Month: August 2021

  • Sumqayıtda havanı çirkləndirən müəssisələr cəzalandırılıb

    “Çox təəssüf ki, Sumqayıt şəhərində havada tüstünün, xoşagəlməz qoxunun qeydə alınması, atmosferin çirklənməsi son zamanlar vaxtaşırı müşahidə edilir. Bu səbəbdən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin müxtəlif ərazilərində yerləşən müəssisələrdə təkcə bu həftə ərzində 3 dəfə monitorinq keçirilib, müasir cihazlarla havanın tərkibi yoxlanılıb”.

    Nazirlikdən “Report”a verilən məlumata görə, bu fikirləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

    Onun sözlərinə görə, əvvəlki günlər keçirilən monitorinqlər zamanı göstəricilər norma daxilində olsa da, 5 avqust 2021-ci il tarixində gecə saatlarında mütəxəssislər tərəfindən keçirilən monitorinqlər zamanı Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət göstərən “Baku Non Ferrous and Foundry Company” MMC və H.Z.Tağıyev adına qəsəbədə fəaliyyət göstərən yağ zavodundan atmosferə normadan artıq hidrogen-sulfidin atıldığı müəyyən edilib.

    “Faktla bağlı hər iki müəssisə barəsində akt və protokol tərtib olunub və onların hüquqi şəxs qismində 10 500 manatdan 12 500 manatadək cərimələnmələri üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Digər bir neçə müəssisədə də günün müxtəlif saatlarında, eyni zamanda gecə saatlarında monitorinqlər keçirildi və nəticələr norma daxilində müəyyən olundu”.

    Xidmət rəsmisi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonun istismarı prosesindəki pozuntulara da toxunub: “Sumqayıtda havanın çirklənməsinin əsas mənbəyi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonudur. Buna görə, poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC tərəfimizdən dəfələrlə cərimə olunub, onlara məcburi göstərişlər verilib. 2020-ci ildə 6800 manat, 2021-ci ilin 7 ayı ərzində isə 4800 manat məbləğində cərimə tətbiq edilib. Lakin edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır. Bu gecə poliqon ərazisində yenidən monitorinq aparıldı və müəyyən olundu ki, orada yanğın baş verməsə belə, yenə də dəm qazının, hidrogen-sulfidin miqdarı normadan dəfələrlə artıq olması, tullantı kütləsinin tüstülənməsi şəhər ərazisində xoşagəlməz iy-qoxunun yayılmasına səbəb olur”.

    Xidmət rəsmisi qeyd edib ki, istehsalat müəssisələrində, böyük fabriklərin fəaliyyətində, xüsusən kimyəvi maddələrin istifadəsi zamanı gedən proseslərdə ətraf mühitə mənfi təsirlər olur. Bu cür müəssisələr fəaliyyətə başlamamışdan öncə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy alır, ətraf mühitə təsiri qiymətləndirilir, ətraf mühitə yol verilə biləcək hədd müəyyənləşdirilir. Lakin həmin müəssisələr yol verilən həddən artıq ətraf mühitə təsir etdikdə tərəfimizdən onlar barəsində müvafiq cərimələr və digər sanksiyalar tətbiq edilir.

    H.Əlizadə istehsalat müəssisələrinə xəbərdarlıq edərək bildirib ki, öz fəaliyyətlərini ekspertiza rəylərinə uyğun qursunlar. Əks halda, bu müəssisələr barəsində qanunamüvafiq tədbirlər görüləcək.

  • Tokio-2020: Rafael Ağayev mükafatlandırılıb

    Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində fərqlənən kişi karateçilər mükafatlandırılıb.

    “Report”un məlumatına görə, medalçılar sırasında Azərbaycan təmsilçisi Rafael Ağayev də yer alıb.

    Finalda uduzan 36 yaşlı idmançı gümüş medal qazanıb.

    Həlledici görüşdə Ağayevə qalib gələn italiyalı Luci Busa olimpiya çempionu olub

  • Azərbaycan MN: “Ermənistan Müdafiə Nazirliyi öz çirkin əməllərindən əl çəkmir”

    “Etimadını itirmiş Ermənistan Müdafiə Nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır”.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    “Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır.

    Bildiririk ki, bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədi ilə atəş açılır”, – nazirlikdən qeyd olunub.

  • Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

    Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir, Ağstafa su anbarlarında, Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Oqtay Məmmədov, Sənan İsmayılov, Salyan rayon sakinləri Nadir Əliyev, Rəşad Yolçuyev olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

  • Azərbaycanda şagird vəfat etdi

    İsmayıllı rayonunda məktəbli vəfat edib.

    Bu barədə Rayon Təhsil Şöbəsi məlumat yayıb.

    İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xəyal Bağıyev dünyasını dəyişib.

    Qeyd edək ki, şagirdin atası Vidadi Bağıyev həmin məktəbin direktor müavini, anası Aynurə isə müəllimidir.

  • Bu gün peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 068 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 327 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 311 119, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 091 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 219 818 təşkil edir.

  • Bu gün Azərbaycanın daha 200 nəfər yanğınsöndürəni Türkiyəyə yola düşəcək

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.

