Month: April 2021

  • “Formula 1”: Türkiyə Qran-prisi yenidən təqvimə salındı

    Koronavirus pandemiyasına görə ardıcıl 2-ci dəfə ləğv olunan Kanada Qran-prisini əvəzləyəcək yarış müəyyənləşib.

    “Report” “Formula 1″in rəsmi saytına istinadən xəbər verir ki, yarışın bu mərhələsi Türkiyədə təşkil olunacaq.

    11 – 13 iyunda nəzərdə tutulan Qran-pri, ötən il olduğu kimi, “İstanbul Park” trasında keçiriləcək.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda olacaq.

  • Neft ABŞ-da hasilatın azalması barədə məlumatlar fonunda bahalaşır

    ABŞ Energetika Nazirliyinin ölkədəki ehtiyatlar və hasilatla bağlı məlumatlarının dərc olunmasından sonra dünyada neft qiymətləri durmadan artır.

    Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1,5% artaraq bir barel üçün 66,86 ABŞ dollarına, iyun fyuçersləri 1,51% artaraq 67,46 dollar/barelə çatıb. WTI markalı neftin iyun fyuçerslərinin dəyəri isə 1,72% artaraq bir barel üçün 64,02 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, bu artımdan bir neçə dəqiqə əvvəl ABŞ Energetika Nazirliyi ölkədə aprelin 23-də bitən həftədə neft hasilatının 0,1 milyon barel azalaraq gündəlik 10,9 milyon barelə düşdüyünü, neft ehtiyatlarının isə gözləniləndən 6 dəfə az – elə 0,1 milyon barel artdığını və 493,1 milyon barelə çatdığını açıqlayıb. Bundan əlavə, distilyat ehtiyatları proqnozun 0,65 milyon azalma olmasına rəğmən, 3,3 milyon azalaraq 139 milyona düşüb.

    Eyni zamanda, investorlar dünən baş tutan OPEC+ iclasının nəticələrini “geri qazanmağa” davam edirlər. İclasın yekununda OPEC+ Nazirlər Monitorinq Komitəsi ittifaqa may və iyul ayları üçün hasilatın məhdudlaşdırılması ilə bağlı razılaşmasının mövcud şərtlərini saxlamağı tövsiyə edib. Bu, tələbat bərpa olunduqca ixtisarların həcmində tədricən azalma olacağını nəzərdə tutur.

  • Azərbaycan İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi açacaq

    Azərbaycan 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir.

    Bu barədə “Report” İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

  • Bakıda 12 yaşlı yeniyetmə yol qəzasında xəsarət aldı

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

    İki avtomobilin toqquşması zamanı sərnişin, 2009-cu il təvəllüdlü Hacıbabazadə Nəcib Tural oğlu xəsarət alıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə danışıb

    Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

    ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir.

    Telefon zənginə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd etmiş, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə bir daha təşəkkür etmişdir. Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulamışdır.

    Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılmışdır. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırmış, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd etmişdir.

    Prezident İlham Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulamış və uzun müddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparmışlar.

    Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulamışlar.

    Entoni Blinken bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd etmişdir.

    Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirmişdir.

    Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd etmişdir ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayir və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır.

  • Koronavirusun müalicəsində YENİ ÜMİD

    “Pfizer” tərəfindən koronovirusa qarşı işlənib-hazırlanan və “PF-07321332” şərti adı ilə təcrübədən keçirilən dərman preparatı bu ilin sonuna kimi satışa buraxa bilər.

    Median.Az xəbər verir ki, sözügedən preparat üzərində işə mart ayında başlanılıb. “Pfizer”-in dünya miqyaslı Tədqiqat, inkişaf və tibb bölümünün rəhbəri Mikael Dolsten bu barədə məlumat verərək qeyd edib: “Biz “PF-07321332″ dərmanını virusa yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsinə və ya reanimasiyada qalmasına ehtiyac olmadan, infeksiyanın ilk əlamətlərində tətbiq oluna bilən potensial oral terapiya şəklində hazırlamışıq”.

    Qeyd edək ki, preparatın bir aya yaxındır ki, davam edən sınaqlarında 18-60 yaş arası könüllülər iştirak ediblər.

    Məlumatda o da bildirilir ki, koronavirusa yoluxan insanlara dərmanın necə təsir göstərdiyini müəyyənləşdirmək üçün əlavə sınaqlara ehtiyac var. Odur ki ilkin sınaqların nəticələri ümidverici olsa belə, preparat ən tez bu ilin sonunda satışa buraxıla bilər. (publika.az)

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə son 24 saat ərzində 283 261 nəfərin COVID-19 testi yoxlanıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 40 444 nəfər təşkil edib.

    341 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 4 212 461 nəfərə çatdığı bildirilib. Onlardan 45 198 nəfəri son sutka ərzində sağalanlardır.

    Hazırda ölkə xəstəxanalarında 3558 nəfər ağır COVID xəstəsi müalicə alır.

  • Tovuzda baş verən bıçaqlanmanın təfərrüatı məlum oldu – YENİLƏNİB

    Tovuzda baş verən bıçaqlanmanın təfərrüatı məlum olub.

    Əldə etdiyimiz məlumata görə, tərəflər arasında domino oyunu zamanı mübahisə baş verib və sonradan qanlı cinayət olub.

    Qeyd edək ki, hadisə çayxanada qeydə alınıb.

    ***

    Tovuzda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

    1977-ci il təvəllüdlü Qasımov Rəhim Şəhriyar oğlu 1977-ci il təvəllüdlü Həsənov Şaban Şirin oğlu ilə mübahisə edib. Bu zaman Həsənov Şaban Qasımov Rəhimə bıçaq xəsarəti yetirib. Rəhim isə Şabanı küt alətlə yaralayıb.

    Hər ikisi xəstəxanaya yerləşdirilib.

    Qasımov Rəhim əməliyyat olunub. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Psaki: “Ağ Evdə Linkolnun ruhu dolaşır” – VİDEO

    Ağ Evin mətbuat katibi Cen Psakinin jurnalistlər üçün keçirdiyi ənənəvi brifinq zamanı cırıltı səsi eşidilib.

    “RİA Novosti” agentliyi xəbər verir ki, hadisə yerli telekanallar tərəfindən yayımlanıb.

    Ətrafa boylanan C.Psaki əvvəl təlaşlansa da, daha sonra özünü ələ alaraq zarafatla qeyd edib ki, bu, ABŞ-ın 16-cı prezidenti Abram Linkolnun Ağ Evdə dolaşan ruhudur.

    “Qorxmayın. İstisna deyil ki, bu, Linkolnun Ağ Evdə dolaşan ruhudur”, – C.Psaki söyləyib.

  • Abşeronda 25 yaşlı gənc qız yol qəzasında ağır xəsarət aldı

    Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1996-cı il təvəllüdlü Muxtarova Gülnarə Rövşən qızı müxtəlif xəsarətlər alıb.

    Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.