Month: July 2021

  • Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Ölənlər var – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 3 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 341 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 393 nəfər müalicə olunaraq sağalıb, 5014 nəfər vəfat edib, aktiv xəstə sayı 4526 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11058, ötən müddət ərzində isə ümumilikdə 4 003 650 test aparılıb.

    Qeyd edək ki, Azərbaycanda dünən koronavirusa 468 yoluxma faktı qeydə alınmışdı.

  • Məhdudiyyətlərin götürüldüyü Britaniyada koronavirusdan ölənlərin sayında kəskin artım

    Böyük Britaniyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artaraq 2021-ci ilin martından bəri rekord göstəriciyə çatıb.

    Bu barədə “Reuters” xəbər yayıb.

    Bildirilir ki, ölkədə ardıcıl yeddinci gündür koronavirus xəstələrinin sayı azalmır. Belə ki, son bir sutkada Britaniyada 23 511 yeni yoluxma və 131 ölüm halı qeydə alınıb.

    Bundan başqa COVID-19 xəstələrinin sayı xəstəxanalarda da durmadan artır və hazırda 5 918 nəfərə çatıb (Mart ayından bəri ən yüksək göstəricidir).

    Həyəcanverici statistika ilə əlaqədar olaraq ölkənin Baş naziri Boris Conson məhdudiyyətlərin çoxunun qaldırılmasına baxmayaraq, hər kəsi soyuqqanlı olmağa və pandemiya ilə əlaqədar ehtiyatlı olmağa səsləyib.

    Qeyd edək ki, ingiltərəli epidemioloq Nil Ferguson Britaniyanın COVID-19-u bir neçə aya məğlub edə biləcəyinə inanır. Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət oktyabr ayına qədər xeyli yaxşılaşacaq.

    Xatırladaq ki, iyulun 19-dan bəri Britaniya hökuməti ölkədəki demək olar ki, bütün koronavirus məhdudiyyətlərini ləğv etdi: sakinlərə tibbi maskasız gəzməyə, böyük qruplar halında toplaşmağa icazə verilib, həmçinin yüksək epidemioloji riskə sahib olan müəssisələrin yenidən açılmasına icazə verilib.

  • Zod qızıl mədənini qanunsuz istismar edən şirkət texnikalarını ərazidən çıxardı – VİDEO

    Zod qızıl mədəninin Ermənistanın nəzarətində olan hissəsindən “GeoProMining” şirkətinin texnikası çıxarılıb.

    Bu barədə Ermənistan mətbuatı yazıb.

    Qeyd olunur ki, mədənin fəaliyyəti dayandırılıb. Buna səbəb ermənilərin Kəlbəcər istiqamətində törətdiyi təxribat olub. Belə ki, Azərbaycan ordusunun bölmələri ermənilərin təxribatının qarşısını almaq üçün cavab tədbirləri görüb. Ərazidə gedən atışma səbəbilə “GeoProMining” şirkəti mədəndə işləri dayandırıb, işçilər və texnika tamamilə ərazisindən çıxarılıb.

  • Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskayanı məhkəməyə verib.

    İddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir.

    İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.

    Xatırladaq ki, L.Şıxlinskaya Azərbaycanda lentə alınmış 10-dan çox filmə çəkilib, “Xalq artisti” adına layiq görülüb.

    O, incəsənətlə yanaşı, uzun illər sahibkarlıq fəaliyyəti ilə də məşğul olub, 1999-2018-ci illərdə adına olan özəl klinikaya rəhbərlik edib.

  • Ermənistan ehtiyatda olan hərbçiləri təlimlərə çağırmağı planlaşdırır

    Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçiləri təlimlərə çağıracaq.

    Bu barədə Armenpress.am məlumat yayıb.

    “Təlim toplanışlarının elan edilməsi haqqında” layihənin 15 sentyabr-15 dekabr tarixlərində həyata keçirilməsi nəzərdə tutulur.

  • “Yeni Klinika”nın daha üç əməkdaşı həbs olundu

    Bu gün “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, onun işçiləri – Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Pərviz Abbasovun vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilərək, onun ev dustaqlığına buraxılmasını istəyib.

    Təqsirləndirilən şəxsin digər vəkili də vəsatətlə çıxış edərək iş üzrə bəzi sənədlərin sübutlar siyahısından çıxarılmasını xahiş edib.

    Pərviz Abbasov vəsatətlərin təmin edilməsini istəyib:

    “Dörd aydır ailə üzvlərimi görmürəm, xahiş edirəm mənim ailə üzvlərimlə görüşümə şərait yaradasınız”.

