Month: July 2021

  • TBMM sədri Zəngəzur dəhlizinin Türkiyə üçün önəmindən danışdı

    Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm də Türkiyə üçün önəmlidir.

    Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, bu dəhlizin qısa zamanda açılmasını arzu edirik lakin, zaman ala bilər:

    “Bu dəhlizin Türkiyə ilə quru yolları istiqamətində də önəmlidir. Odur ki, hər kəsin verdiyi sözlərin arxasında durması və zəruri tədbirlərin görülməsinə başlanması önəmlidir”.

  • “Ford” pilotsuz taksilər istifadəyə verəcək

    ABŞ-ın avtomobil nəhəngi “Ford” şirkəti pilotsuz texnologiyaların yaradıcısı “Argo Al”la birlikdə taksi xidməti üzrə onlayn-servis olan “Lyft”in müştəriləri üçün pilotsuz taksilər istifadəyə verəcək.

    Bu ilin sonuna kimi Mayami, 2022-ci ilin – Ostin şəhərlərinin sakinləri yeni nəqliyyatdan istifadə edəcək.

    Məlumata görə, avtomobil parkında ən azından 100 pilotsuz taksi olacaq. Onların sayının yaxın 5 ildə 10 dəfəyə kimi artırılması hədəflənir.

    “Lyft” öz növbəsində “Argo Al”ın 2,5 % səhmlərini əldə edəcək və istifadəçilərin səfərləri barədə məlumatları təqdim edəcək.

  • Instagram-da təhqir və təqiblərə qarşı Limits

    Instagram fotoservisi Limits adlı yeni funksiyanın testinə start verib. Sözügedən funksiya təhqir və təqiblər ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Hər hansısa Instagram istifadəçisi təqiblərə məruz qaldığı halda bu funksiya onun istifadəçi hesabını müəyyən müddətlik bloklayır. Bununla yanaşı Limits funksiyası vasitəsilə bəzi abunçilərə rəy yazmağı və mesaj göndərməyi bloklamaq olar.

    Bura həmçinin yeni abunəçilər və ümumiyyətlə abunə olmayan şəxslər də daxil ola bilərlər. Instagram təmsilçiləri qeyd ediblər ki, təhqiredici rəylər adətən köhnə istifadəçilər tərəfindən deyil, yeni hesablar yaratmış istifadəçilər tərəfindən yazılır. Bu üsul ilə həmin istifadəçilər təqib xarakterli əməlləri yerinə yetirirlər. Hal hazırda Limits funksiyası bir sıra ölkədə test edilir. Lakin Instagram funksiyanın test olunduğu ölkələrin siyahısını təqdim etməyib.

    Bundan əlavə olaraq sözügedən funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi barəsində də bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, UEFA 2020 Avropa çempionatının finalında İtaliya yığması qalib gəldikdən sonra bəzi istifadəçilər İngiltərə yığmasının futbolçularına rasizmi əhatə edən rəylər yazmışdılar. Sosial şəbəkənin moderasiya texnologiyası isə onlardan bəzilərini adi rəylər kimi qəbul etmişdi.

  • “SpaceX” 2024-cü ildə Yupiteri tədqiq edəcək aparatı kosmosa çıxaracaq

    ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Yupiterin səthini müxtəlif hündürlükdən tədqiq edəcək “Europa Clipper” zondunu orbitinə çıxarmağı “SpaceX” kompaniyasına etibar edib.

    Median.Az ted.az-a istinadən bildirir ki, qurumun mətbuat xidməti kosmik aparatın “Falcon Heavy” daşıyıcı raketi vasitəsilə kosmosa çıxarılacağı barədə məlumat yayıb.

    “Europa Clipper” missiyası 2024-cü ilin oktyabrında “Falcon Heavy” daşıyıcı raketi vasitəsilə Florida ştatında yerləşən Con Kennedi adına Kosmik Mərkəzdən fəzaya buraxılacaq. Müqavilənin ümumi dəyəri 178 milyon dollara yaxındır”, – deyə məlumatda bildirilir.

    “Europa Clipper” tədqiqat zondu Günəş sisteminin ən böyük planetinin səthinin həyat üçün yararlığının yoxlanılması üçün ən müasir alətlər dəsti ilə təchiz olunacaq. Missiya zamanı NASA mütəxəssisləri yüksək dəqiqlikli fotoşəkillər çəkməyi, astronomik cismin kimyəvi tərkibini müəyyənləşdirməyi, geoloji aktivliyini öyrənməyi və buz örtüyünün qalınlığını ölçməyi planlaşdırırlar.

  • Sahibə Qafarova: Bakı Bəyannaməsi ölkələr arasında strateji əlaqələrə töhfə verəcək

    “Bu gün Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirildi. Görüşün sonunda Bakı Bəyannaməsi imzalandı. Hesab edirəm ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.

    “Report” xəbər verir ki, bunları Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün nəticəsinə dair deyib.

    “Mən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünün keçirilməsi barədə təşəbbüsümə verdikləri dəstəyə və dəvətimi qəbul edərək bugünkü tədbirə təşrif buyurduqlarına görə dəyərli həmkarlarım cənab Mustafa Şentop və cənab Əsəd Qeysərə və rəhbərlik etdikləri nümayəndə heyətlərinə təşəkkür edirəm”, – deyə Azərbaycan parlamentinin rəhbəri əlavə edib.

  • Lənkəranda avtomobil qəzadan sonra yanıb

    Lənkəran rayonunun Gərmətük kəndi ərazisində “VAZ-2107” ilə “Chevrolet” markalı avtomobillər toqquşub.

    APA xəbər verir ki, Firudin Babayevə məxsus 10-RM-069 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobil yaxınlıqdakı yüksək gərginlikli elektrik dirəyini aşırıb və nəticədə nəqliyyat vasitəsi alışıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
    Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
    Faktla bağlı araşdırma aparılır.

  • Çempionlar Liqası: 4 oyunda 10 qol vuruldu

    UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin 4 cavab oyunu keçirilib.

    Qarşılaşmaların ardından Polşa “Legiya”sı, İsveçin “Malmö” komandası, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu və Macarıstan “Ferentsvaroş”u mərhələ adlayıb.

    4 oyunda qapılara 10 qol vurulub. “Flora” (Estoniya), HİK (Helsinki, Finlandiya), HİK (Helsinki, Finlandiya) və “Jalgiris” (Litva) Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə davam edəcək.

    UEFA Çempionlar Liqası

    II təsnifat mərhələsi, cavab oyunları

    20:00. “Flora” (Estoniya) – “Legiya” (Polşa) – 0:1

    İlk oyun: 1:2

    20:00. HİK (Helsinki, Finlandiya) – “Malmö” (İsveç) – 2:2

    İlk oyun: 1:2

    20:00. “Omoniya” (Kipr) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:1

    İlk oyun: 0:2

    21:00. “Jalgiris” (Litva) – “Ferentsvaroş” (Macarıstan) – 1:3

    İlk oyun: 0:2

    Qeyd edək ki, digər cavab oyunları iyulun 28-də olacaq.

  • IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib

    Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci ildə qlobal ümumu daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu 4,4%-dən 4,9%-ə yüksəldib.

    “Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Fondun dünya iqtisadiyyatının inkişaf perspektivləri haqqında yenilənmiş hesabatında bildirilir.

    IMF 2021-ci ildə qlobal ÜDM-in artımı ilə bağlı proqnozunu isə dəyişməyib və 6% saxlayıb.

    Bununla belə, proqnoza bəzi düzəlişlər edilib. Xüsusilə də Asiyanın bazarı formalaşan və inkişaf etməkdə olan ölkələrinin bu il üçün perspektivləri aşağı salınıb. İnkişaf etmiş iqtisadiyyatlar üçün isə proqnoz yaxşılaşdırılıb.

    IMF-in ekspertləri ABŞ-ın ÜDM-nin bu il 7% (6,4% əvəzinə), gələn il isə 4,9% (3,5% əvəzinə) artacağını proqnozlaşdırırlar.

  • Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
    Bu barədə “Report”a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
    Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

  • Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

    Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edilib. Bundan sonra istənilən Android və iOS istifadəçisi sözügedən sosial şəbəkənin tətbiqindən rahatlıqla istifadə edə biləcək. Qeyd etmək lazımdır ki, bundan əvvəl Clubhouse-dan yalnız dəvətnamə vasitəsilə istifadə etmək mümkün idi. Yəni hər hansısa istifadəçi bu sosial şəbəkəyə daxil olmaq üçün digər şəxsdən dəvətnamə əldə etməli idi. İndi isə bu sistem ləğv edilib. Dəvətnamə sisteminin ləğv edilməsi münasibətilə tərtibatçılar tətbiqin yeni versiyasını təqdim ediblər və o artıq Google Play ilə App Store-da aktivdir.

    Clubhouse təmsilçilərinin sözlərinə əsasən ilkin mərhələdə dəvətnamə sistemi ona görə inteqrasiya edilmişdi ki, onlar serverlərin güclərini tədricən artırmaq istəyirdilər. Şirkət həmçinin bir sıra statistikanı da təqdim edib. Beləliklə verilmiş məlumata əsasən şirkətin işçi sayı 10-dan 58-ə yüksəlib. Bugünki günə olan statistikaya əsasən Clubhouse-da 500.000 otaq mövcuddur və bununla belə sosial şəbəkənin istifadəçi kütləsi 10 milyon təşkil edir. Tərtibatçılar gələcəkdə 1-2 həftədən bir Clubhouse üçün yenilənmələr təqdim etməyi planlaşdırırlar. Həmin yenilənmələr sosial şəbəkənin funksionallığını genişləndirəcəklər.