Month: July 2021

  • Sumqayıtda 38 yaşlı kişi intihar edib

    Sumqayıtda 38 yaşlı kişi intihar edib.

    APA xəbər verir ki, hadisə şəhərin “Stansiya Sumqayıt” yaşayış massivində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Orucov Teymur Bəhmən oğlu yaşadığı evin həyətində özünü ağacdan asıb. İntiharın səbəbləri bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəkidə piyadanı avtomobil vurub

    Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, yolu keçən piyada “Skhoda” markalı minik avtomobili tərəfindən vurulub. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tanınmış teleaparıcı dövlət qurumunda tutduğu vəzifədən ayrıldı

    Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov tutduğu vəzifədən azad olunub.

    Bununla bağlı C.Səfərov özü məlumat paylaşıb.

    “Düz iki il oldu ki, “Azəriqaz” İB-də çalışdım. Bu mənim mətbuat katibi kimi ilk işim idi. Maraqlı insanlarla, təcrübəli kollektivlə tanış oldum. Abonentlərlə ünsiyyət nə qədər ağır sahə olsa da, onların da arasında dost qazandıqlarım var. Amma bu sahədə işimi tamamlamaq qərarına gəldim və öz ərizəmlə işdən ayrılıram. Başda Birliyin baş direktoru Ruslan Əliyev olmaqla Birliyin rəhbərliyinə məni bu iki il ərzində öz sıralarına qəbul etdikləri, inanıb etibar etdikləri, ideyalarımı, təkliflərimi qəbul etdikləri üçün təşəkkür edirəm. Az da olsa, Birliyin ictimaiyyətlə əlaqələr sektorunda nəsə etməyə çalışdım. Bu iki il ərzində qazandığım təcrübə məni sanki Azəriqaz İB-nin kadrı kimi yetişdirdi.

    Mətbuat nümayəndələrinə də təşəkkür edirəm ki, mənim hər zaman hörmətimi saxladılar. Öz həmkarları kimi yanaşdılar. Bu mənim işimə daha da ruh qatdı. Çox sağ olun, yeni səhifələr açmaq arzusu ilə Ceyhun Səfər”.

  • Şəmkirdə 50 yaşlı kişi bacısı oğlu tərəfindən qətlə yetirildi

    Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    Hdisə Şəmkir şəhər Səməd Vurğun küçəsində qeydə alınıb.

    Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev mübahisə zəminində bacısı oğlu, 1989-cu il təvəllüdlü Turan Əzizov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarətləri alan N.Böyükkişiyev Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    Dayısını öldürən bacıoğlu artıq həbs olunub.

    Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

  • “Qarabağ”ın sabiq hücumçusu karyerasını bitirdi

    “Qarabağ”ın sabiq futbolçusu İnnosent Emeqara karyerasını bitirdiyini açıqlayıb.

    Bu barədə Nigeriya əsilli isveçrəli hücumçu feysbuk səhifəsində məlumat paylaşıb.

    32 yaşlı forvard qərarını bu cür izah edib: “Uşaq vaxtı futbol mənim üçün hər şey idi. Heç nə düşünmədən hər gün oynayırdım. Amma yeni səhifə açmaq üçün karyeramı başa vurmalıyam. İndi anlayıram ki, bu qərarı vermək üçün daha böyük güc və cəsarət tələb olunur. Mənə karyeramı qurmaq, dünyanı gəzmək və müxtəlif ölkələrdən inanılmaz insanlarla qarşılaşmak fürsətini yaratdığı üçün Tanrıya minnətdaram”.

    Qeyd edək ki, İnnosent Emeqara 2014, həmçinin 2018 – 2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubu ilə yanaşı, ölkəsində “Vintentur”, “Qrasshopper”, Fransada “Loryan”, İtaliyada “Siena”, “Liverno”, ABŞ-da “San-Xose Ertveyks”, Türkiyədə “Karagümrük” kimi komandaların da şərəfini qoruyub. Hücumçu İsveçrənin əsas millisində 9 oyun keçirib.

  • Azərbaycanda daha bir 15 yaşlı qız özündən böyük oğlanla evləndirildi

    Xaçmaz rayonunda 15 yaşlı qız 29 yaşlı oğlanla evləndirilib.

    Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

    O bildirib ki, rayonun Qımıl-Qışlaq kənd sakini olan 15 yaşlı qızın hələ noyabr ayında 16 yaşı olacaq.

    Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapsa, məsələyə hüquqi qiymət veriləcək.

    Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumat barədə araşdırma aparılır.

    Qeyd edək ki, son günlər yeniyetmə qızların evləndirilməsi faktları barədə bir neçə məlumat yayılıb.

