Month: July 2021

  • Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Məcəlləsinə son dəyişiklikləri şərh edib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin müdiri Elvin Novruz Əmək Məcəlləsinə son dəyişikliklə bağlı APA-ya müsahibə verib.

    – Əmək Məcəlləsinə son dəyişikliklərə əsasən, qanunvericiliyə bəzi yeniliklər edilib. Yeniliklərə görə işəgötürən və işçi arasında əmək münasibətləri yaranarsa, bu halda onlar arasında mülki-hüquqi müqavilə bağlana bilməz. Hansı hallarda mülki-hüquqi müqavilə bağlanması qadağandır?

    – İki şəxs arasında əmək münasibətləri yaranıbsa, bağlanılmalı olan müqavilə əmək müqaviləsidir. Bəzən xidmət münasibəti ilə əmək münasibəti arasındakı cizgi qarışdırılır. Əmək Məcəlləsinə edilən son dəyişiklikdə əmək münasibətinin izahı geniş verilib.

    Belə ki, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir.

    Əgər müqavilədə işçi və işəgötürən barədə ətraflı məlumat verilirsə, müqavilədə işçinin iş yeri, vəzifəsi, peşəsi, müqavilənin müddəti, işçinin əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı, məzuniyyətin müddəti və vaxtı göstərilirsə, bu, əmək müqaviləsi bağlanması deməkdir.

    Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, bu münasibətlər yalnız əmək müqaviləsi ilə tənzimlənməlidir. Qısası, hər hansı şəxs qarşı tərəfə onun əsas fəaliyyət sahəsi üzrə xidmət göstərirsə, işlər yerinə yetirirsə, mütləq əmək müqaviləsi bağlanmalıdır.

    Ümumiyyətlə qanunvericilikdə mülki-hüquqi müqavilələrin bağlanması tam qadağan olunmayıb, sadəcə reqlamentləşdirilib.

    – Dəyişikliklərdə qeyd olunub ki, mülki-hüquqi müqavilənin müddəti qurtardıqda tərəflər aralarındakı münasibəti davam etdirərsə, bu, artıq əmək münasibəti hesab olunur. Yəni tərəflər ikinci dəfə mülki-hüquqi müqavilə bağlaya bilməz? Cavabı nümunə ilə izah edə bilərsiniz?

    – Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun tənzimləndikdə, bu, əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bildiyiniz kimi, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

    İki şəxs, işlərin yerinə yetirilməsini istəyən şəxs və xidmətlər yerinə yetirən şəxs arasında münasibətlərin yerinə yetirilməsi hansısa müddətdə yekunlaşmırsa, belə çıxır ki, bu iş və ya xidmət artıq daimi xarakterli və ya artıq işləri gördürmək istəyən şəxsin fəaliyyətinə uyğun işlərdir ki, bu da artıq əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir.

    Hətta elə məqamlar ortaya çıxır ki, hər hansı bir sahibkarlıq subyekti tərəfindən hər hansı bir şəxslə bağlanan müqavilədə konkret vəzifə müəyyən edilir. Məsələn, iaşə obyektlərində müştərilərə xidmət göstərən şəxslərlə – deyək ki, restoranda işləyən ofisiantlarla mülki-hüquqi müqavilələrin bağlanması qəbuledilməzdir. Çünki həmin ofisiantların o iş yerində yerinə yetirdiyi iş həmin iş yerinin fəaliyyət sahəsinə aid işdir. Lakin həmin iaşə obyektində hər hansı bir usta işi və ya layihələndirmə işləri gördürüləcəksə və həmin xidmətlərdən istifadə ediləcəksə, bu halda o işlərlə məşğul olan digər üçüncü şəxslərin xidmətlərindən istifadə edilməsi məqsədilə mülki-hüquqi müqavilələr bağlanıla bilər. Bu da tərəflər arasında mülki münasibətlərdir.

    Konkret vəzifə, peşə adı varsa, burada mülki-hüquqi müqavilədən söhbət gedə bilməz. Eyni ilə də sizin işinizlə bağlı deyə bilərəm ki, Mətbuat Mərkəzlərində mətbuat nümayəndəsi ilə mülki-hüquqi müqavilə bağlamaq olmaz, çünki bu iş yerinin əsas fəaliyyət sahəsi məhz bu işdir, burda daimi iş münasibəti var.

    – Tərəflər əmək münasibətində olduğu halda, mülki-hüquqi müqavilə bağlanıbsa, bu necə aşkar edilir? Bununla bağlı hansı tədbirlər görülür? Qanunda bu halla bağlı nə qədər cərimə nəzərdə tutulur?

    – Daxil olmuş şikayətlər və məlumatlar əsasında araşdırma aparılır və əgər hər hansı bir formada qanunvericiliyin pozulması halı aşkarlanırsa, bu halda müvafiq tədbirlər görülür. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

  • Formula-1 üzrə Avstraliya Qran-prisi ləğv edildi

    2021-ci ilin Formula-1 üzrə Avstraliya Qran-prisi koronavirus pandemiyası səbəbi ilə ləğv ediləcək.

