Month: June 2021

  • Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

    İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə telefonla zəng edib.

    Dövlətimizin başçısı İrakli Qaribaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

    İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

    Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

    Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair məsələlər müzakirə olunub.

  • Azərbaycan Ordusunun hərbi qulluqçuları yol qəzasında həlak olub

    İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

    Qeyd edilir ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.
    Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
    Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

  • Belarus “Şərq Tərəfdaşlığı”nda iştirakını dayandırır

    Avropa İttifaqının Belarusdakı nümayəndə heyətinin rəhbəri Dirk Şubel ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə nazirliyin saytından məlumat verilib.

    Məlumata əsasən, Aİ nümayndəsinin XİN-ə çağırılmasına səbəb İttifaq ölkələrinin Belarusa qarşı tətbiq etdikləri növbəti sanksiyalar paketi və həmin sanksiyalara qarşı cavab tədbirlərinin elan edilməsi olub.

    “Belarus Respublikası Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır. Həmçinin, Aİ ilə readmissiya barədə razılaşmanın fəaliyyətinin dayandırılması prosedurunu başladır. Bununla yanaşı, Belarusun Aİ yanında nümayəndəsi məsləhətləşmələr üçün Minskə çağırılır”, – deyə XİN-in bəyanatında bildirilib.

    Bununla yanaşı, bəyanatda sanksiyaların tətbiqində iştirak etmiş İttifaq rəsmilərinin Belarusa girişinin qadağan olunacağı da qeyd olunub.

  • Virus yenidən tüğyan edir: Azərbaycanı nə gözləyir?

    Birləşmiş Ştatlarda və Avropada pandemiya səngidiyi bir vaxtda Rusiyada yeni dalğa vüsət alır. Əhali isə peyvəndlənməyə tərəddüdlə yanaşır.

    Cənubi Afrika və Asiya-Sakit okean region ölkələrində isə yüksək yoluxucu delta ştammı ilə əlaqədar qadağalar genişləndirilib, yaxud yenidən bərpa olunub.

    İndoneziyada bir günə 21 mindən çox yoluxma aşkarlanıb. Cakarta və digər yerlərdə xəstəxanalar dolub. Malayziya bir aydır qüvvədə olan karantinə yaxın vəziyyəti qeyri-müəyyən müddətə uzadıb

    Dünyada vəziyyət belə olduğu halda Azərbaycanda karantin qaydaları yumşaldılır. Artıq iyulun 1-dən ölkəmizdə toy məclislərinin keçirilməsinə icazə veriləcək.

    Bəs görəsən, Azərbaycandakı yumşaldılma yoluxma sayına mənfi təsir edə bilərmi?

    Məsələ ilə bağlı Yenisabah.az-a danışan infeksionist, uzman həkim Nazxanım Qasımova bunun peyvəndləmə ilə birbaşa əlaqəsi olduğunu qeyd edib:

    “Bu birbaşa peyvəndləmədən asılıdır. Əhalinin böyük hissəsi peyvəndlənib, bir hissəsi də artıq yoluxub sağaldığına görə bu artıq statikstik hesablanır və görünür ki, artıq bundan sonra nə qədər əhalinin yoluxa biləcəyi hesablanır. Çünki kafe və restoranlar açıqdır, mərasimərin keçirilməsində qeyri-adi bir şey yoxdur. Yumşaldılmalar onsuz da müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək, yəni heç nə köhnə qaydada olmayacaq. Digər ölkələrə gəldikdə isə hər bir ölkənin özünün qaydaları fərqlidir. Əhali sayı da burada mühüm rol oynayır. Məsələn, Rusiya əhalisi 100 milyondan çoxdursa, bizdə 10 milyondur. Rusiyada tətbiq olunan vaksin özlərinə məxsusdur. Lakin o koronavirus tərkibli deyil”.

    Həkimin sözlərinə görə, yoluxma sayının artmasında ölkələrin düzgün strategiya seçməməsinin də rolu böyükdür:

    “Pandemiyanın qarşısını almağın iki yolu vardı: biri öncədən izolyasiya tədbirləriydisə, ikinci vaksinasiya idi. Biz onu uyğun şəkildə etdik. Amma bəzi ölkələrdə buna riayət olunmadı. Hansı ölkə buna uymadısa, onlarda məsələnin aradan qaldırılma müddəti gecikəcək. Məsələn bizdə ticarət mərkəzləri bağlananda onlarda açıq idi, heç vaxt sərt karantin rejimi tətbiq edilməmişdi. Tətbiq etdikləri vaksin özü də bizdə tətbiq olunan vaksindən daha keyfiyyətsizdir. Bəs bütün qadağalar yenidən təkrar oluna bilərmi? Bəli, mümkündür, başqa ştam gələ bilər, hər şey mümkündür, amma hazırda ölkədəki duruma görə qərarlar qəbul olunur. Statistikanın təsiri var. Bu, ölkə daxili məsələdir”.

  • ZORLANDIĞI deyilən 17 yaşlı gəlin niyə yoxa çıxıb? – Hadisənin arxasında üçüncü tərəf kimdir?

    Cəlilabadda qaynı tərəfindən zorlandığı deyilən 17 yaşlı itkin düşən Gülyanə Mirzəyevadan hələ xəbər yoxdur. Təcavüzə məruz qaldığı iddia edilən gəlinin hara yoxa çıxdığı, kimin evinə sığındığı məlum deyil.

    Bizim.Media-ya bu barədə danışan Cəlalabad rayonunun Uzuntəpə kənd bələdiyyəsinin sədri Əlisağa Mirzəyev Gülyanə Mirzəyevanın axtarışlarının normal getmədiyindən, ümumiyyətlə məlum olayın tam olaraq açılmamasından şikayətlənib:

    “Nəsə rayon polis şöbəsi qızı yaxşı axtarmır. Hər iki ailədən yalandan izahatlar alınıb buraxılır. Sanki olayın açılmasına maraq yoxdur. Qızın ailəsi isə gözə görünmür, insanlarla rastlaşmaqdan qaçırlar. Kirayə qaldıqları evdə də onları tapmaq mümkün deyil. Qızı ortaya gətirmirlər. İşin içi nədir bilinmir. Adam itib axı…Bəlkə qıza xəsarət edilib, ya heç həyatda yoxdur? Düzdür, bu ehtimal çox azdır. Amma bütün hallarda canlı şahid qızın özüdür və ortalığa çıxmalıdır”.

    Əlisağa Mirzəyevin sözlərinə görə iyrənc olayın üstünün açılmasına görə də heç kim məsuliyyətə cəlb olunmur:

    “Hamı gəlib soruşur, mən də təngə gəlmişəm. Xoşagəlməz hadisədir və bunun cəmiyyətə tərbiyəvi tərəfi var. İstər, istəməz gəncləri belə olaylar pozur. Cəzasız qalanda isə pis nəticələr verəcək. Qızın qardaşı o boyda ifadə verdi. Düzgün və ya yalan olması barədə niyə sıxışdırılmır, məsuliyyətə cəlb edilmir? Sıxışdırılsa, istər-istəməz həqiqətlər açılar. Fikrimcə, burada iki tərəfə də sərf edir ki, olay açılmasın. Nə qızın, nə də oğlanın ailələri Gülyanənin tapılmasında maraqlıdırlar. Bəlkə də qorxurlar ki, olayın üstü açılsa, qızın başına iş gələr. Nədirsə, özümüz də anlamırıq”.

    Bələdiyyə sədri qızın bibisigildə olması ehtimalından da danışıb. O, deyib ki, qızın Bakıda qalan bibisi Gülyanəni özü tapacağını və heç kimə də verməyəcəyini açıqlayıb:

    “Bibinin bu açıqlamasında da maraq var. Ola bilər ki, qız yanındadır. Üstəgəl tək qadındır, hər şey mümkündür. Əlbəttə mən qadın haqda heç nə deyə bilmərəm. Çünki gözümlə görməmişəm. Amma oğlan tərəfinin dediyinə görə Gülyanənin bibisi qəlibəsığmayan bir insandır”.

