Month: July 2021

  • Qazilərin avtomobillərlə təmini prosesi həyata keçirilir

    Sosial Xidmətlər Agentliyi olaraq Qarabağ qazilərinin fərdi avtomobillərlə təmin edilməsi prosesini də həyata keçiririk.

    Median.Az Trend-ə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında deyib ki, 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib.

    Onun sözlərinə görə, avtomobil təminatı baxımından bu günə olan ümumi statistika 7250-dir. 2021-ci ildə isə ümumilikdə, 160-a yaxın avtomobilin verilməsi hədəflənib.

  • İranda ən böyük tunel istifadəyə verilib

    Bu gün (29 iyul) İranın Tehran-Şimal magistral yolunun Əlborz vilayəti hissəsində ən böyük tunel hesab olunan 6,5 km uzunluğunda tunel və əlaqədar avtomagistral yol istifadəyə verilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi bu gün İranda bir sıra yol və dəmiryolu xətlərinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə deyib.

    X.Xademinin sözlərinə görə, ümumilikdə 22 km uzunluğunda olan bu tunel və əlaqədar magistral yolun inşası üçün 40 trilyon rialdan (təxminən 952 milyon dollar) çox vəsait xərclənib.

    Xademi əlavə edib ki, Tehran-Şimal magistral yolunun 32 km uzunluğunda olan birinci hissəsi 2020-ci ilin fevral-mart aylarında istifadəyə verilib.

    Nazir müavini bildirib ki, Tehran-Şimal magistral yolunda tunel və əlaqədar magistral yolun istifadəyə verilməsi ilə məsafə 45 dəqiqə azalıb.

    Qeyd edək ki, Tehran-Şimal magistral yolu Tehran vilayətini İranın şimalında yerləşən Mazandaran vilayətinin Çalus şəhərinə birləşdirir. Bu magistral yol 4 hissədən ibarətdir. 1-ci hissənin uzunluğu 32 km, ikinci hissənin uzunluğu 22 km, 3-cü hissənin uzunluğu 47 km, 4-cü hissənin uzunluğu isə 20 km-dir. 4-cü hissə 2015-ci ildə istismara verilib. İranda istirahət vaxtlarında İranın şimal bölgələrinə səfərlərin artdığı nəzərə alınaraq bu magistral yolun çəkilməsi diqqət mərkəzində durur.

  • Ermənistanda bir qrup şəxs valyuta mübadiləsi məntəqəsinə basqın edib

    Ermənistanın paytaxtı Yerevanın mərkəzində valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

    “Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

    “İyulun 29-da bir neçə nəfər zorla Yerevanın Amiryan küçəsində kreditlərin verilməsi və valyuta mübadiləsi məntəqəsinə girib və qumbara ilə hədələyərək, əməkdaşlardan pul tələb ediblər. Onlar müqavimətlə qarşılaşaraq, qaçmağa üz qoyublar”, – komitənin saytında deyilir.

    “Hadisə yerində cinayətkarlardan birinin maskası və döyüş qumbarası aşkarlanıb. Zərərçəkmiş və şahidlər də daxil olmaqla, bir neçə nəfərin ifadəsi alınıb. Ekspertiza təyin edilib”, – komitədə bildiriblər.

    Qeyd edilir ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb. Cinayətkarları 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

  • Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tərəflər üçtərəfli bəyanatların icrası ilə bağlı və bölgədəki cari vəziyyətə dair fikir mübadiləsi aparıblar.

    Aİ-nin xüsusi nümayəndəsi iki dövlətin sərhəd bölgəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.

    C.Bayramov son günlərdə Ermənistan tərəfindən iki dövlətin sərhəd bölgəsində təxribatlar törədildiyi, bunun nəticəsində 23 iyul tarixində bir azərbaycanlı hərbi qulluqçunun şəhid olduğu, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralandığı barədə məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin bu hərbi təxribatlara cavab tədbirləri həyata keçirdiyi və Azərbaycanın beynəlxalq sərhədlərini qoruduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

    Ermənistanın belə bir məsuliyyətsiz davranışa son verməli olduğu, üzərinə götürdüyü öhdəliklərə riayət etməli olduğu vurğulanıb.

    Azərbaycanın sərhəd gərginliyində maraqlı olmadığı və bu məsələlərin diplomatik yolla həllinin tərəfdarı olduğu Aİ xüsusi nümayəndəsinin diqqətinə çatdırılıb.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Braziliyaya qar yağıb – VİDEO

    Braziliyaya çatan soyuq hava dalğası ölkənin ən cənub əyaləti olan Riu-Grande-du-Sul bölgəsinə qar yağması ilə nəticələnib.

    Bu barədə yerli G1 portalı xəbər verib.

    Bildirilir ki, ştatın azı 13 şəhərinə qar yağıb, bəzi bölgələri isə dolu vurub.

    Meteoroloqların fikrincə, Braziliyada aşağı temperatur və qar yaxın günlərdə davam edəcək.

  • İbrahim Kalın: “Meşə yanğınları milli fəlakətdir”

    Meşə yanğınları milli fəlakətdir”.

    Bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında paylaşıb.

    “Bütün qurumlarımız əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır. Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır. Çalışmalar fasiləsiz davam etdiriləcək” – Kalın qeyd edib.

  • Rusiyada son sutkada COVID-19-dan 799 nəfər öldü

    Rusiyada son sutka ərzində daha 23 270 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

    Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 6 218 502 nəfərə çatıb.

    Son sutka ərzində 799 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 156 977 nəfərə çatıb.

  • Makron onu Hitlerə bənzədən şəxsi məhkəməyə verib

    Söz və ifadə azadlığı haqqında bar-bar bağıran Fransa prezidenti Emmanuel Makron bu demokratik dəyərin onun üçün əslində nə dərəcədə qiymətli olmasını öz davranışı ilə bir daha nümayiş edib.

    Belə ki, dövlət başçısı onun plakatını hazırlayan Mişel Anj Florini məhkəməyə verib.

    Bu barədə “France Bleu” radiosu məlumat yayıb.

    Məlumata əsasən, Makron Florini “prezidentə qarşı ictimai təhqir”də ittiham edib. Var vilayətində reklam lövhələri şəbəkəsinin inzibatçısı kimi çalışan Mişel artıq polis idarəsinə çağırılıb və ifadəsi alınıb.

    Qeyd edək ki, bir həftə öncə Flori Makronun karikatura plakatını hazırlayıb. Plakatda fransa prezidenti Hitlərə bənzədilib.

    Tulon və Seyne-sur-Mer bölgələrində yol kənarlarını bəzəyən plakatlara, həmçinin “İtaət et, peyvənd ol!” şüarı da həkk olunub.

  • Həyətində çətənə yetişdirən şəxs saxlanıldı – VİDEO

    Ağcəbədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Kəhrizli kənd sakini Namiq Nəsirov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

    Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən rayonun Bilağan kənd sakini İlham Şirinli də saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə həyətyanı sahədən 19 ədəd kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana aşkarlanıb.

    Faktlarla bağlı Ağcəbədi rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

  • Namiq Qaraçuxurlu “Netflix”də seriala çəkiləcək

    Meyxanaçı Namiq Qaraçuxurlu bundan sonra Türkiyədə şirkətlə çalışacaq.

    Median.Az axşam.az-a istinadən bildirir ki, sənətçi Azərbaycanda verilişlərə qatılmaq üçün onlardan icazə alacaq. Bu haqda “10-da görüşək” verilişində danışan Namiq bunları əlavə edib:

    “Verilişə gəlməzdən əvvəl orada prodakşına göstərirəm, icazə alıram. Elə bilirlər burada pul yığıb, Türkiyədə xərcləyirəm. Yox, burada qazandığımı bura verirəm. Orada dostlarım təklif etdi, mən də razılaşdım. Fərqlilik olur və keyfiyyət yaxşıdır. Orada filmə də çəkiləcəm. Çalışdığım studiya “Netflix”də seriallar çəkir. Onlardan birində çəkilmə planım var.

    Orada aktyorluq təcrübəmdən istifadə edəcəm. Türkiyəyə gedəndə otelə qədər prodaqşın etdi. Hətta biletimi də alırdılar, imkan vermədim ki, özüm də nəsə edim”.

    Namiq pandemiya vaxtında maddi sıxıntı yaşamadığını söyləyib:

    “6-7 ay fəaliyyətimə fasilə verdim. Çoxu deyirdi ki, onsuz toy yox idi, nə edəcəkdin? Amma deyim ki, pandemiya vaxtında normal pul qazandım. Şəxsi dəvətlər olurdu: kiminsə övladının ad günü olub, mahnı yazmışam. Hədiyyə istəyiblər, bəstələmişəm. Allah ruzimi hər zaman verib. Pandemiyada ev də təmir etdim, başqa şey də”.

    Qızı Saranın görüntüsünü İnstaqramda yayımlayan Qaraçuxurlu “İlk səbəb odur ki, özü istəmirdi. Balaca olanda deyirdim, böyüsün, soruşum özündən. İndi isə istəyir. Özü də nələrsə çəkir. İndi istəyirəm yayımlayım. Hərdən içimdən gəlir xoş hissləri paylaşım. Birdən nəsə pis şərh yazarlar. Əgər onu götürməyəcəmsə, niyə paylaşım?” deyə, əlavə edib.