Month: August 2021

  • Çoxmənzilli binalardakı mənzillərin ümumi sahəsi necə hesablanmalıdır?

    Bir çox hallarda yeni tikilən çoxmənzilli binalarda mənzillərin alınması zamanı mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun olaraq hesablanan sahədən daha artıq olması müşahidə olunur. Tikinti şirkəti üçün bu maddi baxımdan “sərfəli” olsa da, mövcud durum qanunvericiliyin pozulmasına və nəticə etibarı ilə vətəndaşın aldadılmasına gətirib çıxarır. Mənzil alan şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış aldıqda mənzilin qanunauyğun hesablanmış sahəsi ilə tanış olur və çıxarışda mənzilin ümumi sahəsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstəriləndən az olduğunu görür.

    Qanunvericiliyin tələblərinə əsasən…

    Çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir.

    Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir.

    Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.

    Qaydaların 3.8-ci bəndinə əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirək ki, balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir.

    Beləliklə balkon və terrasların sahələrinin 30%-i, şüşəbənd və lociyaların 50%-i, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 m² olduqda, 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 m² sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır.

    Bəs ümumi sahə üzrə fərq necə yaranır?

    Əksər tikinti şirkətləri tərəfindən çoxmənzilli binalardakı mənzillərin sahəsi bayır divarların üst səthindən ölçməklə hesablanır. Otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilir, eləcə də Qaydalara uyğun olaraq tələb olunan azaltma əmsalları tətbiq edilmir.

    Bu cür hallarla qarşılaşan vətəndaşlar nə etməlidir?

    Mənzil sahibi olmaq istəyən vətəndaşlar seçdikləri mənzilin ümumi sahəsinin qaydalara uyğun hesablandığına əmin olduqdan sonra müqaviləni imzalamalı və ödənişi həyata keçirməlidirlər.

    Ümumi sahə üzrə çıxarış və müqavilədəki fərqi görən mənzil sahibi bununla bağlı tikinti şirkətinə müraciət edərək ödədiyi artıq pulu tələb edə bilər. Əgər tikinti şirkəti qanunazidd formada hesabladığı sahə üzrə ödənişi geri qaytarmasa, mənzil sahibi pozulmuş hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər.

  • Azərbaycanlılar Türkiyəyə dəstək məqsədilə kampaniyaya başlayıb

    Dünya azərbaycanlıları Türkiyəyə həmrəylik nümayiş etdiriblər.

    Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, mətndə bildirilir:

    “Azərbaycan diasporu Türkiyənin yanındadır.

    Məlumdur ki, Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları çoxlu fəsadlar törətməklə fauna və floranı məhv etmişdir.

    Təbii ki, bu hadisə dünya azərbaycanlılarını, xaricdə yaşayan soydaşlarımızı və həmvətənlərimizi də son dərəcə kədərləndirmişdir.

    Bəllidir ki, güclü Türkiyə dövləti bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir. Lakin Azərbaycan diasporu hər bir məsələdə olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə – milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə malik ölkə, xalq – Türk diasporu ilə birlik və həmrəyliyini göstərməkdə israrlıdır.

    Qardaş Türkiyənin füsunkar təbiətini əvvəlki görkəminə qaytarmaq üçün mütəşəkkilliklə dəstək nümayiş etdirir.

    Bu xüsusda, dünya azərbaycanlıları doğma Türkiyəmizin “yaşıl donu”nun yenidən bərpa edilməsi məqsədi ilə “hərəmiz bir fidan olaq” adlı kampaniyaya start vermişdir.

    Bir sözlə, Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini vermiş olacaqdır.

    Göründüyü kimi, bu addım ekoloji təmiz bir dünya üçün birik və həmrəyik örnəyidir”.

  • Tokio-2020: Polşalı qadın atlet ardıcıl üçüncü dəfə olimpiya çempionu olub

    Polşalı qadın atlet Anita Vlodarçik Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

    Çəkicatma növündə yarışan 36 yaşlı idmançı 78,48 metr nəticə ilə bütün rəqiblərini geridə qoyub.

    O, ardıcıl üçüncü dəfə olimpiadada qızıl medala sahib çıxıb.

    London-2012 və Rio-2016-da da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Vlodarçik 3 qat dünya və 4 qat Avropa çempionudur.

