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Belə ki, Astara sakini R.Fərziyev idarə etdiyi “vaz 21063” markalı avtomobillə axşam saatlarında rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan R.Fərziyev barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

  • Mariya Zaxarova: Rusiya hər zaman Qarabağ münaqişəsi tərəflərinin dəstəklədikləri həll variantına hazır olub

    Rusiya hər zaman Qarabağ münaqişəsi tərəflərinin dəstəklədikləri həll variantına hazır olub.

    Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “tert.am” erməni saytının ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri R.Hoqlandın bəyanatı ilə bağlı sualına cavab olaraq bildirib.

    O, qeyd edib ki, bu barədə Rusiya prezidenti də dəfələrlə danışıb.

    “Bu mövqe Rusiyanın həmsədrlik fəaliyytində həlledici amildir. Biz məsələyə münasibətdə Azərbaycan və Ermənistan tərəflərinin, həmçinin Rusiya, ABŞ və Fransanın birgə bəyanatlarına, həmçinin BMT TŞ-nin qətnamələrinə əsaslanırıq”, -deyə M.Zaxarova əlavə edib.

    Xatırladaq ki, bir müddət öncə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri R.Hoqland bəyan edib ki, vaxtilə rusiyalı həmsədr İqor Popov onunla şəxsi söhbəti zamanı bildirib ki, əgər Ermənistan və Azərbaycan Sergey Lavrovun təkliflərilə razılaşsalar belə, Rusiya onların reallaşmasına imkan verməyəcək.

  • Bacı və qardaş Kür çayında batıb

    Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlu batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

  • Azərbaycan çempionu koronavirusdan vəfat etdi

    Poverliftinq idman növü üzrə ölkə çempionu Vaqif İbrahimov koronavirusdan vəfat edib.

    Median.Az “Report” istinadən xəbər verir ki, idmançı 42 yaşında dünyasını dəyişib.

    Dəfələrlə Azərbaycan çempionu olmuş mərhum həm də respublika rekordçusu idi.

    Qeyd edək ki, Vaqif İbrahimov COVID-19 virusuna yoluxmuşdu və müalicə alırdı. O, Cəlilabad rayonunda yaşayırdı.

  • ÜST: COVID-19 əleyhinə vaksinasiyaların 87 %-i yüksək gəlirli ölkələrin payına düşür

    Dünya üzrə koronavirus əleyhinə vaksinasiyaların böyük əksəriyyəti əhalisinin adambaşına gəliri yüksək və orta olan ölkələrin payına düşür.

    Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

    T.A.Qebreyesus bildirib ki, vaksinasiyaların 87 %-i gəliri yüksək və orta olan ölkələrdə həyata keçirilib, gəliri aşağı olan ölkələrin payına isə vaksinasiyaların yalnız 0,2 %-i düşür.

    ÜST rəhbəri qeyd edib ki, yüksək gəlirli ölkələrdə hər dörd nəfərdən biri artıq vaksinasiya olunub.

    COVAX beynəlxalq mexanizminin işi barədə danışan ÜST rəhbəri bildirib ki, martın sonuna qədər vaksinin təxminən 100 milyon dozasını paylaşdırmaq nəzərdə tutulmuşdu, lakin yalnız 38 milyon dozanı paylaşdırmaq mümkün olub.

    Baş direktor COVAX-ın işlədiyini və onun güclü mexanizm olduğunu vurğulayıb: “Problem ondadır ki, bu mexanizm lazımi miqdarda vaksin almır”.

    ///Report