Month: May 2021

  • Bakı-Sumqayıt qatarlarının sayı artırılacaq

    Mayın 31-dən Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən sürət qatarlarının sayı artırılacaq.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

    Məlumatda deyilir ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətinə 6605, 6607, 6609, 6611 nömrəli, Sumqayıt-Pirşağı-Bakı istiqamətinə isə 6602, 6614, 6616, 6618 və 6626 nömrəli qatarlar əlavə edilib.

  • Ombudsman Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atmasına etiraz olaraq bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “Rəsmi məlumatlara əsasən, 2021-ci il mayın 27-də saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş terror-təxribat fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

    Təcavüzkar və sülhə təhdid olan siyasətindən hələ də əl çəkmək istəməyən Ermənistanın həmin kəşfiyyat-diversiya dəstəsinin üzvləri Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən müvafiq əməliyyat tədbirləri nəticəsində aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıb.

    Daha sonra səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilmişdir. Lakin Azərbaycan Ordusu tərəfindən görülən müvafiq tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınmışdır.

    Ermənistan tərəfindən artıq bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçərək minalama və digər diversiya cəhdləri beynəlxalq hüquqa əsasən terror-təxribat əməli kimi qiymətləndirilir.

    Ermənistanın vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində basdırdığı minaların xəritələrinin verilməsindən imtina etməsi ilə bağlı tərəfimdən dəfələrlə beynəlxalq təşkilatlara narahatlığımızı bildirməyimizə baxmayaraq, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri beynəlxalq hüquq və humanitar hüququn norma və prinsiplərinin yenidən kobud şəkildə pozulmasıdır. Bu fakt Azərbaycan hərbçilərinin və mülki şəxslərin həyatı üçün ciddi təhlükə yaratmaqla bir daha Ermənistanın insan hüquqlarına qarşı açıq hörmətsizliyini nümayiş etdirir.

    Qeyd etmək istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu və digər ərazilərində Ermənistan ordusu tərəfindən işğal dövründə basdırılmış minalar hələ də insanların həyat və sağlamlığına ciddi təhlükə olaraq qalmaqdadır. Belə ki, həmin ərazilərdə pərakəndə şəkildə yüz minlərlə mina basdırılıb və cavabdeh ölkə olan Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi regionda vəziyyəti gərginləşdirir, sülhün və birgəyaşayışın təmin olunması prosesinə ciddi zərbə vurur, hərbçilərin və mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnir.

    Buna görə də Ermənistanın hazırkı siyasi və hərbi rəhbərliyinin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini dərk etməsi və insan hüquqlarına hörmətlə yanaşması üçün beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin görülməsi olduqca vacibdir.

    Təəssüflər olsun ki, Ermənistanın bu və ya digər hüquq pozuntuları ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırılmasına baxmayaraq, çoxsaylı müharibə, sülh və insanlıq əleyhinə cinayətləri və terror əməlləri törətməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozan təcavüzkar Ermənistan dövlətinə qarşı beynəlxalq səviyyədə hər hansı bir formada təsirli tədbirlərin görülməsi hallarına rast gəlmirik.

    Bütün bunları nəzərə alaraq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini Ermənistanın növbəti hərbi təxribatlara yol verməməsi, sülhü təhdid edən cəhdlərindən çəkinməsi, minalanmış ərazilərin xəritəsini mümkün olan qısa müddət ərzində verməsi, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın bütün şərtlərinə dönmədən əməl etməsi üçün təsirli tədbirlərin görülməsini təmin etməyə çağırırıq”.

    Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

  • Bakıdan Naxçıvana avtobus reysləri bərpa ediləsi oldu

    “Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir”.

    Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

    “Tezliklə muxtar respublikaya səfərlər bərpa ediləcək”, – deyə o qeyd edib.

    Xatırladaq ki, N.Allahyarova bir qədər əvvəl keçirdiyi mətbuat konfrasında Bakıdan Naxçıvana avtobusla sərnişin daşımalarının bərpa edilməsinin hələ ki, nəzərdə tutulmadığını bildirib.

  • Avropa Liqasında həftənin futbolçusu bəlli oldu

    UEFA Avropa Liqasında final oyunundan sonra həftənin futbolçusu açıqlanıb.

    Bu ada İspaniyanın “Vilyarreal” klubunun yarımmüdafiəçisi Etyen Kapu layiq görülüb.

    Fransalı oyunçunun İngiltərənin “Mançester Yunayted” komandası ilə həlledici matçda ötürmə dəqiqliyi 81 faiz təşkil edib.

    Qeyd edək ki, Polşanın Qdansk şəhərində təşkil olunmuş qarşılaşmanın əsas vaxtı heç-heçə ilə yekunlaşıb – 1:1. Penaltilər seriyasında “Vilyarreal” “Mançester Yunayted”ə 11:10 hesabı ilə qalib gəlib.

  • Peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 903 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9482 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 106 889, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 226 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 880 688 təşkil edir.

  • “Azərişıq” 3 milyon manatlıq avtomexanizm alır

    “Azərişıq” ASC müxtəlif növ ağır avtomexanizimlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    Tenderin qalibi “Original Motors” MMC-dir.

