Month: April 2021

  • Bakıda iki avtomobil toqquşdu xəsarət alanlar var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Əziz Hüseynov və 1978-ci il təvəllüdlü Elnur Məmmədov xəsarət alıblar.

    Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ə.Hüseynova sol körpücük sümüyünün sınığı, E.Məmmədova isə döş qəfəsinin əziyi diaqnozları qoyulub.

  • Nicat Şıxəlizadə “Böyük Dəbilqə”nin mükafatçısı oldu – FOTO

    Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışında Azərbaycan ilk medalını qazanıb.

    Nicat Şıxəlizadə (-66 kq) üçüncü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bluşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.

    Bu çəkidə digər idmançımız Orxan Səfərov isə bürünc medal görüşdə uduzaraq mükafatsız qalıb.

    Qeyd edək ki, “Böyük Dəbilqə”yə aprelin 3-də yekun vurulacaq.

  • Talassemiya və hemofiliya xəstələri üçün qanvermə aksiyası keçiriləcək

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə növbəti qanvermə aksiyası keçirəcək.

    Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, hər il dünyada və Azərbaycanda minlərlə uşaq bu diaqnozla anadan olur. Anadangəlmə qanın laxtalanma prosesinin pozğunluğu olmaqla, bu xəstəlik yalnız ondan əziyyət çəkən şəxslərin deyil, ümumilikdə dövlətin və cəmiyyətin sosial – iqtisadi problemidir.

    Bu kimi halların qarşısını almaq və müalicəsinin səmərəliliyini artırmaq məqsədilə ölkəmizdə mövcud qanunvericilik təkmilləşdirilir, irsi qan xəstəlikləri üzrə dövlət proqramları qəbul edilir, dərman preparatları ilə ödənişsiz təminat həyata keçirilir.

    Müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri, könüllülər, bir sözlə hər bir vətəndaşımızda bu işə öz töhfəsini verməklə ömürlük bu problemlə mübarizə aparmağa məhkum olmuş soydaşlarımıza və onların ailələrinə dəstək işində yaxından iştirak etməlidir.

    Odur ki, Sizin hər birinizi 12-13 aprel 2021-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankında (Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 65) keçiriləcək növbəti –“Qan verək, həyat bəxş edək” – aksiyasında iştiraka dəvət edirik.

  • Şərab içmək kataraktanın inkişaf riskini azaldır

    London Universitet Kollecinin oftalmoloqları müəyyən ediblər ki, şərab içmək kataraktanın inkişaf riskini 23 faiz azalda bilər.

    Bu barədə “Ophthalmology” jurnalındakı məqalədə deyilir.

    Tədqiqatçılar 490 mindən çox insandan qidalanmaları, alkoqol qəbulu və xəstəlikləri haqqında məlumatlar toplayıblar. Məlum olub ki, az və orta dərəcədə alkoqol istehlakı (həftədə 14 vahid – təxminən 10 bokal şərab və ya altı stəkan pivə) kataraktanın inkişaf riskinin azalması ilə korrelyasiya edib.

    Ən çox əlaqə qırmızı şərabla bağlı olub: onu istehlak edənlərin katarakta müalicəsi ilə əlaqəli əməliyyata ehtiyacları 23 % daha az olub. Pivə və digər alkoqollu içkilərin təsiri daha az olub.

    Hələlik bu təsirin səbəbi məlum deyil. Ancaq iş şərabın tərkibində olan və orqanizmdə qoruyucu rol oynaya biləcək polifenollarda, birləşmələrdə ola bilər.

  • Lələtəpə bizim üçün əsl cəhənnəm oldu – Nazaryan

    Azərbaycanla və Ermənistan silahlı qüvvələri arasındakı hərbi toqquşmalar zamanı Lələtəpə əməliyyatı bizim üçün əsl cəhənnəm oldu.

    Median.Az caliber.az-a istinadən bidirir ki, bunu erməni politoloq Qeqam Nazaryan deyib.

    “Bizim 650 nəfər itkimiz oldu, döyüş meydanında 44 tankımızdan 42-sini itirdik”, – Nazaryan bildirib.

    Qeyd edək ki, Lələtəpə əməliyyatı dedikdə erməni politoloq 2020-ci ilin payızında 44 günlük müharibə zamanı erməni hərbçilərin eyniadlı yüksəkliyi nəzarətə götürmək cəhdini nəzərdə tutur. Erməni ordusuna hücum əmrini respublikanın Baş naziri Nikol Paşinyan verib. Bununla, o Serj Sərkisyanın Ermənistan Respublikasının Prezidenti olduğu 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazini yenidən işğal edə biləcəyinə ümid edirdi.

  • TƏBİB-dən bir doza vaksinin iki nəfərə vurulması iddialarına münasibət

    “Sosial şəbəkələrdə yazılan hər bir fikrə hörmətlə yanaşıram, çünki hər bir insanın öz fikrini bildirmək hüququ var”.

    Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

    40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılırO bildirib ki, vətəndaşların hər hansı neqativ hadisə ilə bağlı konkret şikayəti varsa, bunun üçün mütləq rəsmi şəkildə müraciət etməlidir: “Bunu ümumi şəkildə qeyd etməməlidirlər. O zaman biz hadisəni araşdıra bilmirik. Bu gün səhiyyə sistemində 100 mindən çox insan çalışır. Respublikanın hər rayonunda məntəqələr açmışıq və vaksinasiya prosesi gedir. Əgər hər hansı məntəqədə nöqsanla qarşılaşırlarsa, mütləq onu konkret şəkildə bildirməlidirlər və bu, araşdırılmalıdır. Mənfi hallar xüsusi orqanlar, bu işlə məşğul olan insanlar tərəfindən araşdırılmalıdır”.

