Month: April 2021

  • İlham Əliyev və Vladimir Putin Qarabağı müzakirə etdilər

    Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, hər iki lider Qarabağdakı vəziyyəti müzakirə ediblər.

    “Xüsusilə regionun sabitliyi, təhlükəsizliyi və sosial-iqtisadi inkişafının təmin edilməsi, habelə nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlərin gedişatının nəzərdən keçirilib. Eyni zamanda aprelin 7-də Moskvada keçirilən yüksəksəviyyəli Rusiya-Ermənistan danışıqlarının nəticələri nəzərə alınıb”, – deyə Kremlin yaydığı məlumatda bildirilib.

  • Hesablama Palatasının hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edilib

    Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 4 məsələyə baxılıb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, öncə gündəlikdəki qanun layihələri müzakirəyə çıxarılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi texniki xarakterli düzəlişləri nəzərdə tutur.

    Komitə üzvləri bu sənədlərin üçünü də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

    Sonra “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”a baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın tövsiyəsi ilə ilk dəfədir ki, Hesablama Palatasının hesabatı parlamentdə yalnız bir komitə çərçivəsində deyil, geniş tərkibdə müzakirəyə çıxarılır. Müzakirələrin əhatəliliyini artırmaq və keyfiyyətini daha da yüksəltmək, həmçinin ictimailiyi təmin etmək məqsədilə 6 komitə sədri və onların müxalifətdən olan müavinləri, ictimai təşkilatların nümayəndələri bugünkü iclasa dəvət olunublar.

    Tahir Mirkişili qeyd edib ki, dövlətin iqtisadi gücünün artmasında və böyüməsində dövlət maliyyə nəzarətinin effektivliyi, maliyyə nəzarətinin güclənməsi, dövlət xərclərində şəffaflığın və qənaətliyin təmin olunması çox mühüm rol oynayır. Bu, eyni zamanda dövlət başçısı tərəfindən Azərbaycanda aparılan sürətli iqtisadi islahatların mühüm hədəflərindən biridir və ötən müddət ərzində dövlət və hökumət tərəfindən bu hədəflərə nail olmaq üçün xeyli işlər görülüb, Milli Məclis tərəfindən qanunvericilik aktları təkmilləşdirilib. Komitə sədri bildirib ki, Hesablama Palatasının fəaliyyətinin nəticələrinin deputatlara və ictimaiyyətə təqdim edilməsi növbəti addımların daha səmərəli olmasında və daha düzgün qərarların qəbul edilməsində müstəsna rol oynayır.

    İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. Vüqar Gülməmmədov bildirib ki, əsasən distant fəaliyyətə üstünlük verilən 2020-ci ildə plana daxil edilmiş nəzarət tədbirlərinin sayı 25 faiz azaldılıb. Bununla belə, həmin dövr ərzində qurumun qanunvericiliklə müəyyən edilmiş fəaliyyəti vaxtında və operativ qaydada həyata keçirilib, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi, müvafiq büdcələrə dəyişikliklər, dövlət büdcəsinin icrası üzrə Hesablama Palatasının rəyləri qısa müddətdə hazırlanaraq millət vəkillərinin diqqətinə çatdırılıb. Rəylərdə dövlət vəsaitlərinin idarə olunması, ümumilikdə maliyyə inzibatçılığının təkmilləşdirilməsi və gücləndirilməsi, hesabatlılıq və şəffaflığın artırılması istiqamətində tövsiyələr əks etdirilib.

    Məlumat verilib ki, ötən il 34-ü audit, 4-ü analitik və 3-ü monitorinq fəaliyyətini əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirilib. Auditlərin biri “Dövlət sirri haqqında” qanuna müvafiq qaydada olmaqla icra edilib. Ümumi auditlərin biri gəlirləri, 33-ü isə xərcləri əhatə edib. Bir audit Lənkəran şəhərində, 33 audit isə Bakıda fəaliyyət göstərən qurumlarda aparılıb. Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Şəmkir, Goranboy, Ağsu, Hacıqabul rayonlarında monitorinqlər həyata keçirilib. Bildirilib ki, subsidiyalara müraciət edən istehsalçıların sadəcə dörddə biri torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7 faizi dövlət dəstəyindən kənarda qalıb. Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub.

    Məlumat verilib ki, 2018-ci ildə qəbul edilmiş yeni qanunun müəyyən etdiyi audit formaları hesabat ilində tətbiq olunub, 2020-ci ildə 4 maliyyə, 1 səmərəlilik (performans) və 29 uyğunluq auditi həyata keçirilib, İnformasiya Texnologiyaları auditinin elementləri əvvəlki illərlə müqayisədə nisbətən geniş tətbiq edilib. İl ərzində aparılan auditlərlə müəyyən olunub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat təşkil edir. Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi hallarına aid edilən məbləğ isə ümumilikdə 335,4 milyon manat həcmindədir. 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələrə əsasən 452 halda nöqsan müəyyən edilib. Hesabat ilində ümumilikdə 130,3 milyon manat qeyd edilmiş nöqsan təsnifatı üzrə hüquqi aktların pozulması ilə icra olunub.

    Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, 2020-ci ildə açıqlanan Açıq Büdcə İndeksi beynəlxalq reytinq hesabatlarında Hesablama Palatasının fəaliyyəti 89 balla qiymətləndirilib ki, bu da qiymətləndirilmənin aparıldığı 117 ölkə arasında 3-cü böyük göstəricidir.

    Hesabatın yekununda 2021-ci ildə qarşıda dayanan vəzifələr barədə deputatlara məlumat verilib.

    İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov və qurumun Hüquqi təminat və insan resursları şöbəsi müdirinin müavini Nuranə Səfərova qurumda tətbiq edilən yeniliklərlə bağlı deputatları maraqlandıran məsələlər barədə məruzələr ediblər. Yekunda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sualları cavablandırıb. Hesablama Palatasının təqdim etdiyi hər üç məruzə rəngli slaydlarla, diaqramlarla müşayiət olunub.

    Müzakirələrin yekununda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

  • “Ermənistan təkcə canlılara deyil, həm də ölülərə qarşı vandallıq edib”

    “Təşkilat Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar 2016-cı ildə təmas qrupu yaradıb. Həmin dövrdən bu günədək biz ilk dəfə azad olunmuş ərazilərə səfər etmək imkanı qazandıq. Öz gözlərimizlə həmin ərazilərdə törədilən vandallıqları gördük. Bütün kəndlərin yer üzündən silinməsi hallarının şahidi olduq. Bu, çox məyusedici və kədərli mənzərədir”.

    Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.

    “Biz məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini gördük. Məzarlıqların dağıdılmasının şahidi olduq. Bu, onu göstərir ki, işğalçılar təkcə canlılara deyil, həm də ölülərə qarşı vandallıq edib”, – o bildirib.

    ///report

  • İlham Əliyev Vladimir Putin ilə Qarabağ məsələsini müzakirə edib

    Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

    Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

    “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq, Qarabağ ətrafında sabitləşməkdə olan vəziyyətin müzakirəsinin davam etdirilməsi təklif olunub. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, həmçinin sosial-iqtisadi inkişaf və nəqliyyat kommunikasiyalarının bərpası kimi məsələlər nəzərdən keçirilib. Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan Rusiya-Ermənistan danışıqlarının nəticələri də nəzərə alınıb”, -deyə Kremldən yayılan məlumatda bildirilib.

  • Suqovuşanda polis əməkdaşı qəzaya düşüb

    Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

  • Avtobus sürücüsünün məsuliyyətsizliyi qəzaya səbəb oldu – VİDEO

    Sumqayıtda avtobus sürücüsünün məsuliyyətsizliyi qəzaya səbəb olub.

    Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, 7 nömrəli avtobusun sürücüsü sərnişini düşürmək üçün avtobusu yolun ortasında saxlayıb.

    Kənardan gələn minik avtomobili sərnişini görmədiyi üçün onu vurub.

  • Prezident İƏT-in Baş katibini “Dostluq” ordeni ilə təltif etdi

    İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymi “Dostluq” ordeni ilə təltif olunub.

    O, Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.

    Prezident İlham Əliyev aprelin 8-də Bakıda Yusif bin Əhməd əl Osaymini qəbul edərkən “Dostluq” ordenini ona təqdim edib.

  • Ermənistanda əsgər valideynləri Müdafiə Nazirliyini blokadaya alıblar – VİDEO

    Ermənistanda əsgər valideynlərinin etirazları səngimək bilmir.

    Övladlarının taleyindən narahat olan vətəndaşlar onları maraqlandıran suallara cavab almaqdan ötrü müxtəlif üsullara əl atırlar.

    Bu dəfə itkin düşmüş hərbçilərin valideynlərinin hədəfi ölkənin Müdafiə Nazirliyi olub. Belə ki, onlar qurumun yerləşdiyi ərazini mühasirəyə alaraq, nazirliyin giriş və çıxışlarını bağlayıblar.

    Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

  • Azərbaycanda COVID-19-a 2 717 yeni yoluxma qeydə alınıb, 31 nəfər vəfat edib – FOTO

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 2717 yeni yoluxma faktı qeydə alınıb, 1341 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.

  • Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

    Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

    “Report” xəbər verir ki, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

    Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

    Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.

    Qeyd edək ki, bir müddət əvvəl Qax rayonunda 2, 4 və 5 saylı orta məktəblərin koronavirus səbəbindən bağlandığına dair məlumat yayılıb.