Month: June 2021

  • Sabahın hava proqnozu: Yağış yağacaq, dolu düşəcək

    Azərbaycanda iyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

    İyunun 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-22, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 5-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Üç qurum Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı birgə məlumat yaydı

    İşğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir.

    Bununla bağlı Medianın İnkişafı Agentliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının birgə məlumat yayıb.

    İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

    Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik!

  • DİN Şirvan polisinin rəhbərliyini cəzalandırılması məsələsinə aydınlıq gətirdi – YENİLƏNİB

    Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyinin cəzalandırılması məsələsinə münasibət bildirib.

    Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şirvan Şəhər Polis Şöbəsində xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə bir əməkdaş daxili işlər orqanından xaric edilib:

    “Bir əməkdaş sərəncama götürülüb”.

    “Xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə isə bir neçə əməkdaş isə intizam məsuliyyətinə cəlb ediliblər”, – deyə DİN-dən qeyd edilib.

    ***

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyini cəzalandırıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət öncə rayon sakini, Mirzəyev Ramin İlyas oğlu narkotik vasitələrin daşınmasına görə saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

    R.Mirzəyev daha sonra sərbəst buraxılsa da, cinayət işi qüvvədə qalıb. Bundan sonra vətəndaş Mirzəyev DİN rəhbərliyinə şikayətlər ünvanlayıb. Bildirib ki, şöbənin Cinayət Axtarış İdarəsinin rəisi Bəhruz Mirzəyev şəxsi münaqişəyə görə onun barəsində saxta əsaslarla cinayət işi başladıb.
    Nazirliyin Daxili Təhqiqat İdarəsi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bunun üçün Şirvana yola düşən DİN vəzifəli şəxsləri rayona çatmağa 1 saat qalmış əməliyyatçılar Ramin Mirzəyevin evinə baxış keçirməyə gedib. Baş əməliyyat müvəkkili Kamil adlı polis əməkdaşı Raminin evindən bir neçə növ narkotik aşkar edib.

    Daxili Təhqiqat İdarəsinin əməkdaşları şöbəyə çatdıqdan sonra məlum olub ki, bir ay öncə saxlanılan R.Mirzəyevin evinə həmin günə kimi baxış keçirilməyib. Bu da ciddi prosessual pozuntu hesab edildiyi üçün Şirvan ŞPŞ rəhbərliyi cəzalandırılıb. 

    Nazir Vilayət Eyvazovun əmri ilə ŞPŞ rəisi, polis polkovniki Hikmət Quliyev, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib.

    Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil və baş təhqiqatçı isə polis orqanlarındakı xidmətdən xaric edilib.

    Hazırda Şirvan ŞPŞ-də kompleks yoxlama aparıldığı bildirilir.

  • AZTV-nin və AzərTac-ın jurnalistləri Kəlbəcərdə minaya düşdülər – İkisi də vəfat etdi

    Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

    Bu barədə AZTV-nin sözcüsü Nigar Etibar öz “facebook” səhifəsində paylaşım edib.

    Hadisənin dəqiq hansı ərazidə baş verdiyi məlum deyil.

  • Azərbaycan Qran Prisində üçüncü qəza

    Formula 2 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü başa çatıb.

    Bolidlərin treklə tanışlığında Marina Sato (“Trident” komandası) və Lirim Zendelidən (“MP Motorsport” komandası) sonra DAMS komandasının israilli pilotu Roy Nissani də xoşagəlməz hadisə ilə üzləşib.

    Onun bolidi 14-cü döngədə divara çırpılaraq sıradan çıxıb və Nissani yarışı dayandırmalı olub.

    Qeyd edək ki, “Hayteç” komandasının estoniyalı pilotu Yuri Vips sərbəst yürüşdə hamıdan sürətli olub.

    ///Oxu.az

  • Bakıdakı peşə məktəbində rus bölməsi ləğv edilir? – AÇIQLAMA

    Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri rəhbərlikdən narazıdır.

    Bu barədə Oxu.Az-ın redaksiyasına bir qrup müəllim tərəfindən şikayət ünvanlanıb.

    Müəllimlər iddia edir ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində rus dilli qruplarına qəbul ləğv edilir:

    “Biz Bakıxanov qəsəbəsi, Mehmandarov 4 ünvanında yerləşən Bakı Dövlət Peşə Təhsil Mərkəzində çalışırıq. Mərkəzdə həm Azərbaycan, həm də rus dilində təhsil tədris olunur. Lakin bu il rəhbərlik növbəti tədris ili üçün rus dilli qruplarına qəbulu ləğv etməyə çalışır.

