Month: April 2021

  • Daha bir ölkədə koronavirusla bağlı karantin sərtləşdirilir

    Monqolustan hökuməti koronavirusa yoluxma hallarının artması səbəbilə karantin məhdudiyyətlərini sərtləşdirmək qərarına gəlib.

    Bu barədə RT məlumat yayıb.

    Hazırda məhdudiyyətlərin konkret olaraq hansı sahələri əhatə edəcəyi bəlli olmasa da, 10-25 aprel tarixlərində tətbiq ediləcəyi qeyd olunur.

  • İki ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə Estoniya Respublikasının Haryumaa və Küveyt dövlətinin Əl Ahmədi inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Estoniyanın Haryumaa və Küveytin Əl Ahmədi inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından və Küveyt dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Bina tikmək üçün ağacları kəsən şirkətlərlə bağlı Baş Prokurorluq hərəkətə keçdi

    Baş Prokurorluq qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi açıb.

    Belə ki, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında çoxmərtəbəli yaşayış binalarının inşası zamanı orada olan ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

    Aparılmış araşdırmalarla, “Olympus” MMC və “N-Turan” MMC–nin vəzifəli şəxslərinin qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yaşayış binalarının tikintisi üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mövcud olan, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə göstəriş vermələri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 27 min manat məbləğində ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Məhərrəm Bədirzadə vəfat etdi

    Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.

    APA-nın məlumatına görə, tanınmış rejissor bu gün 76 yaşında dünyasını dəyişib.

    Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub.

    Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

    M.Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

    Mərhum sənətkar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.

  • Bu rayonda 34 müəllim koronavirusa yoluxub

    Göygöl rayonunda 34 orta məktəb müəllimində koronavirus infeksiyası aşkar olunub. Nəticə etibarı ilə sözügedən müəllimlər tədrisdən kənarlaşdırılıblar.

    Bu barədə bölgə müxbirinə rayon Təhsil Şöbəsinin müdiri Elburus Atayev bildirib. Onun sözlərinə görə, yoluxan pedaqoqlar əsasən yaşı 50-dən yuxarı olan müəllimlərdir.

    “Müəllim heyyəti ilə yanaşı covid-19 infeksiyası bir neçə 11-ci sinif şagirdlərində də aşkar olunub. Düzdür, hazırda 10 və 11-ci sinif şagirdləri distant təhsil alsalar da bəzi şagirdlərdə covid-19 virusu aşkar olunması ilə bağlı faktlar təsdiqlənib.

    Yoluxma hallarına baxmayaraq Göygöl rayonunda əyani tədris prosesi davam etməkdədir. Yerli təhsil şöbəsi virusdan qorunmaq üçün tələb edilən qaydalara əməl olunmasına çalışırıq”, – deyə E.Atayev bildirib.

    Məlumat üçün bildirək ki, Göygöl rayonunda 50 orta tədris müəssisəsi fəaliyyət göstərir.

  • Səhiyyə Nazirliyi bu aptekləri cərimələdi – SİYAHI

    “Zeytun Pharmaceuticals”, “Buta Farm” və “Vita Aptekləri” MMC-yə cərimə yazılıb.

    “Report”un əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi hər üç aptekə İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edib.

    Protokollara Xəzər Rayon Məhkəməsində baxılacaq.

    Bu inzibati xətaya görə, vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

  • Operativ Qərargah AVRO-2020 üçün tribunalara azarkeşin buraxılmasına qərar verdi – RƏSMİ

    Futbol üzrə Avropa çempionatının (AVRO-2020) Bakıda keçiriləcək dörd oyununda tribunalara nə qədər azarkeş buraxılması məsələsinə aydınlıq gəlib.

    UEFA-nın qərarında qeyd olunmuşdu ki, pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcək.

    Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək dörd oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin iştirak edə biləcəyi barədə qərar qəbul olunub.

    Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (Viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə).

    Bakı Olimpiya Stadionunun 69 870 tamaşaçı tutduğunu nəzərə alsaq, təxminən 35 min azarkeşin oyunlar üçün tribunalara buraxılacağını demək olar.

    Məsələ ilə bağlı bütün zəruri məlumatlar artıq UEFA-ya təqdim olunub. Azarkeşlərin AVRO-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlar ilə əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

    Qeyd edək ki, AVRO-2020-nin bu il iyunun 11-dən iyulun 11-dək olan müddətdə keçirilməsi barədə qərar qəbul olunub.

  • Sabahdan güclü külək əsəcək, intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında aprelin 9-dan 10-na keçən gecədən başlayaraq 12-dək şimal-qərb küləyinin əsəcəyi, 15-20, arabir 23-25 m/s, 10-u gün ərzində, 11-i gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 10-u günün ikinci yarısından 12-si gündüzədək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

    Qərb küləyi əsəcək, arabir 18-23 m/s, 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

  • Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir – VİDEO

    2021-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tank heyətləri nəzəri bilikləri mənimsədikdən və təhlükəsizlik qaydalarını öyrəndikdən sonra taktiki, atəş hazırlığı və döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.

  • “Caliber”in növbəti reportajı: Fəthedilməz Şuşa – VİDEO

    Hazırda işğaldan azad olunmuş Şuşa şəhərində olan “Caliber” “YouTube” layihəsinin müəllifləri növbəti reportajı təqdim ediblər.

    Reportaj məhz Şuşaya “İskəndər-M” raketi zərbəsi nəticəsində yaranmış krater yaxınlığında hazırlanıb. Layihə müəllifləri, həmçinin şəhərdə fasiləsiz bərpa işlərinin aparıldığını vurğulayıblar.

    Ətraflı “Caliber”in reportajında: