Month: May 2021

  • “Bavariya” daha bir futbolçu ilə vidalaşır – RƏSMİ

    Almaniya “Bavariya”sı cari mövsümün sonunda daha bir futbolçu ilə yollarını ayıracaq.

    David Alaba və Jerom Boatenqdən sonra Xavi Martines də Münhen təmsilçisini tərk edəcək.

    İspaniyalı yarımmüdafiəçinin iyunda başa çatacaq müqaviləsi yenilənməyəcək.

    Qeyd edək ki, 32 yaşlı oyunçu 2012-ci ildən “Bavariya”da çıxış edirdi.

  • İranda daşqınlar nəticəsində 10 nəfər ölüb

    İranda güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində ən azı 10 nəfər ölüb.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın “ILNA” agentliyi Qızıl Aypara Cəmiyyəti Xilasetmə Təşkilatının rəhbəri Mehdi Vəlipur məlumat verib.

    “Daşqın İranın İsfahan, Yəzd, Cənubi Xorasan, Rəzavi Xorasan, Kirman, Semnan, Tehran, Sistan və Bəlucistan vilayətlərini əhatə edib. Yəzd, Kirman və Cənubi Xorasan vilayətlərində aparılmış axtarış-xilasetmə əməliyyatları zamanı itkin düşmüş hesab edilən 10 nəfərin cəsədi tapılıb” – o deyib.

    Vəlipurun qeyd etdiyi kimi, 48 evin sakinlərini təxliyə etmək lazım gəlib, təxminən 100 nəfər xilas edilib: “Altı şəhər və 47 kənd zərər görüb. 78 xilasetmə qrupu, xüsusi avtonəqliyyat və helikopterlər yardım göstərilməsində iştirak edir”.

    Hökumət zərər görmüş bölgələrin sakinlərinə humanitar yardım göstərir.

  • XİN: Ermənistanın Şuşada aparılan təmir işləri ilə bağlı iddiaları əsassızdır

    “Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu ərazilərin bərpa və quruculuq prosesinə başlayıb. Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur”.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına cavabında bildirilib.

    Qeyd olunub ki, Şuşa şəhərində həyata keçirilən geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir: “Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Eyni zamanda onu da vurğulamaq istərdik ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır.

    Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, qonşu dövlətin ərazilərini onilliklər ərazində qanunsuz hərbi işğal altında saxlayan Ermənistandan fərqli olaraq, torpaqlarını azad edən Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir; onların yenidən qurulması və qorunmasına dövlət səviyyəsində əhəmiyyət verilir.

    Ermənistana gəldikdə isə, bu ölkənin Azərbaycanın ərazilərində törətdiyi vəhşiliklər göz qabağındadır. Ermənistan bu ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edib və ya dəyişdirib, o cümlədən muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib, yüzlərlə mədəniyyət müəssisəsi, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 8 mədəniyyət və istirahət parkı, habelə Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

    Bütün bu vəhşiliklərə, beynəlxalq öhdəliklərin pozuntusuna səbəb olan bir ölkənin Azərbaycan tərəfindən öz ərazisində aparılan bərpa-quruculuq işləri ilə bağlı hər hansı şərh verməyə mənəvi, ya da hər hansı hüquqi əsası yoxdur. Bu gün Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin, törətdiyi vandallıqların ağır nəticələrini aradan qaldırır, odur ki, belə olan halda Ermənistan XİN-in əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı”.

  • Gürcüstan və Azərbaycan arasında birgə rəqəmsal gömrük platforması yaradılır

    “Asiya İnkişaf Bankının dəstəyi ilə Gürcüstan və Azərbaycan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir”.

    Bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı üzrə keçirilən yüksək səviyyəli onlayn görüşdə bildirib.

    Nazirin sözlərinə görə, bu layihə önəmli olmaqla yanaşı, həm də innovativ ideyadır: “Bu layihə yalnız infrastrukturun inşasını nəzərdə tutmur. Layihə çərçivəsində iki ölkənin informasiya sistemlərini birləşdirən rəqəmsal platforma yaradılacaq. Biz əminik ki, bu, sərhəddən keçid prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və həmçinin CAREC dəhlizi üçün yaxşı model olacaq”.

  • Azərbaycan-İran sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib

    Azərbaycan-İran dövlət sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib.

    Azər­baycan Preziden­tinin köməkçisi – Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Dövlət Sər­həd Xid­mətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev mayın 3-4-də işğaldan azad olunan ərazilərdə səfərdə olublar.

    Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliy­yə­tinin təşkili, döv­lət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəl­dil­məsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilib, zəruri tapşı­rıq və tövsiyələr verilib.

  • “Pandora” təbii almazdan imtina edir

    Dünyanın ən böyük zərgərlik məmulatları istehsalçısı, Danimarkanın “Pandora” şirkəti artıq təbii almazlardan yox, yalnız laboratoriya şəraitində yetişdirilən almazlardan istifadə edəcək.

    Şirkət bunu mayın 4-də süni daşlardan hazırlanmış yeni “Pandora Brilliance” zərgərlik kolleksiyasını təqdim edərkən elan edib.

    “Pandora”nın rəhbəri Aleksandr Laçikin sözlərinə görə, bu cür brilyantlar yalnız yenilik və tərəqqinin deyil, həm də davamlı gözəlliyin simvoludur.

    “BBC” telekanalına verdiyi müsahibədə şirkətin zərgərlik məmulatlarında təbii almazdan imtina etməsi qərarını şərh edən A.Laçik, bunun zərərli tullantıların azaldılması və ətraf mühitin qorunması baxımından doğru addım olduğunu qeyd edib.

