Month: July 2021

  • Bakıdakı oyun üçün heyətlər müəyyənləşdi

    Avro-2020-nin 1/4 finalında Bakıda keçiriləcək Çexiya – Danimarka oyunu üçün heyətlər müəyyənləşib.

    Komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:

    Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k), 18. Yan Boril.

    Ehtiyat oyunçular: 16. Mandous, 23. Koubek, 2. Kaderjabek, 4. Brabes, 8. Darida, 11. Krmençik, 14. Yankto, 17.Zima, 20. Vıdra, 21.Kral , 24. Pekxart, 25. Peşek

    Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq

    Ehtiyat oyunçular: 16. Lessl, 22. Ronnov, 2. Anderson, 7. Skov, 11. Skov-Olsen, 13. Yorqensen, 15. Nerqor, 18. Vass, 19. Vinn, 20. Poulsen, 21.Kornelius, 24. Yensen

    Qeyd edək ki, sözügedən qarşılaşma saat 20:00-da başlayacaq.

  • Leyla Əliyevanın kitabı Ukraynada nəşr olunub

    Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit tane, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.

    Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur. Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

    Ağrını bədii sözə çevirmək istedadı…

    Lesya Mudrak kitabdakı “Ağrını bədii sözə çevirmək istedadı…” sərlövhəli “Ön söz”ündə yazır: “Əlində tutduğun bu kitab Azərbaycanın gənc, istedadlı şairi, imzası təkcə Qafqaz oxucu auditoriyasına yox, Avropa poeziya xiridarlarına da yaxşı tanış olan Leyla Əliyevanın ukrain dilinə tərcümə olunmuş “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabıdır.

    Şairin xaricdə işıq üzü görən ilk kitabı – 2016-cı ildə Minskdə (Belarus dilində) nəşr olunmuş “Ліст” şeirlər toplusudur. Eyniadlı kitabın 2018-ci ildə ingilis dilində Londonda (“The World Dissolves like a Dream”) təqdimatı keçirilmişdir.

    Heç şübhəsiz ki, Ukrayna oxucusu tarixi diskursu dərin köklərə söykənən bu şərq ölkəsinin qədim və məşhur poetik ənənələri ilə yaxından tanışdır. Azərbaycanın kişi poeziyası ilə yanaşı, bərabər şərtlərlə inkişaf etmiş qadın poeziyası ənənələri hər zaman xüsusi maraq doğurmuşdur. Gözəl qəzəllər müəllifi olan klassik Azərbaycan şairi Məhsəti Gəncəvi böyük Ömər Xəyyamın müasiri olub. Azərbaycanda qədim dövrlərdən bəri “aşıq sənəti” deyilən ədəbi cərəyan mövcud olub ki, burada qadın şairlər hər zaman kişi şairlərlə yaradıcı rəqabət aparıblar. Burada söhbət sevgi lirikasından gedir. Belə ki, “aşıq” sözü ukrain dilinə “aşiq”, “vurğun” kimi tərcümə edilir. Azərbaycanın ən məşhur aşıq-şairlərindən Ağabəyim ağa Ağabacı, Heyran xanım, Fatimə xanım Kəminənin və digərlərinin adını çəkmək olar. Azərbaycanın şərq ənənələrinin zərif örtüyünə bürünən qadın poeziyası irsinin unikal səmimiyyətini və paklığını heç də təsadüf saymaq olmaz. Əlbəttə, zaman ötdükcə poetik üslublar dəyişir, amma qədim dövrlərin əbədiyaşar bədii yaradıcılıq xüsusiyyətləri müasir ədəbi prosesdə də öz özəlliyini qoruyub saxlayır.

    Leyla Əliyevanın “Свiт тане, як сон” kitabını dilimizə çevirərkən, bacardığım qədər müəllifin obrazına girməyə, daxilən onun yaradıcı monotamaşasının bir növ “ifaçısı” olmağa çalışdım. Səmimi deyim ki, iş heç də asan başa gəlmədi, tərcümə prosesi bir neçə ay çəkdi. Təəssüflə deməliyəm ki, heca poeziyası ənənələri XVIII əsrə dayaqlansa da, bu gün demək olar ki, itirilib. Sillabotonikanın (yunanca “Syllabe” – tərkib, tonos – vurğu deməkdir) əsas prinsipləri misrada vurğulu və vurğusuz hecaların bölgüsü ilə təkrarlanaraq, ritm – ahəng axıcılığı yaratmasına əsaslanır. Mətnin quruluşu burada mahiyyət etibarilə təyinedici qismində çıxış edir, üstəlik, bu quruluşu yaradan normativlərin gözlənilməsi zəruriliyi meydana çıxır. Tərcüməçinin fövqəlvəzifəsi də bundan ibarətdir. Orijinalla işləyən tərcüməçi yuxarıda qeyd olunanlarla yanaşı, əsərin daxili dramatizmini, emosional özəlliklərini və ana süjetini bütünlükdə oxucuya çatdıra bilməlidir.

    Leyla Əliyevanın lirik qəhrəmanı kimdir? Mənim təəssüratlarıma görə bu, son dərəcə həssas qəlbə, romantik təbiətə, ADİ-də XÜSUSİ olanı görmək qabiliyyətinə malik olan bir qadındır. Üstəlik, o altruistdir – həyatda baş verənlərin çoxdan göylərdə həll olunduğuna, bəşəriyyətin bütün sirlərindən yalnız Tanrının agah olduğuna, günahları bağışlayanın, iman gətirənləri hər zaman İlahi sevginin işıqlı yoluna çıxaranın məhz O olduğuna inanır.

    Leylanın yaradıcılığı süjetli, çoxşaxəli, müəyyən mənada pritçavaridir. Bu mənada onun şeirlərində irihəcmli poemalara xas hekayə üslubu nəzərə çarpır. Kitaba daxil edilmiş şeirləri bu mövzular üzrə təsnifatlaşdırmaq olar: “Sevgi”, “Vətən”, “Fəlsəfə”. Eyni zamanda bu müxtəlif səpkili mövzuların üzvi şəkildə bir-birilə vəhdət təşkil etdiyi və müəllifinin fərdi üslubunun bütöv mənzərəsini yaratdığı nəzərə çarpır.

    “Свiт тане, як сон” kitabını əlinə alan hazırlıqsız oxucu, bəlkə də, səhifələrdə rastlaşdığı dərin sətiraltı mənaları dərhal anlamaya da bilər. Bunun səbəbi gənc şairin daxili aləminin klassik təmkinli üslubla açılması, əslində hər şeiri ilə bizə Şekspirin əbədi “olum, ya ölüm” sualı ilə müraciət etməsidir.

    Azərbaycanın Xalq yazıçısı Afaq Məsud Leyla Əliyevanın kitabına yazdığı “Ön söz”də qeyd edir ki: “İlahi Sevgidən və Mərhəmətdən bədirlənmiş bu aləmi islanmadan, üşümədən, titrətmədən tərk etmək, oralardan sakitcə uzaqlaşmaq olmur”. Eyni zamanda o əmindir: “ağrını bədii sözə köçürmək” istedadı heç də hər kəsə verilmir…

    Həqiqətən də, gənc şairin misralarında Ağrı əsas ontoloji ölçü vahididir, bu ağrının gizli mahiyyəti isə alleqoriya və metaforlarla üzə çıxır:

    Ey qara qu quşu, yalqızsan yenə

    İnanım deyirsən, itmiş ruhlara?

    Sən qəmli, həm zərif, həm çox gözəlsən,

    Çox da sevimlisən… həm də lap tənha.

    Ey qara qu quşu, ölmüş anları

    Əridib qərq edir çaylar dibinə…

    Minlərlə ifadə qeyb olur burda

    Unudulmuş ruhlar görüşür yenə…

    Qəlbi işıq dolu, qara qu quşu!

    Mənə sən yaşatdın ötən çağları!

    Çox şeyi anlatdın bu gün dostuna,

    Bil ki, unutmaram bu yaxşılığı…

    Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, gənc şair öz nəsildaşlarının əksəriyyətindən fərqli olaraq, urbanist şair deyil. Leyla təbiətə, onun şəfaverici mahiyyətinə, bütün canlı aləmin eksiztensial düsturuna yaxından bələddir.

    Leyla Əliyevanın şeirlərində müxtəlif şəhər və ölkələrə səfərlərindən aldığı təəssüratları yer alsa da, doğma vətəni Azərbaycana olan sonsuz sevgisi yaradıcılığından qırmızı xətlə keçir:

    Xəzərin qoxusu, İçərişəhər…

    Abşeron bürküsü, Xəzri, Gilavar…

    Qəfil qonaqların səsi, hay-küyü…

    Mənim doğma Bakım,

    darıxdım yaman…

    Bəzən adama elə gəlir ki, Leylanın qəhrəmanı formaca sadə, məzmunca isə mürəkkəb olan qadın səadətini axtarmaqdan yorulub-usanmır. “Dayanacaq”, “İntizar”, “Gözləyirəm sakitcə”, “Gəlib yetişməz olan qırmızı avtobus…” Axşamlar arzu rənginə boyanaraq, onu təkrar-təkrar, özünü doğma və rahat hiss etdiyi evinə qaytaran qırmızı avtobus…

    Qəm sakit axşamla döydü qapımı,

    Qapını bağlamaq çıxıb yadımdan.

    Sən ay qəfil qonaq, gəl, keç içəri,

    Qonaq olan evdə darıxmır insan.

    Buyur, keç, mən sənə bir çay da süzüm,

    Seçim mürəbbənin ən yaxşısından.

    Qəm, mən səninləyəm, sən heç darıxma,

    Hələ darıxmağa taparıq zaman.

    Axşam qayıtmağa söz verib mənə

    Yenə gedəcəksən səhərə yaxın…

    Yox, əgər bu səhər yağışlar yağsa,

    Dərhal geri qayıt, köksümə sığın.

    Gözləmirdim səni, bilirsənmi, qəm?

    Səninlə küsməyə ürəkdən şadam.

    İkicə fincana çay da süzmüşəm,

    Bilirəm, hər zaman yaxınlıqdasan.

    Mən üzlü olsaydım, qəm, bilirsənmi,

    Şübhəsiz, yanımdan qovardım səni.

    Mənsə gözləyirəm… rəhm et, başa düş,

    Dəyərli vaxtımı alma əlimdən.

    Bütün saatları, bəlkə, sındıraq?

    Onların başqa bir çarəsimi var?

    Qərar vermisənsə, qonaq qalmağı,

    Gəl, ay qəm, şənləndir məni, nə olar?!

    Leyla Əliyevanın kitabı dünyanın faniliyindən doğan hiss və həyəcanların dramatik ifadəsidir. Bu poetik ədəbi irsin sadəliyi və təbiiliyi sözün pramateriyası ilə qəribə bir vəhdət təşkil edir. Öz dövrünün və dünyanın səyahətinə çıxan yeni nəslin, yenicə doğulmaqda olan fərqli bir müasirliyin ayrılmaz hissəsi olan bu kitab, hansısa tarixdənkənar, daha doğrusu, tarixəqədərki ümumbəşəri kosmik empiriyalardan xəbər verir…

    Yaşanmış anları yaddaşdan silib

    Qoy aparsın külək, üzülmə amma.

    Yazın göz yaşına çevrilsə də qar,

    Özgə dərdlərindən təsəlli umma.

    Bir gün Yer üzündə lap tək də qalsan,

    Qalsan bu taleyin yol ayrıcında,

    Görsən kimsə yoxdu, boşdu bu dünya,

    Bil ki, tək deyilsən, O var yanında…”.

    //milli.az

  • Rusiya azərbaycanlı qadını beynəlxalq axtarışa verib

    Rusiya hüquq-mühafizə orqanları Azərbaycan əsilli qadını beynəlxalq axtarışa verib.

    Median.Az APA-ya istinadən bildirir ki, bu barədə “İnterpol”un saytında məlumat verilib.

    Bildirilib ki, 1991-ci ildə Dərbənd şəhərində anadan olan, Azərbaycan və rus dillərində danışan Əminə Əliyeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.

    Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün “İnterpol”a müraciət olunub.

