Month: August 2021

  • Yaylaqda köməksiz qalan şəxs xilas edildi

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında “Hacıyusif yaylağı” adlanan ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə “Report”a FHN-dən məlumat verilib.

    Vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xilasedicilər tərəfindən çətin keçilən mürəkkəb relyefli ərazi ilə xərək vasitəsilə daşınaraq təhlükəsiz əraziyə təxliyə olunub və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadasına təhvil verilib.

  • AK Partiyasının rəsmisi: “Azərbaycanlı qardaşlarımızın bizimlə bir yerdə olduğunu gördük”

    ““Bir millət, iki dövlət” dediyimiz azərbaycanlı qardaşlarımıza bizi bu çətin vəziyyətdə tək qoymadıqları üçün Çorum şəhərindən sevgi və hörmətlərimizi göndəririk”.

    “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Çorum şəhər təşkilatının sədri Yusuf Ahlatçı jurnalistlərə açıqlamasında deyib.

    “Hörmətli ölkə rəhbərimizin də dediyi kimi – “Biz qardaşıq”. Azərbaycan çətin vəziyyətə düşdük deyəndə, oradakı qardaşlarımızın başı dara düşdüyündə burada hazırıq. Bu gün gördük ki, biz də burada çətin vəziyyətə düşəndə azərbaycanlı qardaşlarımız bizimlə bir yerdədir. Allah birliyimizi pozmasın. Azərbaycana təşəkkür edirik!”, – deyə Yusuf Ahlatçı bildirib.

  • Azərbaycanda zəlzələ olub

    Avqustun 2-də Azərbaycanda zəlzələ olub.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, yerli vaxtla saat 20:56-da Bərdə stansiyasından 10 km şimal-şərqdə, Bərdə rayonunda zəlzələ qeydə alınıb.

    Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,3 -ə bərabər olub.

    Zəlzələ hiss olunmayıb.

  • ABŞ 24 rusiyalı diplomata bir ay vaxt verdi

    “Amerika Birləşmiş Ştatları Rusiya tərəfinə vizalarının müddəti bitdiyinə görə ölkəni sentyabrın 3 -nə qədər tərk etməli olan 24 diplomatın siyahısını təqdim edib”.

    “Report” xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov “National Interest” jurnalına müsahibəsində deyib.

    “Vaşinqton birdən -birə viza prosedurlarını sərtləşdirdiyi üçün demək olar ki, onların heç biri əvəz edilməyəcək. Təəssüf ki, vəziyyət yaxşılığa doğru dəyişmir. ABŞ-dakı Rusiya diplomatik nümayəndəlikləri görünməmiş məhdudiyyətlər altında fəaliyyət göstərir. Bayden administrasiyasının diplomatiyanın vacib rolu və Rusiya ilə sabit, proqnozlaşdırıla bilən əlaqələri inkişaf etdirmək istəyi ilə bağlı açıqlamalarına baxmayaraq, Rusiyanın diplomatik varlığı mütəmadi olaraq zərbə alır” -deyə, diplomat bildirib.

    Səfir bildirib ki, rusiyalı diplomatların ölkədən çıxarılması düşünlümüş bəhanələrlə həyata keçirilir:

    “Ötən ilin dekabrında Dövlət Departamenti, bildiyimiz qədər başqa heç bir ölkəyə şamil edilməyən rus personalına üç illik səyahət limiti tətbiq etdi”.

  • Skolioz haqqında yanlış bildiyiniz doğrular – Korset, yoxsa əməliyyat?

    Müasir uşaqlardan hər 100 nəfərdən 10-da rast gəlinən onurğanın öz oxunda dönməsi və yana tərəf bucaq altında əyilməsi skolioz adlanır.

    Skolioz daha çox məktəb yaşlarında başlayır və yeniyetməlikdə dərinləşir.

    Onun erkən diaqnozu mütləqdir. Çünki bu zaman bir korset, idman, masaj, fizioterapiya ilə geri dönüş əldə etmək olur.

    Median.Az əhali arasında skolioz barədə doğru bilinən yanlış fikirlər və miflərə aydınlıq gətirib.

    1. Skoliozu yeniyetməlik dövründə aşkarlamaq faydasızdır, müalicə effekt vermir?

    Doğru olan odur ki, ən azı 15 yaşa kimi skoliozu aşkarlamaq mütləqdir. Skolioz elə də gizli xəstəlik deyil, diqqətli ana mütləq görür.

    Uşağın sümük sistemi böyüdükcə əyriliklər də irəliləyir. Xüsusən uşaq yetkinlik yaşa çatdıqda əvvəlcə yüngül olan əyrilik 2-4 ay içində sürətlə pisləşir. Bu da sümük sisteminin böyüməsi ilə bağlıdır. Bundan sonra müalicə çətinləşir, effekt vermir və tək çarə cərrahi əməliyyat olur.

