Month: August 2021

  • Polis 40 kiloqramdan artıq heroin və metamfetamini dövriyyədən çıxarıb – VİDEO

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Yardımlı rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində rayonun Avaş kənd sakini Rahil İmanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Araşdırma zamanı onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda heroni Şirvan şəhərində anbar kimi istifadə etdiyi evdə gizlətdiyi müəyyən edilib. Polislər tərəfindən həmin mənzilə baxış zamanı ümumi çəkisi 20 kiloqram 675 qram olan heroin, elektron tərəzi, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitləri və 1 ədəd mobil telefon aşkar edilib. Rahil İmanov ifadəsində qeyd edib ki, aşkarlanan külli miqdarda heroinin Şirvan şəhəri və ətraf rayonlarda satışını həyata keçirməli imiş. O, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitini isə heroini aldığı xarici ölkə vətəndaşına onlayn yolla göndərməli imiş,

    Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə paytaxt sakini Təhmin Rzaxanov saxlanılıb. Onun üzərindən 94 qram heroin, yaşadığı evdən isə 1 kiloqram tiryək, 4 kiloqram 930 qram heroin, 3 kiloqram marixuana və 50 ədəd yaş çəkisi 7 kiloqram 105 qram olan çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

    Baş İdarə əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı isə rayon sakini Sahil Məmmədli və paytaxt sakini Tural Rəhimov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 9 qrama yaxın heroin, Masallı rayonunda gecələmək üçün müvəqqəti qaldıqları ünvana baxış zamanı isə əlavə 6 kiloqram 490 qram heroin və 2 kiloqram 550 qram tiryək aşkar edilib. Onlar ifadələrində külli miqdarda narkotik vasitəni sosial şəbəkələrdə tanış olduqları xarici ölkə vətəndaşından əldə etdiklərini bildiriblər. Həmin şəxs isə heroin və tiryəki qaçaqmalçılıq yolu ilə naməlum şəxslərin köməkliyi ilə ölkə ərazisinə keçirərək əvvəlcədən müəyyən edilən yerdə Sahil Məmmədli və Tural Rəhimova təhvil veriblər.

    Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lerik rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayon sakini psixotrop maddələrin satışında şübhəli bilinən Qədir İmanov saxlanılıb. Onun üzərinə baxış zamanı 5 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Qədir İmanov ifadəsində matemfetamini tanışı Lənkəran şəhər sakini Eduard adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Eduard Rəfiyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamnaı 1 kiloqram 315 qram heroin, 257 qram metamfetamin, 20 ədəd psixotrop tərkibli metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Eduardr Rəfiyev tanışı Qədir İmanova narkotik vasitələri satdığını, Lənkəran şəhəri və ətraf rayonlarda bu işlə məşğul olduğunu etiraf edib.

    Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 40 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Azərbaycanda 244 borclu barəsində cinayət işi açılıb, 1245 nəfərin üzərindən məhdudiyyətlər götürülüb

    İcradan yayınma hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər həyata keçirilib.

    Bu barədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi – baş icra məmuru İlqar Cəfərov məruzəsində məlumat verib.

    Onun sözlərinə görə, 2021-ci ildə belə hallara yol verən 2800 şəxs inzibati məsuliyyətə cəlb olunub, 244 borclu barəsində cinayət işi başlanılıb. İcradan qərəzli yayınan 1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1245 nəfərin üzərindən isə əvvəllər qoyulmuş belə məhdudiyyətlər götürülüb.

  • Əməkdar jurnalistə ATV-də vəzifə verildi

    ATV-də rəqəmsal media şöbəsinə rəhbər təyin olundu

    “Azad Azərbaycan” MTRK-nın “Rəqəmsal media şöbəsi”nə rəhbər təyin olunub.

    Belə ki, bu vəzifə əməkdar jurnalist Aygün Həsənovaya həvalə edilib.

    Xatırladaq ki, Aygün Həsənova bu təyinata qədər Azərbaycan Dövlət İnformasiya Agentliyində baş redaktorun müavini vəzifəsində çalışıb.

  • Türkiyədə meşə yanğınlarıyla bağlı son vəziyyət açıqlanıb

    Azərbaycanlı mütəxəssislərin də iştirakı ilə Türkiyədə meşə yanğınlarına qarşı mübarizə davam etdirilir.

    Son məlumata görə, hazırda ölkənin dörd bölgəsində 9 yanğın ocağının lokallaşdırılması üçün lazımi tədbirlər görülür.

    Bu barədə Türkiyənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli özünün “Twitter” səhifəsində paylaşım edib.

    Nazir ötən 6 gün ərzində 138 meşə yanğını ocağının müşahidə olunduğunu, onlardan 129-nun nəzarət altına alındığını, hal-hazırda Antalya, Sparta, Dənizli və Muğlada yanğınlarla mübarizənin davam etdiyini bildirib.

  • Tokio-2020: Yunanıstan üzgüçüsündə koronavirus aşkarlanıb

    Tokio-2020 Yay Olimpiya Oyunlarında Yunanıstanın sinxron üzgüçülük komandasının üzvlərindən birinin koronavirus testi müsbət nəticə verib.

    Yunanıstan Olimpiya Komitəsi həmin qadın idmançının adını açıqlamayıb. Bildirilib ki, üzgüçü Olimpiya Kəndindən kənardakı xüsusi karantin mehmanxanasında təcrid olunub. Digər idmançıların testi mənfi çıxıb. Onlar Olimpiya Kəndində intensiv nəzarət altında qalacaqlar.

  • Çində sel 302 nəfərin ölümünə səbəb oldu

    Çində təbii fəlakət xeyli insan tələfatına səbəb olub.

    Güclü sel nəticəsində 302 nəfər həyatını itirib, 50 nəfər isə itkin düşüb.

    Qeyd edək ki, bir neçə həftədir davam edən sel nəticəsində 69 adam ölmüşdü.

  • Eldəniz Səlimov YAP-dan çıxarıldı

    Deputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.

    APA-nın xəbərinə görə, bu barədə YAP Xaçmaz rayon təşkilatından məlumat verilib.

    Bildirilib ki, YAP Xaçmaz rayon təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib.

  • Oğuzda mal-qara oğurlayan qardaşlar saxlanılıb

    İyul ayı ərzində Oğuz rayonu Bucaq və Kərimli kəndləri ərazisində vətəndaşlara məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında cinayət əməlini törədən şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər də analoji cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Elman və Tariyel İsmayılov qardaşları saxlanılıb.

    Araşdırma zamanı qardaşların icarəyə götürdükləri “Renault” markalı avtomobillə bir neçə dəfə Oğuz rayonuna gəldikləri, burada məqsədlərinə nail olduqdan sonra oğurladıqları heyvanları Bərdə rayonunda satdıqları məlum olub. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib, iki baş xırdabuynuzlu heyvan isə onların yaşadıqları evin həyətyanı sahəsindən götürülərək sahibinə geri qaytarılıb.

    Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Məşhur repçinin 4 yaşlı qızı vəfat etdi

    Məşhur amerikan repçi Feti Vepə ağır itki baş verib.

    Repçinin 4 yaşlı qızı vəfat edib. Bu barədə ifaçının həyat yoldaşı Türkoiz Mayami sosial media hesabında paylaşım edib.

    O, paylaşımına “Əgər bunu görürsünüzsə, “səni sevirəm Lauren” deyin. Çünki ruhlar da sevgini hiss edir”, – qısa şərhini əlavə edib.

    Azyaşlının ölüm səbəbi hələ bilinmir. Lakin Laurenin bir aydır xəstə olduğu və yuxuda ikən öldüyü bildirilib.

    Lauren repçinin 6 uşağından biri idi.

    Xatırladaq ki, Feti Vep 2015-ci ildə çıxardığı “Trap Queen” adlı sinqılı ilə “ABŞ Billboard Hot 100” çartında ikinci olub və dünyada populyarlaşıb.

    //sfera.az

  • “Sultan” restoranı cərimələnib – TAM SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 680 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
    Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Səbail rayonu, Xəqani 84B ünvanında yerləşən, fiziki şəxs Abbasbəyli Emin Ağalar oğluna məxsus “Sultan” restoranı;
    2. Bakı şəhəri, Binəqədi rayonu, K. Atatürk 182 ünvanında yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Nazim oğluna məxsus restoran;
    3. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçivani 24 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Etibar Atif oğluna məxsus “Öz Kardeşler” restoranı;
    4. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Ağaoğlu 26 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli İsa oğluna məxsus “Orman” restoranı.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.