Month: August 2021

  • Türkiyədə rus turistləri daşıyan avtobus aşdı: Üç ölü, 16 yaralı

    Yanğınların davam etdiyi Antalyanın Manavqat bölgəsində daha bir faciə yaşanıb.

    Türkiyə KİV-də yayılan məlumatlara görə, Rusiyalı turistləri daşıyan avtobusun aşması nəticəsində üç nəfər ölüb, 16 nəfər yaralanıb.

    Hava limanına gedən avtobusun öncə yol kənarındakı baryerlərə çırpıldığı, daha sonra isə qarşı yola çıxaraq aşdığı bildirilib.

    Hazırda qəza yerində polis və həkim briqadaları çalışır.

    Yaralıların xəstəxanaya çatdırıldığı qeyd olunub.

  • Azərbaycanda referendumun keçirilməsi və parlamentin buraxılması məsələsi gündəmdə yoxdur

    “Azərbaycanda referendumun keçirilməsi və parlamentin buraxılması məsələsi gündəmdə yoxdur”.

    Bu barədə “Report”a hökumətdəki mənbələrdən məlumat veriblər.

    “Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırırıq”, – mənbə qeyd edib.

  • Kürdəmirdə 2 yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb

    Kürdəmir rayonunda körpəni elektrik cərəyanı vuraraq öldürüb.

    Hadisə Muradxan kəndində qeydə alınıb.

    Belə ki, 2019-cu il təvəllüdlü Qəribov İxtiyar Əşrəf oğlu həyətdə oynayarkən onu elektrik cərəyanı vurub. Körpə hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Məni güllələyin, bu iş bitsin”- Oğlunu və gəlinini baltalayan şəxs

    Oğluna və gəlininə balta ilə xəsarətlər yetirən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Oğlu tərəfindən döyüldüyünü deyən şəxs əməlindən peşman olduğunu bildirib.

    Median.Az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

    Mehdi İsmayılov ifadəsində bildirib ki, oğlu uzun illər onu incidib. Amma onun oğlunu öldürmək niyyəti olmayıb:

    “Hadisədir, olub və keçib. Məni güllələyin və bu iş bitsin. Mən onu öldürmək istəməmişəm. Əgər istəsəydim, balta ilə başına vurardım”.

    Danışmaqda çətinlik çəkən Mehdi İsmayılov bildirib ki, gəlinini vurmaq niyyəti olmayıb. Sadəcə hadisəyə müdaxilə edən zaman o da xəsarət alıb.

    Hadisə ilə bağlı yayılan ilkin məlumata görə, Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

    Hadisənin əmlak üstündə başlayan mübahisə zamanı baş verdiyi bildirilir.

    Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş tərəf M.Ismayılovu bağışlayıb.

    M.Ismatılovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs qarşı irəli sürülmüş ittiham ağırdır. Vəkilin sözlərinə görə M.İsmayılovun hər iki şəxsi öıdemrək imkanı olduğu halda bunu etməyib. Onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməlidir.

    Mehdi İsmayılovun həyat yoldaşı da məhkəmədə ifadə verən zaman deyib ki, oğlu tez-tez onu da döyüb. Ailə arasında mübahisə isə ev üstündə olub.

    Məhkəmə araşdırması davam edir.

  • Məşhur restoranda müştərilərə müddəti bitmiş məhsullar servis edilib

    Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus “Fayton” restoranında yoxlama aparılıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, məhsulların emalı sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən olunub.

    Eyni zamanda, çalışan işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istifadə müddəti bitmiş məhsullar aşkar olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.

  • “Kinoya aidiyyatım olsaydı, ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı…”

    “Məni niyə kino günündə təbrik edirsiniz? Mənim axı kinoya aidiyyatım yoxdur! Kinoya aidiyyatım olsaydı ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı, təbrik edərdi. İndiyə qədər heç kimdən bir diplom, diplom o yana qalsın, bir quru təbrik də görməmişəm!”

    Bunu Moderator.az-a açıqlamasında “Bizim Cəbiş müəllim” filmində Makedon obrazının ifaçısı Aqil Ağacanov deyib. O daha sonra əlavə edib.

    “Heyf ki, bu illər ərzində mənə qiymət verilmədi. Siz jurnalistsiniz də, zəng edib Mədəniyyət Nazirliyinə deyin ki, niyə indiyə qədər bu insanı saymamısınız? Sayanı sayıram, saymayanın başının ağasıyam! Bütün kanallar, saytlar zəng edib məndən müsahibə istəyir, heç vaxt danışmıram. Mənə lazım deyil durub bambılılıq edib, televizora çıxım! Siz hər zaman mənim saqqızımı oğurlayırsınız! Bircə Roza Zərgərli hər dəfə məni verilişinə çağıranda gedirəm. Roza ilə canciyərəm! Heç vaxt da qapı döyməmişəm. Ona görə də heç kimlə nə əlaqə saxlayıram, nə də danışıram. Film həyatı ilə də qurtarmışam. Həsən Seyidbəyliyə böyük hörmətim olub. İki filmdə çəkilmişəm” – deyə o bildirib.

