Month: June 2021

  • Çində məktəbdə yanğın olub, 18 nəfər ölüb

    Çinin Hunan əyalətinin Şançiu şəhərinin Çinq qəsəbəsində məktəblərdən birində baş verən yanğın nəticəsində 18 nəfər ölüb.

    “Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndədləri bildiriblər.

    Məlumata görə, iyunun 25-də səhər saatlarında döyüş sənəti məktəbində yanğın olub.

    Aralarında şagirdlər də olmaqla 18 nəfər ölüb. Yanğının səbəbi hələ ki məlum deyil. Hadisə zamanı məktəbdə 7-16 yaş arasında 34 şagird olub.

    Yanğınla bağlı araşdırma aparılır.

    Məktəbin müdiri tutulub.

  • Bu il özünəməşğulluq proqramına cəlb olunacaq şəxslərin sayı açıqlanıb

    “Bu il 16 600 nəfərin özünəməşğulluq proqramına cəlbolunma nəzərdə tutulur”.

    “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədr müavini Nihad Muxtarlı deyib.

    Onun sözlərinə görə, bunun 10 minə yaxını dövlət əsaslı, 5 500-ə yaxını Dünya Bankı vasitəsilə həyata keçiriləcək özünəməşğulluq proqramı, 300-ü sosial bağlar, 500-ü isə kommersiya bankları vasitəsilə həyata keçiriləcək.

  • Assosiasiya: “Azərbaycandakı bir sıra karxanalar fəaliyyətini dayandırıb”

    “Azərbaycandakı qum-çınqıl istehsalı ilə bağlı bir sıra karxanalar fəaliyyətini dayandırıb”.

    “Report” xəbər verir ki, bunu Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Niyaməddin İskəndərov bildirib.

    Onun sözlərinə görə, fasilə yataqlardan düzgün istifadə edilməməsi ilə bağlıdır: “Elə yataqlar var ki, onların istismarı ciddi problemlərə gətirib çıxara bilər, odur ki, onlar istismar edilmir. Məsələn, Quba rayonunda bəzi yataqlar var ki, sahibkarlar uzun müddətdir ki, bu yataqları əldə edib, ancaq heç bir fəaliyyət göstərmirlər. Ancaq bəziləri maddi-texniki baza formalaşdırıb istehsal qurublar. Bu sahə gəlirli sahələrdən biridir. Karxanalar vergi ödəyicisi kimi dövlətə töhfə verir”, – o deyib.

    “Karxanaların bağlı olması qiymət artımına səbəb olub. İlin əvvəlindən bu istiqamətdə müəyyən işlər görməyə çalışmışıq. Prosesin uzanmağı daha böyük qiymət artımına səbəb olacaq. Hazırda hərrac vasitəsilə təklif edilən ərazilər ənənəvi karxanaların yerləşdiyi ərazilərdən – Quba, Xaçmaz və İmişli rayonlarından uzaqdadır. Bu da qiymət artımının qarşısını almağa imkan vermir”.

  • Vətən müharibəsi qazisi dəfn olunub

    Vətən müharibəsi qazisi Ruslan Kazımov dəfn olunub.

    Mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbristanlığında torpağa tapşırılıb.

    Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, R.Kazımov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş kimi xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. R.Kazımov döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib. Qazi ötən gün vəfat edib.

  • Şəmkirdə toy təşkil edən və polisə yumruq atan restoran sahibi həbs edildi

    İyunun 22-də Şəmkir rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

    Şəmkir Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, rayon sakini Tural Zeynalov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Qala” restoranında iyunun 22-də saat 14 radələrində “Xüsusi karantin rejiminin tətbiq edilməsinə dair Qaydaları”nın karantin dövründə toy şənliklərinin qadağan olunması barədə tələblərini pozaraq həmin restoranda toy məclisinin keçirilməsini təşkil edib, onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışaraq öz xidməti vəzifəsini icra edən polis əməkdaşı Vüqar Qarayevə yumruqla zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə müqavimət göstərib .

    Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

    Tural Zeynalov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq davam edir.

  • Ukraynadan quşçuluq məhsullarının idxalına icazə verildi

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

    AQTA-dan “Report”a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Ukraynanın Vinnitsa vilayətində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

    Bununla əlaqədar, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələbləri nəzərə alınmaqla, AQTA tərəfindən Ukraynanın Vinnitsa vilayətindən Azərbaycana idxal olunan bütün növ diri quş və quşçuluq məhsullarının idxalına aprelin 16-dan tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, yüksək patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.

  • “Azərxalça” ASC-yə yeni sədr müavini təyin edildi

    “Azərxalça” ASC-nin İdarə Heyəti sədrinə müavin təyin edilib.

    Bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, bu vəzifəyə Ceyhun Əlibəyov təyinat alıb.

    Ceyhun Əlibəyov Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəsmxətt və rəsm müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə qrafik rəssam ixtisası üzrə təhsil alıb.

    Qeyd edək ki, Ceyhun Əlibəyov bundan əvvəl həm yerli, həm də beynəlxalq korporasiyalarda 15 il müddətində rəhbər vəzifələrdə çalışıb. “GlaxoSmithKline” (GSK) şirkətində müxtəlif vaxtlarda Azəbaycan və Gürcüstan nümayəndəliklərinin rəhbəri və MDB regionunda biznesin inkişafı üzrə koordinator kimi fəaliyyət göstərib.

    Ceyhun Əlibəyovun biznesin inkişafı üzrə strategiyanın yaradılması, layihələrin aparılması və həyata keçirilməsi, maliyyənin idarə edilməsi, satış və marketinq kimi sahələr üzrə böyük təcrübəsi var.

  • Bakıda usta özünü işlədiyi binanın 12-ci mərtəbəsindən yerə atdı

    Bakıda intihar hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, Nəsimi rayonunda çoxmərtəbəli binalardan birinin 12-ci mərtəbəsində mənzildə təmir işləri aparan Biləsuvar rayon sakini 56 yaşlı İlham Həsənov özünü pəncərədən ataraq intihar edib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar aparılır.

  • Rumıniya XİN başçısı: “Azərbaycan bizim üçün strateji tərəfdaşdır”

    “Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır və ikitərəfli əlaqələrimizin zəngin potensialı var”.

    “Report” xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku tvitterdə yazıb.

    Diplomat iyunun 25-26-da baş tutacaq Cənubi Qafqaz turu çərçivəsində avstriyalı və litvalı həmkarları Aleksandr Şallenberq və Qabrielius Landsbergislə birlikdə bu gecə Bakıya gəlib.

    “İndicə Bakıda eniş etdik. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərə hazırlaşırıq”, – rumıniyalı nazir qeyd edib.

    B. Aureskunun sözlərinə görə, səfər Aİ-Azərbaycan qarşılıqlı fəaliyyətinin əhəmiyyətini yenidən vurğulamaq üçün yaxşı imkan yaradır.

  • AVRO-2020-nin oyununu kosmik mərkəzdən izlədi

    Fransalı kosmonavt Toma Peske Avropa çempionatının Portuqaliya – Fransa görüşünü Beynəlxalq Kosmik Stansiyadan (MKS) canlı izləyib.

    Bu barədə Peskenin özü şəxsi tvitterində məlumat paylaşıb.

    “Fransa – Portuqaliya matçına baxıram. AVRO-2020-də qrupumuz elə də asan deyil. Lakin bu, matçlara yalnız maraq qatır” deyə o vurğulayıb.

    Qeyd edək ki, III tura təsadüf etmiş görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Nəticədə Fransa 5, Almaniya və Portuqaliya isə hərəyə 4 xalla 1/8 finala yüksəlib. 2 xala malik Macarıstan isə qrupda qalıb.