Month: July 2021

  • Türkiyə HHQ komandanı Azərbaycana səfərə gəlib

    Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı, ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

  • Azərbaycan Praqadakı mədəniyyətlərarası festivalda təmsil olunub

    Ölkəmizi təmsil edən həmvətənlərimiz Praqada yerləşən mədəniyyətlərarası festivalda iştirak ediblər.

    Bu barədə Oxu.Az Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Beynəlxalq Təbiət Dostları təşkilatının könüllüsü Xədicə Əliyevanın təşəbbüsü və Çexiyadakı Azərbaycan icmasının təşkilatçılığı ilə ölkəmiz Çex Respublikasında keçirilən XV “RefuFest” mədəniyyətlərarası festivalında təmsil olunub.

    Müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda Azərbaycanla yanaşı, Belarus, Ekvador, Qvatemala, İtaliya, Kolumbiya, Qırğızıstan, Meksika, Almaniya, Pakistan, Fələstin, Slovakiya, Suriya, Rusiya Federasiyasının Tatarıstan və Çeçenistan Respublikaları, Ukrayna, Vyetnam və digər ölkələrin nümayəndələri iştirak ediblər.

    Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və çex dillərində kitablar, suvenirlər nümayiş etdirilib, milli mətbəx nümunələri təqdim olunub. Milli geyimdə ziyarətçiləri qarşılayan azərbaycanlı gənclər qonaqlara Azərbaycan mədəniyyəti və mətbəxi barədə ingilis, rus və çex dillərində ətraflı məlumat verib, “Sarı gəlin” xalq mahnısını ifa ediblər.

    Qonaqlar Azərbaycan guşəsi ilə tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.

  • Əbu-Dabidən Bakıya birbaşa uçuşlar başlayır

    “Air Arabia” aviaşirkəti Əbu-Dabidən Bakıya 15 iyul tarixindən birbaşa uçuşlara başlayacaq.

    “İnterfax” xəbər verir ki, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək: cümə axşamı (Əbu-Dabidən yerli vaxtla saat 11:50-də havaya qalxmaqla, Bakıya 14:55-də çatmaqla) və bazar günləri (Bakıdan yerli vaxtla 16:15-də havaya qalxmaqla, 19:15-də Əbu-Dabiyə çatmaqla).

    Uçuşlar “Airbus A320” təyyarələri vasitəsi ilə həyata keçiriləcək.

  • “Caliber”: “Ermənistan “Bayraktar TB2” PUA-larının “qatil”ini əldə edəcəkmi?” – VİDEO

    Bu yaxınlarda Rusiya mətbuatında bu ilin sonu və ya maksimum növbəti ilin əvvəlində “Orion” zərbə PUA-larının ixracına başlanılması imkanları barədə informasiya yayılmışdı.

    Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti videoda qeyd olunub.

    “Ermənistan “Bayraktar TB2” PUA-larının “qatil”ini əldə edəcəkmi?” başlıqlı təhlildə sözügedən “mənbə”nin Rusiyanın “Bayraktar TB2”ləri bazardan sıxışdırıb çıxaracağı barədə iddiaya obyektiv nöqteyi-nəzərdən, açıq mənbələrdəki informasiyalardan istifadə etməklə reaksiya verilib.

    Ətraflı videoda:

  • Bakıda yol qəzası zamanı sürücü özünü avtomobildən yerə atdı – VİDEO

    Bakının Yasamal rayonunda yol qəzası baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov prospektində qeydə alınıb.

    Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirib.

    Nəticədə minik vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb, daha sonra yol kənarındakı beton arakəsməyə dəyib.

    Hadisə vaxtı sürücü özünü avtomobildən yerə atıb.

  • BNA: Sədərəyə yeni avtobuslar işləyəcək

    Dövlət başçısının tapşırığına əsasən vətəndaşlara daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə marşrut xətlərinin yenilənməsi davam etdirilir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Məlumata görə, bu çərçivədə 6 iyul 2021-ci il tarixdən 211 nömrəli müntəzəm marşrut xətti (Aşıq Molla Cümə küçəsi-“Sədərək” ticarət mərkəzi) üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək.

    Sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, 211 nömrəli xətt üzrə avtobuslar qeyd olunan tarixdən Aşıq Molla Cümə küçəsindən başlayaraq hərəkət edəcək.

    Son dayanacaq məntəqəsilə bağlı dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilib. Dəyişiklik sayəsində 211 nömrəli marşrut xəttindən gündəlik istifadə edən orta hesabla 12 min nəfərdən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq.

    Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Xətt üzrə tarif 0,35 manat müəyyən olunub.

  • Rusiyada silsilə terror aktlarının qarşısı alınıb

    “İslam Dövləti” ilə əlaqəli şəxslərin Moskva, Astraxan və Kabardin-Balkar Respublikasında törətməyi planlaşdırdıqları silsilə terror aktlarının qarşısı alınıb: 6 silahlı məhv edilib, 2 nəfər saxlanılıb.

    Bu barədə Rusiya FTX məlumat yayıb.

    “İslam Dövləti” ilə əlaqəli şəxslərin 2021-ci ilin yayında Rusiya ərazisində həyata keçirməyi planlaşdırdıqları silsilə terror aktlarının qarşısı alınıb. Həyata keçirilmiş tədbirlər nəticəsində 6 cinayətkar neytrallaşdırılıb, ikisi saxlanılıb” – FTX-nın məlumatında deyilir.

  • Gəncə sakinlərindən narkotik vasitə aşkarlanıb

    Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xeyrəddin Əliyevin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan ümumi çəkisi 52 kq olan 29 ədəd çətənə kolu aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

    Bundan başqa RPİ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Cahangir Mahmudov saxlanlılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 8.06 qram, yaşadığı evdən isə 9.34 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

  • Tbilisidə cinsi azlıq əleyhdarları aksiya keçirir, jurnalistlər xəsarət alıb

    Gürcüstanın paytaxtı Tbilisidə LGBT nümayəndələrinin bu gün keçirəcəyi “Ləyaqət yürüşü”nə etiraz olaraq aksiya keçirilir.

    “Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar media nümayəndələrinə qarşı aqressiv hərəkətlərə yol veriblər.

    Nəticədə bir neçə jurnalist və operator xəsarətlər alıblar.

    Əraziyə polis qüvvələri cəlb olunub. Yürüşün əleyhdarları hazırda parlamentin binası qarşısında toplaşıblar. Onlar bildiriblər ki, yürüşün baş tutmasına imkan verməyəcəklər.

    Tbilisidə baş verənlərə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında münasibət bildirib. O, yürüşün keçirilməsini məqsədəuyğun hesab etməyib: “Bugünkü aksiya vətəndaş qarşıdurmasına səbəb ola bilər və onun keçirilməsi əhalinin əksəriyyəti üçün qəbuledilməzdir”.

    Qeyd edək ki, yürüşün təşkilatçısı “Tbilisi Pride” qeyri-hökumət təşkilatıdır. Askiyanın bu gün saat 18:00-da Rustaveli prospektində keçiriləcəyi gözlənilir.

  • Kubada qasırğaya görə 180 min sakin təxliyə edildi

    “Elza” qasırğası Kubanın şərq sahillərinə və ölkənin mərkəzinə doğru hərəkət etməyə başlayıb.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Qeyd olunub ki, təhlükəylə bağlı hökumətin göstərişi əsasında azı 180 min nəfərin təxliyəsi həyata keçirilib. Qasırğa ölkəni 5 iyulda cənginə alacaq.

    Xatırladaq ki, artıq qasırğa beş nəfərin ölümünə səbəb olub.