Month: May 2021

  • Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfə artıb

    Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 134,8 milyon manat ipoteka krediti verilib.

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

    Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə təxminən 6,1 dəfə artaraq 85,3 milyon manat olub.

    Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 10% artıraraq 55 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,1 dəfə azalaraq 35,6 milyon manat düşüb.

  • Diaspor Komitəsinin sədri dünya azərbaycanlılarını təbrik edib

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 28 may – Respublika Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

    Təbrikdə deyilir:

    “Əziz dünya azərbaycanlıları!

    Sizi xalqımızın milli bayramı – Respublika Günü münasibətilə təbrik edir və hər birinizə ən xoş arzularımı bildirirəm.

    Cənab Ali Baş Komandanın rəhbəriyi ilə əldə edilmş tarixi Qələbəmiz builki 28 may – Respublika Gününə xüsusi sevinc bəxş edir.

    Türk və islam dünyasına nümunə olan, 103 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, ilk parlamentli demokratik respublika və dünyəvi dövlət nümunəsi kimi, xalqımızın tolerant, beynəlxalq hüquq normalarına dəyər verən ali xarakterinin göstəricisidir. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 28 may tarixi soydaşlarımızın yaşadığı bütün ölkələrdə qeyd edilir.

    Bu gün Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikası möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın dinamik inkişaf edən, qalib dövlətidir.

    Bir daha Sizləri 28 may – Respublika Günü münasibətilə təbrik edir, doğma Vətənimizin maraqlarının qorunması, xalqımızın zəngin milli-mədəni irsinin təbliği yolunda uğurlar arzu edirəm.

    Yaşasın müstəqil, qüdrətli Azərbaycan Respublikası”.

  • Türkiyəli gimnast: “Yenidən Bakıda olduğum üçün xoşbəxtəm”

    “Bütün finallara çıxacağıma inanıram. Amma əsas ümidim fərdi proqramla bağlıdır”.

    Bu fikirləri Türkiyə gimnastı Ayşe Begüm Onbaşı Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatındakı çıxışı barədə danışarkən deyib.

    Gənclər arasında dünya və Avropa çempionu rəqabətdən çəkinmədiyini bildirib: “Yenidən Bakıda olduğum və bu yarışda çıxış etdiyim üçün xoşbəxtəm”.

    Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan Dünya çempionatı mayın 24-də başa çatacaq.

  • Azərbaycanlılar ABŞ-ın üç şəhərində aksiya keçirib

    Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının və Yuta–Azərbaycan İcmasının üzvü Kamran Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə ABŞ-ın 3 şəhərində 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr edilən məlumatlandırıcı aksiya keçirilib.

    Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, aksiya zamanı xalqımızın tarixində önəmli yer tutan bu hadisə barədə məlumatları əks etdirən Led ekranlı yük maşınlarının hərəkəti Nyu-York ştatının Manhettan şəhərində, Kaliforniya ştatının Los-Anceles şəhərində və Corciya ştatının Atlanta şəhərində təmin edilib.

    Led ekranlarda “28 may – Azərbaycanın Respublika Günü” və “Şərqdə ilk demokratik respublika” sözləri yazılıb, Heydər Əliyev Mərkəzinin Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılması, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam şəhərlərindəki tarixi memarlıq və dini abidələrin, Xudafərin körpüsünün, hər güşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri əks olunub.

    Nyu-Yorkdakı hərəkət marşrutuna Brodvey, Uoll Strit, Vaşinqton Meydan Parkı, 5-ci Avenyu, Çambers Strit, Mərkəzi Park, BMT-nin inzibati binası və digər məşhur mərkəzi kuçələr daxil edilib. Los-Anceles şəhərində Rodeo Drayv, Sanset Bulvarı, Mulholland Drayv, Hollivud Bulvarı, Melrouz Prospekti, Atlanta şəhərində Yüzilliyin Oıimpiya Parkı, Piyemont-park, Vətəndaş və İnsan Haqları Mərkəzi, Ponse-Siti Marketi, Vest Piçtri Strit Şimal-Qərb, Piçtri Memorial Drayv Şimal-Qərb, Piçtri Roud kimi mərkəzi küçələr əhatə edilib.

  • Ermənistanda qubernator hökumətə etiraz olaraq istefa verib

    Ermənistanın Kotayk vilayətinin qubernatoru Mesrop Mesropyan hökumətin kadr siyasəti ilə razılaşmadığına görə istefa verib.

    O, bunu mayın 27-də ölkənin Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.

    M.Mesropyan qeyd edib ki, mayın 10-da istefa ərizəsi yazıb, hökumət onun mrüaciətini qəbul edib. O, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanın vilayətdə kadr məsələlərinə müdaxilə etdiyini də vurğulayıb.

    M.Mesropyan ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla münasibətlərinin şəxs deyil, yalnız işgüzar olduğunu bildirib.

    Artıq Kotaykın qubernatoru vəzifəsinə yeni təyinat olub. Vilayətinin Qarni kəndinin başçısı Aqaron Saakyan qubernator təyin edilib.

    Qeyd edək ki, M.Mesropyan Ermənistanda energetika sahəsində, o cümlədən “Qazprom Armeniya”da işləyib. 2019-2020-ci illərdə İctimai Xidmətin Tənzimlənməsi üzrə Komissyanın üzvü olub, 2020-ci ilin noyabrından Kotaykın qubernatoru işləyib.

  • Estoniyada prezident və baş nazir postlarını birləşdirməyi təklif edilir

    Estoniya prezident və baş nazir funksiyalarını bir vəzifə altında birləşdirə bilər.

    Bu təklifi hakim sağçı-liberal İslahatlar Partiyasının fəxri sədri Siim Kallas irəli sürüb.

    “Ölkəmiz kiçikdir, bir qara avtomobil az olar. Belə olsa, əlbəttə ki, hökumət başçısını-prezidenti birbaşa seçmək olardı. Sadə və aydın”, – S.Kallas “Eesti Päevaleht” qəzetindəki məqaləsində yazıb.

    S.Kallas qeyd edib ki, hazırda Estoniya prezidentinin seçilməsi proseduru çox mürəkkəbdir. Seçilmək üçün parlamentin 68 və ya Seçki Kollegiyasının 105 üzvünün namizədin lehinə səs verməsi lazımdır.

  • FIFA reytinqi: Millimizin mövqeyi dəyişmədi

    FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

    Azərbaycan millisi 1168.53 xalla hazırda 110-cu sırada qərarlaşıb.

    Ötən ayla müqayisədə komandanın mövqeyində dəyişiklik olmayıb.

    Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1166.12 xalla 5-ci, Serbiya 1512.90 xalla 25-ci, İrlandiya 1427.22 xalla 47-ci, Lüksemburq isə 1244.86 xalla 96-cı yerdədir.

    Türkiyə millisi isə 29-cu sıradakı mövqeyini qoruyub.

    Reytinqin ilk 3 pilləsində Belçika (1783.38), Fransa (1757.30) və Braziliya (1742.65) yer alıb.

  • Deputat: “Şuşa Dövlət Mədəniyyət və İncəsənət Universiteti təsis edilməlidir”

    “Şuşa şəhərində Şuşa Dövlət Mədəniyyət və İncəsənət Universiteti təsis edilməlidir. Orada təhsil alan şəxslərin mədəniyyətimizə töhvə verməsi daha doğru olar”.

    Bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

    Onun sözlərinə görə, Şuşanın ən görkəmli yerində hərbiçlərimizin xatirə kompleksi də yaradılmalıdır:

    “Bizim xalqımız əlbəttə ki, Azərbaycanın qəhrəman şəhidlərinin, qazilərinin xatirəsini hər zaman qəlbində saxlayacaq”.

  • Bakı Zooloji parkında işlər yekunlaşır

    “Bakı Zooloji parkında tamamlanma işləri qarşıdakı aylarda yekunlaşacaq”.

    Bunu “Report”a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

    O bildirib ki, parkın heyvanları hazırda Qaradağ rayonunda karantindədir:

    “Zooparkda işlər yekunlaşmaq üzrə olsa da, heyvanların köçürülməsi ilə bağlı sərəncam yoxdur. Köçürülmə prosesi tədricən olacaq. Biz hazırda heyvanlara yem tədarükünü toplamaqla məşğuluq”.

    Azər Hüseynov bildirib ki, zooparkın açılacağı tarix bilinən kimi ictimaiyyətə bu barədə məlumat veriləcək.

  • Oğuzda elektrik yarımstansiyasında yanğın olub

    Oğuz rayonunda “Azərişıq” ASC-nin elektrik yarımstansiyasında yanğın olub.

    Yanğın rayonun Calut kəndi ərazisində yerləşən gücü 35 kV-luq olan paylayıcı qurğuda baş verib.

    Hadisə yerinə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı 30 kvadratmetr olan vaqon tipli paylayıcı qurğunun daxilindəki elektrik sarğıları, əlaqə açarları, cərəyan transformatorları və ayrıcı şinlər yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.