    Aqil Ağacanov hazırkı fəaliyyətindən də danışıb.

    “Pirşağı kəndində yaşayıram. Kənddə 6-cı dərəcəli şef aşpazam. Hamı tanıyır, hörmətlə yanaşır. Nəvələrimlə günümü keçirirəm, onlarla oynayıb-gəzirəm. Bəzi saytlarda yazırlar ki, guya Həsən Seyidbəyli mənə mərcdə uduzduğuna görə filmə çəkib. Amma bu belə olmayıb. Həsən Seyidbəyi əslən Maştağadandır, amma Pirşağıda da bağı var idi. O vaxt ssenari hazır idi, filmə aktyor seçirdilər. Biz də uşaqlarla bağların kənarında oturub meyxana deyirdik. Bir kişi gəlib mənə dedi ki, “Oğlum, mən kinoçəkənəm, səni çəksəm gələrsən?”. Etiraz edərək dedim ki, mənim kinoda nə işim var? Həsən müəllim təkid etdi ki, vallah gözəl film olacaq, sənə də yaxşı rol verəcəyəm. Sonra ona dedim ki, məhəllə uşaqlarımı da çəksəniz çəkilərəm. Filmdə bizimlə Ziya Seyidbəyli, Cahangir Zeynalov da çəkildi. Qalan uşaqlar isə mənə görə Pirşağı kəndinən gəlmişdilər. Çox maraqlı günlər idi. Həmin səhnədə uşaqların dediyi meyxananı Ağasəlim Çıldaq yazmışdı” – deyə o bildirib.

  • Aprel döyüşlərində rüsvayçı məğlubiyyətə görə qovulan general Ermənistanın müdafiə naziri oldu

    Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi ilə bir sıra vəzifələrə yeni təyinatlarla bağlı fərman imzalayıb.

    Bu barədə Ermənistan mətbuatı yazıb.

    Fərmana əsasən Suren Papikyan baş nazirin müavini, Arşak Karapetyan müdafiə naziri, Romanos Petrosyan isə ətraf mühit naziri təyin olunub.

    Yeni təyinatlar arasında ən diqqət çəkəni Arşak Karapetyan olub. O, 2016-cı ilin aprel döyüşlərində rüsvayçı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad edilib.

    Daha sonra 2018-ci ildə Nikol Paşinyan Arşak Karapetyana yeni vəzifə verib və onu öz müşaviri təyin edib. Ermənistan mətbuatı generalın bu vəzifəyə 2008-ci ilin 1 mart hadisələri ilə bağlı ifadə verməyə razılaşdığı üçün gətirildiyini yazıb. Arşak Karapetyan 2021-ci ilin 6 aprelində bu vəzifədən azad edilib.

    Lakin generalın vəzifədən kənar qalması çox çəkməyib. O, 2021-ci ilin 13 aprelində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini təyin olunub.

    Arşak Karapetyan 2021-ci ilin 20 iyulunda isə Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsinə gətirilib.

  • Müdafiə Nazirliyi: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Ermənistan parlamentinə yeni sədr seçilib

    Ermənistan Milli Məclisinin sədri vəzifəsinə iqtidardakı Mülki Müqavilə Partiyasının nümayəndəsi, əvvəlki parlamentin sədr müavini Alen Simonian seçilib.

    “Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu parlamentin iclası zamanı hesablama komissiyasının sədri Narek Babayan bildirib. O qeyd edib ki, 107 millət vəkilindən səsvermədə iştirak edən 71-nin hamısı A.Simonianın lehinə səs verib.

    Müxalifət partiyalarının parlamentdəki nümayəndələri səsvermədə iştirak etməyiblər.

  • Son 6 ayda ödətdirilən alimentlərin həcmi açıqlanıb

    İcrası təmin edilmiş işlərin sayında artım müşahidə olunur.

    Bu barədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi – baş icra məmuru İlqar Cəfərov məruzəsində məlumat verib.

    Onun sözlərinə görə, cari ilin birinci yarısında icrası təmin edilən və davam etdirilən icra sənədlərinin sayı 13%-dən çox artaraq 350 minə çatıb: “Eyni zamanda icraatda olan hər 8 işdən biri uşaqların birbaşa hüquqlarına toxunan və icrası davam edən kateqoriyaya aid olan aliment tələbləri üzrə cari ildə 60 minə yaxın icra işinin hər ay tamlıqla tutulması təmin edilib. Fiziki və hüquqi şəxslərə 300 milyon manatadək, o cümlədən aliment işləri üzrə 37 milyon manata yaxın vəsait ödətdirilib”.

    “Valideynlik hüququndan istifadə – uşaqla ünsiyyətdə olma tələbinə dair 6700-dən çox icra işinin icrası mütəmadi təmin edilib, indiki pandemiya şəraiti ilə əlaqədar vətəndaşlara həmçinin videokonfrans formatında görüş imkanı yaradılıb”, – İ.Cəfərov qeyd edib.