Month: July 2021

  • Almaniyada ilk 3D yaşayış evi istifadəyə verilib

    Bu gün Almaniyada 3D printeri vasitəsilə tikilmiş ilk yaşayış evi Şimali Reyn Vestfaliya əyalətinin Bekum şəhərində rəsmi şəkildə istifadəyə verilib.

    Əyalət tikinti nazirliyinin məlumatına görə, 160 kvadratmetrə yaxın sahəyə malik ikimərtəbəli fərdi ev araları xüsusi materialla doldurulmuş çoxqatlı bloklardan inşa olunub. 3D texnologiyasının tətbiqilə inşa işləri xeyli sadələşib və tikinti müddəti az olub.

    Evin təhvil verilməsi mərasimi zamanı əyalət nəqliyyat naziri İna Şarenbax 200 min avroya yaxın vəsaitə başa gəlmiş bu pilot layihənin gələcəkdə geniş tətbiq olunması üçün hər cür imkanların olduğunu bildirib.

  • Azərbaycan XİN başçısının müavini AŞPA məruzəçisi ilə görüşüb

    Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hazırlanacaq hesabatın məruzəçisi Pol Qavanla görüşüb.

    XİN-dən verilən məlumata görə, görüş zamanı hazırlanacaq hesabatın əsas mövzusu, qarşıda duran məsələlərin siyasi həlli üçün perspektivləri, beynəlxalq ictimaiyyətin proseslərə cəlb olunması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dünyada mina ilə “çirkləndirilmiş” əsas ərazilərdən olması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    P.Qavan hazırladığı hesabatın münaqişənin məhz humanitar nəticələrini əks etdirməyə yönələcəyini diqqətə çatdırmış, səfəri çərçivəsində mümkün qədər ətraflı məlumat əldə edib hesabatın hərtərəfli hazırlanmasına səy göstərəcəyini qeyd edib.

    E.Məmmədov eyni zamanda İrlandiya Senatının üzvü olan AŞPA deputatı Pol Qavanın yekun hesabatda sözügedən münaqişənin ağır nəticələri, Birinci Qarabağ müharibəsindən 4000-dək Azərbaycanlının itkin düşdüyü, bu dövr ərzində Azərbaycanlıların Ermənistan ərazisində və işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizlənməyə məruz qaldığı, nəticədə1 milyonadək Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyinin diqqət yetirilməli məqamlar olduğunu vurğulayıb.

    Məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı hazırda əsas iki problemin – ermənilərin işğal dövründə Azərbaycan torpaqlarında bütün yaşayış infrastukturunu dağıdıb viran qoyduqları və bu ərazilərdə həm işğal dövründə, həm də 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarını tərk edərkən minalar yerləşdirdiyi, məhz bu səbəblərdən məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəraitdə qayıtması üçün müəyyən müddət tələb olunduğu – mövcud olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir müavini, beynəlxalq ictimaiyyətin bütün mina xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq etməklə bu məsələdə yardımçı ola biləcəyini vurğulayıb.

  • Toyda iştirak edən 15 minə yaxın qonağın sənədlərində nöqsanlar aşkarlanıb

    Bu günə qədər aidiyyəti qurumların nümayəndələri 1 100-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyətini araşdırıb.

    Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

    Məlumata görə, növbəti monitorinqlər zamanı tədbirə qatılanların COVID-19 pasportunun olmaması, tədbir barədə məlumatların portala düzgün daxil edilməməsi, şadlıq sarayının sahibi ilə məclis sahibi arasında imzalanan iltizamnamənin tələbinə əməl olunmaması, toy keçirilən məkanlarda qonaqların sıxlığı və masalararası məsafənin az olması, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin edilməməsi və s. kimi pozuntular qeydə alınıb. Maarifləndrimə tədbirlərinə başlandığı gündən indiyədək monitorinq aparılan şənlik mərasimlərində iştirak edən 137 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində (15 min nəfərə yaxın) nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 600 nəfərdən çoxunun müvafiq tələblərə əməl etmədiyi müəyyən olunub.

