Month: June 2021

  • Vəkillərə 500 manat cərimə yazılması ilə bağlı Ali Məhkəmədən açıqlama

    “Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə cərimənin tətbiqinə ictimaiyyət tərəfindən narazılıq edilir. Burada əsas məqsəd kimisə cərimələmək deyil”.

    Bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, dəyişikliklə məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər:

    “Bu da əsassız vəsatətlərlə işin uzadılmasına nail olma hallarının qarısının alınması məqsədi daşıyır”.

  • Mülki Prosessual Məcəlləyə dəyişikliklər I oxunuşda qəbul edilib

    Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

    “Report”un xəbərinə görə, dəyişiklik layihəsi Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb.

    Dəyişikliklə Məcəlləyə yeni – 192.3-cü maddə əlavə edilir. Yeni maddəyə əsasən, uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılacaq. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Həmin şəxslər məhkəməyə sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilər.

    Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

  • Türkiyədə zəlzələ olub

    Türkiyədə 4 bal gücündə zəlzələ olub.

    Bu barədə ölkənin Fövqaladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, yeraltı təkanlar Muğla şəhərinin Datça rayonunda yerli vaxtla saat 12:21-də qeydə alınıb.

    Zəlzələnin ocağı yerin 4,3 kilometr dərinliyində olub.

    Hansısa dağıntı və tələfat qeydə alınmayıb.

  • Rusiyadan Azərbaycana qayıdan şəxs qətlə yetirilib

    Masallı rayonunda qətl hadisəsi törədilib.

    “Report”un Cənub Mərkəzinin xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin “Jildom” adlandırılan ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, öldürülən şəxs 40-45 yaşlarındadır. Uzun müddətdir Rusiyada yaşayırmış və bir neçə gün öncə Masallıdakı evinə qayıdıb.

    Qətl hadisəsi tapançadan açılan bir neçə atəşlə törədilib. Hadisənin qisas zəminində baş verdiyi söylənilir. Belə ki, öldürülən şəxs illər əvvəl özü də qətl törədibmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda məşğulluq xəritəsi hazırlanır

    Azərbaycanda “Əmək münasibətləri və məşğulluq” altsistemi və məşğulluq xəritəsi hazırlanır.

    Müəllifi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olan sənəd üzərində iş davam etdirilir.

    “Əmək münasibətləri və məşğulluq” altsistemi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reysterini özündə birləşdirəcək.

  • Bu il TANAP ilə Türkiyəyə 2,2 mlrd kubmetrdən çox qaz nəql olunub

    Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə təqribən 4,2 milyard kubmetr təbii qaz ixrac edilib.

    Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

    Məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 2,2 milyard kubmetrdən çox qaz nəql olunub.

    Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

  • Bu il Azərbaycanda 17 mlrd kubmetr qaz hasil edilib

    Bu ilin yanvar-may ayında Azərbaycanda 17 milyard kubmetr qaz hasil edilib.

    Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

    Məlumata görə, qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 8,4 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 3,2 milyard kubmetr qaz hasil olunub.

    Ötən ilin müvafiq dövrünə nisbətən 3,4 %, yəni 551,5 milyon kubmetr artımla qaz hasil edilib.

  • Azad olunan ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb

    İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə,iyunun 24-də saat 19 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 2 saylı Zobucuq qəsəbə sakini S.Quliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən saxlanılıb.

    Sürücü və sərnişinləri – həmyerliləri H.Səfəralıyev və Ə.Mahmudov Polis Şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.

    Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

  • Komitə sədri: “Pensiyalarla bağlı qanunvericiliyə dəyişikliklər ediləcək”

    “Pensiyalarla bağlı qanunvericiliyə dəyişikliklər ediləcək”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

    Komitə sədri bildirib ki, dəyişiklik layihələri parlamentdə müzakirəyə çıxarılacaq.

  • Britaniyadan gətirilən qovrulmuş şəkərli fındıq ləpəsi yararsız çıxdı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

    AQTA-dan “Report”a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı İngiltərədə fəaliyyət göstərən “Kanegrade Ltd İngredients House” şirkəti tərəfindən istehsal olunan və “AzFP CO LTD” MMC tərəfindən ölkəmizə idxal edilən qovrulmuş şəkərli fındıq ləpəsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 0.5 ton qovrulmuş şəkərli fındıq ləpəsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.