  • İş axtardı, 35 manatını itirdi – VİDEO

    DİN: İnternetdə tanımadığınız səhifələrə ödəniş etməyin!

    Median.Az Real TV-ə istinadən bildirir ki, 60 yaşlı Mübariz Abbaslı illərlə təcrübəyə malik sürücü olsa da, hazırda işsizdir. Tez bir zamanda iş tapmaq istəyi isə ona baha başa gəlib. Dəqiq desək, 35 manata.
    Belə ki, elan saytlarının birindən özünə uyğun iş elanına rast gələn Mübariz müəllim tez-tələsik orada göstərilən nömrəyə müraciət edib. Qısa bir zamanda onun telefonuna işə qəbulu ilə bağlı mesaj gəlib. Həmin an ayda 800 manat əmək haqqı verən, bütün şərtləri onu qane edən iş tapdığına sevinən şikayətçimizin başına əsl macəra elə bundan sonra gəlib.

    Biz öz növbəmizdə Mübariz müəllimi pis vəziyyətdə qoyan həmin şəxslərin nömrəsinə zəng etdik. Gözlədiyimiz kimi oldu.

    Mübariz müəllimin dediyi saytlara biz də baxdıq. İlk baxışdan gözə çarpan saytların qeyri-ciddi təsir bağışlamasıdır. Weebly platformasında pulsuz şəkildə yığılmış bu veb saytlarda adi yazı qaydaları belə kobudcasına pozulur. Səhvə, addelkadr, filyal kimi savadsızcasına yazılan sözlər iş axtarmaq niyyətində olan şəxsi bu dırnaqarası iş saytından uzaqlaşdırmalı idi. Guya onlarla işçiyə ehtiyacı olan şirkətin adı da çox şeydən xəbər verir. Məşhur italyan brendinin adını imitasiya edən və guya Azərbaycanda 3 fabriki olan bu şirkətin varlığı da bizdə böyük bir sual yaratdı. Ona görə də Vergilər Nazirliyinin saytında bu barədə qısa axtarış apardıq. Zənnimiz bizi yanıltmadı. Həqiqətən də vergi ödəyiciləri arasında belə şirkət yoxdur.

    Bu gün Mübariz müəllim deyir ki, həmin o 35 manatın geri qayıdacağına inamı yoxdur. Verilişimizə müraciət səbəbi isə digər insanların onun kimi aldanmamasına çağırış məqsədidir.

    Biz məsələni Daxili İşlər Nazirliyinin diqqətinə də çatdırdıq. Qurumun mətbuat xidmətindən oxşar hallara tez-tez rast gəldiklərini bildirdilər.

    Bəli, bu gün Mübariz müəllim və onun kimi dələduzluq qurbanı olan şəxslər polisə müraciət etməkdən çəkinməsinlər. Əks halda belə hadisələrin qarşısını almaq çətin olacaq.

  • Buşehr AES fəaliyyətini bərpa edir

    İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası (AES) bu gün fəaliyyətini bərpa edəcək.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Energetika Nazirliyinin sözçüsü Mustafa Rəcəbi Məşhədi IRNA-ya açıqlamasında deyib.

    M.Rəcəbi Məşhədinin sözlərinə görə, Buşehr AES də digər elektrik stansiyaları kimi, bir müddət fəaliyyətdən sonra təmir olunmalı və texniki problemləri aradan qaldırılmalı idi. Bu məqsədlə atom elektrik stansiyası təxminən 11 gün fəaliyyətini dayandırdı.

    O əlavə edib ki, yaxın günlər ərzində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar proqnozları nəzərə aldıqda Buşehr AES təxminən min meqavat saat elektrik istehsalı ilə İranın elektrik təsərrüfatına köməklik göstərəcək.

