Month: July 2021

  • Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub – RƏSMİ

    İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

    Bildirilib ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

  • Təhsil tələbə kreditinin qaytarılması qaydası açıqlanıb

    Təhsil tələbə kreditinin (TTK) qaytarılması qaydası açıqlanıb.

    Baş nazir Əli əsədovun təsdiq etdiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən borcalan tələbə təhsil kreditini bu Qaydanın TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması yarımbəndi ilə müəyyən edilmiş qaydada əvvəlcədən təsdiq edilmiş ödəniş cədvəli üzrə qaytaracaq.

    Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranacaq. TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanacaq.

    Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranacaq.

    Bu Qaydanın 7.3-cü (TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanır) və 7.4-cü (Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır) bəndlərində mövcud olan hallarda ödəniş cədvəli həmin halların yarandığı gündən başlayaraq yenidən tərtib ediləcək.

    TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:

    – yuxarı təhsil səviyyəsində əyani təhsil;

    – həqiqi hərbi xidmət;

    – məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);

    – işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;

    – sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

    Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv edilir. TTK-yə görə möhlət yuxarıda göstərilən halları təsdiq edən sənədlər müvəkkil banka təqdim edildikdə veriləcək. Bu sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmur.

    TTK vaxtından əvvəl qaytarıla bilər. TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.

    Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya gəlirlərdən bu Qaydanın 7.12-ci (Əmək müqaviləsi ilə işləyən borcalanın əməkhaqqından TTK-nin tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Belə olan halda bu Qaydanın 5.2.2-ci yarımbəndinə uyğun olaraq kredit müqaviləsi bağlanan zaman tələbə tərəfindən təqdim edilən TTK üzrə ödənişlərin əməkhaqqından tutulması barədə notariat qaydada təsdiq olunmuş razılığı əsas götürülür) və 7.14-cü (Sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalandan TTK üzrə ödənişlər onların bank hesablarından TTK götürmüş borcalanın bu Qaydanın 5.2.2-ci yarımbəndinə əsasən notariat qaydasında təsdiq olunmuş razılığı təqdim olunmaqla tutulur. Müvəkkil bank sistemə inteqrasiya olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə borcalanın sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, eləcə də bank hesabları barədə məlumatları əldə edir) bəndləri ilə müəyyən edilmiş qaydada tutulur. Digər hallarda ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur.

    Əmək müqaviləsi ilə işləyən borcalanın əməkhaqqından TTK-nin tutulması Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcək. Belə olan halda bu Qaydanın 5.2.2-ci yarımbəndinə (5.2.2. tələbə – ona aid gəlirlərin, xərclərin, əmlakların və digər zəruri fərdi məlumatların kredit müqaviləsinin qüvvədə olduğu müddətdə aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Fondun və müvəkkil bankın sorğusu əsasında ona (onlara) təqdim edilməsinə və muzdla və ya mülki-hüquqi xarakterli müqavilələrlə işlədikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda alacağı əməkhaqqından və ya əldə edəcəyi gəlirdən TTK-nin qaytarılması məqsədilə müvəkkil bankın xeyrinə tutulmaların (gəlirin 20 faizindən çox olmamaq şərtilə) edilməsinə) uyğun olaraq kredit müqaviləsi bağlanan zaman tələbə tərəfindən təqdim edilən TTK üzrə ödənişlərin əməkhaqqından tutulması barədə notariat qaydada təsdiq olunmuş razılığı əsas götürüləcək.

    Borcalanın əmək fəaliyyəti ilə məşğul olması halı sistemə inteqrasiya olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müəyyən ediləcək. Müvəkkil bank bu sistemə çıxış əldə edərək, əməkhaqqından kredit üzrə ödənişlərin tutulması barədə borcalanın notariat qaydasında təsdiq olunmuş razılığını işəgötürənə göndərərək ödənişləri tələb edəcək.

    Sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalandan TTK üzrə ödənişlər onların bank hesablarından TTK götürmüş borcalanın notariat qaydasında təsdiq olunmuş razılığı təqdim olunmaqla tutulur. Müvəkkil bank sistemə inteqrasiya olunmuş İqtisadiyyat Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə borcalanın sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, eləcə də bank hesabları barədə məlumatları əldə edəcək.

