Month: July 2021

  • Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı

    Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.

    DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, antinarkotik təbliğatı adı altında keçirilən yarış iyul ayının 27-də saat 22:30 –23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında təşkil olunub.

    Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşaiyət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.

    Yarışın təşkilatçısı olan ictimai birliyin rəhbəri, 1984-cü il təvəllüdlü Elçin Çobanzadə müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

    Yarışın iştirakçıları və tamaşaçıları ilə bağlı araşdırmalar davam etdirilir.

  • Çempionlar Liqası: “Neftçi” – “Olimpiakos” matçı başlayıb

    “Neftçi” və Yunanıstanın “Olimpiakos” komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

    “Report”un məlumatına görə, “Bakcell Arena”da keçirilən qarşılaşma saat 21:00-da start götürüb. Görüşü ispaniyalı FIFA referisi Rikardo de Burqos idarə edir.

    Qeyd edək ki, Pirey şəhərindəki ilk matçda “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub.

  • Naxçıvanda maraqlı məhkəmə: Arvad işləmək istədiyi üçün ər ondan boşanır

    Naxçıvanda kişi iş axtaran həyat yoldaşından boşanıb.

    “Qafqazinfo” xəbər verir ki, Şahbuz rayon sakini Elnur Əliyev məhkəməyə müraciət edərək həyat yoldaşı Fərqanə Əliyevadan boşanmaq istədiyini bildirib.

    Məhkəmədə boşanmasının səbəbini izah edərkən Elnur Əliyev bildirib ki, Fərqanə onu saymadığı üçün ayrılır: “2016-cı ildə ailə qurmuşuq, amma 2018-ci ildə rəsmi nikaha daxil olduq. İki övladımız var. Fərqanə ilə ailə qurandan sonra təxminən bir-iki il normal yola gedirdik, sonradan münasibətlərimiz tamamilə pozuldu. Buna səbəb isə Fərqanənin məni saymaması, məni eşitməməsi və özbaşına iş axtarmasıdır. Fərqanə məndən xəbərsiz anası evinə gedirdi. Ona mobil telefon işlətməməsini deyirdim, amma buna əhəmiyyət vermirdi. Buna görə də aramızda mübahisə yaranırdı. Sonra Fərqanə evi tərk etdi. Mən də artıq boşanmaq qərarına gəldim”.

    E.Əliyev qeyd edib ki, ötən ilin noyabrın 8-dən bəri ayrı yaşayırlar, uşaqlar da analarının yanında qalır: “Bu müddət ərzində uşaqlara hər-hansı maddi yardım etməmişəm. Fərqanənin tələb etdiyi kimi, bir uşağa görə 170 manat alimenti  ödəyə bilməyəcəm. Fəhlə işləyirəm, 230 manat maaş alıram. Hər uşaq üçün 100 manat miqdarında aliment ödəyə bilərəm”.
    Məhkəmədə sualları cavablandıran Fərqanə Əliyeva bildirib ki, Elnur ilə münasibəti son bir neçə aydır pozulub: “Buna səbəb isə Elnurun son zamanlar çox spirtli içki qəbul etməsidir. Sonuncu dəfə Elnurdan icazə alıb anamgilə getdim, amma evə qayıtdıqdan sonra Elnurla onun anası məni evdən qovdular. Buna görə mübahisə etdik, Elnur mənə “bizdən ailə olmaz. Səninlə birlikdə yaşamaq istəmirəm”, – dedi. Bundan sonra ayrı yaşamağa başladıq, uşaqlar isə mənimlə qalır”.
    Məhkəmə onların tələbini nəzərə alaraq boşanma barədə qərar çıxarıb. Uşaqların ananın yanında qalmasına, atanın isə hər uşağa görə aylıq 115 manat aliment ödəməsinə qərar verilib.

  • Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar

    Cümə günündən etibarən koronavirusa qarşı peyvənd vurdurmağa başlayacaq Nyu-York sakinləri 100 ABŞ dolları həcmində mükafat alacaqlar.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyası tvitterdə məlumat verib.

