Month: July 2021

  • Bəy-gəlinlərin toy günü peyvəndlənməsinə həkimdən etiraz – Birdən gəlin hamilə olsa…

    Zərdabda Qoruqbağı kəndində toy günü bəylə gəlinin peyvəndsiz olduğu üçün toya buraxılmayıb, elə həmin an tibb məntəqəsində Covid vaksini vurulub, sonra toya buraxılması həkimlər tərəfindən birmənalı qarşılanmayıb.

    Əslində peyvəndin toy edənlər üçün vacibliyini önə çəkən təbliğat məqsədli hadisə olsa da, toy günü nəinki bəy -gəlinin, hətta digər qonaqlardan kiminsə peyvənd vurdurub, toya gəlməsi sağlamlıq baxımından düzgün deyil.

    Median.Az
    medicina.az-a istinadən bildirir ki, həkim pediatr Aytən İsmayılzadə toy günü vaksinasiya tədbirlərinin etik olmadığını, əksinə təhlükəli olduğunu bildirib və səbəbləri izah edib.

    “Öncədən də demişdim ki vaksinasiya tədbirlərini kutləvi etsinlər. İş yerlərində, səyyar məntəqələrdə və s. Bizim TƏBİB-ÇİLƏR isə nəsə çox ləng tərpəndilər. İndi düşüblər əl ayağa və bu cur uyğunsuz aksiyalar həyata keçirirlər. Niyə uyğunsuz? İzah edim.

    Məlumdur ki, pandemiya vaxtı toysuz ailə həyatı quranlar olub ki, onlar indi toy məclisi edir. Buna haqqları da var.

    Amma onları gəlib toy gunu peyvəndləmə nə dərəcə doğrudur. Hər kəs bilir ki peyvənddən ən azı allergik reaksiya, ən çoxu anafilaktik şok ola bilər. Və bunu toy gunu yaşamaq lazımdırmı? Gəlin hamilə də olmuş ola bilər. Butun antikovid peyvəndlərin təlimatında hamiləlik dövrü əks göstərişdir. Yəni bu təcrübə yoxdur. Və peyvənddən sonra ilk uç ay hamiləlik planlanması qadağandır deyilir. Butun bunlar nəzərə alınırmı?

    Məclisə daxil olan kimin hərarəti ölçülür? Peyvənd pasportu olsa da kovidə yoluxmaq riski var. Yəni ehtiyat tədbirimiz niyə bəy və gəlindən başlamalıdır?

    TƏBİB, sizə, vaksinasiya tədbirlərini daha sivil qaydada həyata keçirməyinizi məsləhət görurəm.

    İnsanlarımıza isə tövsiyə edirəm ki, yuxarıda qeyd etdiyim vəziyyətdə, bilmədən olan hamiləlik şubhəsi varsa, toydan sonra dərhal hamiləlik planlanırsa bunları nəzərə alın. Ya hamiləliyi gecikdirin, ya da vəziyyətinizi dəqiqləşdirin”.

  • Narkotik satışı ilə məşğul olan şəbəkə ifşa olundu

    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

    İdarədən Sfera.az-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Corat qəsəbəsi ərazisində içərisində qadınların da olduğu şəbəkə ifşa edilib.

    Belə ki, qəsəbə ərazisində keçirilən əməliyyat zamanı Əlimərdan Əlimərdanlı, Aygül Rəşidzadə və Vüsalə Qasımova saxlanılıb. Bakı şəhəri Binəqədi rayon qeydiyyatında olan Vüsalə Qasımova Corat qəsəbəsinə rəfiqəsi Aygül Rəşidzadəgilə qonaq gəldiyini deyib. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

    Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin qrup şəklində narkotik maddələrin satışı ilə məşğul olduğu məlum olub.

    Corat qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş İbrahim Abdullayev saxlanılıb. Onun ətrafında aparılan axtarış tədbirləri nəticəsində 295 qram heroin aşkar edilərək götürülüb.

    Müəyyən edilib ki, İ.Abdullayev əvvəllər məhkum olunmuş Mais Aydəmirov və Xaçmaz rayonunda qeydiyyatda olan Murad Sadıqzadə ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olub. Həmin şəxslər də saxlanılaraq istintaqa cəlb ediliblər. Saxlanılan zaman Mais Aydəmirovun üzərindən 122 qram heroin aşkar edilərək maddi sübut kimi götürülüb. Murad Sadıqzadə də saxlanılan zaman üzərindən narkotik vasitə aşkarlanıb.

    Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Natiq Cəbrayılov, Cəbrayıl Quliyev və Ağsu rayon qeydiyyatında olan Ayxan Pənahlı saxlanılıb. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkidə heroin və “patı” adlandırılan metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslərin qrup şəklində narkotik vasitələrin satışı ilə məşğul olduğu da istintaqda məlum olub.

    Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Sumqayıt Polis İdarəsi Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

    Xatırladaq ki, bir neçə gün öncə isə qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfərdən ibarət olan daha bir dəstə ifşa edilərək istintaqa cəlb edilmişdi.