    Y. Qarayeva qeyd edib ki, bu gün Azərbaycanda vaksin çatışmazlığı yoxdur: “Ölkəmiz ilk günlərdən vaksinlə bağlı bütün istiqamətlərdə danışıqlar aparır”.

    Departament rəhbərinin sözlərinə görə, bir doza vaksinin bölünərək iki nəfərə vurulması ilə bağlı heç bir rəsmi şikayət almayıblar: “Biz də bunu sosial şəbəkələrdə oxumuşuq. Neqativ hallar daha çox növbələrlə bağlı olur. İnsanların bir yerə kütləvi toplanması ilə bağlı şikayətlər var. Bəzən şəkillər də göndərirlər. Xüsusən havalar soyuq olanda insanları açıq havada gözlədə bilmirdik. Amma çalışırıq ki, məsələyə dərhal reaksiya verək. Hansı rayonda, hansı məntəqədə belə hadisə baş veribsə, dərhal məntəqənin rəhbərləri ilə əlaqə saxlayırıq. Orada vəziyyəti tənzimləməyə, insanlar arasında sosial məsafənin gözlənilməsinə çalışırıq”.

  • Koronavirusa yoluxanlara niyə vaksin vurulmur? – Ən çox verilən sualın cavabı tapıldı

    Koronavirus infeksiyasına qarşı vaksinasiya prosesində anlaşılmazlıq yaranıb.

    Anlaşılmazlıq virusa yoluxub-sağalanlara vaksin vurulmaması ilə bağlıdır. Daha doğrusu, bu kateqoriyadan olan şəxslərə yalnız 1 ildən sonra vaksin vurula biləcəyi deyilir. Vaksinin təsir müddət isə 6 aydır. Bu baxımdan, virusa yoluxub-sağalanlar narahatlıq keçirir.

    Nəzərə alsaq ki, hazırda Azərbaycanda yoluxma halı kəskin artıb və mütəxəssilər növbəti dalğanın olacağı barədə həyəcan təbili çalır, o zaman vətəndaşların narahatlığı anlaşılandır.

    Tibb mütəxəssisləri isə bildirir ki, burada heç bir narahatlığa əsas yoxdur. Məsələ burasındadır ki, yoluxmanın özü təbii vaksin sayılır. “Bu virusa yoluxanlarda antitellər yaranır. Bu da növbəti yoluxma riskini azaldır. Ona görə də, virusa yoluxub-sağalanlara 6 ay, yaxud 1 il ərzində vaksin vurulmasına ehtiyac qalmır. Doğrudur, onlara vaksin vurula da bilər. Ancaq vurulmaması da yanlış addım deyil. Sadəcə, bununla bağlı narahatlıq keçirənlər antitellərini yoxlada bilərlər”, – tibbi ekspertlər bildirir.

    Mütəxəssislərin sözlərinə görə, virusa yoluxub-sağalanların vaksinasiya prosesindən kənarda saxlanılması həm də vaksin çatışmazlığı ilə bağlı ola bilər.

    Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov da HİT.Az-a açıqlamasında virusa yoluxub-sağalanların 1 il ərzində yoluxma riskinin aşağı olduğunu bildirib.

    “Orqanizm virusun toksininə qarşı antitoksin yaradır. Bu, bədəndə 1 il qala bilir. Hələ burada malekul çəkisi az olan antitoksindən söhbət gedir. Baxın, adamlar qızılcaya bir dəfə tutulur. Niyə? Çünki onun antitoksininin molekul çəkisi yüksəkdir və bədəndən çıxmır. Ancaq pnevmaniyada belə deyil, 1 il müddətində qala bilir. Yoluxub-sağalanlara 1 il ərzində vaksin vurulmaması bununla bağlıdır”, – deyə Rəşid Mahmudov əlavə edib.

  • Prezident: “Dünyada peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaradır”

    Koronavirusa qarşı peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaradır.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı söyləyib.

    Pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən, bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışan dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirib. Habelə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğulayıb.

    Azərbaycan Prezidenti dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb.

    ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd edib.

  • Virusdan qorunmaq üçün vaksin mütləqdir – Həkim rəyi

    “Hesab edirəm ki, insanlar virusa yoluxmamaq üçün birinci növbədə vaksinasiya olunmalıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. O, vaksinasiya prosesinin uğurla aparıldığını vurğulayıb:

    “Vaksinasiya prosesi təzə başlayıb. Bununla bağlı birmənalı nəsə demək mümkün deyil. Peyvənd olunan şəxslər karantin qaydalarına ciddi əməl etməlidir. Bu əsas şərtdir. Amma bununla bağlı eyni zamanda maarifləndirmə işləri aparılmalıdır”.

    Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, birinci vaksin vurulandan 28 gün sonra ikinci vaksin vurulur:

    “Ondan sonra müəyyən müddət keçməlidir ki, immunitet tamamiylə formalaşsın. Ümumiyyətlə, insanın immunitetinin tam formalaşması üçün birinci vaksinasiyadan başlayaraq 40-42 gün lazımdır”.

  • Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı

    “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Humanitar və sosial ixtisaslar qrupu üzrə “Ekologiya hüququ”, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə “Elektron kommersiya”, Təbiət ixtisasları qrupu üzrə “Aktuar riyaziyyat, Kompüter elmləri və texnologiyaları” ixtisasları yaradılıb.

    Həmçinin qərarda Texniki və texnoloji ixtisaslar qrupu üzrə “Logistika və nəqliyyat, Kibertəhlükəsizlik, Şəhər infrastrukturunda smart texnologiyalar, Şəhərsalma ixtisası və Dayanıqlı şəhərsalma və region planlaşdırılması” ixtisaslarının yaradılması qeyd edilib.