    Pandemiyada evdə çox qalan, idman etməyən, gəzməyən uşaqlarda bu problem daha da artıb, valideynlər virusdan qorxaraq uşaqları müayinələrə aparmayıblar. Bu da skoliozun yayılmasını artırıb. Halbuki keçən hər ay, hər il onurğa əyriliklərinin irəliləməsinə, əməliyyatsız müalicə üçün qapıları üzümüzə bağlayır.

    Uşaqlıq və yetkinlik yaşlarında skolioz ağrı vermədiyi üçün valideyn gözləyir, bir şey olmaz deyir. Amma uşaq böyüdükdən sonra skoliozu bütün orqanizminə baş ağrısı olur.

    2. Korsetlə skolioz düzəltmir, əksinə ziyandır?

    Bu da yanlışdır. Bəli, korset smüük strukturu formalaşmış, 3cü dərəcəyə yaxın skoliozlarda yetkin və gənc xəstələrə fayda etməz. Amma təəssüf ki, bəzi həkimlər hələ də korset yazıb, valideyn və xəstənin zamanını alır. Ona görə insanlar arasında korset müalicə etmir, çarə yalnız əməliyyatdır deyə miflər dolaşır.

    Bəlli yaşdan sonra fizyon cərrahi -yəni onurğanın çubuqlarla bir-birinə sabitlənib, bağlanıb, skolioz olan bölgədə əyilmənin və böyümənin qarşısını almaqdır.

    Amerika Sağlık alimləri tərəfindən aparılan araşdırmada korset müalicəsinin təsiri dəqiq olaraq sübut edilmişdir.

    Korset 20-45 dərəcə əyrilik zamanı effektivdir.

    Ancaq erkən diaqnoz və erkən yaşda əməliyyatdan xilas edən fiziki müalicə metodları var.

    Əyilmənin nəzarətə alınması mümkündür. Bant ilə gərmə, vertebral body tethering, VBT kimi metodlar daha çox istifadə olunur.

    Bu metodlar xəstəyə uyğun ideal zamanda seçilir.
    3. Bəzi gimnastika və idman növləri skoliozu yaradır, bəzilə isə skaliozun qarşısını alır?
    Bu da yanlış fikirdir. Hər hansı idman növünün uşağın belində skolioz yaratması barədə elmi tibbi məlumat yoxdur. Əgər uşaq peşəkar klubda, məşqçi ilə idman edirsə. Təbii ki, evdə özü idman növü seçib, kor-koranə məşğul olarsa, beli də əyilər, boynu da.
    ELəcə də uşağı idmana qoyub, əzələləri artırmaqla skoliozun qarşısını almaq və ya müalicə etmək kimi metod da yoxdur, bu da yanlışdır. Amma qamətin düzəlməsi, onurğa ətrafı əzələlərin güclənməsi onurğanın sağlamlığı üçün faydalıdır.
    Uşağın skoliozu varsa, idmana yazdırım, düzələcək deyə düşünməyin, bunu sizə deyənlərə də güvənməyin. Skolioz bir onurğa problemidir, onun müalicəsi var.
    4. Skolioz ağrısızdır və ya dəhşətli ağrılıdır?
    Hər iki fikir yanlışdır. Doğrusu budur ki, yüngül skolioz ağrı vermir. Onurğanın ağrımasının əsas səbəbi mexanikidir, bu da onun ətrafındakı əzələlərin zəif olmasından qaynaqlanır.
    Buna əzələ yorğunluğu ağrısı deyilir. Bəzən bu əzələlərdə iltihab olur, o da ağrı verir.
    Amma skolioz böyüyüb, 3-4cü dərəcəyə çatarsa, nəinki bel, onurğa ağrısı, hətta daxili orqanlardan da qaynaqlanır. Skoliozu olan insan yaşlandıqca onurğa disklərində deformasiyalar, kirəclənmə də olur, bu da ağrı verir.
    5. Əyri oturmaq, gəzmək skolioza səbəb olur?
    Xeyr. Uşaqlarda məktəb çantasını beldə daşınması, əyri oturub yazması, uyğunsuz pozalarda oturuşun-duruşu skoliozu başlatmır və səbəbi deyil. Buna dair yetərli elmi fakt yoxdur. Lakin uşaqda skolioz varsa, çanta da, oturmaq da, gəzmək də skoliozun inkişafına səbəb ola bilər.
    Sadəcə valideyn körpəsində skolioz olduğunu bilmir.
    Amma qamətin əyri tutulması, belin əyilməsi onurğa üçün zərərlidir.
    6. Skolioz ana-atadan uşağa keçən genetik problemdir?
    Xeyr. Skolioz genetik xəstəlik deyil. O DNA yolu ilə genlərlə daşınmır. Hətta bir yumurtadan olan əkizlərdə belə birində skolioz varsa, digərində olmaya bilər. /medicina.az

  • Zəngəzur dəhlizi bölgənin iqtisadi inkişafina ciddi təsir göstərəcək – Deputat

    Zəngəzur dəhlizi bölgə ölkələrinin iqtisadi inkişafina ciddi təsir göstərəcək.

