Month: May 2021

  • Bu il ölkədə su problemi gözlənilirmi?

    Ötən il Azərbaycanda yay mövsümündə quraqlıq müşahidə edilib. 2020-ci ildə Azərbaycanın su təminatının əsasını təşkil edən Kür çayında suyun səviyyəsi azalıb. Bu isə ölkədə su probleminin yaşanmasına səbəb olub. Ölkədə həm içməli su ilə bağlı, həm də suvarma ilə bağlı problemlər yaşanıb. Hətta, Neftçalada və bəzi ərazilərdə su problemi pik həddə idi. Bəs bu il Azərbaycanda yay mövsümündə quraqlıq olacaqmı və su problemi gözlənilirmi?

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev “Report”a Kür çayında suyun səviyyəsi, Kürdə müşahidə edilən problemlərlə bağlı danışıb.

    Bu il Kür çayında suyun səviyyəsində ötən illə müqayisədə artım var

    O deyib ki, son zamanlar yağan yağışlar nəticəsində əksər çaylarda sululuğun artımı müşahidə olunub, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli daşqın olub: “Mayın 5-də Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində suyun səviyyəsi 54 sm, Zəyəmçay-Ağbaşlarda 6 sm, Gəncəçay-Zurnabadda 10 sm, Şəmkirçay-Qalakənddə 21 sm, Gorançay-Yuxarı Ağcakənddə 34 sm, Axıncaçay-Ağdamda 13 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində 2 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb”.

    A.Verdiyev deyib ki, ötən il ölkə ərazisində qar ehtiyatı az olub, lakin bu il dağlıq ərazilərdə bu ehtiyatlar artıb: “Bununla əlaqədar, hazırda Kür çayının yuxarı axınında-Ağstafa rayonun ərazisində çayda sululuq ötən illə müqayisədə 22 % çoxdur.

    O əlavə edib ki, son illər müşahidə edilən iqlim dəyişikliyi çaylarda sululuğun azalmasına səbəb olub: “Kür başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Buna görə də Kür çayından qonşu ölkələrdə istifadə edilməsi çaya təsirini göstərir: “ 2010-cu ildə Kürdə subasma olmuşdu və həmin il Kür çayının ən çox sululuq dövrü idi. Lakin son illər Kürün sululuğunda azalma müşahidə edilir. Yəni, ümumi tendensiya azalmalara doğru gedir”.

    Kürün aşağı axınında sululuğun artımı proqnozlaşdırılır

    A.Verdiyev Kür çayında duzluluq məsələsinə toxunub: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kürün Xəzər dənizinə yaxın olan hissələrində beş monitorinq mərkəzi fəaliyyət göstərir. Son monitorinqlərin nəticələrinə əsasən Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar hazırda çayda duzluluq nomadan azdır. Son 3 gün ərzində Surra məntəqəsində suyun səviyyəsi 5 sm, Şirvan məntəqəsində isə 14 sm artım müşahidə edilib. Ötən gün yağan yağışlar nəticəsində Kür çayına tökülən çaylarda sululuğun artması ilə əlaqədar yaxın günlər ərzində Kürün aşağı axınında sululuğun artımı proqnozlaşdırılır”.

    Ölkədə su təminatının yaxşılaşdırılması nəzərdə tutulur

    “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Qulu Kərimov isə “Report”a bildirib ki, qlobal istiləşmə ilə əlaqədar olaraq dünyada orta illik temperaturun 1,5 dərəcə artması nəticəsində dünyada olduğu kimi Azərbaycanda da su qıtlığı yaşanıb: “Bizim su ehtiyatlarımızın 70 % -i Kür, Araz, Samur çayı vasitəsilə ölkə xaricində formalaşır, qalan 30 %-i isə ölkə ərazisində”.

    Q.Kərimov bildirib ki, ötən il Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə sərəncam imzalayıb və ölkənin Baş nazirinin müavinin sədrliyi ilə komissiya yaradılıb: “Komissiyaya tapşırılıb ki, su ehtiyatlarının səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatında idarəetmənin təkmilləşdirilməsi, bu sahədə aidiyyatı qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Tədbirlər Planı hazırlansın. Aidiyyatı qurumların iştirakı ilə qısa müddətdə bu sahədə tədbirlər görülüb və yenə görülməsi planlaşdırılır. Qısa müddətdə araşdırılma aparılaraq ölkədə prioritet hesab edilən sahələrdən 22 ədəd su təsərrüfatı obyektinin siyahısı hazırlanıb və ilk növbədə bunların təmir edilməsi nəzərdə tutulub.

