Month: June 2021

  • Həkimə hücum edən şəxsin cinayət işi məhkəməyə göndərildi

    İyunun 4-də Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovaya əlillik müddətinin bitməsi ilə bağlı komissiyadan keçirilən Şamayıl Mustafayev tərəfindən xəsarət yetirilməsi faktı ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

    Binəqədi rayon prokurorluğundan  verilən məlumata görə, istintaqla Şamayıl Mustafayevin ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əyani müayinə otağında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovanın üzərinə hücum edərək yumruq zərbələri ilə qəsdən sağlamlığa yüngül zərər vurduğu və Leyla Seyidovanı onun əlindən ayırmaq istəyən həmin komissiyanın ekspert həkim-oftalmoloq Yusif Bənanyarlıya qarşı müqavimət göstərərək dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi müəyyən edilib.

    Qeyd edilənlərlə bağlı Şamayıl Mustafayev Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

  • “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələri açıqlandı

    İyunun 24-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə əvvəlki imtahanda üzrlü səbəbdən iştirak etməyən XI sinif şagirdləri üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçirilib.

    Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər isə şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

    İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtell) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirakı nəzərdə tutulan 2432 nəfərdən 157 nəfəri imtahana gəlməyib. İmtahanda abituriyentlərə (şagirdlərə) 30 test tapşırığı təqdim edilir. Abituriyentlərin (6 rəqəmli iş nömrəsi olanlar) imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Maksimal bal 30 baldır.

    Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 15 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

    Şagirdlərin (8 rəqəmli iş nömrəsi olanlar) isə imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Şagirdlərin topladıqları bal attestatlarına yazılır.

    Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verən şagirdlərin nəticələri 50 və daha yuxarı bal olduqda “məqbul” hesab olunur və müsabiqəyə buraxılırlar.

  • Şəhid ailələri və qazilərlə bağlı mərkəz yaradıldı – FƏRMAN

    Prezident İlham Əliyev Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.

    Bununla bağlı prezident.az məlumat yayıb.

    Fərmana əsasən, Şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılır.

    “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” təsdiq edilir.

    “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası” təsdiq edilir.

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) həmin siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunur.

  • Özəl məhkəmə ekspertlərinə şəhadətnamənin verilməsinə görə rüsum müəyyənləşib

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

    Qanuna dəyişiklik layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub.

    Dəyişikliklə qanuna yeni maddə də əlavə edilir. Əlavəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunur.

    Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

  • ABŞ Əfqanıstanda diplomatları qorumaq üçün hərbçilərini saxlayacaq

    ABŞ hərbi kontingentinin əsas hissəsini çıxardıqdan sonra Əfqanıstanda 650 hərbçisini saxlaya bilər.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Qeyd olunur ki, sözügedən sayda hərbçi diplomatların təhlükəsizliyinin təmin olunması üçün saxlanılacaq.

    Həmçinin bir qrup ABŞ hərbçisinin sentyabr ayına qədər Kabil hava limanında qalacağı bildirilir.

  • TƏBİB: Uşaqlara vaksin vurulması məsələsi müzakirə edilir

    “Hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir”.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

    Həkim-infeksionist bildirib ki, hazırda mütəxəssislər uşaqlara vaksinin vurulması üçün müzakirə aparır: “Müsbət qərar olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək”.

  • TƏBİB: Uşaqlar arasında koronavirusla əlaqəli letallıq göstəricisi aşağıdır

    “Uşaqlar arasında koronavirusla əlaqəli letallıq göstəricisi kifayət qədər aşağıdır”.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

    TƏBİB rəsmisi bildirib ki, adətən virusa yoluxan uşaqlar xəstəliyi yüngül formada keçirirlər: “Uşaqlar daha çox yoluxma mənbəyi olur. Xəstələnən uşaqların böyük əksəriyyəti sağalır”.

  • Gürcüstan PUA istehsalına gələn ildən başlayacaq

    “Gürcüstan gələn ildən etibarən beynəlxalq tərəfdaşlarla birgə pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırır”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili deyib.

    O, PUA-ların Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzində yığılacağını bildirib.

    Hökumət başçısı həmçinin qeyd edib ki, yaxın gələcəkdə mərkəzdə İsrail şirkəti ilə birgə M4 tipli avtomatların istehsalına başlanılacaq.

  • Mədət Quliyev Belarusun müdafiə naziri ilə görüşüb

    Müdafiə sənayesi naziri Mədət Quliyev Minsk şəhərində keçirilən “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi çərçivəsində Belarusun müdafiə naziri Viktor Xrenin ilə görüşüb.

    Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət başçılarımızın yaxın dostluq əlaqələrinin ölkələrimiz və xalqlarımız arasındakı qarşılıqlı hörmət və etimada söykəndiyini qeyd edən Mədət Quliyev Azərbaycanın Belarus ilə bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyini vurğulayıb.

    Nazir son illərdə ölkəmizdə hərbi quruculuq istiqamətində aparılan irimiqyaslı islahatlar çərçivəsində Ordumuzun maddi-texniki bazasının xeyli inkişaf etdiyini, döyüş hazırlığı səviyyəsinin yüksəldiyini söyləyib. Diqqətə çatdırılıb ki, hərbi-texniki sahədə Azərbaycan-Belarus əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcək.

    Viktor Xrenin bu cür müzakirələrin ikitərəfli hərbi əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını, Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu deyib.

    Danışıqlar iki ölkə arasında hərbi-texniki əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

  • Bakıda yük maşınlarından akkumulyator oğurlayan dəstə üzvləri saxlanıldı – VİDEO

    Qaradağ rayonu Qobustan qəsəbəsində iyun ayının 20-dən 23-dək olan müddətdə 11 vətəndaşa məxsus yük avtomobilinin akkumulyatorları oğurlanıb.

    Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, zərərçəkən sürücülər ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi və 11-ci Polis Bölməsinə məlumat verən kimi hadisələri törədən şəxslərin axtarışlarına başlanılıb.

    Qaradağ RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini İlkin Əzizov, Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Sərxan Abbasov və Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şəhriyar Yusifov saxlanılıblar.

    Onlar ifadələrində Qobustan qəsəbəsində oğurladıqları akkumulyatorları Binəqədi rayonunda əlvan metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

    Faktlarla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.