Month: June 2021

  • В Азербайджане за минувшие сутки выявлены 123 новых случая инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 123 новых случая инфицирования коронавирусом, 406 человек вылечились и были выписаны домой.

    Об этом 4 июня сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще четыре пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 334 539 человек, 4 933 – скончались, 326 269 – вылечились, 3 337 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведены 3 551 620 тестов на COVID-19 (за последние 24 часа – 9 585).

  • Azərbaycanda bir gündə dörd nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 334 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 269 nəfər müalicə olunaraq sağalıb, 4 933 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 3 337 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 585, bu günə qədər isə ümumilikdə 3 551 620 test icra olunub

  • AQTA həyəcan təbili çaldı: “Enerji içkiləri ölüm riski yaradır”

    Enerji içkilərinin insan orqanizminə mənfi təsirləri aparılmış elmi araşdırmalar nəticəsində sübut edilib.

    Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov danışıb.

    O bildirib ki, son vaxtlar xüsusilə də yay aylarında enerji içkisi adı ilə istehlak edilən məhsulların sayı artıb:

    “Təkcə ölkəmizdə deyil, dünyanın bir sıra dövlətlərində də bu məhsulların istehlakı artıb. Bununla əlaqədar məhsulun nə qədər təhlükəsiz olması barədə suallar yaranıb. Enerji içkilərinin insan orqanizminə mənfi təsirləri mövcuddur. Bu ölüm halları ilə müşahidə olunur. Sırf bu cəhətdən dünyada olduğu kimi Azərbaycan enerji içkiləri sahəsində tənzimləmə tədbirlərinin həyata keçirilməsinə zərurət yarandı”.

    Aparat rəhbəri qeyd edib ki, tənzimləmə tədbirləri olmadıqca istehsalçılar enerji içkilərinin içərisinə stimullaşdırıcı kompanentləri istədikləri qədər yerləşdirə bilirdilər, bu isə istehlakçılar üçün risk yaradırdı: “Bu birbaşa insan həyatı üçün ölüm riski yaradır”.

    Elxan Mikayılov əlavə edib ki, enerji içkiləri tərkibində mərkəzi sinir sisteminə stimullaşdırıcı və yuxuqovucu maddələrin də olduğu içki növüdür.

  • AZƏRTAC şəhid jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanladı

    Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar üzvü olduğu beynəlxalq media təşkilatlarına – Dünya Xəbər Agentlikləri Konqresinin (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinin (UNA), Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Ərəb Ölkələri Xəbər Agentlikləri Təşkilatının (FANİA), bu təşkilatlara üzv olan agentliklərin və digər beynəlxalq media qurumlarının rəhbərlərinə müraciət edib.

    Müraciətdə deyilir:

    “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların xəritəsinin verilməsi barədə təkidli tələblərinə baxmayaraq, Ermənistan bundan israrla boyun qaçırır, müraciətlərə məhəl qoymur. Üstəlik, Azərbaycan ərazilərinə soxulan erməni diversant qrupları yaşayış məntəqələrinə və keçid yollarına yeni minalar basdırırlar. İnsanlıqla bir araya sığışmayan bu məkrli hərəkətlər nəticəsində mülki insanlar həlak olur, yaralanır. Növbəti faciəvi hadisə iyunun 4-də baş verib. Bu dəfə erməni təxribatının qurbanı jurnalistlər olublar.

    Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər. İçərisində jurnalistlərin olduğu nəqliyyat vasitəsinin yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov, həmçinin onları müşayiət edən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Ağır yaralanan 4 nəfər xəstəxanaya yerləşdirilib.

    AZƏRTAC dünya mediasının, beynəlxalq və regional jurnalist təşkilatlarının rəhbərlərini Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməyə, etiraz səslərini ucaltmağa çağırır. Bu, dinc insanların həyatına qəsd olmaqla yanaşı, azad sözə, jurnalistlərin fəaliyyətinə qarşı yönəlmiş açıq-aşkar terror aktıdır. Ümid edirik ki, dünya mediası və beynəlxalq jurnalist təşkilatları buna biganə qalmayacaqlar”.

    Müraciətdə diqqətə çatdırılır ki, son günlərdə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya dəstələri Ermənistan-Azərbaycan dövlət sərhədində, o cümlədən Kəlbəcər rayonu istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstərirlər. İlkin ehtimala görə, jurnalistlər həmin diversantlar tərəfindən basdırılmış minaya düşüblər. Baş verənlər Ermənistan tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdlərinin faciəvi nəticəsinə daha bir sübutdur. Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub.

    “Sizi bir daha Ermənistanın beynəlxalq hüququn normalarına zidd əməllərini, öz xidməti vəzifəsini yerinə yetirən media işçilərinin, həmçinin digər mülki şəxslərin erməni terrorunun qurbanı olmasını pisləməyə, jurnalist həmrəyliyi nümayiş etdirməyə çağırırıq”, – deyə müraciətdə vurğulanır.

  • “Zirə” hücumçusu ilə müqaviləni uzatdı

    “Zirə” klubu futbolçusu Ağabala Ramazanovla yeni müqavilə imzalayıb.

    “Report”un “qartallar”ın rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı hücumçu ilə anlaşmanın müddəti 1 ildir.

    Qeyd edək ki, Ramazanov “Zirə”də 2020-ci ilin yanvarından forma geyinir.

  • Ermənilər Ağdam Cümə məscidini bir neçə dəfə yandırıb

    “İşğal dövründə Ağdam Cümə məscidi Ermənistan ordusunun əsgərləri tərəfindən bilavasitə keşikçi-müşahidə məntəqəsi kimi isfadə edilib. Ona görə də onlar bu məscidi dağıtmayıblar”.

    “Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu fikiləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərə açıqlamasında deyib.

    “Ancaq çox təəssüflər olsun ki, məscidin içərisində heyvanlar saxlanılıb. Bundan əlavə, məscidin bir neçə dəfə yandırılması faktları ilə bağlı istinadlar da var. Məscidin minarələri zədəlidir. Artıq biz buradayıq və sizlərlə birlikdə həmin abidənin bərpası, yenidən qurulmasını müzakirə edirik”, – Xidmət rəisi bildirib.

  • Gürcüstanda bəzi silahların gəzdirilməsinə icazə verilir

    Gürcüstanın “Silah haqqında” Qanununa düzəlişlər layihəsi hazırlanıb.

    Silah dövriyyəsinin məhdudlaşdırılmasını nəzərdə tutan layihə ölkə parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində müzakirə olunub.

    Qanuna qazla işləyən və səsli (akustik) silahın daşınması qaydalarını tənzimləyən yeni maddə əlavə edilib.

    Maddəyə əsasən, qazlı silah müdafiə üçün nəzərdə tutulduğundan onu daşımağa icazə veriləcək, lakin açıq şəkildə gəzdirilməsi və ictimaiyyət qarşısında nümayişi qadağan olacaq.

    Akustik silaha gəlincə, ondan istifadə konkret məqsədlər üçün – teatr, film və televiziya tamaşalarının nümayişləri, tarixi rekonstruksiyalar, parad və idman tədbirlərində icazəli olacaq. Fiziki şəxsə bu cür silahı daşımaq qanunla qadağan ediləcək.

    Sənəd baxılması üçün qanunverici orqanın Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinə təqdim olunub.

    Qeyd edək ki, qonşu ölkədə bu vaxta qədər yalnız publik hüquqi şəxslərə qazla işləyən silah gəzdirməyə icazə verilirdi.

  • Qeydiyyatda olmayan xəstələrə “COVID-19 pasportu” verilməyəcək – RƏSMİ

    “Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə “COVID-19 pasportu” ala bilməzlər”.

    Bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə deyib.

    “COVID-19 pasportu” yalnız son 6 ayda virusa yoluxmuş və PCR testi ilə təsdiqlənmiş, “COVID-19 sertifikatı” isə peyvənd vurduran şəxslərə verilir”, – o bildirib.

  • Serbiya Müdafiə Nazirliyinin anbarında partlayış olub

    Serbiyanın Çaçka şəhərində Müdafiə Nazirliyinə məxsus “Sloboda” müəssisəsinin anbarında partlayış və yanğın olub.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Aleksandar Vulin bildirib.

    Nazirin sözlərinə görə, hadisə iyunun 4-də səhər saatlarında baş verib. O qeyd edib ki, şəhər əhalisinin böyük bir qisminin təxliyəsi məsələsi nəzərdən keçirilir.

    Hadisə baş verən zaman müəssisədə fəhlə olmayıb. Yanğın baş verən əraziyə 45 yanğınsöndürən cəlb edilib.

  • SOCAR və “Qazprom” rəhbərləri qaz sektorunda əməkdaşlığı müzakirə ediblər

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprom” neft-qaz şirkətinin rəhbəri Aleksey Millerlə görüşüb.

    “Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ikitərəfli görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXIV Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

    Məlumata görə, SOCAR prezidenti “Qazprom” rəhbəri ilə qaz sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etdilər.

    Müzakirənin mahiyyəti açıqlanmır. Ancaq mümkündür ki, söhbət Rusiya qazının Azərbaycana tədarükü ilə bağlıdır.

    Xatırladaq ki, Azərbaycan “Şahdəniz” yatağı işə salındıqdan sonra Rusiyadan qaz idxalını dayandırıb. Lakin tədarük 2017-ci ilin noyabrında yenidən bərpa edilib.

    Bundan əlavə bildirilib ki, SOCAR 2021-ci ilin mart-aprel aylarında Şimali Qafqaz – Zaqafqaziya qaz kəmərində planlaşdırılmış profilaktik təmir zamanı Ermənistana qaz tədarükünü davam etdirmək üçün Rusiya qazının Gürcüstana nəqlini təmin edib.