  • Hacıqabulda sürücü avtomobili aşırdı, anası öldü

    Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 2-də saat 16 radələrində Hacıqabul rayonunun Qızılburun qəsəbəsi ərazisində V.Qaraşov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Hüsniyyə hadisə yerində ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Məşhur restoranlar cərimələndi

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

    AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 2-də tarixində ölkə üzrə 421 ictimai iaşə obyektində 738 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Sabunçu rayonu, B. Bünyadov küç., ev 510m ünvanında yerləşən, hüquqi şəxs “İSSİ” MMC-yə məxsus kafe;

    2. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Babaşov Amil Xudayar oğluna məxsus restoran;

    3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ştq, Sahil çimərliyində yerləşən, fiziki şəxs Abbasov Yusif Abbas oğluna məxsus restoran;

    4. Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kemal Atatürk parkında yerləşən, fiziki şəxs Seyidzadə Mircavid Mirtofiq oğluna məxsus “Park-Fore” restoranı;

    5. Tovuz rayonu, Abulbəyli kəndi, Bakı-Qazax şossesində yerləşən, fiziki şəxs Nəbiyev Eldar Qədir oğluna məxsus çay evi.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Hamiləlik zamanı bunları yeyin

    Qadınlar hamiləlik ərəfəsində yeyib-içdiklərinə fikir verməli, daha çox vitamin qəbul etməlidirlər.

    Median.Az axşam.az-a istinadən bildirir ki, sağlam qidalanma uşağınızın da sağlam doğulmasına kömək edəcək.

    Mütəxəssislər bildirir ki, hamiləlik zamanı bu 6 qidanı mütləq yeməlisiniz.

    Taxıl məhsulları – taxıl tərkibli qidalar dəmirlə zəngindir. Səhər yeməyində yeyə, gözəl bir sendviç hazırlaya və ya axşam yeməyinə pəhriz düyüsü hazırlayıb qidalana bilərsiniz

    Lobya – Lobyanın hər növü süfrənizdə mütləq olmalıdır. Yanına ət qoya və ya salatın tərkibinə əlavə edə bilərsiniz. Proteinlə zəngin olan lobya həm də kalsium və dəmir tərkiblidir.

    Qıl balıq – omeqa ilə zəngindir. Körpənin beyin və gözləri üçün mütləqdir. Eyni zamanda proteindir və tərkibində B vitamini çoxdur.

    Yumurta – Proteindir. İçərisində çox sayda vitamin və mineral var. Uşağın beyin inkişafı üçün önəmlidir. Lakin yeyərkən yaxşı bişməsinə diqqət edin.

    Az yağlı qatıq – Bir stəkan az yağlı qatıq və süddən daha çox kalsium verir. Şəkər əvəzinə içərisinə quru meyvə tökün.

    Giləmeyvələr – Hamiləlik zamanı böyürtkən, qarağat və moruq yeməyiniz mütləqdir. Həm dadlıdır, həm də vitaminlərlə zəngindir. Sizi çoxlu C vitamini ilə təmin edəcək.

  • 17 yaşlı hamilə qadınla bağlı araşdırma başladı

    Bərdə rayonunda hamilə olan 17 yaşlı qadınla bağlı araşdırma aparılır.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə rayon xəstəxanasına 17 yaşlı hamilə qadın gətirilib. Onun Şatırlı kənd sakini, 2004-cü il təvəllüdlü Gülşən Ağayeva (şərti) olduğu müəyyən edilib.

    Xəstəxanadan polisə verilən məlumat əsasında, onun 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı araşdırma başlanılıb.

  • Toqquşan maşınlardan biri səkidəki ana ilə qızını vurdu

    Sumqayıt şəhərində toqquşan iki avtomobildən biri səkiyə çıxaraq piyadaları da vurub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Nərimanov küçəsində 1982-ci il təvəllüdlü Yalçın Məmmədovun idarə etdiyi “Toyota” markalı 50 CT 882 nömrəli maşınla Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Elsevər Sadıqovun idarə etdiyi “Hyundai” markalı 90 HT 763 nömrəli avtomobil toqquşub.

    Zərbənin təsirindən “Hyundai” markalı avtomobil səkiyə çıxaraq yolun kənarında dayanmış Sumqayıt sakinləri – 1988-ci il təvəllüdlü Vüsal Bədəlovu, 1966-cı il təvəllüdlü Şəlalə Qasımovanı və onun qızı, 1989-cu il təvəllüdlü Gülnar Nazim qızını vurub.

    Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilib.

    Hadisə ilə bağlı araşdırma aparılır.