Month: April 2021

  • Millimizin oyunçusu “Real Madrid”lə yeni müqavilə imzalayır

    Azərbaycan millisinin sabiq basketbolçusu Ceysi Kerroll İspaniya “Real Madrid”i ilə yeni müqavilə imzalayacaq.

    Median.Az “Marca”ya istinadən xəbər verir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub.

    38 yaşlı yarımmüdafiəçi kluba müraciət edərək, daha bir il komandada qalmaq niyyətində olduğunu bildirib. Onun istəyi müsbət qarşılanıb.

    Təcrübəli oyunçunun sözləşməsinin müddəti daha 1 il uzadılacaq. Bu, onun “kral klubu”nda 10-cu mövsümü olacaq.

    Qeyd edək ki, Ceysi Kerroll 2013-cü ildə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin formasını geyinib.

  • Serbiya TAP-a qoşula bilər

    Yunanıstan sonradan Yunanıstan-Bolqarıstan İnterkonnektora (İGB) qoşulacaq Serbiya-Bolqarıstan boru kəmərini dəstəkləyir.

    “Report”un Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu ölkənin xarici işlər naziri Nikos Dendias serbiyalı həmkarı Nikol Selakoviç ilə görüşdə bildirib.

    Onun sözlərinə görə, bu kəmər də öz növbəsində gələcəkdə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulmasına səbəb olacaq.

    Xatırladaq ki, bundan öncə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycan təbii qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin (SGC) növbəti mərhələsində Qərbi Balkanlarda əlavə bazarlara çatmağı ümid edilir. O bildirib ki, Albaniyanın və Qərbi Balkanların digər ölkələrindəki vətəndaşlara qaz çatdırılmasının açılışı olacaq: “İsrail qazı da daxil olmaqla, Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinə ümid edir və səbirsizliklə gözləyirik”.

    Qeyd edək ki, gələcəkdə SGC ilə Balkan bölgəsinə də qaz nəql edilə bilər. Qərbi Balkanlar Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Kosovo kimi ölkələri əhatə edir.

    Məlumat üçün bildirək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

    31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

    TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

    Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

    TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

  • Bakıda külək ağacları aşırdı

    Güclü külək paytaxtın müxtəlif ərazilərində irigövdəli ağacların aşmasına səbəb olub.

    Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, gün ərzində 14 ağacın aşması qeydə alınıb:

    “Bu kimi hallar daha çox Sabunçu, Suraxanı və Nərimanov rayonlarında qeydə alınıb. Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ağac və onun qırıntıları hadisə yerindən götürülüb, fəsadlar aradan qaldırılıb”.

  • Bakıda dələduzluq: Dövlət adından istifadə edib rüşvət tələb etdi

    Hakimiyyət nümayəndəsinin adından istifadə edən şəxsin qanunsuz əməlləri ifşa olunub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Törətdikləri qanunsuz əməllərlə dövlətin nüfuzuna və korrupsiyaya qarşı mübarizə sahəsində görülən kompleks tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

    Belə ki, Quliyev Ziyad Tofiq oğlunun özünü dövlət orqanının rəhbər vəzifəli şəxsi kimi təqdim edərək vəzifəli şəxsdən pul tələb etməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Bununla əlaqədar, Baş İdarə tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ziyad Quliyevin özünü dövlət orqanında şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim edərək Bakı şəhəri ərazisində yerləşən xəstəxanaların birinin baş həkimindən guya həmin tibb müəssisəsinin işçilərinin qanunazidd əməllərindən edilmiş şikayətlərin ictimailəşdirilməməsi adı ilə ümumilikdə tələb etdiyi 7 min manat pul vəsaitinin 2 min manatını almasına əsaslı şübhələr müəyyən olunub.

    05 aprel 2021-ci il tarixdə Ziyad Quliyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, sonuncu həmin xəstəxananın baş həkimindən tələb etdiyi pul vəsaitinin qalan 5 min manatını rüşvət kimi alan zaman cinayət başında yaxalanıb.

    Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi başlanmış, Ziyad Quliyevə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda istintaq davam etdirilir.

  • İşğaldan azad edilən ərazilərdə xammal ehtiyatlarının qiymətləndirilməsi aparılır

    “İşğaldan azad edilən ərazilərimizdə çox ciddi mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlərə başlamışıq”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

    Onun sözlərinə görə, Qarabağ bölgəsi böyük ehtiyatlara malikdir:

    “1993-cü illə kimi bu regionda 167 yataq kəşf edilərək, ehtiyatları hesablanıb və dövlət balansına daxil edilib. 126 qeyri-filiz tikinti və inşaat materialları yatağı, 15 filiz yatağı və 26 yeraltı şirin içməli və termal mineral su yataqları mövcud olub. Bu yataqlarda böyük ehtiyatlar hesablanıb”.

    O qeyd edib ki, artıq yaxın zamanlarda bu yataqlar istismara cəlb ediləcək.

  • Dilqəmlə Şahbazın səhhəti pisləşib

    Ötən ilin dekabrında beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunduqdan sonra altı il girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Bakıya gətirilməsi təmin edilib.

    Modern.az-ın əməkdaşı onlarla əlaqə saxlayıb, sağlıq durumlarının necə olduğunu öyrənib.

    Dilqəm Ələsgərov vəziyyətinin yaxşı olmadığını bildirib:

    “Vəziyyətim heç də ürəkaçan deyil. Ağrıyıram, müalicə lazımdı, amma heç bir yardım olunmur. Bakıya müayinə olunmağa gəlmişəm. Başımda əzilən yerlər və mədəmdə problemlər var”.