    Xatırladaq ki, hadisə Cəlilabadın Uzuntəpə kəndində baş verib. Zərərçəkmiş şəxs 2004-cü il təvəllüdlü Şükürova Gülyanə Bəxtiyar qızıdır.

    Rayonun Edişə kəndindən olan 17 yaşlı Gülyanə 3 ay əvvəl rayonun Uzuntəpə kəndində Mirzəyevlər ailəsinə gəlin köçüb. O, İbrahim Mirzəyevlə ailə qurub. İddialara görə həyat yoldaşı impotent olduğu üçün qıza qaynı Nicat Mirzəyev təcavüz edib. Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülyanə ailəsinə xəbər verəndən sonra yoxa çıxıb. Gəlin köçdüyü ailə isə onlara irəli sürülən iddiaların əsassız olduğunu və böhtan xarakteri daşıdığını deyib.

    Hadisə rayon polis şöbəsi tərəfindən araşdırılır.

  • Yeni tədris ilində məktəblərdə bu yeniliklər olacaq

    Təhsil nazirinin müvafiq əmri ilə həyata keçirilən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi növbəti dəfə “məktəb inspektoru” vakansiyası elan olunub.

    Layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-vaideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

    Layihə çərçivəsində 10 mart–7 iyunda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı, Cəlilabad və Bərdə rayonlarında yerləşən 24 məktəbdə pilot inspeksiyalar keçirilib. Mövcud vakansiya üzrə inspektorların seçimi və seçilmiş namizədlərin təlimləndirilmə prosesi yekunlaşdıqdan sonra növbəti tədris ilindən etibarən real inspeksiyalara başlanacaq.

    Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul 2021-ci il tarixədək davam edəcəkdir. Müraciət etmək istəyən şəxslər Agentliyin rəsmi internet səhifəsi olan www.tkta.edu.az saytına daxil olub vakansiya tələbləri ilə tanış olaraq, məlumatlarını göndərə bilərlər.

  • Dünya yenidən virusun cəngində: Qadağalar, karantin rejimləri sərtləşir

    Moskvada koronavirusdan bir gündə ölənlərin sayı 100-ü keçib. RBK portalının iyunun 27-də yaydığı məlumata görə, paytaxtda son 24 saat ərzində 114-dən çox ölüm qeydə alınıb.

    Ümumilikdə Rusiyada isə son 24 saatda xəstəlikdən 599 nəfər ölüb, 20 mindən çox yoluxma aşkarlanıb.

    Birləşmiş Ştatlarda və Avropada pandemiya səngidiyi bir vaxtda Rusiyada yeni dalğa vüsət alır. Əhali isə peyvəndlənməyə tərəddüdlə yanaşır. Moskvanın meri Sergey Sobyanin deyib ki, son dalğanı virusun yeni ştammı törədir, o daha yoluxucudur, simptomları sürətlə inkişaf edir.

    Rusiyada pandemiya başlanandan 122 mindən çox ölüm qeydə alınıb. Cəmi 5 ölkədə – ABŞ, Braziliya, Hindistan, Meksika və Peruda rəsmi ölü sayı bundan çoxdur.

    Cənubi Afrika və Asiya-Sakit okean region ölkələrində isə yüksək yoluxucu delta ştammı ilə əlaqədar qadağalar genişləndirilib, yaxud yenidən bərpa olunub. İyunun 27-dən Sidneydə milyonlarla sakin iki həftəlik karantin rejimində yaşamağa başlayıb.

    İndoneziyada bir günə 21 mindən çox yoluxma aşkarlanıb. Cakarta və digər yerlərdə xəstəxanalar dolub. Malayziya bir aydır qüvvədə olan karantinə yaxın vəziyyəti qeyri-müəyyən müddətə uzadıb. Əhalinin cəmi 6 faizinin peyvənd olunduğu bildirilir.