    Peyvəndlənmədən əvvəl pul almaq üçün onun tarixini şəhərin ixtisaslaşdırılmış saytında qeyd etmək lazımdır. “Şəhərin saytı vasitəsilə qeydiyyatdan keçərək ilk doza peyvəndi vurdurun və 100 dollar qazanın. Bu, çox sadədir”, – məlumatda deyilir.

    Nyu-York ştatının səlahiyyətliləri daha əvvəl də sakinləri vaksinasiyadan keçməyə təşviq etməyə çalışmışdılar: may ayının sonlarında 10 peyvəndləmə məntəqəsində onu vurduranlara baş mükafatı 5 milyon ABŞ dolları olan lotereya biletləri verilirdi.

    Bundan əlavə, Nyu-York meri Bill de Blazio bütün bələdiyyə işçilərinə sentyabrın ortalarına qədər peyvənd etdirmələrini tapşırıb. O vaxta qədər peyvənd sertifikatı almayanlar mütəmadi müayinədən keçəcəklər.

    Son məlumatlara görə, Nyu-Yorkda ümumilikdə 9,9 milyon koronavirus əleyhinə peyvənd vurulub, 4,4 milyondan çox insan hər iki dozanı vurdurub.

  • “Pfizer”: “Yenidən vaksinasiya “Delta” stammına qarşı müdafiəni artıra bilər”

    Koronavirus peyvəndinin üçüncü dozası “Delta” ştammından qorunmanı artıra bilər.

    “Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Pfizer” şirkətinin hesabatında deyilir.

    “Üçüncü doza vurulduqdan sonra “Delta” variantının təsirsiz hala gətirilməsində təxmin edilən potensial 100 dəfə artır”, – sənəddə göstərilib.

    Bundan əlavə, şirkətin hesabatında qeyd olunub ki, 18-55 yaş arası insanlarda təkrar peyvəndləmədən sonra antikor sayı beş dəfədən çox, 65-85 yaş arası insanlarda isə 11 dəfə artır.

    Daha əvvəl Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ança Baranova koronavirusun “Delta” ştammına əsaslanan yeni mutasiyaların mümkünlüyü barədə məlumatların gələn ilin əvvəllərində əldə ediləcəyini açıqlamışdı.

  • Serbiyalı oyunçu: “Sumqayıt”la matçın əhəmiyyəti çox böyükdür”

    “İlk görüşdə rəqib futbolçular topu bizə buraxdı və şüurlu şəkildə müdafiə olundular. Beləliklə, istədikləri nəticəni əldə etdilər”.

    Bu fikirləri Serbiyanın “Çukariçki” komandasının futbolçusu Corce Yovanoviç “Sumqayıt”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.

    22 yaşlı hücumçu ilk matçı analiz etdiklərini bildirib: “Bir daha gördük ki, çox sayda qal imkanlarımız olub. 3-4 qol vura bilərdik. Rəqibin heç-heçəyə görə çox sevindiyini də gördük”.

    Serbiyalı forvard Belqraddakkı kimi qarşılaşma gözlədiyini söyləyib: “Sumqayıt”ın ilk oyundakından fərqli çıxış edəcəyinə inanmıram. Görüş ərzində konsentrasiyanı qorumalıyıq. Qol vurmaq üçün şanslarımızın olacağına əminəm. Sumqayıtdakı qarşılaşma tamamilə fərqli olacaq. Hər şeyi düzəltmək öz əlimizdədir”.

    Yovanoviç bildirib ki, matçın Belqradda və ya Azərbaycanda keçirilməsinin onlar üçün fərqi yoxdur: “Öz oyunumuzu göstərəcəyik. Rəqib uzun müddətdir ki, həmin meydanda oynayır. Buna görə onlar üçün daha asandır. Azarkeşlər də onlara dəstək verəcək. Matçın əhəmiyyəti çox böyükdür. Əlbəttə, biz təslim olmayacağıq”.

    Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq. İlk görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.