    Şahbaz Quliyev isə ayaqlarında ciddi problem olduğu üçün işləyə bilmədiyini bildirib:

    “Ailədə və mənim sağlıq durumumda vəziyyət o qədər də yaxşı deyil. Bəzən yeməyə çörək belə tapmırıq desəm, yalan olmaz. Yoldaşım restoranda qabyuyan işləyirdi. Amma restoran bağlandığı üçün o da işdən çıxıb. İş üçün müraciət etmişəm, amma ayaqlarım yaxşı işləmədiyi üçün işə götürmürlər”.

  • Ağdaş Mərkəzi Xəstəxanasının rəhbərinə cinayət işi açıldı

    “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və kadrlar şöbəsinin vəzifəli şəxsi Sücaət Hacıyeva rüşvət almaqda təqsirləndirilir.

    “Report” xəbər verir ki, hər iki şəxs barəsində cinayət işinin istintaqı başa çatıb.

    Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Bilal Məmmədovun sədrlik etdiyi cinayət kollegiyasının icraatındadır.

    Nuriyev Nuru İbad oğlu və Hacıyeva Sücaət Əvəz qızına Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib.

    Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.

  • Xırdalanda 30 yaşlı qadın itkin düşüb

    Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızı itkin düşüb.

    Bu barədə “Report”a onun bacısı bildirib.

    O əlavə edib ki, hadisə 6 gün əvvəl qeydə alınıb:

    “Cəmilənin itkin düşməsi, öldürülməsi və ya başına hansı hadisənin gəldiyi barədə heç bir məlumatımız yoxdur. Sadəcə həyat yoldaşı 6 gün əvvəl bizə zəng edib deyib ki, səhər yuxudan oyananda Cəmilənin evdə olmadığını görüb. Bundan sonra Cəmilənin axtarışına başlasaq da, hələ ki, onun haqqında heç bir məlumat əldə edə bilməmişik. Onun 10 yaşında bir oğlu da var. Hadisədən öncə həyat yoldaşı ilə arasında münaqişə zamanı Cəmilənin telefonu qırılıb”.

    O deyib ki, C.Əliyevanın əqli-qüsuru olmayıb.

    Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

  • Əsir düşdüyü deyilən İlkinin videosu ilə bağlı açıqlama

    Sosial şəbəkələrdə Vətən müharibəsində əsir düşərək yaralandığı iddia edilən İlkin adlı şəxsin videogörüntüləri yayılıb. Videoda həmin şəxsin müalicəyə ehtiyacının olması bildirilir və onun Şəmkir rayonundan olduğu vurğulanır.

    Sözügedən məsələylə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, həmin şəxs Hüseynov İlkin Məhərrəm oğludur. 1995-ci il təvəllüdlü İ.Hüseynov Şəmkir rayonu Zəyəm qəsəbəsi sakinidir. Vətən müharibəsinə könüllü şəkildə qatılıb, ancaq əsir düşməyib.

    Rayon İcra Hakimiyyətinin nümayəndəsi və qəsəbənin bələdiyyə sədri Süleyman Tağıyev də “Qafqazinfo”ya bildirib ki, İlkin Hüseynov qazi kimi rəsmi olaraq qeydiyyatda deyil. Eyni zamanda müharibə zamanı əsir də düşməyib. S.Tağıyev qeyd edib ki, rayondan müharibə zamanı yalnız bir əsir olub: “O da Dəllərcırdaxan kəndindən idi. Müharibədən sonra həmin əsir geri qaytarılıb. İlkin Hüseynov isə müharibəyə könüllü gedib. Müharibədən qayıtdıqdan sonra da onun ailəsinə dəfələrlə özüm baş çəkmişəm. Hətta Gəncəyə xəstəxanaya da aparmışam. Problemləri ilə daim maraqlanırıq. Hazırda da dövlətin xəttilə Maştağada müalicə alır”.

    İ.Hüseynovun anası Xatirə Hüseynova da saytımıza açıqlamasında bu faktı təsdiqləyib: “Oğlum Maştağada 1 nömrəli Psixiatriya xəstəxanasında iki həftədir müalicə alır. Burada onu yaxşı müalicə edirlər. Bundan əvvəl Şəmkirdə xəstəxanada müalicə olurdu. Müharibədə qorxub, ona görə də psixoloji problemləri yaranıb. Ancaq yaralı qazi deyil və əsirlikdə də olmayıb.

    Əsəb sistemində yaranan pozğunluğa görə komaya düşür. Xəstəxanada olduğu müddətdə dünən bir dəfə komaya düşüb. İlkin müharibə başlayandan cəbhəyə gedib və bitəndən sonra geri qayıdıb. Laçında olub. Oğlumun 26 yaşı var, ailəsindən boşanıb, 1 övladı var. Mənimlə qalır. Mən də işləmirəm, həyat yoldaşımdan ayrılmışam. Maddi imkanımız aşağıdır”.

  • Paşinyan general-mayoru vəzifədən azad etdi

    Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan baş nazir Nikol Paşinyanın müşaviri vəzifəsindən azad edilib.

    Məlumatı “Sputnik Armeniya” yayıb.

    Bildirilib ki, Arşak Karapetyan 2016-cı ilin aprel döyüşlərindən sonra Kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edilib.