    Müəllimlər bu problemdən narazıdır. Direktora bu barədə müraciət etsək də, bizə müsbət cavab verilmir. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin saytında qəbul üçün seçimlərdə Azərbaycan bölməsi qoyulsa da, rus bölməsi yerləşdirilməyib. Bizə isə bildirilir ki, rusdilli qruplara lazımı qədər uşaq yığılmadığı üçün ləğv edirik.

    Rəhbərlik bu barədə Bakı Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etdiklərini və onların da rusdilli qrupların bağlanmasına razılıq verdiklərini qeyd edirlər. Bu il təhsilini davam edən rusdilli qruplar bitdikdən sonra yeni siniflər olmayacaq, müəllimlər isə işsiz qalmaqdan qorxurlar. Məsələnin həllini uzadaraq zaman qazanmağa çalışırlar, bu zaman isə bizim əleyhimizə işləyir. Artıq buraxılış imtahanları başlayıb və respublikanın bir çox ərazilərində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2-3 iyunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları respublikanın 28 şəhər və rayonunda keçirildi. Qəbul üçün seçim etmək istəyənlər rus bölməsini görmədiyi halda bizim peşə məktəbinə necə sənəd versinlər?”

    Məsələ ilə bağlı Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə sorğu ünvanladıq. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2021/2022-ci tədris ili üzrə rus bölməsi üçün ixtisas qruplarının tədrisi nəzərdə tutulub:

    “Ümumilikdə peşə təhsil müəssisələrinin qəbul planları özəl sektor tərəfindən daxil olan tələblər, peşə təhsil müəssisəsinin maddi-texniki bazası və tədrisi aparan müəllim heyətinin kvalifikasiyası nəzərə alınmaqla planlaşdırılır və müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir. 2021/2022-ci tədris ili üzrə qəbul planına dair ətraflı məlumatların cari ilin avqustunda geniş ictimaiyyət ilə paylaşılması nəzərdə tutulur”.

    Müəllimlərin iddialarını əsaslandırmaq məqsədilə təqdim etdikləri fotofakta münasibət olaraq isə qeyd edilən məlumatın son yekunlaşmış məlumat olmadığı bildirilib:

    “Sözügedən məlumata istinad etməyiniz arzuedilən hesab olunmur. Hazırda peşə təhsil müəssisələrinə qəbul aparılmır. Sözügedən prosesə cari ilin avqust ayından etibarən başlanılacaq. Daha əvvəl də qeyd edildiyi kimi, sözügedən müəssisədə rus bölməsi üzrə ixtisas qruplarının tədrisi nəzərdə tutulub”.

  • Əlillik almaq şərtləri sərtləşdirilir – DETALLAR

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.

    Nazirlikdən verilən məlumata görə, gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.

    Yəni, I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.

    Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

  • İşçilərin hüquqları möhkəmlənir: İşəgötürəni 6000 manata qədər cərimə gözləyir

    Əmək Məcəlləsinə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi hallarına yol verilməməsi məqsədilə dəyişikliklər edilib.

    Oxu.Az bu dəyişikliklərin əsas mahiyyətinin nədən ibarət olduğunu, onların iş münasibətlərini necə dəyişəcəyi və tənzimləyəcəyini araşdırıb.

    İqtisadi inkişafın təmin olunmasında məşğulluq mühüm amillərdəndir. Məşğulluq isə sosial rifahın əsas elementlərindəndir. Məşğulluğun yüksək səviyyədə olması üçün əmək bazarında münasibətlərin qanun çərçivəsində qurulması və işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin rəsmiləşməsi vacibdir.

    Əmək münasibətlərinin rəsmiləşməsi necə olmalıdır?

    İşəgötürənlər tərəfindən əmək müqaviləsi ilə deyil, xidmət müqaviləsi ilə işçilərin çalışdırılması getdikcə daha geniş tətbiq edilməkdədir. Xidmət müqaviləsi mülki hüquqi müqavilədir və Mülki Məcəllə ilə tənzimlənir. Əmək müqaviləsi isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir və Əmək Məcəlləsi ilə tənzimlənir. İşəgötürənlərin əmək müqaviləsinə deyil, xidmət müqaviləsinə üstünlük verməsinin səbəbi məcburi sosial sığorta haqqının ödənişindən yayınmaq və işçilər üçün ödənilən vergi öhdəliklərindən azad olmaqdır. İlk baxışdan, işçilər üçün də təklif cazibədar gələ bilər. Lakin əslində işçilər daha çox hüquqlardan məhrum olurlar. Məsələn, əmək kitabçası açılmır və iş stajı hesablanmır, bütün növ məzuniyyətlər, məzuniyyət ödənişləri və xitam zamanı istifadə edilməmiş məzuniyyət üçün kompensasiyadan məhrum olurlar, xəstəlik vərəqəsi təqdim edilərkən heç bir ödəniş almırlar, işəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilir və s.