    Həmçinin, əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə iki istiqamətdə həm investisiya xərcləri hesabına, eyni zamanda, dövlət büdcəsindən ASC-yə ayrılmış istismar xərcləri hesabına işlər görülür. İnvestisiya xərcləri hesabına Şəmkirçay Təsərrüfatlararası Paylayıcı kanalların tikintisi nəzərdə tutulub . Həmçinin, Ağsuda, Qazaxda, Ağstafada, Yevlaxda əkin sahələrinin yaxşılaşdırılması, şəbəkələrin yenidən qurulması məqsədilə 15 min 180 hektar torpaq sahəsinin suvarılma suyu ilə təmin edilməsi və meliorativ vəziyyətin yaxşılaşdırılması üçün 141 km kollektor drenaj və 55 km suvarma şəbəkəsinin tikintisi nəzərdə tutulur. Eyni zamanda, 3 600 hektarın su təminatının yaxşılaşdırılması üçün ölkədə 200 ədəd subartezian quyuların qazılması nəzərdə tutulub. Bundan başqa, sel və daşqın təhlükəli çaylarda sahil bərkitmə işlərinin aparılması, növbəti illərdə investisiya proqramında 16 obyektin layihə sənədinin hazırlanması nəzərdə tutulur”.

    O əlavə edib ki, cari ildə su anbarlarında yığılan suyun həcmi ötən illə müqayisədə 2 mlrd kubmetr çoxdur: “Ümid edirik ki, keçən ilə nisbətən bu il əkin sahələrinin suvarılması daha mütəşəkkil həyata keçiriləcək”.

    Q.Kərimovun sözlərinə görə, bu il təqribən 1 milyon 400 min hektar əkin sahələrinin suvarılması nəzərdə tutulub: “514 min hektar sahədə dənli bitkilər əkilib, birinci suvarma başa çatdırılıb, ikinci suvarma da davam etdirilir. Bundan əlavə, yüz min hektar sahədə pambıq əkinin aparılması nəzərdə tutulub. Bu sahədə də əkindən əvvəl torpaqda nəmlik yaradılması məqsədilə arat suvarılması aparılır. Hal-hazırda təqribən 65 min hektar sahədə arat suvarılması aparılıb”.

  • Bakıda piyada zolağında yeni işıqlandırılma sistemləri quraşdırılıb

    Bakı şəhərində piyada təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Məlumatda deyilir ki, bu çərçivədə Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində asfalt örtüyü üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib: “Bu cür işıqlandırılma sistemləri sürücülər və piyadaların daha diqqətli olmaları ilə yanaşı, həm də piyadaların piyada keçidindən istifadəsini təşviq edir. Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də işıqlandırılma sistemlərinin tətbiq edilməsi istiqamətində işlər aparılır”.

  • Yaponiya şirkəti azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradacaq

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb.

    Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

    Müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur.

    Layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılacaq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri, bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və s. kimi məsələlər əhatə ediləcəkdir.

    Qeyd edək ki, 1960-cı ildə təsis olunmuş TEPSCO şirkəti dünyanın 90-dan çox ölkəsində layihələr həyata keçirib və “yaşıl enerji” sahəsində beynəlxalq təcrübəyə malikdir. Şirkət tərəfindən Yaponiya, Vyetnam, Malayziya, İndoneziya, Braziliya və Tailandda “ağıllı şəhər” layihələri çərçivəsində “yaşıl həllər” təklif edilib.

    Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycan Respublikasının enerji sektorunun sahəvi təhlili və digərlərini qeyd etmək olar.

    Xatırladaq ki, 3 may 2021-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

  • “Vətən Müharibəsi Qəhrəman”larının adları küçələrə, meydanlara veriləcək

    “Vətən Müharibəsi Qəhrəman”larının adları küçələrə, meydanlara veriləcək

    Azərbaycan Respublikasının “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanununa dəyişiklik edilir.

    Dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

  • PSJ-nin prezidenti Neymara görə “Barselona”ya müraciət etdi

    PSJ-nin prezidenti Neymara görə “Barselona”ya müraciət etdi

    Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi klubun futbolçusu Neymara görə İspaniya “Barselona”sına müraciət edib.

    “Report” “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, funksioner Kataloniya təmsilçisindən 28 yaşlı hücumçunu narahat etməməsini xahiş edib.

    Onun fikrincə, “Barselona”nın braziliyalı oyunçu ilə apardığı danışıqlar Paris klubunun “sambaçı” ilə müqaviləni uzatmaq istəyinə mane olur.

    Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan keçib. Təcrübəli hücumçunun hazırkı klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

  • Son 12 ildə 162 308 nəfər Azərbaycan vətəndaşlığı alıb

    “Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-2020-ci illər ərzində (1 oktyabr 2020-ci ilədək) 1 830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub”.

    Bunu Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov deyib.

    Onun sözlərinə görə, bu müddət ərzində 162 308 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

  • Antonio Konte “İnter”dən ayrıla bilər

    Antono Konte İtaliyanın “İnter” komandasının baş məşqçisi postundan ayrıla bilər.

    “Report” “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis qarşıdakı mövsümdən əvvəl klub rəhbərliyindən zəmanət tələb edir.

    İtaliyalı baş məşqçi yeni sponsorların axtarışı ətrafında hökm sürən fövqəladə vəziyyətdə klub rəhbərliyinin planlarının və gələcək strategiyasının nədən ibarət olduğunu bilmək istəyir.