  • Türkiyənin yanğın bölgəsinə ezam olunmuş azərbaycanlı jurnalist xəstəxanaya yerləşdirildi

    “APA TV”-nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib.

    O yanğın bölgəsində tüstüdən zəhərlənib.

    Xaqani Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra o, Marmaris Dövlət Xəstəxanasına yerləşdirilib. Ondan qan nümunəsi götürülüb və ilkin diaqnoz olaraq tüstüdən zəhərləndiyi təsdiqlənib.

  • Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq istəyir

    Dövlət Turizm Agentliyi nümayəndəliklərinin coğrasiyasını daha da genişləndirmək istəyir.

    Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.

    Onun sözlərinə görə, Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq niyyətindədir: “Bizim digər prioritet bazarlarımız da var. Misal üçün, pandemiyadan öncə planlaşdırırdıq ki, Ukrayna, Cənubi Koreya və Yaponiyada belə nümayəndəliklərin açılması məsələsinə baxılsın. Əlbəttə pandemiyaya görə bu məsələlər bir az sonraya qalıb. Amma İsraildə açdığımız yeni nümayəndəlik həm də ona işarədir ki, artıq turizm bərpa olunur və yenidən bazarlarda birbaşa fəal iş başlayır”.

    Hazırda Azərbaycanın İsraillə yanaşı Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və Almaniyada turizm nümayəndəlikləri var.

  • Mehriban Əliyeva: “Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur”

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərinə məktub ünvanlayıb.

    Təbrik məktubunda deyilir.

    “Əziz dostlar,

    Sizi – intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan “Yüksəliş” müsabiqəsinin qaliblərini səmimi qəlbdən təbrik edirəm.

    Müasir dövrdə hər bir fəaliyyət sahəsində yeni ideya və baxışlar tələb edilməklə yanaşı, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatlarının mövcudluğu vacib şərtlərdən biridir. Danılmaz həqiqətdir ki, peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur.

    İnsan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib.

    Azərbaycan son illər ərzində bir çox uğurlara imza atıb, qələbələr qazanıb. Azərbaycan “qara qızılı” insan kapitalına çevirməyi bacaran ölkədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən bir çox göstəricilərə görə Azərbaycan dünya miqyasında ön sıralardadır. Ölkəmiz regionda həyata keçirilən bir sıra mühüm layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər müasir tariximizin ən parlaq səhifələrini təşkil edir. Sözsüz ki, bütün bu uğur və qələbələrə biz xalqımızın zəngin insan potensialına arxalanaraq nail ola bilmişik.

    Əziz dostlar,

    “Yüksəliş” müsabiqəsi zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Əminəm ki, dövlətimizin daimi diqqət və qayğısı ilə siz tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrinizi verəcəksiniz. Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram”.

  • FIDE reytinqi: Məmmədyarov və Rəcəbovun mövqeyi dəyişməyib

    Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

    Median.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb.

    Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

    Qədir Hüseynov (2665) 72-ci, sırada qalıb. 3 pillə geriləyən Nicat Abbasov (2656) isə 87-ci-sıraya enib. 4 addım geriləyən Rauf Məmmədov (2 654) 91-ci pillədə yer alıb.

    Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

    Qadın şahmatçılardan Günay Məmmədzadə 2460 xalla 4 pillədə qərarlaşıb. Gülnar Məmmədova (2385) 77-ci, Xanım Balacayeva (2376) isə 91-cidir.

  • Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə yola düşəcək

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.

    Bu barədə “Report”a FHN-dən məlumat verilib.

    Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

  • Alimlər açıqladı: Pandemiyanın qarşısını almaq üçün vaksinasiya kifayət etmir

    Dünyada pandemiyanı dayandırmaq üçün təkcə vaksinasiya kifayət etmir, həmçinin maska taxmaq və sosial məsafə gözləmək lazımdır.

    Bu barədə “Nature Scientific Reports” elmi jurnalında dərc olunan məqalədə qeyd olunub.

    Alimlərin fikrincə bu tədbirlər ümumilikdə infeksiyanın yayılmasının qarşısını alacaq. Bundan əlavə görülən tədbirlər nəticəsində virusun mutasiyasına icazə verilməyəcək. Bunun üçün isə mümkün qədər tez müddətdə demək olar ki, dünyadakı bütün insanlar vaksinasiyadan keçməlidir.

    Bununla belə qeyd olunub ki, vaksinasiyanın sürətlə getməsi peyvəndə davamlı ştammların yaranması ehtimalını olduqca azaldıb.

  • Dənizdə batan şəxsin meyiti tapıldı

    Sabunçu rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Həmçinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 56 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

  • Tokio-2020: Yamaykalı atlet olimpiya rekordunu yeniləyib

    Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınların 100 metr məsafəyə qaçış yarışına yekun vurulub.

    Bu növdə hər 3 medalı Yamayka atletləri qazanıblar.

    Eleyn Tompson 10,61 saniyəlik göstərici ilə birinci olub və yeni olimpiya rekordu müəyyənləşdirib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Şelli-Enn Freyzer-Prays (10,74) və Şerika Cekson (10,76) tutublar.

    Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.