  • Kəmaləddin Heydərovdan vətəndaşlara MÜRACİƏT

    Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov APA-ya müsahibə verib.

    Müsahibəni təqdim edirik:

    – Hazırda Türkiyədə yanğınların söndürülməsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri də iştirak edir. Əlavə qüvvələrin də göndərilməsi nəzərdə tutulurmu?

    – Bəli, Prezidentin müvafiq tapşırığına əsasən, Azərbaycan bu gün Türkiyədə meşə yanğınlarının qarşısının alınmasında qardaş dəstəyi göstərir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirir.

    Onu qeyd edim ki, qardaş Türkiyədə baş verən meşə yanğınları hər gün Prezidentin diqqət mərkəzindədir. Türkiyədə yanğınların söndürülməsi prosesi ilə bağlı Prezidentə gündəlik və mütəmadi olaraq vəziyyət məruzə edilir. Ali Baş Komandan tərəfindən qardaş ölkəyə dəstək göstərilməsi üçün mütəmadi yeni göstəriş və tapşırıqlar verilir.

    Prezident Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının qardaş ölkədə göstərdikləri peşəkarlığı və fədakarlığı yüksək qiymətləndirib, şəxsi heyətə öz təşəkkürünü bildirib. Eyni zamanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinə təşəkkürünü çatdırmağı tapşırıb.

    Biz gün ərzində bir neçə dəfə Türkiyə hökumətinin üzvləri ilə əlaqə saxlayaraq vəziyyəti müzakirə edirik və buna uyğun addımlar atırıq. Bütün proseslər barədə mütəmadi olaraq Prezidentə məruzə olunur.

    Qeyd edim ki, hazırda Türkiyə Respublikasında olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin rəhbərliyi ilə mütəxəssislərimiz yanğınların qarşısının alınması prosesinin koordinasiya edilməsində türkiyəli qardaşlarımızla birgə fəaliyyət göstərirlər.

    Türkiyədə yanğınların qarşısının alınması üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 510 nəfərlik şəxsi heyəti, bir “Be-200 ÇS” amfibiya təyyarəsi, bir helikopteri, 93 yanğınsöndürmə texnikası cəlb olunub. Nazirliyin əməkdaşları Türkiyənin Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının mühafizəsi ilə də məşğul olurlar.

    Dövlət başçısının tapşırığı ilə bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin daha 200 əməkdaşı Türkiyəyə göndəriləcək.

    Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. İstər xalqlarımız, istərsə də dövlət başçılarımız həmişə bu ideyaya sadiq qaldığını nümayiş etdirib. Bu gün də biz bu dostluq və qardaşlığın ən yüksək səviyyədə olan növbəti nümunəsini müşahidə edirik.

    İnanırıq ki, qardaş Türkiyədə tezliklə yanğınlar söndürüləcək. Qardaşlarımız indiyə qədərki bütün çətinliklərdən olduğu kimi bu sınaqdan da əzmlə və bacarıqla çıxacaqlar. Azərbaycan yanğınsöndürənləri və xilasediciləri də yanğınların qarşısı tam alınana qədər türkiyəli qardaşlarının yanında olacaq.

    – Son günlər Azərbaycanda da bir neçə meşə massivində və ağaclıq ərazilərdə yanğınlar oldu. Hazırda bizim ölkəmizdə vəziyyət necədir?

    – Son günlər Hirkan qoruğunda və Yardımlı rayonu ərazisindəki meşə massivində yanğın baş verib. Ağsu aşırımında da ağaclıq ərazidə yanğın baş verib. Artıq bu yanğınlar nazirliyin yanğınsöndürmə heyəti tərəfindən söndürülüb.

    Lakin mən fürsətdən istifadə edərək, meşəlik ərazilərə səyahət edən, burada dincələn insanlara müraciət etmək istəyirəm. Onlar meşəlik ərazidə tonqal qalamaqdan, oddan istifadə etməkdən çəkinməlidirlər. Siqaret kötüyünün belə sönməsinə əmin olmaq lazımdır. Əks təqdirdə, adi bir ehtiyatsızlıq böyük fəlakətə səbəb olur.

    Ölkəmizin flora və faunası hamımız üçün əvəzolunmaz sərvətdir. Həmin meşə massivlərinin bərpa olunması illərlə vaxt tələb edir. Üstəlik yanğınlar hava çirkliliyinin artmasına səbəb olur. Buna görə də mən hər bir vətəndaşımızdan həssaslıq göstərməyi xahiş edirəm.

  • Минобороны АР: Подверглись обстрелу позиции азербайджанской армии в Нахчыване

    6 августа начиная с 12:45 подразделения ВС Армении обстреляли из стрелкового оружия позиции азербайджанской армии в направлении Садаракского района Нахчыванской Автономной Республики.

    Об этом сообщает Минобороны АР.

    “Погибших и раненых среди личного состава азербайджанской армии нет.

    Ответными мерами огневая активность противника была подавлена.

    Оперативная обстановка контролируется подразделениями наших войск”, – добавили в оборонном ведомстве Азербайджана.

  • Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

    Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Cavab atəşi ilə qarşı tərəf susdurulub.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.