Month: July 2021

  • Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

    Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınların davam etməsi və bunun nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

    Parlamentin sədri öz adından və Azərbaycan Milli Məclisi adından yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

    “Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır. Dualarımız Sizinlədir” – məktubda deyilir.

  • Hadrutda İdarələrarası Mərkəzin 3 İşçi Qrupunun birgə iclası keçirilir

    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qruplarının Xocavənd rayonunun Hadrut qəsəbəsində birgə iclası keçirilir.

    Toplantıda işçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

    İclasda Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov, nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun rəhbəri Rəhman Hümmətov, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qrupun rəhbəri Fərəh Əliyeva iştirak edirlər.

    Toplantıda həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərsalma, nəqliyyat və telekommunikasiya infrastrukturu layihələrinin icra vəziyyəti, mədəni irsin və tarixi-mədəniyyət abidələrinin qorunması, Ağdam və Şuşa şəhərlərində tarixi mədəniyyət abidələrinin bərpası məsələlərinə dair müzakirələr aparılıb.

    Xatırladaq ki, bütün İşçi qruplar 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində olan İdarələrarası Mərkəzdə fəaliyyət göstərir.

  • Futbolçuları daşıyan avtobus partladılıb, 4 nəfər ölüb

    Somalinin Kismayo şəhərində futbolçuları daşıyan avtobus partladılıb.

    “Report”un SNTV-yə istinadən məlumatına görə, terror hadisəsi nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

    Partlayışa yola qoyulmuş partlayıcı maddənin işə salınması səbəb olduğu iddia edilir.

    Hələlik hadisənin səbəbi açıqlanmayıb.

  • Deputat Eldəniz Səlimovun məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılır

    Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb.

    Sessiyanın ilk plenar iclasının avqustun 3-də keçilməsi nəzərdə tutulur.

    İclasda deputat Eldəniz Səlimovun məsələsi müzakirə olunacaq.

    Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

    Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

    Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

  • TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib

    “Əgər Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, bəlkə də koronavirus bu qədər təsiredici olmayacaqdı. Çünki koronavirus hava-damcı yolu ilə yoluxan xəstəlikdir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

    Onun sözlərinə görə, öncədən hava-damcı yolu ilə keçən xəstəliklərdə izolyasiya qaydaları tətbiq edilsəydi, bəlkə də mövcud proqramda çox da dəyişiklik olmayacaqdı: “Pandemiya böyük təkan verdi ki, proqramda ciddi dəyişikliklər edilsin. Artıq xəstəxanalarda ən azından içəri daxil olan və ya çıxan xəstələrə qarşı ilkin izolyasiya tədbiri tətbiq edilir. Amma əvvəl bunu bu dərəcədə düşünmürdük. İndi bu məsələyə ciddi yanaşılır”.

  • Səlçuk Bayraktardan Türkiyədəki meşə yanğınlarına dair AÇIQLAMA

    Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ulaş Karasunun ittihamına münasibət bildirib.

    Xatırladaq ki, CHP-nin Türkiyə parlamentindəki üzvü ölkədəki meşə yanğınlarına münasibət bildirərkən “Yanğınlar zamanı İHA-lar (pilotsuz uçuş aparatları – red.) harada idi?” fikrini ifadə edib.

    Səlçuk Bayraktar isə şəxsi “Twitter” səhifəsində parlamentarinin ittihamına cavab verib.

    O qeyd edib ki, bəziləri yandırmağın dərdində olarkən digərləri ölkəni yanğından qorumağa çalışır.

    “Hal-hazırda altı “BayraktarTB2” PUA-mız komandamızın üzvləri ilə birgə 7/24 xidmətdədir. 2020-ci ildə 345, son 60 gündə isə 86 yanğın hələ ilkin alışma mərhələsində müəyyən edilib. Biz meşələri qorumaq üçün var gücümüzlə işləməyə davam edəcəyik. Bəs siz?”, – Səlçuk Bayraktar onların şirkətinin fəaliyyətinə kölgə salmağa çalışan deputata cavabında vurğulayıb.

  • Hacıqabulda yol qəzasında bir nəfər ölüb, beş nəfər xəsarət alıb

    Hacıqabulda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report” xəbər verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

    Belə ki, “VAZ-2106” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zeyəddin oğlu hadisə yerində dünyasını dəyişib.

    Sürücünün avtomobildə olan övladları – 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Qocayeva Pərvin Qabil qızı və 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, “Hyundai”nin sürücüsü, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyə hərbçiləri daha 2 terrorçunu zərərsizləşdirdi

    Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyat zonasında 2 PKK terrorçusunu zərərsizləşdirib.

    Иu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, xüsusi dinləmələr nəticəsində onların əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyənləşib.

  • Karantin qaydalarını pozaraq şənlik keçirənlər cərimələndi

    Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xəlfələr kəndində karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy şənliyinin keçirilməsi müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məclisin sahibi Şabran rayon sakini Fərhad Əzimova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

    Rayon Polis Şöbəsi əməkdaşları həyətdə təşkil olunan məclisin təşkilatçısı barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.

    Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Sarıcalar kəndi ərazisində yerləşən “Arzu” şadlıq sarayında icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib.

    Polis əməkdaşlarının tərəfindən daha bir qayda pozuntusu rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində keçirilən toy məclisində də aşkarlanıb.

    Belə ki, ev sahibi M.Kərimovun təyin olunan qaydaları pozaraq evinin həyətində 70 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

    Aşkarlanan hər iki qayda pozuntusu ilə bağlı inzibati qaydada tədbirlər görülüb.

  • Azərbaycanda dəhşətli cinayət: Taksi sürücüsünü öldürüb basdırdılar

    Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü – Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub.

    “Report”un xəbərə görə, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Saxlanılan şəxs qətlə yetirdiyi İ.Cavadovun basdırdığı yeri göstərib.

    Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Meyitin ekshumasiya olunaraq aidiyyəti üzrə təhvil verilməsi gözlənilir.

    Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-dən etibarən yaxınları tərəfindən axtarılıb. Sonradan hadisə ilə bağlı polisə müraciət edilib.