    O deyib ki, süni almazlar ucuzdur – şirkət almazları, eynilə təbiətin yaratdığı kimi, lakin tamamilə fərqli bir qiymətə yarada bilər. A.Laçik bildirib ki, süni almazın qiyməti yerin altından çıxarılan təbii almazın qiymətinin üçdə birini təşkil edir.

  • “Formula 1”: Bottas “Mercedes”dən ayrıla bilər

    “Formula 1”: Bottas “Mercedes”dən ayrıla bilər

    “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Mercedes” komandası pilotu Valtteri Bottas ilə yollarını ayıra bilər.

    “Report” “Daily Mail”ə istinadən xəbər verir ki, mövsümün sonunda finlandiyalı sürücünü “Uilyams”dan Corc Rassellin əvəzləmək ehtimalı var.

    Bottasın Almaniya təmsilçisindəki komanda yoldaşı Lüis Hemiltonla rəqabət apara bilmədiyi vurğulanıb.

    Qeyd edək ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi 4 – 6 iyunda olacaq.

  • Azərbaycan XİN Meksikaya başsağlığı verib

    Azərbaycanın Xarici İşlər Nazirliyi Mexikoda metro körpüsünün uçması hadisəsi ilə əlaqədar Meksikaya başsağlığı verib.

    Bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

    Başsağlığı mətnində deyilir:

    “Baş verən hadisə bizi çox kədərləndirdi. Faciəvi qəzada həlak olanların ailələrinə, eləcə də Meksika hökumətinə və xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.

    Qeyd edək ki, hadisə nəticəsində 23 nəfər dünyasını dəyişib.

  • Türkiyə qapanma rejimini sərtləşdirəcək

    Türkiyə rəsmiləri koronavirusla əlaqədar vəziyyətə görə mövcud qapanma rejimini sərtləşdirməyə qərar veriblər.

    “Report” ölkənin Daxili İşlər Nazirliyinin saytındakı məlumata əsasən xəbər verir ki, yeni qapanma tədbirləri mayın 7-də qüvvəyə minəcək.

    Pandemiyanın başlanğıcından bəri Türkiyədə 4,9 milyondan çox insan COVID-19-a yoluxub, 41 min xəstə ölüb.

    “Mayın 7-dən etibarən mağazalarda, o cümlədən supermarket şəbəkələrində yalnız əsas qida məhsullarının, gigiyena məhsullarının, ev heyvanları üçün qidaların və kosmetik vasitələrin (ətriyyat və makiyaj məhsulları istisna olmaqla) satılmasına icazə verilir”, – Daxili İşlər Nazirliyi bildirib.

    Məhdudiyyətlərə spirtli içki satışı ilə yanaşı, elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ təchizatı satışı əlavə olunur.

    Türkiyə sakinləri aprelin 29-dan mayın 17-dək zəruri alış-veriş və təcili tibbi yardım istisna olmaqla evdən çıxa bilməzlər. Şəhərlər arasında səyahətlər üçün rəsmi icazə tələb olunur, məktəblilər onlayn rejimdə təhsil alırlar, ictimai nəqliyyatda isə sərt məhdudiyyətlər tətbiq edilib.

    Xatırladaq ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbula uçuşları müvəqqəti dayandırıb. Bakı-Ankara-Bakı aviareysləri 29 aprel-13 may, Bakı-İstanbul-Bakı aviareysləri isə 29 aprel-16 may tarixlərində həyata keçirilməyəcək.

  • Azərbaycanda bu universitetdə 3 prorektor, 4 dekan vəzifəsi boşdur

    M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakant vəzifələrə müsabiqə elan edib.

    Ali məktəbdən bildirilib ki, təhsil müəssisəsində aşağıda qeyd olunan vəzifələr vakantdır:

    I. Administrativ vəzifələr:

    – Tədris işləri üzrə prorektor

    – Elmi işlər üzrə prorektor

    – Tərbiyə işləri üzrə prorektor

    – Kimya fakültəsinin dekanı

    – Psixologiya fakültəsinin dekanı

    – Riyaziyyat fakültəsinin dekanı

    – Filologiya fakültəsinin dekanı

    – Fizika fakültəsinin dekanı

    Vakant vəzifələri tutmaq istəyənlər üçün tələblər:

    – Müasir standartlara uyğun tədris prosesini idarəetmə bacarığı;

    – Elmi dərəcə və elmi ad;

    – 5 ildən az olmayaraq ali məktəb sistemində iş təcrübəsi;

    – Rus dili bilgisi (sərbəst), digər xarici dil bilməsinə üstünlük verilir;

    – “Microsoft Office” kompüter proqramlarında peşəkar işləmə bacarığı;

    II. Digər vəzifələr:

    – Xarici dil və xarici ölkələrin ədəbiyyatı kafedrasının müdiri

    – Azərbaycan dili müəllimi

    – İngilis dili müəllimi

    – İngilis dili üzrə mütəxəssis

    Vakant vəzifələri tutmaq istəyənlər üçün tələblər:

    – Tədris prosesində müasir tədris metodlarından, informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığı;

    – Müvafiq ixtisas üzrə ali təhsil və ali məktəb sistemində iş təcrübəsi;

    – İngilis dilində akademik yazı bacarığı.

    Əməkhaqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Xarici ölkələrdə təhsil alanlara üstünlük verilir.

    Müsabiqədə iştirak etmək istəyən şəxslər müraciət etdiyi vakansiyanın adını yazmaqla CV-lərini (CV-lər Azərbaycan və ya rus dillərində olmalı, şəxsi və professional məlumatı əks etdirməlidir) 31 may 2021-ci il tarixinədək hr@msu.az email ünvanına göndərə bilərlər.

    Əlavə məlumat üçün əlaqə telefonu: 012-598-93-28 (həftənin I – V günləri saat 10.00-dan 14.00-dək).