  • “Taliban” nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb

    “Taliban” qruplaşması Abdullah Qəni Bəradərin başçılıq etdiyi 9 nəfərlik nümayəndə heyətinin Pekində Çin rəsmiləri ilə görüşdüyünü bildirib.

    Məlumatı “Azattyk” radiostansiyası yayıb.

    “Görüşdə siyasət, iqtisadiyyat, iki dövlətin təhlükəsizliyi məsələləri, eləcə də Əfqanıstandakı mövcud vəziyyət və dinc proses müzakirə edilib”,- iyulun 28-də “Taliban”ın rəsmi nümayəndəsi Məhəmməd Naim tviter səhifəsində yazıb.

    Nümayəndə heyətinin ikigünlük səfəri qruplaşmanın Əfqanıstanla Çin sərhədindəki ərazilərə hücumu fonunda reallaşıb.

    Onun sözlərinə görə, “Taliban” Əfqanıstanın ərazisindən başqa dövlətə qarşı istifadə edilməsinə imkan verməyəcəklərinə Çin rəsmilərini əmin edib.

    Çinin xarici işlər naziri Van İ isə bildirib ki, rəsmi Pekin Əfqanıstanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

    ///Report

  • “Neftçi” və “Olimpiakos” komandalarının start heyəti açıqlanıb

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və Yunanıstanın “Olimpiakos” klublarının start heyətləri açıqlanıb.

    “Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar.

    “Neftçi”: 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 26. Ömər Buludov. 29. Samir Buqrin, 36. Mamadu Kane

    Baş məşqçi: Samir Abasov

    “Olimpiakos”: 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Giorqos Masuras, 24. Husseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matyö Valbuena, 66. Pape Sisse. 90. Vasilis Surlis

    Baş məşqçi: Pedro Martins

    Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da start götürəcək.

  • Zelenski Putinə vədini yerinə yetirdi

    Ukrayna Prezidenti Vladimir Zelenski vədinə əməl edərək, rusiyalı həmkarı Vladimir Putinin ruslarla ukraynalıların vəhdətinə dair məqaləsinə cavabını yayımlayıb.

    Bu barədə Ukrayna liderinin rəsmi Telegram kanalında məlumat verilib.

    Zelenski Rusiyanın Vəftiz Gününə həsr olunmuş video təbrik yayımlayıb. O, sözügedən video müraciətdə Kiyev Rusiyasını Ukrayna tarixinin anası, Ukraynanın və Krımın 24 bölgəsini isə onun doğma övladları və varisləri adlandırıb. Onun fikrincə, bu mövqenin heç bir təsdiqə ehtiyacı yoxdur.

    “Bunu tarixi traktatlar, əsərlər, məqalələrlə sübut etməyə ehtiyacımız yoxdur. Çünki bizim dəlillərimiz kağız üzərində deyil, onlar metal və daşlara həkk olunub. Bu dəlillər əfsanə və əsatirlərdə deyil, şəhərlərimizdə və küçələrimizdədir”, – deyə Zelenski qeyd edib.

    Xatırladaq ki, iyulun 2-də Kremlin veb saytında Rusiya prezidentinin əsasən postsovet məkanında Ukrayna milli şüurunun formalaşması məsələlərindən və ərazi problemlərindən danışan “Ruslarla ukraynalıların tarixi birliyi haqqında” başlıqlı məqaləsi dərc edilmişdi. O zaman Zelenski sözügedən məqaləni təqdir edərək, tezliklə ona cavab verəcəyinə söz vermişdi. Həmçinin məqalənin bəzi müddəalarını üz-üzə görüşdə müzakirə etmək istədiyini də əlavə etmişdi.

  • Ağcəbədidə narkotik əkən şəxs saxlanılıb

    Ağcəbədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Kəhrizli kənd sakini Namiq Nəsirov saxlanılıb.

    Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

    Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən rayonun Bilağan kənd sakini İlham Şirinli də saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə həyətyanı sahədən 19 ədəd kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana aşkarlanıb.

    Faktlarla bağlı Ağcəbədi RPŞ-də araşdırmalar aparılır.