    Vəsatət təmin edilməyib. İş üzrə təqsirləndirilən şəxslər Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin barələrində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib və barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.

    Vüsalə Əliyeva barəsində olan polis nəzarətində qətimkan tədbiri isə qüvvədə saxlanılıb.

    Məhkəmə baxışı avqustun 10-a təyin edilib.

    Qeyd edək ki, aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun “Yeni Klinika”nın direktoru işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.

  • Nazirlik 700-dən çox restoran işçisinin qaydalara əməl etmədiyini aşkarladı

    Monitorinq qrupları tərəfindən bu günədək 1 260-dan çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.

    Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, maarifləndirmə tədbirləri başlayandan bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 153 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 17 minə yaxın qonağın sənədində nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 700 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

    İyulun 27-də keçirilən növbəti nəzarət tədbirlərində nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və nümunəvi şənlik mərasimlərində ailə quranlara hədiyyələr təqdim olunub.

  • Biləsuvarda polis və sakinlər arasında gərginlik: Saxlanılanlar var

    Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edib.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    Bildirilib ki, sakinlər küçəni bağlamağa cəhd edən zaman polisin müqaviməti ilə üzləşiblər.

    Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın məlumatına görə, Biləsuvar rayonunun Yuxarı Cürəli və Təzəkənd kəndlərinin bir qrup sakini rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək, nəqliyyatın hərəkətinə maneə yaradıblar:

    “Polis əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara riayət etməyən və ictimai qaydanı pozan bir neçə şəxs polis şöbəsinə gətirilib.

    Digər sakinlər isə onları narahat edən məsələ ilə bağlı, yəni su problemi ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı və rayondakı digər aidiyyəti qurumlar tərəfindən qəbul edilib”.

    O qeyd edib ki, onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.

  • İrəvandakı Fransa səfirinə tövsiyə: “Hərbi yardımınız Bakıda eksponata çevrilə bilər”

    Fransanın Ermənistandakı səfiri Conatan Lakot növbəti dəfə Ermənistanda revanşizm tərəfdarlarını həyəcanlandıra, regionda yaranmış yeni reallıqlara və sülh prosesinə xələl gətirə biləcək açıqlama verib.

    O, ölkəsinin Ermənistanın müdafiə sahəsində müraciətlərinə baxmağa hazır olduğunu bildirib, dolayısı ilə növbəti dəfə təcavüzkar ölkəyə hərbi yardım təklif edib.

    Sosial şəbəkənin erməni seqmentində geniş müzakirə mövzusuna çevrilən açıqlama erməniləri o qədər həyəcanlandırıb ki, onlar artıq ölkə rəhbərliyindən Fransanın yardım təklifini qəbul etməyi tələb ediblər. Hətta Lakotun iki ölkənin eyni hərbi alyansda olmaması barədə xatırlatması da, revanşizm tərəfdarlarını sakitləşdirə bilməyib. Onlar Ermənistanın Fransa ilə eyni alyansa meyl etməli olduğunu bildiriblər.

    Göründüyü kimi, fransız səfirin bu açıqlaması yalnız sülhü qəbul etməyən, revanşizm tərəfdarlarının dəyirmanına su töküb. Fransa isə bununla bir daha regionda sülh və sabitliyin yaranmasında maraqlı olmadığını ortaya qoyub.

    Fransanın Azərbaycana qarşı qərəzli yanaşmasının arxasında dayanan maraqları təxmin etmək o qədər də çətin deyil. Lakin burada maraqlı məqamlardan biri Fransanın Ermənistanı “himayə” etməsinin ilk növbədə İrəvanın özü üçün zərərli olmasıdır. Müharibədən rüsvayçı məğlubiyyətlə çıxmış və Azərbaycan kimi qüdrətli bir dövlətlə ayaqlaşmaq imkanlarına ümumiyyətlə sahib olmayan Ermənistanda bəzi dairələrdə Fransa səfirinin açıqlaması ümid yeri olaraq görünür. Rüsvayçı məğlubiyyətin şokundan ayılmayan ermənilər bunu bir şans kimi görməyə çalışır. Ancaq onların anlamadığı bir şey var – o da qarşılarında qüdrətli Azərbaycan dövlətinin varlığıdır. Bu yumruq kimi birləşən qüdrətli dövlət-müzəffər komandan-qalib xalq triosu isə hazırda regionun gələcəyində əsas söz sahibidir. Hər-hansı düşünülməmiş addım, təxribat isə yenidən bu qüdrətli birliyin zərbəsi ilə növbəti rüsvayçılıqlara gətirib çıxara bilər.