    Qalib şirkətə 2,952 milyon manat ödəniləcək.

  • DİN vətəndaşlara müraciət etdi – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

    DİN-in Mətbuat xidmətindən “Report”a daxil olan müraciətdə deyilir:

    “Əziz həmvətənlər!

    Xəbər verildiyi kimi, 2021-ci il 31 may və 10 iyun tarixlərdən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlərin bir qisminin aradan qaldırılması barədə qərar qəbul edilib.

    Bununla belə, mövcud yumşalma tədbirləri arxayınlıq hissi yaratmamalı, daha məsuliyyətli olmalı, koronavirus infeksiyasının doğurduğu təhlükə bir an belə unudulmamalıdır. Hər zaman özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalı, böyük və gərgin fəaliyyət nəticəsində yoluxmaların dinamikasında əldə edilmiş müsbət təmayül möhkəmləndirilməli və inkişaf etdirilməlidir.

    İyun ayı ərzində Bakı şəhərində keçiriləcək iki beynəlxalq idman tədbirinin azarkeşləri də xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.

    Xatırladırıq ki, qapalı məkanlarda, o cümlədən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə etmək, açıq havada istirahət zamanı, çimərliklərdə olarkən sosial məsafə saxlamaq, ümumən karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etmək mütləq və vacibdir. Bütün qabaqlayıcı tədbirlər sağlamlığınızın qorunmasına xidmət edir. Biz amansız virusa yalnız birlikdə, qaydalara riayət etməklə qalib gələ bilərik”.

  • İdman zalları işlədənlər pandemiyanın zərərlərindən danışdı: Yeniliklər olacaq

    Ötən ildən ölkədə pandemiyanın yayılması nəticəsində idman zallarının fəaliyyəti dayandırıldı. Bu ilin iyun ayının 10-dan isə yenidən idman zallarını açılması nəzərdə tutulub.

    “Report” pandemiyanın idman zalları sahiblərinin maddi vəziyyətinə necə təsir etdiyi, eyni zamanda zalların açılmasından sonra onların fəaliyyətinin necə tənzimlənəcəyi ilə maraqlanıb.

    Bodibildinq və Fitnes Federasiyasının prezidenti, “İronman” və “Power GYM” idman zallarının rəhbəri Rəşid Xudaverdiyev “Report”a açıqlamasında pandemiyanın onların fəaliyyətinə vurduğu zərərlərdən danışıb:

    “Pandemiyanın yayıldığı ilk dövrlərdə bu müddətin az çəkəcəyini və yaranan çətinliklərin öhdəsindən gələ biləcəyini düşünürdük. Amma elə oldu ki, bizə həm mənəvi, həm də maddi cəhətdən böyük ziyan dəydi. Şəxsən tanıdığım idmançılardan depressiyaya düşənlər belə oldu. İdman sahəsi belədir ki, bir həftə məşq etməmək idmançını xeyli geri salır.

    Zalların 99 %-i icarəyə götürülmüş yerlərdir. Mən iki obyektdə idman zalına rəhbərlik edirəm. Həmin obyektlərdən birinin sahibi mənə dedi ki, ya icarə haqqını ödə, ya da obyektdən çıx. Çünki həmin obyekti fəaliyyətinə qadağa qoyulmayan sahələr üçün icarəyə verə bilərdi. Mən də o zaldan çıxıb başqa bir obyekt icarə elədim. İdman zalı işlədənlərin çoxu obyektin icarə haqqını ya öz ciblərindən ödədilər, ya obyekt sahiblərinə böyük məbləğdə aylıq borcları yarandı, ya da zalın fəaliyyətini dayandırdılar. Biz fəaliyyətə başlasaq bir neçə ay işləməliyik ki, ilk öncə obyekt sahiblərinə olan borcumuzu ödəyək. Çox acınacaqlı bir vəziyyət yaranıb. Digər tərəfdən gözətçinin də maaşını öz cibimizdən verməyə məcburuq”.

    R.Xudaverdiyev qeyd edib ki, zalların açılması üçün sahibkarların götürdüyü kreditlərin də ödənilməsində çətinliklər yaşanıb:

    “Azərbaycanda fəaliyyət göstərən idman zallarının əksəriyyəti banklardan alınan kreditlər hesabına açılıb. Banklar tərəfindən pandemiya vaxtı bizlərə heç bir köməklik olmadı. Bütün bunları nəzərə alaraq idman zalları sahiblərinin iqtisadi vəziyyətinin pis olduğunu deyə bilərik. Həm bir çox idmançıların, həm də idman sahəsində fəaliyyət göstərən sahibkarların maddi vəziyyətləri pisləşib”.

