Month: May 2021

  • Azərbaycan – Portuqaliya oyununun stadionu açıqlandı

    Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Portuqaliya yığmasını qəbul edəcəyi stadion müəyyənləşib.

    Median.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

    Sentyabrın 7-də keçiriləcək matç saat 20:00-da başlayacaq.

  • AVRO-2020: Komandaların heyətlərindəki futbolçu sayı artdı

    Avropa çempionatında hər bir milli komandanın heyətində yer alacaq futbolçuların sayı artırılıb.

    Bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

    Qərara əsasən, 24 iştirakçı ölkə yığmalarınının hər biri AVRO-2020-yə 23 yox, 26 oyunçu sifariş edəcək. Bununla belə, hər oyunun iştirak ərizəsində 23 futbolçu yer alacaq. Onlardan 3-ü qapıçı olmalıdır.

    Yekun siyahı iyunun 1-dək təqdim olunmalıdır. Ciddi zədə və ya xəstəlik olduqda, həkimdən arayış gətirməklə, ilk oyunadək iştirakçı siyahısında dəyişiklik etmək olar.

    Yeni qaydalara əsasən, oyundan əvvəl qapıçıda fiziki çatışmazlıq olduqda onu sifariş ərizəsində olmayan qolkiperlə əvəzləmək olar. Bu dəyişiklik ehtiyatdakı əlavə iki qapıçıdan asılı olmayaraq gerçəkləşəcək.

    Ədalətli mübarizəni təmin etməkdən ötrü dəyişilmiş oyunçunu yenidən siyahıya salınmasına icazə verilməyəcək.

    Qeyd edək ki, İtaliya yığması AVRO-2020-nin A qrupunda Türkiyə, İsveçrə və Uelslə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldılıb. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), “Sevilya” (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

    Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

  • Putin və Makron Qarabağla bağlı konkret təşəbbüslə çıxış edəcəklər

    “Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”.

    Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib.

    O, aprelin 26-da E.Makron ilə V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladıb.

    Diplomatın sözlərinə görə, Fransa prezidenti hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb.

    “Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, – o deyib.

    Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

  • Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlər dini mərkəzlər tərəfindən həyata keçiriləcək

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

    Layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir.

    Bu barədə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

    Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

  • Sabahdan müəllimlərin yerdəyişməsinə başlanılır

    Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start veriləcək.

    Nazirlikdən verilən məlumata görə, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

    Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

    Qeyd edək ki, müsabiqə zamanı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

  • İsmayıllı və Hacıqabul sakinlərindən silah götürüldü

    İsmayıllı və Hacıqabul rayon sakinlərində silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çəmənli kənd sakini T.Haşımovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

    Bundan başqa, Hacıqabul RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şorbaçı kənd sakini S.Cəfərovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

  • Deputat: “Sosial şəbəkələr haqqında” qanun qəbul etməliyik”

    “Təəssüf edirəm ki, ölkəmizdə mədəniyyətsiz, savadsız bir qrup var. Onların ağzını bağlamaq üçün “Sosial şəbəkələr haqqında” qanun layihəsini hazırlamalı və qəbul etməliyik”.

    Bunu Milli Məclis deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

    Onun sözlərinə görə, cəmiyyətə həmin şəxslərin yaşadığı ölkələrlə danışıqların aparılması ilə bağlı məlumat verilməlidir: “İkinci bir qrup isə ölkə daxilindədir. Klaviatura arxasında oturub hər şeyi demək olar. Həmin şəxslər ölkədə bir qrup insanı təsir altına alıblar. O insanlar həbs edilməldir”.

  • Sumqayıtda intihara cəhdin qarşısı alındı

    Sumqayıt şəhərində intihara cəhd olub.

    Bu barədə Median.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib

    Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  • ABŞ-da ştat qubernatoru COVID-19 peyvəndinə görə pulsuz pivə təklif edir

    ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Merfi bildirib ki, ştatın koronavirusdan peyvənd olunan hər bir sakini pulsuz pivə qədəhi ala biləcək.