    Median.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

    Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun göstərdiyi misilsiz şücaətlə vətən müharibəsində qələbəsini təmin edərək Azərbaycan bölgədə yeni siyasi və iqtisadi reallıqlar yaratdı: “Hazırda qarşıda duran əsas vəzifə qələbəni daha da möhkəmləndirmək, bölgədə sülh və əmin-amanlığı təmin etmək, region ölkələri arasında əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirməkdir. İnkişafa nail olmaq, region ölkələrinin iqtisadiyyatını gücləndirmək üçün bölgəyə mütləq sülh gəlməlidir. Hər bir region ölkəsinin inkişafı bilavasitə bu amildən asılıdır”.

    C.Məmmədov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı elan etdiyi müharibə bölgə ölkələrinin iqtisadiyyatına da təsirsiz ötüşmədi: “Müharibədən ən çox zərər çəkən bölgə ölkələrindən biri də məhz Ermənistandır. Ermənistan apardığı düşmənçilik siyasəti nəticəsində bütün regional layihələrdən təcrid olundu, iqtisadiyyatı ciddi tənəzzülə uğradı. Müharibədən sonra bölgədə yeni iqtisadi imkanlar yaranıb.

    Rusiyanın vasitəçiliyi ilə imzalanan 10 noyabr razılaşmasında əksini tapan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Müharibədən bir neçə ay keçməsinə baxmayaraq, hələ də Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır, Ermənistan rəhbərliyi davamlı olaraq bir-birinə zidd bəyanatlar verir.

    Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması ilə bölgə iqtisadiyyatı yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq. Bu dəhlizin açılması təkcə Azərbaycanın yox, Ermənistanın da iqtisadiyyatına ciddi təsir göstərəcək. Ermənistan ağır blokadadan çıxacaq, ölkə iqtisadiyyatı inkişaf edəcək”.

    Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi bütövlükdə bölgənin bir çox ölkələrini özündə birləşdirən beynəlxalq bir dəhliz olacaq: “Orta Asiyadan, Pakistan və Əfqanıstandan daşınan yüklər bu dəhlizdən keçməklə öz ünvanına çatmaq imkanı əldə edəcək.

    Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan ya könüllü olaraq bunu edəcək ya da buna məcbur ediləcək. Vaxt uzandıqca bölgə ölkələri bu dəhlizdən əldə edə biləcəkləri gəlirdən də məhrum olurlar. Odur ki, Ermənistanın bir yolu var, o da bölgə ölkələri ilə sıx əməkdaşlıq etmək. Ermənistan bunu yaxşı anlamalıdır. Zaman Ermənistanın əleyhinə işləyir”.

  • Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var

    Qazax rayonunda avtomobil qəzası olub, bir neçə nəfər xəsarət alıb.

    “Report” xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlar Qazax rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Müdafiə Nazirliyi: “Azərbaycan ordusunun bütün texnikası tam tərkibdə yerindədir”

    Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ordusunun bütün texnikası tam tərkibdə yerindədir.

  • Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub

    Tokio-2020 Yay Olimpiya Oyunlarında boks turnirinin təşkilatçıları Fransanı təmsil edən və qalmaqal yaradan azərbaycanlı boksçu Murad Əliyev üçün polisə müraciət edib.

    “Report” xəbər verir ki, bu barədə TASS-a Fransa komandasının üzvü məlumat verib.

    Onun sözlərinə görə, təşkilatçılar polisə zəng vurduqdan sonra arenanı tərk etmək qərarına gəliblər: “Buna ehtiyac yox idi. Turnirin nəzarətçisi bizə hakimin səhv etdiyini söylədi. Amma artıq heç nəyi dəyişmək mümkün deyil”.

    Qeyd edək ki, 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Murad Əliyev Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib. Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib. Lakin Əliyev rinqdən uzaqlaşmayıb və nümayişkənarə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.

  • “Sabah” klubu “Zenit”in yetirməsi ilə müqavilə imzalayıb

    “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

    Median.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub İldar Ələkbərovla anlaşıb.

    20 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb.

    “Zenit” Futbol Akademiyasının yetirməsi olan Ələkbərov karyerası ərzində Rusiyanın “Stroqino” (Moskva) və “Nefteximik” (Nijnekamsk) komandalarında çıxış edib.