  • Çinli idmançı tək ayaqla Olimpiya çempionu oldu

    Çinli ağırlıqqaldıran Li Fabin tək ayaqla Olimpiya çempionu olub.

    28 yaşlı dünya və üçqat Asiya çempionu yarışdığı 61 kq çəki dərəcəsində çempionluğunu qeyri-adi hərəkətlə qeyd edib.

    O, 166 kq çəkini başı üzərinə qaldırarkən sağ ayağını göyə qaldırıb. Onun fanatları bu hərəkəti “flaminqo” adlandırıb.

    “Mənim çox güclü korpusum və əzələlərim var. Bu hərəkətin tamaşaçıları sevindirdiyini bilirəm, amma insanlara eyni hərəkəti etmələrini təklif etmirəm. Bu zədələnməyə səbəb ola bilər”.

  • Azərbaycanlı cüdoçu ABŞ-da növbəti çempionluğunu qazanıb

    Azərbaycanlı cüdoçu Zaur Cəlil Forida ştatının Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatının (U.S. Open Championships) qalibi olub.

    Usta cüdoçular arasında 73 kq çəki dərəcəsində çıxış edən idmançını ABŞ Cüdo Federasiyası qızıl medal və sertifikatla təltif edib.

    Uzun illərdir ABŞ-da iştirakçısı olduğu beynəlxalq yarışlarda 100-dək medal və kubokla təltif olunan Cəlil “Report”a açıqlamasında bu yarışda ilk dəfə iştirak etdiyini bildirib: “ABŞ-da bu il 32-cisi keçirilən Açıq Cüdo Çempionatı beynəlxalq yarış hesab olunur və bura dünyanın bütün ölkələrindən peşəkar idmançılar qatılır. Rəqiblərim arasında Yaponiya, Latın Amerikası ölkələri və ABŞ-ı təmsil edən çox güclü idmançılar var idi. Sevinirəm ki, bu dəfə də ölkəmin adını qürurla təmsil etdim. Bütün uğurlarımı Azərbaycana həsr edirəm. Yaşasın Azərbaycan, yaşasın Qarabağ”.

    Qeyd edək ki, Zaur Cəlil daha əvvəl Nevada ştatının Reno şəhərində keçirilən ABŞ çempionatının qalibi olub.

  • Abşeronda 7 uşaq qidadan zəhərlənib

    Abşeron rayonunda kütləvi zəhərlənmə olub.

    Hadisə zamanı azı 7 uşağın qidadan zəhərləndiyi ehtimal edilir.

    Belə ki, 10 yaşlı A.Kazımov, onun qardaşı Y.Kazımov, qohumları 5 yaşlı E.Bağırov, 6 yaşlı N.Bağırova, 4 yaşlı M.Qasımov, 13 yaşlı G.Qasımova, 15 yaşlı N.Qasımova qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

  • AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb

    Uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülür.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, bu siqnalları ilk dəfə milli aviadaşıyıcının təyyarələri qəbul edib.

    İndi azad edilmiş ərazilər üzərində uçan bütün hava gəmiləri Füzuli beynəlxalq hava limanında quraşdırılan VOR/DME yerüstü naviqasiya sistemindən çağırış siqnalı ala bilər.

    Bu radioçağırış siqnallarını qeydiyyata alaraq Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) təsdiq edib.

    Prezident İlham Əliyevin tapşırığına əsasən, hava gəmilərinin uçuşlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olaraq aeronaviqasiya təminatı məqsədilə Füzulidəki beynəlxalq hava limanında radiotexniki avadanlığın fəal tətbiqi həyata keçirilir. Radiolokasiya kompleksinin, alətlər üzrə enmə sisteminin quraşdırılması davam etdirilir, həmçinin aviasiya-meteoroloji təminat sistemlərinin yerləşdirilməsi başa çatdırılıb.

    Azərbaycan ICAO-nun üzvüdür və Beynəlxalq mülki aviasiya haqqında konvensiyaya uyğun olaraq (həmçinin “Çikaqo Konvensiyası” kimi tanınır) beynəlxalq aeronaviqasiya sahəsində dövlət öhdəliklərinin yerinə yetirilməsini təmin edir.

    Mülki aviasiya üçün əsas olan Konvensiya dövlətin öz ərazisinin hava məkanı üzərində suverenliyini, habelə bu sənədin tələblərinə uyğun olaraq hər bir ölkə qarşısında hava məkanında beynəlxalq aeronaviqasiyanı təmin etmək öhdəliklərini müəyyən edir.

    Azərbaycanın hava məkanında aeronaviqasiya xidmətini təmin etmək üçün Azərbaycanın uçuş məlumatları sahəsinin (UMS) sərhədlərini ICAO Şurası müəyyən edərək təsdiq edib və ölkəmizin suveren sərhədlərinə tam uyğundur.