    Bu barədə o özünün tvitterdəki səhifəsindəki mətbuat konfransının gedişatında bildirib.

    “Nyu-Cersinin may ərzində vaksinin birinci dozasını alan və bunu təsdiq edən sənədi gətirən hər bir sakini pulsuz pivə alacaq”, – Merfi bildirib.

    Yerli qanunvericiliyə görə, aksiyada ancaq yaşı 21-dən çox olan vətəndaşlar iştirak edə biləcəklər. Ştat hökuməti peyvənd olunacaq vətəndaşların sayını növbəti ayın sonuna kimi 4,7 milyon nəfərə çatdırmağı planlaşdırır. Bu günə kimi Nyu-Cersinin 3,2 milyon nəfərdən çox sakini peyvənd olunublar.

  • Ermənistanın hərbi cinayətləri Meksika mətbuatında

    Meksikanın nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Məmməd Talıbovun “Sülhə gedən yol dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçir” başlıqlı məqaləsi dərc edilib.

    Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, Ermənistan səfirinin Azərbaycanın guya erməni hərbi əsirlərini qaytarmaqdan imtina etdiyi haqda yazısına cavab olaraq hazırlanmış məqalədə ilk olaraq, qondarma qurumun Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı beynəlxalq qaydada tanınmış Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejim olduğu, o cümlədən təmsil etdiyi ölkə tərəfindən tanınmamış qondarma rejim haqda danışaraq Meksika auditoriyasını yanıltmağa çalışdığı bildirilir.

    Azərbaycanın 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli üçtərəfli bəyanatların tələblərinə tam olaraq əməl etdiyi, erməni tərəfinin iddialarının əksinə olaraq “hamının hamıya” prinsipi əsasında bütün hərbi əsirləri qarşı tərəflə dəyişərək, 69 nəfər erməni hərbi əsirini qaytardığı və 15 nəfər azərbaycanlı hərbçini geri aldığı məlumat verilir. Hazırda Azərbaycan tərəfində saxlanılan şəxslərin hərbi əməliyyatların başa çatması və 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistanın Şirak vilayətindən Azərbaycan ərazisinə keçərək 4 nəfər hərbçi və 1 mülki vətəndaşımızın ölümü ilə nəticələnən terror aktları törətmiş şəxslər olduğu və onların Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildikləri bildirilir.

    Bununla yanaşı, 1991-94-cü illərdə Ermənistanın işğal zamanı mülki insanlarımıza qarşı xüsusi amansızlıq nümayiş etdirdiyi, əsir götürdüyü 4 min nəfər mülki vətəndaşımızın taleyinin bu günədək naməlum olduğu və Xocalıda törətdiyi soyqırımının onilliklərlə davam edən erməni təcavüzü ərzində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş amansız qətliamlardan biri olduğu qeyd edilir. Bildirilir ki, erməni vəhşiliyinin ən yeni sübutlarından biri də Kəlbəcər rayonunun Başlıbel kəndində qətlə yetirilmiş 12 nəfər soydaşımızın qalıqlarının aşkarlanmasıdır.

    Ermənistanın 30 ildir evlərinə qayıda bilməyən 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün bu gün də geri dönüşünə ciddi maneələr yaratdığı, işğaldan azad edilmiş ərazilərimizdə bu müddət ərzində bütün yaşayış infrastrukturunu məhv etdiyi və burada kütləvi minalama apardığı, bu minaların partlaması səbəbindən 10 noyabr bəyanatından bu günədək aralarında mülkü şəxslər də olmaqla, 20 nəfər vətəndaşımızın həlak olduğu, 85 nəfərin isə ağır yaralandığı və Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi söylənilir. Qeyd edilir ki, hazırda bütün dünya azad olunmuş ərazilərimizdəki erməni vandalizminə, şəhər və qəsəbələrimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığına və ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyinə şahid olmaqdadır.

    Sonda sülhə gedən yolun dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçdiyi, bu səbəbdən Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli, öz xalqını barışığa hazırlamalı və əməkdaşlıq ruhunda yaşamağı öyrənməli olduğu bildirilir.