    Qeyd edək ki, bu növdə Azərbaycanı təmsil edən Anna Skidan təsnifat mərhələsində 67,93 metr nəticə göstərib və finala vəsiqə qazana bilməyib.

  • “Twitter”dəki yenilik ləğv edildi

    “Twitter” sosial şəbəkəsində ötən ilin mart ayında təqdim edilmiş “Fleets” platformu bu gündən ləğv edilib.

    24 saat müddətinə silinən foto və video yerləşdirmə platformu olan “Fleets” “İnstagram”dakı “Stories”in bənzəri kimi yaradılmışdı və ilkin olaraq Braziliyadakı məhdud istifadəçilər qrupu üçün açıq idi. Platform sonradan başqa ölkələri də əhatə etdi.

    Ötən müddət ərzində bir sıra yeni funksiyaların da əlavə olduğu “Fleets” istifadəçilər arasında məşhurlaşmadığı üçün ləğv edilib.

    ///Report

  • Sabahdan bu marşrut xətti kartla ödənişə keçir

    4 avqust tarixində 161 nömrəli müntəzəm marşrut xətti BakıKart-a inteqrasiya olunacaq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli rəsmi tvitter hesabında məlumat verib.

    Qeyd olunub ki, bu günədək müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69%-nin BakıKarta keçidi təmin edilib.

  • Britaniyalı keşiş etiraz əlaməti olaraq ağzına tikiş vurub

    Britaniyalı keşiş Tim Hyuis media maqnatı Rupert Merdoka məxsus kütləvi informasiya vasitələrinin iqlim dəyişikliyi mövzusuna münasibətdə səssiz qalmasına qarşı etiraz aksiyası keçirib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Məlumata əsasən, din xadimi Merdoka aid “News Corporation” şirkətinin binası qarşısında susqunluq əlaməti olaraq, ağzına tikiş vurub. 71 yaşlı Hyuis bütün prosesi videoya çəkərək “YouTube”-da yerləşdirib.

    O, ağzını tikməklə Merdokun KİV-inin qlobal iqlim dəyişikliyi problemini inkar etməklə bəşəriyyətə nə qədər ziyan vurduğunu göstərmək istədiyini bildirib. Keşiş milyonçunun bu mövqeyinin siyasətçilər və hakimiyyət nümayəndələrinə də mənfi təsir göstərdiyini vurğulayıb.

    Qeyd edək ki, hazırda “News Corporation” şirkəti “The Wall Street Journal”, “Times”, “The Sun” və “New York Post” kimi nəşrlərə, həmçinin “Dow Jones” informasiya agentliyi və bir sıra peyk operatorlarına nəzarət edir.

  • Türkiyədə əksər meşə yanğınları lokallaşdırılıb

    Türkiyə artıq 7-ci gündür genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparır.

    “TRT Haber” bildirir ki, əksər yanğın ocaqları nəzarət altına alınıb.

    Bununla belə üç bölgədə təbii fəlakətlə mübarizə davam edir.

    Hazırda Muğla, Sparta və Antalyadakı yanğınların lokallaşdırılması istiqamətində lazımi işlər aparılır.

  • Qoşunlarda yay tədris dövrü başlayıb

    2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb. Tədris dövrü üçün əsas məqsəd və vəzifələr, eləcə də onların icra qaydaları hərbi hissələrdə keçirilən tədbirlərdə diqqətə çatdırılıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklər, o cümlədən Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla keçiriləcəkdir.

    Yay tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazasının vəziyyəti yoxlanılıb.

    Tədris dövrünün ilk günlərində bütün hərbi hissələrdə döyüş hazırlığı məşğələləri başlayıb.

  • Nazirlik Lənkərandakı yanğınla bağlı məlumat yaydı

    Lənkəranda baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib.

    Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

  • Türkiyə milli gimnastika tarixində ilkə imza atdı

    Türkiyəli idmançı Fərhad Arıcan qardaş ölkəyə milli gimnastika tarixində ilk dəfə Olimpiya Oyunlarının medalını qazandırıb.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    İdmançı paralel qollarda kişilər arasında üçüncü pillənin sahibi olub. Türkiyəli idmançı final mərhələsində 15,663 bal toplayıb.

    Bu növdə qızıl medalı çinli gimnast Tszou Tszinyuan (16,223 bal), gümüş medalı isə almaniyalı Lukas Dauzer (15,700 bal) qazanıb.