    Borcalan TTK üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə bu Qaydanın 6.8-ci bəndində (Müvəkkil bank bu Qaydada və Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə kredit inzibatçılığı ilə bağlı müəyyən edilmiş tədbirləri həyata keçirməli və bu barədə məlumatları elektron sistemə daxil etməlidir. Bu öhdəliklərin müvəkkil bank tərəfindən yerinə yetirilməməsi və ya qismən icra edilməsi hallarının kreditin defoltuna səbəb olduğu müəyyən edildiyi halda, Fond defolt olunan kredit üzrə məbləği müvəkkil bankdan geri tələb etmək hüququna malikdir. Bu hallar Fondun cəlb etdiyi kənar audit tərəfindən müəyyən edilir) göstərilən hallar istisna olmaqla TTK üzrə defolt halı baş verdikdə, müvəkkil bankın Fond qarşısında hər hansı maliyyə öhdəliyi yaranmayacaq.

  • Polislərin toylara nəzarəti niyə artıb? – VİDEO

    “Toy məclisi keçirən şəxsləri polis cərimələdi”.

    Bu başlıq altında tirajlanan xəbərlər, demək olar ki, hər gün qarşımıza çıxır. Halbuki Operativ Qərargah toy şənliklərinin keçirilməsi ilə bağlı qaydaları müəyyənləşdirərkən polis əməkdaşlarının toyun gedişinə müdaxilə etməyəcəyi bildirilmişdi. Bəs necə oldu ki, polis əməkdaşları restoranların girişində yoxlamalara başladı?

    Daxili İşlər Nazirliyinin şöbə müdiri Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu, zərurətdən irəli gəlib. Ümumi monitorinqlər göstərib ki, müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar yaradılan şəraitdən sui-istifadə edir.

    Şöbə müdiri toya gələn qonağa yazılan cəriməni kimin ödəməli olduğuna da aydınlıq gətirib.

    Xatıladaq ki, qaydaları pozan fiziki şəxsləri 200 manatdan 400 manatadək, hüquqi şəxsləri isə 5 min manatdan 11 min manatadək cərimə gözləyir.

  • Tokio-2020: Yaponiya liderliyini qorudu

    Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

    Daha 21 dəst medal idman gimnastikası, beysbol-softbol, kanoe slalom, dağ velosipedi, suya tullanma, atçılıq, qılıncoynatma, cüdo, atıcılıq, sörfinq, üzgüçülük, taekvondo, triatlon və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 71 dəst medala 56 ölkənin idmançıları yiyələnib.

    Yaponiya 18 (10 qızıl, 3 gümüş, 5 bürünc) medalla keyfiyyətcə birinci pillədə qərarlaşıb.

    24 (9 qızıl, 7 gümüş, 8 bürünc) medal qazanan ABŞ 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 9 “qızıl”, 5 “gümüş” və 7 “bürünc”lə Çin tutur.

    İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 49-cu pillədə qərarlaşıb.

  • “WeChat” yeni istifadəçilərin qeydiyyatını dayandırır

    Çinin “WeChat” tətbiqinə yeni istifadəçilərin qeydiyyatı müvəqqəti olaraq dayandırılır.

    Xidmətin sahibi “Tencent” hazırda təhlükəsizlik texnologiyasının təkmilləşdirilməsi yönündə işlərin görüldüyünü bildirib.

    Yenilənmənin avqustun əvvəlində başa çatacağı və bundan sonra yeni istifadəçilərin qeydiyyatının bərpa ediləcəyi gözlənilir.

    “WeChat”ın aylıq 1,24 milyard aktiv istifadəçisi var. Çin əhalisi bu tətbiq vasitəsilə taksi çağıra, yemək sifariş edə, kommunal xidmətləri ödəyə bilir.

    “Tencent” rəsmi Pekinin İT sektoruna qarşı növbəti təzyiq dalğasından zərər çəkənlər sırasındadır. Son iki gündə holdinq bazar dəyərinin 100 milyard dollardan çoxunu itirib.

  • Bakıda kişi özünü “Maşın bazarı”nda qumbara ilə partlatdı

    Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

    APA xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

    Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

    Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

    Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

    Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.

  • Tovuzda ata oğlunu ağaca zəncirlə bağlayaraq döydü

    Tovuz rayonunda ata oğlunu ağacla döyüb.

    Hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.

    Kənd sakini, 2009-cu il təvəllüdlü yeniyetmə atası tərəfindən ağacla döyülərək xəsarət alıb.

    O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

    Atanın oğlunu ağaca zəncirlə bağlayaraq döyməsinin səbəbi isə hələlik məlum deyil.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Astarı üzündən baha başa gələn evlər – Sənədsiz ev problemi niyə həllini tapmır?

    Uzun illərdir sənədsiz evlərin qeydiyyata alınması məsələsi gündəmdə olsa da, proses ölü nöqtədən hələ də tərpənməyib.

    “Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli Sfera.az-a bunun səbəblərindən danışıb.