    İdman zalı sahibinin fikrinə görə zallar açılandan sonra ora gələnlərdən COVID-19 pasportunun tələb olunması da onların fəaliyyətinə mənfi təsir göstərə bilər:

    “İdman zalları açılandan sonra ora gələnlərdən COVID-19 pasportunun olması tələb olunacaq. Amma müştərilərin hamısının peyvənd olunub-olunmayacağı bəlli deyil. Pandemiyanın ilk dövrlərində bizə hər 100 kvadrat metrdə dörd idmançı və bir məşqçinin olması şərtilə fəalliyyət göstərməyə icazə verilirdi. İndi də bu şəraiti yaratmaq asandır. Amma iki dəfə peyvənd olunma prosesi bir qədər vaxt aparacaq. Odur ki, zala gələnlərdən COVID-19 pasportu tələb etmək çətin olacaq. Mənim müştərilərimdən ən çox halda 5 %-ndə COVID-19 pasportu ola bilər. Belə olan halda deməli zala az adam gələcək. Bu zaman xərcləri qarşılamaq çətin olacaq. Həmin az sayda insandan nə qədər aylıq almalıyam ki, heç olmasa minimum xərcləri qarşılayım?”

    “Underground” idman zalının rəhbəri Orxan Qurbanov da vəziyyətin çətin olduğunu bildirib:

    “Bir ildən çoxdur ki, idman zalları bağlıdır. Başqa yerdən isə gəlirimiz yoxdur. Vəziyyət çox çətindir. Bizə dövlət dəstəyi olaraq adambaşına 140 manat ödənildi. Amma bir il üçün bu elə də böyük məbləğ deyil. Bu müddət ərzində zalın xərclərini qarşılamaq bizə çətin oldu. İcarədar öz tanışımız olduğu üçün obyektin icarə haqqında mənə güzəştə getdi. Amma bilirəm ki, bir neçə zal icarə haqqına görə öz fəaliyyətini tamamilə dayandırdı”.

    O.Qurbanov bildirib ki, ona məxsus zalın açılmasından sonra qiymət dəyişikliyinin edilməsi hələlik gözlənilmir:

    “Yəqin ki, idman zalları açılandan sonra qiymətlərimiz əvvəlki kimi qalacaq. Yalnız müəyyən güzəşt və ya kampaniyalarımız ola bilər. Məsələn, müştərilərə iki aylıq ödənişi edib bir aylıq bonus qazanmaq kimi kampaniyalar təklif edə bilərik. Bizdə həmişə kampaniyalar olub. Amma yenidən müştəri yığılmasında bir qədər çətinliklər olacaq”.

    “Hələ ki, zalların necə fəaliyyət göstərəcəyi ilə bağlı bizə konkret göstərişlər verilməyib. Bircə bilirik ki, zala gələnlərdən COVID-19 pasportu tələb olunmalıdır. Bu isə işimizə mənfi təsir göstərəcək. Çünki hər kəs peyvənd olunmayıb. Bəzi insanlar isə ümumiyyətlə peyvənd olunmaq istəmirlər”, – deyə O.Qurbanov əlavə edib.

    “Vitr Fitnes” idman zalının rəhbəri Vüqar Namazov üzləşdikləri zərərlərdən danışıb:

    “Ölkədəki digər sahələr kimi bizim də fəaliyyətimizə böyük zərbə dəyib. İdmançılar illərlə əziyyət çəkib müəyyən formaya düşmüşdülər. İndi o formanı qaytarmaq üçün vaxt lazım olacaq.

    Maddi cəhətdən də pandemiyanın bizə təsirləri böyük olub. Obyektimiz bir ildən çoxdur ki, işləmir. Obyektdəki su, elektrik və havalandırma sistemlərində xarab olmalar var. Bu sistemlər işləməyəndə xarab olur bəzən. Sabahdan onların bərpası ilə məşğul olacağıq”.

    Pandemiya ilə əlaqədar zalın fəaliyyətinin hansı qaydalar əsasında təşkilinə gəlincə V.Namazov aşağıdakılar qeyd edib:

    “Yalnız COVID-19 pasportu olanları zala buraxacağıq. Resepşnda oturan əməkdaşlarımız TƏBİB-in səhifəsindən zala gələnlərin COVID-19 pasportu ilə bağlı qeydiyyatdan keçib-keçmədiklərini yoxlayacaq. Digər qaydalarla bağlı hələ ki, bizə xüsusi göstərişlər verilməyib. Zalların açılmasından sonra qiymətlərimizin dəyişilməsi gözlənilmir. Gələcəkdə işimizə təsir edən hər hansı hallar olarsa, qiymətlərlə də bağlı yenidən düşünə bilərik”.

  • MN: Onların məqsədi qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olub

    “Ermənistan tərəfi mayın 27-i saat 03.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb. Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər”.

    Bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

    “Sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?

    Hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir. Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər. Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olmuşdur. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun”, – A.Eyvazov bildirib.

  • Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək

    Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək.

    Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

    “Sərnişinlər yalnız avtovağzal stansiyalarına daxil olduqda onların hərarətləri yoxlanılacaq. Hər hansı sərnişində narahatlıq yaranarsa və yaxud hərarəti yüksək olarsa, o, avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcək”, – deyə o, qeyd edib.”Artıq BBAK-da və 56 regional avtovağzalda sərnişindaşıma ilə bağlı hazırlıq işlərinə start verilib. Avtovağzalın ərazisi, avtobuslar, bilet kassaları, sərnişin gözləmə zalları dezinfeksiya olunur”, – deyə DANX rəsmisi əlavə edib.