    Luksemburqun Baş naziri Xavier Bettelin COVID-19-a yoluxduğu açıqlanıb. O, bir neçə gün öncə AB-nin sammitinə qatılmışdı. Onun ofisinin yaydığı bəyanata görə, sammitdəki digər 26 AB liderindən heç biri ilə sıx kontakt baş verməyib.

    Bettelə AstraZeneca vaksininin bir dozası vurulmuşdu. Cənubi Afrikada alkoqol satışına, toplantılara qadağa qoyulub, gecə komendant saatı uzadılıb.

    Prezident Kiril Ramafoza deyib ki, delta ştammı yeni yoluxmalarda “dağıdıcı dalğa”ya səbəb olur. 60 milyon əhalisi olan Cənubi Afrikada indiyədək 2.7 milyona yaxın vaksin dozası vurulub. Qonşu Zimbabve, Namibiya, Mozambikdə də yoluxmalarda artım var.

    Bu arada iyunun 27-də Şimala Makedoniya 500 min doza Çin istehsalı olan Sinovac vaksini əldə edib. Səhiyyə naziri Venko Filipse gələn həftələr ərzində vaksinasiyanın sürətlənəcəyini bildirib.

    İyunun 26-da isə ölkəyə COVAX sxemi çərçivəsində 100 min dozadan çox Pfizer-BioNTech vaksini çatdırılmışdı. 2.1 milyonluq əhalinin 25 faizə yaxınına vaksinin azı bir dozasının vurulduğu bildirilir.

  • 13 yaşlı qız dəhşət saçdı: Ögey anasını bıçaqlayaraq öldürdü

    Türkiyənin Tekirdağ bölgəsinin Çorlu qəsəbəsində qız uşağı E. N. O. (13), mübahisə zamanı ögey anası Z.O.ı (56), qayka açarı ilə döydükdən sonra bıçaqlayaraq öldürüb.

    Editor.az sherg.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Çorludakı 4 mərtəbəli evdə baş verib. Fabrik işçisi İ. O. gecə növbəsindən sonra səhər saatlarında evinə dönüv və yatıb. Bu gün isə səhər saat 10.00 radələrində oyanıb və həyat yoldaşı Z.O.ın otağının qapısının kilidli olduğunu fərq edib. Qapını qıran İ. O., həyat yoldaşını otaqda qanlar içində hərəkətsiz halda tapıb. İ.O.ın xəbəriylə evə sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq vəzifəlilərinin müayinəsindən sonra Z.O.ın həyatını itirdiyi təyin olunub. Polis İ.O.ın qızı olan E.N.O.ın evdə olmadığından şübhələnərək dərhal axtarışa başlayıb.

    Bu arada polisi axtaran bir taksi sürücüsü Çorludan götürdüyü qız uşağının özünü şübhəli apardığını bildirib. Xəbərdən sonra polis taksini İstanbul Silivri qəsəbəsində dayandıraraq, E.N.O.ı nəzarətə alıb. Təhlükəsizliyə aparılan E.N.O. polisdəki ilk ifadəsində, ögey anasıyla mübahisə etdiyini və bu səbəblə əvvəl qayka açarıyla vurduğunu, daha sonra da bıçaqlayaraq öldürdüyünü etiraf edib. Polisin hadisə ilə əlaqədar istintaqı davam edir.

  • London metrosunda partlayış və yanğın baş verib – VİDEO

    London metrosunun Elefant end-Kasl stansiyasında güclü partlayış baş verib.

    “Haber Global”ın məlumatına əsasən, partlayışdan sonra ərazidə yanğın başlayıb.

    Stansiyada qatarların hərəkəti dayandırılıb.

    Bölgəyə çox sayda yanğınsöndürən texnika cəlb olunub.

  • Naxçıvanda toylarda yemək verilməyəcək? – RƏSMİ AÇIQLAMA

    ​​​

    Son günlərdə internet resurslarında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə məlumatlar yayılıb.

    Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyindən verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bildirilib ki, ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək.