Month: July 2021

  • Palçıq vulkanları necə əmələ gəlir?

    Televiziyada partlayışa dair videoları görəndə bildim ki, bu, ancaq palçıq vulkanı ola bilər. Çünki həmin ərazidə qazıntı işləri o qədər də aparılmır.

    Bunu trend-ə açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib. Onun sözlərinə görə, Xəzər dənizi, Abşeron yarımadası, Qobustan, ümumilikdə Azərbaycan ərazisi üçün palçıq vulkanlarının püskürməsi normal haldır:

    “Çünki cənub-şərqi Qafqaz palçıq vulkanlarının məskəni sayılır. Dünyanın digər yerlərində də palçıq vulkanları var. Bunlar əsasən neft-qaz yataqlarının indiqatorlarıdır. Azərbaycanda palçıq vulkanları əsasən Qobustan-Abşeron, cənub-şərqi Şirvan, bir də Xəzərin şelf, yəni sahil zonalarında yerləşir. Azərbaycanda ən hündür palçıq vulkanı “Torağay”dır. Qobustan rayonu ərazisində yerləşir. Bundan başqa, “Axtarma-Paşalı”, “Lökbatan”, “Boz Qobu”, “Çeyldağ”, “Qoturdağ”, “Bozdağ” kimi məşhur palçıq vulkanlarımız da var. Azərbaycanda palçıq vulkanları təxminən 4-6 kilometr dərinlikdə yerləşir”.

    Ə.Əliyev palçıq vulkanlarının püskürməsinin səbəblərini də açıqlayıb: “Yerin müəyyən qatında metan qazı yığılır, bəzi sahələrdə isə sulu qatla təmasa keçir və təzyiq nəticəsində bu qaz partlayışa səbəb olur. Nəticədə böyük qaz axını ilk anda alışır, əmələ gəlmiş qıfda palçıq ətrafa yayılmağa başlayır. Abşeron ərazisində konusvari çox sayda belə vulkan görmək olar. Ən vacibi odur ki, Xəzər dənizindəki adaların əmələ gəlməsində bu vulkanların rolu var. Bəzən palçıq vulkanları püskürəndə alovun hündürlüyü 500 metrə qədər qalxa bilir. Bu zaman orada 100-1200 dərəcəyə qədər istilik yaranır. Sonra da təbii ki, ətrafa ağır fraksiyalı gil yayılmağa başlayır”.

  • Bakıda ağır qəza: Maşın dərəyə aşdı

    Bakı Dairəvi yolunun Lökbatan istiqamətində ağır yol nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

    Bildirilib ki, hadisə zamanı minik avtomobili dərəyə aşıb.

    Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

  • Deputat: Evlənən cütlüklərdən nikah müqaviləsi tələb olunmalıdır

    Toyların keçirilməsinə müəyyən qadağalarla da olsa, icazə verildi. Uzun zamandır “Vağzalı” səsinə, rəqs havalarına, şənliyə, sadyanalığa həsrət qalmışdıq.
    Toy insan həyatının ən unudulmaz günü, hətta ömür yolunun zirvəsidir desəm, yanılmaram. Toyla ömrün bir fəsli bitir, digər fəsli və çətin hissəsi başlayır. Toy əslində ən asanıdır, çətin olan qurulan ailəni qorumaqdır.

    Hanısa bir dahinin deyimiydi bu: “Toydan sonra xoşbəxtlik uğrunda müharibə başlayır”. Bütün evliliklər sona qədər davam edəcək deyə bir şərt də yoxdur, evlənmək qədər boşanmaq da insanların haqqıdır. Lakin təəssüf ki, Azərbaycanda sivil qaydalarla boşanma, boşandıqdan sonra tərəflərin bir-birləri ilə ünisyyəti normal şəkildə saxlaya bilmək mədəniyyəti çox az yayılıb. Nəsillikcə evlənib, nəsillikcə də düşmən düşürük. Elə məhz gələcəkdə olacaq hansısa xoşagəlməz məqamların aradan qaldırılması üçün Avropada lap çoxdan nikah müqavilələri mövcuddur. Azərbaycana da bu anlayış yad deyil. Lakin gəl gör ki, sən hansı evlənən qızın ailəsinə “nikah müqaviləsi imzalayaq” sözünü işlədə bilərsən. İlk cavab bu olacaq: “Boşanmaq üçün evlənirlər?”. Həyatın işini öncədən kim bilir. Nikah müqaviləsi əslində bəyi də, gəlini də qorumaq , gələcəklərini qarantiya altına atmaq deməkdir. Bu müqavilənin olmaması boşanmalar zamanı çoxlu sayda problemlərin yaranmasına, bir-birini sevən cütlüklərin sonradan bir-birinə qəzəb və nifrət püskürməsinə, cütlüklərin ailələri arasında əmlak davalarına gətirib çıxarır. Ona görə də hesab edirəm, necə ki, evlənən cütlüklərdən tibbi müayinə, sağlamlıq kağızı tələbi məcburidir, o qaydada nikah müqaviləsi də tələb olunmalıdır.

    Bəs nikah müqaviləsi nədir? Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir, təbiətinə görə mülki müqavilənin bir növüdür. Nikah müqaviləsi mülki müqavilələrdən fərqli olaraq ailə qanunvericiliyində əksini tapıb. Nikah müqaviləsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt yazılı formada və notariat qaydasında dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Düşünülənlərin əksinə olaraq, nikah müqaviləsinin mövcudluğu bir sıra hallarda tərəfləri nikahın pozulmasından çəkindirə bilər.

    Millət vəkili Sədaqət Vəliyeva məsələ ilə bağlı bizimyol.info-ya danışarkən nikah müqavilələrinin bağlanmasının məcburi hala çevrilməsinin arzuedilən olduğunu bildirib.

    Sədaqət Vəliyeva Sədaqət Vəliyeva
    “Ölkədə boşanmaların sayı ildən-ilə artır. Bunun səbəbləri müxtəlif olsa da, əsasən mənəvi-psixoloji problemləri qeyd etmək istərdim. Boşanmalar artır, aliment məsələsi də dönüb olur başqa bir problem. Belə olanda həm ailə institutu zəifləyir, həm də həddən çox sosial problemlər yaranır. Uşaq ataları aliment ödəməmək üçün müxtlif bəhanələr uydururlar. Hətta elə atalar var ki, aliment ödəməmək üçün məhkəmələrə saxta işsizlik, dəlilik kağzıları təqdim edirlər. Əgər bu gün deputat qərargahına müraciət edən hər 10 nəfərdən 2-si aliment ala bilməməkdən şikayətlənirsə, demək, problem var və həllini gözləyir. Problemin həlli ilk olaraq ailənin qorunmasından başlamalıdır. Nikah müqaviləsi məcburi xarakter daşımalıdır. Nikah müqaviəsi nə utancverici haldır, nə də bizim insanların düşündüyü kimi bəd niyyətlilikdir. Biz nikah müqaviləsinin mahiyyətini izah eləməliyik, təşviq olunmalıdır. Ədliyyə Nazirliyinin müvafiq şöbəsi araşdırıb görsün, il ərizndə neçə nikah müqaviləsi imzalanıb və bu müqaviləni bağlayanlardan neçəsi boşanıb. Mən bu günlərdə VVAQ bürosuna müracüət etdim, məlum oldu ki, evlənənlərdən cəmi iki nəfər nikah müqaviləsi bağlayıb, onlar da xaricdə təhsil almış gənclərdir. Deməli, orada bu prosesə daha məntiqlə yanaşılır. Boşanma prosesinə düşünülmüş yanaşılmalıdır. Ailələrin dağılmamasının qarşısının alınması, uşaqların psixoloji zərbələr almaması üçün kompleks tədbirlər işlənilib hazırlanmalıdır. Boşanma prosesini mürəkkəbləşdirmək, ailə məsləhətxanalrının fəaliyyətini gücləndirmək lazımdır. Həmin məsləhətxanalar bu gün qapısı bağlı idarələrdir. Telekanallara ailədaxili münaqişələri işıqlandırmaq qadağan edilməlidir. Ailə məhkəmələri ayrı olmalıdır. Türkiyədə ailə məhkəmələri ayrıca fəaliyyət göstərir. Ailə dövlətin əsasıdır, ailələrin zəif olması başıpozuq bir cəmiyyət deməkdir”,- deyə xanım deputat qeyd edib.

  • Azərbaycanda 6 il əvvəl baş vermiş dəhşətli qətlin üstü açıldı

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

    Birgə məlumatda deyilir:

    “Prokurorluq və polis orqanlarının əsas prioritet istiqamətlərindən biri – ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində 06.07.2015-ci il tarixdə 1956-cı il təvəllüdlü, Ağsu rayon sakini, avtoyuma yerində işləyən Babayev Sahib Babaxan oğlunun Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmamışdır.

    Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 1963-cü il təvəllüdlü Ağsu rayon sakini Gözəlov Vahid Qəmbər oğlu 18.06.2015-ci il tarixdə, saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısı evinə gedərkən, sonuncunun torpaq sahəsinin giriş qapısının bir qədər aralı olmasından şübhələnib oradan içəri daxil olub ağacın altında Sahib Babayevi oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gələrək, Sahib Babayevin sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxmış, sonuncunun başının daş hasara dəyməsini, yerdə oturaq və huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, qərar verdiyi cinayətkar niyyətini reallaşdırmaq üçün yaxınlıqda olan sintetik ipi götürərək Sahib Babayevin boğaz nahiyəsinə keçirib boğub öldürmüş, sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salıb Ağsu çayının kənarına aparıb qoyub.

    Vahid Gözəlov istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı dindirilərkən törətdiyi cinayət əməlini səmimi etiraf edib.

    İyulun 5-də Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Sabah 39 dərəcə isti olacaq

    İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

    İyulun 7-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 7-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib

    Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Azərbaycana səfərə gəlib.

    “Report” xəbər verir ki, o, səfər çərçivəsində Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

    Nazir Bakıda Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

    Səfər zamanı həmçinin Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılır.

  • FTX-nin xüsusi əməliyyatının detalları: Altı terrorçu öldürüldü, ikisi saxlanıldı – VİDEO

    Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkədə terror aktları planlaşdıran dəstənin zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyatın detallarını açıqlayıb.

    Bu barədə “RİA Novosti” yazıb.

    Əməliyyat zamanı altı terrorçu məhv edilib, ikisi saxlanılıb. Terrorçuların İŞİD üzvləri olduğu qeyd olunub. Onların Moskva, Həştərxan və Kabardin-Balkar bölgəsində silsilə terror aktları törətməyə hazırlaşdığı qeyd olunur.

  • Bakıda qadın soyuldu

    Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə iyulun 2-də Bakı şəhər sakini S.Yolçuyevanın içərisində 340 manat, 10 avro, 100 ABŞ dolları, sənəd və təqaüd kartı olan pulqabısının soyğunçuluq yolu ilə talanması barədə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılıb.

  • “Azərişıq” ASC-nin əməkdaşı iş başında öldü

    Bakıda montyor iş başında ölüb.

    Hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.

    Məlumata görə, “Azərişıq” ASC-nin Sabunçu Rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşı, 36 yaşlı Elçin İbadov işıq dirəyindən yıxılıb.

    O, yerindəcə keçinib.

    Faktla bağlı Sabunçu Rayon prokuroruluğunda araşdırma aparılır.

  • Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq

    Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.

    Bunu Trend-ə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

    Onun sözlərinə görə, bunun üçün Türkiyə təmənnasız olaraq Azərbaycana 1 milyon ədəd ağac tingi verəcək:

    “Eyni zamanda Cəbrayılda Təlim Tədris Mərkəzi və böyük tinglik də salınacaq. Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq.

    Burada eyni vaxtda 50-yə yaxın insanın qalması üçün şərait yaradılacaq”.