    Qeyd edək ki, “İnter” A Seriyasında sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komanda 2010-cu ildən sonra ilk dəfə ölkə çempionu olub.

  • Türkiyə Ermənistanla sərhəddə antiterror əməliyyatı keçirir

    Türkiyə Ermənistanla sərhəddə antiterror əməliyyatı keçirir

    Türkiyə Daxili İşlər Nazirliyi “Eren-14” Ağrı Dağı-Çemçe Madur antiterror əməliyyatına başlayıb.

    “Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

    Bildirilib ki, antiterror əməliyyatında 2 065 şəxsi heyət iştirak edir. Əməliyyatın hədəfi terrorçu PKK qruplaşmasını Türkiyə gündəliyindən tamamilə çıxarmaq, həmçinin bölgədə terrorçuları və sığınacaq yerlərini zərərsizləşdirməkdir.

    Bu tədbir Ağrı, İğdır, Qars və Ərdahan bögələrində və Ərzurum Jandarm Bölgə Komandanlığının başçılığı ilə keçirilir.

  • Tarixdə ilk dəfə: Transgender olimpiadaya vəsiqə qazandı

    Yeni zelandiyalı transgender ağırlıqqaldıran Lorel Habbard Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

    “Report”un “Inside the Games”a istinadən məlumatına görə, 43 yaşlı idmançı Beynəlxalq Olimpiya Komitəsinin reytinq sıralaması nəticəsində olimpiadada iştirak hüququ qazanıb.

    Hazırda Habbard qadınların yarışında 87 kq-dan yuxarı çəki dərəcəsində 16-cı sıradadır. Lakin idmançıdan daha çox xala malik ən azı 6 idmançı cəza səbəbindən Tokioyaya gedə bilməyəcək.

    Habbard Yay Olimpiya Oyunlarında ən yaşlı ağırlıqqaldıran olacaq. Onun ən yaxşı nəticəsi iki hərəkətin cəmində 285 kq-dır. Bu isə ağırlıqqaldıranın “Tokio-2020″yə qatılmasını təmin edir. Rəqiblərindən yalnız 3-ü Habbarddan daha yaxşı nəticə göstərib.

    Qeyd edək ki, Lorel Habbardın 10 il əvvəl adı Gevin olub. Beynəlxalq uğurları az olsa da, o, ölkəsinin aparıcı kişi ağırlıqqaldıranlarından hesab edilib. Habbard 35 yaşında karyerasını başa vuraraq, yerli federasiyada işləməyə başlayıb. Ardınca isə təcrübəli idmançı cinsiyyətini dəyişdirməyə qərar verib. Bundan sonra o, 2017-ci il dünya çempionatında gümüş medal qazanıb. Habbard IOC-un gen terapiyası ilə bağlı tələblərini yerinə yetirərək, tarixdə ilk dəfə transgender kimi olimpiadaya vəsiqə əldə edib.

  • “Qərbi Azəri” platformasındakı planlaşdırılmış profilaktik işlər başa çatıb

    “Qərbi Azəri” platformasında bu il aprel ayının 22-də başlanmış 15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb.

    Bu barədə “Report”a platformanın operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

    Bildirilir ki, proqramda nəzərdə tutulmuş bütün işlər – inspeksiya və layihə işləri vaxtından əvvəl – mayın 4-də uğurla tamamlanıb və platformadan hasilat başlanıb.

    Məlumatda deyilir ki, hazırda hasilatın tədricən normal səviyyəyə çatdırılması plan üzrə davam edir.

    Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının tammiqyaslı işlənməsinin bir hissəsi olan “Qərbi Azəri” platformasında neft hasilatı 30 dekabr 2005-ci il tarixində başlayıb. “Qərbi Azəri” platformasında hasil olunan neft 3 yanvar 2006-ci il tarixində sualtı boru kəməri vasitəsilə sahilə nəql olunaraq Səngəçal terminalına çatıb və bu, Faza 2 çərçivəsində ixrac əməliyyatlarının başlanması ilə əlamətdar olub.

    “Qərbi Azəri” platforması Bakıdan şərqə doğru 100 km məsafədə, təxminən 118 metr dərinliyə malik sularda yerləşir.

    “Qərbi Azəri” qurğuları 48 qazma şaxtasına malik Yaşayış Bloklu Hasilat və Qazma (YBHQ) platformasından və qurudakı Səngəçal terminalına birləşən 30 neft boru kəmərindən ibarətdir.

    “Qərbi Azəri” platformasından hasil olunan səmt qazı lay təzyiqini saxlamaq məqsədilə laya vurulması üçün və yaxud yanacaq kimi istifadə edilməsi üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə nəql olunaraq “Mərkəzi Azəri” yatağındakı Kompressiya və Suvurma Platformasına (KSP) göndərilir. Artıq qaz həcmləri mövcud sualtı qaz boru kəməri vasitəsilə Səngəçal terminalına ixrac ediləcək və oradan isə ölkə daxilində istifadə edilməsi üçün yeni qaz ixrac boru kəməri vasitəsilə “Azəriqaz”ın sisteminə ötürülür.

    Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

    AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.