Month: June 2021

  • Yerevanda atışma olub, 2 nəfər yaralanıb

    Ermənistanın paytaxtı Yerevanda pivəxanada baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

    “Report” xəbər verir ki, məlumatı “shmashyan” saytı yayıb.

    Tərəflər arasında pul məsələsinə görə başlayan mübahisə daha sonra silahlı qarşıdurmaya çevrilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

    Araşdırma nəticəsində mübahisənin Yerevan sakinləri 27 yaşlı O.Markaryanla 27 M.Karapetyan arasında olduğu müəyyənləşib. Belə ki, M.Karapetyan qarşı tərəfə atəş açıb. Hüquq-mühafizə orqanları onu saxlayıb.

    M.Karapetyan hadisə baş verən pivəxananın direktorudur.

  • Azərbaycanda pul bazası mayda 4%-dən çox artıb

    Bu günə Azərbaycanda pul bazası 13 856,8 milyon manat təşkil edib.

    “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 4,3% çoxdur.

    Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2,2%, son 1 ildə isə 26,9% artıb.

  • Umayra Tağıyeva: “Bu ay havanın temperaturu normadan bir qədər yüksək olacaq”

    “Son onillikdə may ayında havanın orta aylıq temperaturu iqlim normasından 0.5- 3.2 dərəcəyədək yüksək olub. Bu ilin may ayında Bakıda havanın orta aylıq temperaturu 21.2 dərəcəyə yaxın, yəni normadan 3.2 dərəcə yüksək olub”.

    “Report” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

    Onun sözlərinə görə, Bakıda ən yüksək temperatur 2007-ci ilin mayın 29-da 35.5 dərəcə qeydə alınıb: “2021-ci ilin may ayında Mərkəzi-Aran rayonlarında havanın temperaturu 32-37, dağlarda 22-26, Naxçıvan MR-da 32-37, Bakıda 34.1 dərəcə isti olub. Ay ərzində düşən yağıntının miqdarı ölkə üzrə qeyri-bərabər paylanaraq bəzi rayonlarda aylıq normadan bir qədər çox olub. Məsələn, Tərtərdə aylıq normanın 183, Qəbələdə 144, Cəfərxanda 133, Balakəndə və Hacıqabulda 123, Bakıda və Abşeron yarımadasında 119, Şəkidə 118, Gəncədə 108, Kiçik Qafqazda 76, Lənkəran-Astara zonasında 53-93 faizini təşkil edib”.

    Xidmət rəsmisi bildirib ki, yayın birinci ayı olan iyun ayı ilin ən uzun günləri ilə fərqlənir: “İyun ayı ərzində temperaturun tədricən yüksəlməsi müşahidə olunur. Son 30 illik məlumatların təhlili göstərir ki, birinci ongünlüyün ikinci yarısında temperatur qeyri-bərabər paylansa da, ayın 10-dan sonra mütləq maksimum temperatur xeyli artır. Ən isti iyun ayı 1998 və 2010-cu illərdə olub. Ən isti hava isə 2020-cı ilin iyunun 3-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 40,4 dərəcə təşkil edib. İyun ayında ən sərin hava isə 1996-cı ilin iyunun 2-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 8.1 dərəcə olub”.

    U.Tağıyeva bildirib ki, bu il iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir: “Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək”.

  • Azərbaycanlı FIFA referisinə yeni təyinat

    Azərbaycanlı FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb.

    “Report”un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, beynəlxalq dərəcəli hakim çimərlik futbolu üzrə dünya çempionatının Avropa seçmə mərhələsinin oyunlarını idarə edəcək.

    Qarşılaşmalar 17 – 27 iyunda Portuqaliyanın Nazare şəhərində keçiriləcək.

  • “Azərpoçt” və “Azexport” elektron Anlaşma Memorandumu imzalayıb

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı arasında elektron Anlaşma Memorandumu imzalanıb.

    “Report” xəbər verir ki, imzalanma mərasimi nazirlik yanında Məlumat Hesablama Mərkəzinin (MHM) “Elektron imza” sertifikatından istifadə etməklə baş tutub və dövlət qurumları arasında ilk belə nümunədir.

    Mərasimdən əvvəl tərəflərin birgə fəaliyyət istiqamətləri üzrə görülən işlər və perspektivlər müzakirə olunub.

    “Azexport”un rəhbəri Ayxan Qədəşov koronovirus pandemiyasının yol açdığı çağırışların rəqəmsallaşmanın daha da dərinləşməsi ilə nəticələndiyini, sözügedən memorandumunun da bunun təzahürü olduğunu qeyd edib: “Memorandumu imzalamaqda əsas məqsədimiz ticarət dövriyyəsini artırmaqdan ibarətdir. İstəyirik ki, birgə təlimlər təşkil edək”.

    “Azərpoçt”un İnkişaf departamentinin direktoru Anar Məcidov və MHM-in Marketinq və satış şöbəsinin müdiri Ceyhun Məmmədov çıxış edərək mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə dair təkliflərini bildiriblər.

    Daha sonra tərəflər arasında Azərbaycanda “B2B”, “B2C” və “C2C” seqmenti üzrə qeyri-neft məhsullarının ixracının artırılması, fərdi sahibkarlar və startaplar arasında nağdsız ödəniş və elektron ticarət vərdişlərinin stimullaşdırılması məqsədilə elektron Anlaşma Memorandumu imzalanıb. Sənədi “Azərpoçt”un baş direktorunun müavini Xəyyam Əlizadə və A.Qədəşov imzalayıb.

  • Medianın İnkişafı Agentliyi qəzetlər üçün dəstək layihəsi elan edib

    Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib.

    Agentlikdən “Report”a verilən məlumata görə, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.

    Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər:

    – mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;

    – müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;

    – yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalıdır;

    – təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır;

    – təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır.

    – redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.

    Müsabiqədə iştirak etmək üçün müraciət edən qəzet redaksiyaları müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrələrini Qaydalara uyğun olaraq Agentliyə təqdim edirlər.

    Tələb olunan digər sənədlər:

    – qəzetin baş redaktorunun ərizəsi;

    – qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti;

    – vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

    – qəzet redaksiyasının nizamnaməsinin surəti;

    – müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayış;

    – mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayış;

    – qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri);

    – qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd;

    – qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələr;

    – qəzetin bank rekvizitlərini əks etdirən sənəd;

    – qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);

    – qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).

    Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyalarından tələb olunan sənədlər:

    – qəzetin baş redaktorunun ərizəsi;

    – qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);

    – qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).

    Müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması və ya “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.

    Qəzet nömrələrinin qiymətləndirilməsi Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

    Maliyyə yardımının göstərilməsi:

    – Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir;

    – Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;

    – Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat məbləğində vəsait ayrılır;

    – Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyələşdirilən hər nömrədə (həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər isə həftədə beş dəfə olmaqla) Qaydalarda göstərilən sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin dərc olunmasını təmin edirlər.

    Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

    Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur;

    Müraciətlərin qəbulu iyunun 1-dən 11-dək həyata keçirilir.

  • FHN əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub – VİDEO

    Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

    “Report”un məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

    30 yaşlı Turanə Cəfərovanın meyiti onun yaşadığı evdə aşkarlanıb. Qadının elektrik naqili ilə boğulduğu ehtimal edilir.

    Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.

  • Xaçmazda qanunsuz ağac kəsən şirkətlə bağlı prokurorluğa müraciət olunub

    Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

    Xidmətin rəisi Hikmət Əlizadə “Report”a bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib”.

  • Tokio-2020: Olimpiadaya ilk olaraq onlar getdi

    Qadın voleybolçulardan ibarət Avstraliya millisi Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi təlim-məşq toplanışı üçün Yaponiyaya yollanıb.