    Bu barədə “Agence France-Presse” məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, Formula-1 iştirakçıları Avstraliya hökumətinin ölkəyə səfər edən şəxslərin 14 günlük məcburi karantin tələbi ilə qarşılaşıblar.

    Həmçinin oktyabr ayında keçirilməsi nəzərdə tutulan Dairəvi-Şose Motoyarışı üzrə Dünya Çempionatının Avstraliya mərhələsi də ləğv ediləcək.

    Xatırladaq ki, Formula 1 üzrə Avstraliya Qran-Prisi 19-21 Noyabr tarixlərində keçirilməli idi.

  • Bakıda 10 yaşlı uşağı avtomobil vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, avtomobil yolunu keçən 2011-ci il təvəllüdlü Əlizadə Nuray Elman qızını vurub.

    Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüklərinin sınığı diaqnozları qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Lvov-Bakı-Lvov marşrutu üzrə birbaşa uçuşlara başlanıldı

    “SkyUp” aviaşirkəti Ukraynanın Lvov şəhərindən Bakıya birbaşa uçuşlara başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.

    Məlumata əsasən, bu marşrut üzrə ilk reys iyulun 4-ü həyata keçirilib.

    Bildirilir ki, Lvov şəhərindən Bakıya uçuşlar həftədə 1 dəfə olmaqla bazar günləri, Bakıdan Lvov şəhərinə uçuşlar isə bazar ertəsi günləri həyata keçiriləcək.

  • Xocalı Polis Şöbəsinə yeni rəis müavini təyin edilib

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, polis mayoru Rəşad Salahov Xocalı rayon Polis Şöbəsinin rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, R.Salahov daha öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

  • Sumqayıtda təkər maşından çıxaraq qadına çırpıldı

    Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində baş verib.

    Hərəkətdə olan “VAZ 21099” markalı avtomobilin ön sol təkəri yerindən çıxaraq xiyabanda ağacları sulayan 1963-cü il təvəllüdlü Şəmayıl Səfərovaya dəyib.

    Ağır bədən xəsarətləri alan 58 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • FTX-nin xüsusi əməliyyatının detalları: Altı terrorçu öldürüldü, ikisi saxlanıldı – VİDEO

    Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkədə terror aktları planlaşdıran dəstənin zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyatın detallarını açıqlayıb.

    Bu barədə “RİA Novosti” yazıb.

    Əməliyyat zamanı altı terrorçu məhv edilib, ikisi saxlanılıb. Terrorçuların İŞİD üzvləri olduğu qeyd olunub. Onların Moskva, Həştərxan və Kabardin-Balkar bölgəsində silsilə terror aktları törətməyə hazırlaşdığı qeyd olunur.

  • Şirvanda avtomobil yaşlı qadını vurdu

    Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

    Belə ki, Şirvan şəhər sakini, 1946-cı il təvəllüdlü Bədəlova Mina İmamverdi qızı yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

    Qəza nəticəsində yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəni törədən sürücü M. Bədəlovanı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mourinyo Ronaldu ilə xoşagəlməz xatirəsini danışdı

    Portuqaliyalı məşqçi Joze Mourinyo “Real”da birlikdə çalışdıqları zaman Kriştianu Ronaldu ilə bağlı xoşagəlməz məqamları açıqlayıb.

    Bu barədə Gazeta.ru yazıb.

    Mourinyo eqolu oyunçuları sevmədiyini, şəxsi məqsədləri komandadan üstün tutan futbolçularla həmişə problem yaşadığını qeyd edib.

    “Biz iki heç-heçədən sonra “Valensiya” ilə oynayırdıq. Ronaldu Joau Pereyranı keçmək istəyəndə topu itirdi, rəqib az qala fərqlənəcəkdi. Oyundan sonra mən ona dedim ki, iki heç-heçədən sonra 2:0 hesablı qələbə 2:1-dən fərqlənir. Dediklərim onun xoşuna gəlmədi”, – deyə məşqçi bildirib.

  • Qazaxda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların hamısı bir ailənin üzvləridir – YENİLƏNİB

    Qazaxda avtobusun aşması nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub.

    APA-nın yerli bürosunun məlumatın görə, xəsarət alan şəxslər – 1986-cı il təvəllüdlü İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, 1998-ci il təvəllüdlü İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilov Yusif Tahir oğlu, azyaşlı İbrahimxəlilova Mehriban Tahir qızı, azyaşlı İbrahimxəlilov Pənah Mehman oğlu, 2020-ci il təvəllüdlü İbrahimxəlilova Mədinə Mehman qızı və 7 yaşlı İbrahimxəlilova Nərmin Natiq qızıdır.

    Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.

    ***

    Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

    Hərəkətdə olan “Sprinter” sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

    Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı ikisi uşaq olmaqla, yeddi nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Hadidə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.