    Bu səbəbdən işçilər işəgötürənlə münasibətlərini rəsmiləşdirərkən, müqavilənin Əmək Məcəlləsinin şərtlərinə uyğun əmək müqaviləsi şəklində tərtib edilməsinə diqqət yetirməlidirlər. Çünki bir çox hallarda işəgötürənlər Mülki Məcəllə ilə tənzimlənən və mülki hüquqi müqavilə olan podrat və ya xidmət müqaviləsi bağlamaqla, işçiləri Əmək Məcəlləsində onlara verilən hüquq və güzəştlərdən məhrum edirlər. Beləliklə, işçilər Əmək Məcəlləsi ilə onlara verilən hüquq və ya imtiyazları itirmiş olurlar.

    Əmək müqaviləsi hansı imtiyazları verir?

    İşlə təmin olunmaq, əmək bazarında təmsil olunmaq və iş təcrübəsi toplamaq hər kəs üçün əhəmiyyətlidir. İşlə təmin olunarkən işəgötürənlə əmək müqaviləsi bağlayan şəxslər əmək haqqı alırlar, məzuniyyətə çıxırlar, müavinətlər alırlar, iş yerindən aldıqları məvacibi təminat mənbəyi kimi göstərərək müxtəlif kreditlərdən yararlanırlar və s. hüquqlarından yararlanırlar. Əmək müqaviləsi bağlanan zaman sadalananlardan əlavə, iş prosesində hər hansı bir zədə alma halında işçiyə müalicə üçün müəyyən vəsaitlərin ayrılması təmin olunur. Ən vacib məsələlərdən biri, pensiya təminatı üçün resurslar yaradılır və işçinin stajı hesablanır. İşəgötürən işçinin əməyini, həyat və sağlamlığını sığortalayır. Əmək müqaviləsi bağlandıqda işçi hüquqlar əldə edir və onları qanun qoruyur. Əks halda isə, onun taleyi işəgötürənin insafına qalır və işçi ilə müqavilə bağlamayan sahibkar işçini sahib olduğu hüquqlardan məhrum edir. Nəticə etibarilə işçinin gələcəyi təminatsız qalır və belə çıxır ki, o, uzun illər ərzində boşuna işləyib.

    Bu sahədə münasibətlərin daha səmərəli şəkildə tənzimlənməsi istiqamətində əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi hallarına yol verilməməsi məqsədilə Əmək Məcəlləsinə dəyişikliklər edilib. Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə edilib. Tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunur və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib.

    Mülki hüquqi müqavilələrin bağlanmasına yol verilməyən hallar hansılardır?

    Müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun olduqda, yaxud tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.

    Bundan başqa tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma, həmçinin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı yarandıqda, yerinə yetirilən işə görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsində göstərilən aylıq vəzifə maaşından, əlavədən və mükafatdan ibarət olduqda, işlər əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirildikdə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.

    Əmək müqaviləsində Əmək Məcəlləsinin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda da, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.

    Beləliklə, yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır.

    Əmək müqaviləsi bağlamayan sahibkarlar maliyyə sanksiyalarına məruz qala bilər

    Yeri gəlmişkən, qanunvericilikdə əmək münasibətlərinin rəsmiləşdirilməməsi üçün nəzərdə tutulmuş cərimələri də xatırlatmaq istərdik. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2 000 manat, ikinci dəfə yol verdikdə 4 000 manat, üç və daha çox dəfə yol verdikdə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

    Layiqli həyat səviyyəsini təmin etmək, işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək münasibətlərinin leqallaşdırılması mühümdür. Bu, işəgötürənlərin vəzifəsi və sosial məsuliyyətdir. Əmək bazarının iştirakçıları qanun çərçivəsində fəaliyyət göstərməli və ölkə iqtisadiyyatında formalaşan şəffaflaşma çağırışına adekvat cavab verməlidirlər.

  • В Гяндже 59-летний мужчина получил травму на работе

    В Гяндже произошел несчастный случай.

    А.Эйвазов (1962 г.р.), работающий в местной компании сварщиком, в результате взрыва газового баллона получил травму левой ноги.

    По данному факту проводится расследование.

  • Gəncədə 59 yaşlı kişi iş başında xəsarət aldı

    Gəncədə bədbəxt hadisə baş verib.

    Hadisə Gəncədə fəaliyyət göstərən şirkətlərdən birində olub.

    Belə ki, şirkətdə qaynaqçı kimi çalışan 1962-ci il təvəllüdlü Gəncə şəhər sakini, A.Eyvazov iş başında olarkən qaynaq etdiyi qaz balonu partlayıb.

    Hadisə nəticəsində o, sol baldırından travmatik xəsarətlər alıb.

    Faktla bağlı araşdırma aparılır.