    Eyni zamanda, monitorinqlər zamanı toy və məkan sahiblərinin aidiyyəti dövlət qurumlarına düzgün məlumat verməmək cəhdlərinə də rast gəlinib. Belə ki, bəzi məkanlarda toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonağın iştirakına şərait yaradılması halları müəyyən edilib. Şənlik mərasimlərinin eyni məkanda müxtəlif zallar arasında bölünməklə həyata keçirilməsi isə tələblərin pozulmasıdır. Belə ki, qaydalara əsasən, 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi qadağandır. Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və nöqsanlar aradan qaldırılıb. Monitorinq qrupları nümunəvi toy mərasimi təşkil edilən məklanlarda yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

    Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər. Belə mərasimlərin portala daxil edilmədən təşkili, həmçinin toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonaqların iştirakına şərait yaradılması halları müəyyən edilərsə, həmin məkanların sahiblərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

  • Bir sıra ölkələrdən diri donuzların idxalına məhdudiyyət qoyulub

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

    AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam Sosialist Respublikası, Macarıstan Respublikası, Rumıniya Respublikası, Polşa Respublikası, Koreya Respublikası, Filippin Respublikası, İndoneziya Respublikası, Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Latviya Respublikası, Cənubi Afrika Respublikası, Moldova Respublikası, Çin Xalq Respublikası, Laos Xalq Demokratik Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Butan Krallığı, Namibiya Respublikası, Myanma İttifaqı Respublikası, Kot-d’İvuar Respublikası, Malayziya və Ukrayna ölkələrinin bəzi inzibati ərazi vahidlərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Vyetnam Sosialist Respublikasının Ca Mau, Bac Ninh, Tra Vinh, Macarıstan Respublikasının Hajdu-Bihar, Borsod-Abauj-Zemplen, Heves, Rumıniya Respublikasının Braila, Salaj, Bihor, Polşa Respublikasının Lubelskie, Podkarpackie, Warmińsko-Mazurskie, Koreya Respublikasının Gangwon-Do, Gyeonggi-Do, Incheon Metropolitan City, Filippin Respublikasının Davao del Sur, Sarangani, Davao Oriental, İndoneziya Respublikasının Nusa Tenggara Timur, Bali, Di Yogyakarta, Rusiya Federasiyasının Primorskiy, Amurskaya, Kaluga, Almaniya Federativ Respublikasının Brandenburg, Sachsen, Latviya Respublikasının Vecumnieku, Apes, Dobeles, Cənubi Afrika Respublikasının Mpumalanga, Western Cape, Gauteng, Moldova Respublikasının Rîşcani, Falesti, Ungheni, Çin Xalq Respublikasının Xinjiang Uygur, Sichuan, Yunnan, Laos Xalq Demokratik Respublikasının Xaignabouri, Tanzaniya Birləşmiş Respublikasının Geita, Shinyanga, Butan Krallığının Chhukha, Namibiya Respublikasının Ohangwena, Kunene, Myanma İttifaqı Respublikasının Shan, Kot-d’İvuar Respublikasının Zanzan, Malayziyanın Sabah, Ukraynanın Mykolayiv, Kiev və Chernivtsi inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməməsinin səbəbi açıqlanıb

    “Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur”.

    Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

    Şöbə müdiri bildirib ki, ölkədə peyvənd vurduranların sayı hələ kifayət qədər deyil: “Şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür. Belə olanda da biz yoluxma sürətinə nəzarət edə bilirik”.

  • İndoneziyada 6,6 bal gücündə zəlzələ olub

    İndoneziya sahil bölgələrində 6,6 bal gücündə zəlzələ olub.

    Məlumatı İndoneziyanın seysmoloqları yayıblar.

    Zəlzələ nəticəsində ölən, yaralanan və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.

  • “Qalatasaray” fransalı müdafiəçinin keçidini açıqladı

    Türkiyə “Qalatasaray”ı heyətini yeni futbolçu ilə gücləndirib.

    İstanbul təmsilçisi Fransa “Renn”indən sağ cinah müdafiəçisi Saşa Buyu transfer edib.

    21 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, ötən mövsümü icarə əsasında ölkəsinin “Dijon” klubunda keçirmiş fransalı müdafiəçi 24 oyunda meydana çıxıb. O, Fransanın U-17 və U-18 yığmasının da şərəfini qoruyub.

  • Azərbaycanın sığorta bazarı 11% böyüyüb

    Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 452,366 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.

    Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 248,2 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,8% çoxdur.

    Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 46,35 manat olub.

  • Məşhur restoranın sahibi cərimə olundu

    Şirvanda karantin qaydalarını pozan restoran sahibi cərimələnib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Qədir Xum” restoranında karantin rejimindən irəli gələn qaydalar pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

    Məlum olub ki, adı çəkilən restoranın inzibatçısı E.Şəmsədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək 100 nəfər qonağın iştirak etdiyi məclisin baş tutmasına şərait yaradıb.

    Yol verilən qayda pozuntusu ilə bağlı restoranın inzibatçısı 4000 manat məbləğində cərimə olunub. Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Abdulabad, Ağacanlı, Atbulaq, Qarasu və Talış kəndlərində də beş fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi aşkarlanıb.

    Həmin toy məclislərinin sahibləri də inzibati qaydada məsuliyyətə cəlb olunublar.

  • Nazirlikdən güclü küləklə bağlı XƏBƏRD

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

    Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

    Xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

    Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.