    Əgər ermənilər yeni reallıqları qəbul etmək əvəzinə, boş xülyaların arxasınca qaçacaqsa, o zaman bunun ağır nəticələrini də nəzərə almalıdırlar. Çünki tarixi xəyanət, soyqırımı, talanlarla dolu Fransanın sonuna qədər Ermənistanın yanında olacağını gözləmək də ən azı sadəlövhlükdür…

    Fransanın canfəşanlığının səbəbi isə regionda söz sahibi olmaması, siyasi proseslərdən kənarlaşdırılmasıdır. Ermənistanı qızışdıraraq regiondakı sabitliyə xələl gətirmək cəhdlərinin arxasında bu kənarlaşdırılmanın yaratdığı qəzəb dayanır.

    Fransa isə unutmamalıdır ki, bu gün regiondakı proseslərdə söz sahibi olmamasının səbəbi məhz özüdür. Danışıqlar prosesi dalana dirənəndə susan, heç bir yeni təşəbbüslə çıxış etməyən, işğalçıdan hesab sormayan “həmsədr” kimi yadda qalan Fransa Azərbaycanın tarixi ədaləti öz gücü ilə bərqərar etməsindən sonra, indi də vəziyyəti gərginləşdirməklə özünü regiondakı proseslərə daxil etməyə çalışır.

    İstənilən halda Fransanın anlamsız çırpınışları və Ermənistanda bəzi dairələrin buna ümid yeri kimi baxması elə onların özlərinə zərər verəcək. Azərbaycan isə artıq özünə qarşı heç bir oyunun oynanılmasına, bərpa olunan tarixi ədalətin bir daha pozulmasına imkan verməyəcək!

    Azərbaycan dövləti, onun lideri və xalqı bu cür cılız təxribatlara istənilən an layiqli cavab verməyə hazırdır. Fransanın “hərbi yardımı” və ermənilərin revanşizmlə alışıb-yanan qəlbləri isə bu qüdrətin qarşısında aciz qalmağa sadəcə məhkumdur…

    Sonda bir tövsiyə edək: Nəbadə xam xəyallara qapılıb, bu xəyalların əsirinə çevriləsiniz, çünki sonda “xəyallarınız” da, “hərbi yardım”ınız da Bakıdakı “Hərbi Qənimətlər Parkı”nda eksponata çevrilə bilər.

    //oxu.az

  • Rusiyalı ekspert: “Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır”

    “Ermənistan Azərbaycan sərhədində təxribat törədir. Ermənistan siyasi elitasının bir hissəsi danışıqlar prosesinə onları dəstəkləyən üçüncü ölkələri cəlb etmək istəyir”.

    Bunu “Report”a rusiyalı millətlərarası münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov Azərbaycan – Ermənistan sərhədində gərginliyin artmasını şərh edərkən bildirib.

    Onun fikrincə, bu cür addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər:

    “Erməni politoloqları Ermənistanın dövlət olaraq uğursuz olmasını bildirirlər. Yəni bu ölkənin başbilənləri qonşularla yola getmir, əhalinin başını qisasçı şüarlarla qataraq iqtisadiyyatla məşğul olmurlar və bunlar dövlətçiliyi uçuruma aparır”.

    Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gec-tez həll olunmalıdır, Ermənistan tərəfinin təxribatlar yolu ilə bunu uzatması onlara heç bir fayda gətirməyəcək:

    “Rəsmi Moskva da regionda sülh olmasında maraqlıdır. Yəni burada söhbət Rusiya sülhməramlılarının da birbaşa iştirakı ilə sərhədlərin tam şəkildə delimitasiyası və demarkasiyasından gedir”.

    “Ermənistan üçün sülh sazişi imzalamaqdan başqa çarə görmürəm. Qalan bütün variantlar onların iflası olacaq. Bu məsələyə başqa ölkələri də cəlb etməyə çalışan erməni siyasətçiləri isə təəssüf ki, vəziyyətin ciddiliyini dərk etmir. Ermənistan regionda yalnız qatmaqarışıqlıq salmaq istəyir”, – deyə rusiyalı ekspert bildirib.

    “ABŞ-ın Ermənistandakı səfirinin sərhəd bölgəsinə gəlməsi sadəcə kiçik bir diplomatik fənddir” – deyən rusiyalı politoloq vurğulayıb ki, əslində, Ermənistan dövlət olaraq nə ABŞ, nə də Fransa üçün maraq kəsb etmir:

    “Ona görə də Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır ki, bundan sonra regionda sərhədlər və nəqliyyat yolları açılacaq, iqtisadi əlaqələr artacaq”.