    “Report” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu, olimpiadadan əvvəl ölkəyə gedən ilk idmançı qrupudur.

    Voleybolçular və 30 nəfərlik heyət koronavirusa qarşı əvvəlcədən peyvənd olunub. Onlar üç gün oteldə qalacaqlar. Bundan sonra iyunun 5-də məşqlərə start veriləcək. Komanda Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə ümumilikdə 12 oyun keçirəcək. Hazırlıq prosesi Qunma prefekturasındakı Ota şəhərində gerçəkləşəcək.

    Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul – 8 avqusta təxirə salınıb.

  • Azərbaycan və İran Araz çayı ilə bağlı protokol imzalayıb

    Araz çayı boyunca inşa edilmiş Araz su anbarı və Mil-Muğan hidroqovşağının birgə istifadə edilməsinin 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

    Bu barədə “Report”a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

    Məlumata görə, Azərbaycan və İranın hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş mərasim ərazidəki sərgi ilə tanışlıqdan başlanıb. Tədbirdə Azərbaycan tərəfdən Naxçıvan MR-nın Baş naziri Səbuhi Məmmədov, İran tərəfdən isə Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi açılış nitqləri ilə çıxış ediblər. Araz çayı üzərində Azərbaycan və İran tərəfindən tikilərək 1971-ci ildə birgə istismara verilmiş, həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı, həmçinin “Araz” SES və hər iki ölkənin ərazisində 400 min hektar sahənin suvarılmasını təmin edən Mil-Muğan su anbarının regional əməkdaşlığın inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.

    S.Məmmədov deyib: “Bu gün ölkə prezidentlərinin iradəsinə uyğun olaraq həyata keçirilən birgə layihələr əlaqələrimizi daha da möhkəmləndirir. Azərbaycan və İranın dövlət sərhədində Araz və Mil-Muğan su anbarlarının dostcasına birgə istifadəsinin 50 illiyinin xüsusi mərasimlə qeyd edilməsi əlaqələrimizin möhkəm tarixi köklər üzərində daha da inkişafının göstəricisidir”.

    M.R.P. Mohammadi bildirib: “Bu gün həm mədəni sərvət, həm də bölgə insanları üçün iqtisadiyyatın həyat arteriyası olan, bir çaydan daha üstün məna daşıyan Araz çayı ətrafında toplaşmışıq. Bu çay geniş əməkdaşlığımız üçün üzümüzə açılan böyük bir dünyanın nümunəsidir. İnşallah ki, sabahın işıqlı günləri üçün əməkdaşlığı davam etdirəcəyik. Dağlıq Qarabağ münaqişəsinin bitməsini və bölgədə davamlı sülhün bərqərar olmasına dair razılıqları nəzərə alaraq bütün ölkələrin əməkdaşlığı üçün yaxşı bir fürsət yaradılıb. Azərbaycanla hər cür əməkdaşlığa hazırıq”.

    Tədbirdə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın sədri Zaur Mikayılov çıxış edib. O, əmin olduğunu vurğulayıb ki, mövcud su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması, su təminatında yarana biləcək çətinliklərin vaxtında qarşısının alınması və hər iki dövlətin su və enerjiyə olan tələbatının ödənilməsi məqsədilə bu sahədə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcək.

    İranın energetika naziri Reza Ardakanian bildirib: “Araz və Mil-Muğan su anbarlarının istismara verilməsinin 50-ci ildönümü İran və Azərbaycan arasındakı dərin dostluq əlaqələri və əməkdaşlıq münasibətlərini ifadə edir. Şübhəsiz, Araz çayı İran və Azərbaycan arasında hər iki qonşu dövlətin əhalisinin qan damarı kimi ortaq sərhədin mühüm hissəsində sülh və dostluğun simvoluna çevrilib”.

    Yekunda Araz su anbarının və Mil-Muğan hidroqovşağının istismarı üzrə birgə komissiyanın və 50-ci görüşün protokolu imzalanıb.