    O bildirib ki, məmurlar sənədsiz mənzillərin dövlət layihəsi əsasında təmənnasız olaraq sənədləşdirilməsində maraqlı deyil:

    “Ölkədə bəlkə də 1 milyona yaxın qeyri-qanuni tikili var. Bazarda da sənədsiz evlərə maraq zəifdir. Həmin evlərin sahibləri sənədləşmə zamanı qeydiyyat üçün külli miqdarda qeyri-qanuni vəsait xərcləyir. Hər qurumun bu məsələdə öz payı var. Bu istiqamətdə insanlar bir mənzilin tikintisinə xərclədiyi pulun yarısı qədər, aşağısı 10-15 min manata kimi pul xərcləməli olurlar.

    Ona görə də dövlət məmurları sənədsiz mənzillərin dövlət layihəsi əsasında təmənnasız olaraq sənədləşdirilməsində maraqlı deyil. Çünki sənədsiz mənzil kütləsinə həmin məmurlar “sağılan inək” kimi yanaşırlar”.

    Ekspert qeyd etdi ki, bu özbaşınalıq nəticəsində dövlət və vətəndaş itirir, məmurlar isə qazanır:

    “Belə özbaşınalıqdan vətəndaş və dövlət uduzur. Vətəndaş mənzilini girov qoya, sata, ora qeydiyyata düşə bilmir. Dövlət onların ödəməli olduğu əmlak vergisindən məhrum olur. Məmurlar isə prosesdən şəxsi qazanc əldə edir. Ona görə də sənədsiz evlərin sənədləşməsi prosesinin irəliləməsinə əngəl olurlar”.

  • Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi

    Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq qaydalara dəyişiklik edilib.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.

    Məlumata görə, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və prosesin icrası zamanı sui-istifadə hallarının aradan qaldırılmasıdır.

    Yeni prosedur qaydalarının tətbiq edilməsinə qədər “Fərqlənmə nişanı” vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günü ərzində verilirdi. Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nı DANX verir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdır.

    Yeni qaydalara əsasən, bu fəaliyyətlə məşğul olan və ya olmaq istəyən şəxs “Fərqlənmə nişanı” əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla respublikanın müvafiq region avtovağzallarında xidmət göstərən Nəqliyyat xidmət mərkəzlərinə müraciət edərkən ona prosedurun icra mexanizmi barədə ətraflı məlumat verilir. İlkin mərhələdə vergi ödəyicisi avtovağzalın 1-ci mərtəbəsində yerləşən NRYTN-a məxsus “Azərpoçt” MMC-nin “Şəbəkə” xidmət mərkəzində, respublikanın digər şəhər və rayonlarında isə “Azərpoçt”un müvafiq şöbələrinə yaxınlaşıb ərizə blankını doldurmalıdırlar. Növbəti mərhələdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan (həmçinin yeni müraciət edən) şəxs nəqliyyat vasitəsinin şəhadətnaməsini təqdim edərək, göstərəcəyi daşıma xidməti üçün nəzərdə tutulan vergini ödədikdən sonra “Fərqlənmə nişanı”nı əldə edir. Prosesin yekununda avtovağzalların ərazisində yerləşən Texniki Müayinə Mərkəzində nəqliyyat vasitəsi vizual olaraq texniki müayinədən keçirilir. Texniki müayinənin nəticələri barədə müvafiq sənədlər möhürləndikdən sonra vergi ödəyicisi nəqliyyat vasitəsi ilə reysə başlamaq üçün icazə əldə edir.

    Bu prosesin icrası üçün ümumi prosedur 40 dəqiqə təşkil edir. 2 iş günündən 40 dəqiqəyə qədər azaldılan icra müddəti həm sahibkarın vaxtına qənaət etmiş olur, həm verginin ödənilməsi tam şəffaf həyata keçirilir, həm də bütün proses eyni məkanda təşkil edilir.

    Prosesin təşkili və icrası üçün “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin müfəttişləri avtovağzallara və “Azərpoçt”un müvafiq şöbələrinə ezam edilib.

  • COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı – Bu tarixdən istifadəyə veriləcək

    Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlayıb.

    Mərkəzin direktoru Fariz Cəfərov bildirib ki, mobil tətbiq sentyabrın 1-dən etibarən istifadəyə veriləcək.

    Tətbiqdən Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər.

    Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə həmin şəxsin COVID-19 pasportunun olub-olmaması yoxlanılacaq. Əgər vətəndaşın COVID-19 pasportu yoxdursa, o, Nazirlər Kabinetinin müəyyən etdiyi məkanlara buraxılmayacaq.

    Qeyd edək ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.