Month: September 2021

  • Təhsil naziri: “Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib”

    “Biz hesab edirik ki, oktyabrın əvvəlinə qədər 4 milyon insan hər iki dozada vaksinasiya olunacaq”.

    “Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.
    Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib:

    “Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.

  • Ursula fon der Leyen: “Avropa İttifaqı Monteneqronun quruma üzv olmasını istəyir”

    Avropa İttifaqı Monteneqronun quruma üzv olmasını istəyir.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu ölkəyə səfəri zamanı bildirib.

    “Mənim səfərim birbaşa Avropa perspektivinə aiddir, sizi dəstəkləmək üçün gəlmişəm. Bu yolda qalmağınız vacibdir. İşarəmiz aydındır: Avropa İttifaqına üzv olmağınızı istəyirik”, – Avropa Komissiyasının rəhbəri bildirib.

    Qeyd edək ki, 2018-ci ilin payızında Avropa Komissiyasının o vaxtkı prezidenti Jan-Klod Yunker Serbiya və Monteneqronun 2025-ci ilə qədər Avropa İttifaqına daxil ola biləcəyini demişdi.

  • Taksidə siqaret çəkən sürücü və sərnişinlərlə bağlı monitorinq keçiriləcək

    Bu gün Azərbaycanda sərnişinləri narazı salan məsələlərdən biri də ictimai nəqliyyatda, xüsusən də taksilərdə sürücülərin siqaret çəkməsidir. Ölkəmizdə 2017-ci ildə ictimai nəqliyyatda siqaret çəkilməsini qadağan edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilib. Lakin taksi sürücüləri, bir sıra hallarda isə sərnişinlər bu tələbə əməl etmir.

    Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, yol polisi əməkdaşları bu məsələ ilə bağlı tədbirlər görürlər. O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə əsasən, sərnişindaşımalar üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məmulatı çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilir.

    N.Piriyev bildirib ki, adətən sərnişinlər özləri də sürücünün siqaret çəkməsinə etiraz edir və bu etiraz da taksidə siqaret çəkilməsi hallarını azaldır. Yəni bu qayda pozuntusu kütləvi xarakter daşımır, digər qayda pozuntuları ilə müqayisədə daha azdır.

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında təəssüflə bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tez-tez pozulması hallarına rast gəlinir.

    M.Quliyev qeyd edib ki, bununla bağlı məsələ komitənin iş planına daxil edilib: “Milli Məclisin payız sessiyasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı bir monitorinq keçirəcəyik və onu da dinləməyə çıxaracağıq. Dinləmələrdə, həmçinin Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edəcək. Monitorinq zamanı qanunun icrasının hansı səviyyədə olduğunu müəyyən edəcəyik və bunu müvafiq qurumların nümayəndələri ilə müzakirə edəcəyik”.

    Qeyd edək ki, taksidə siqaret çəkməyə görə cərimə sərnişinə də şamil edilir. Əgər sərnişin də taksidə siqaret çəkərsə, eyni məbləğdə cərimə tətbiq olunur.

    Mənbə: Trend

  • İrakli Qaribaşvili: “Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığı dərinləşdirilməlidir”

    “Azərbaycan Gürcüstanın yalnız dostu və qonşusu deyil, əsas strateji və ticari tərəfdaşlarından biridir”.

    Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında deyib.

    Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla münasibətlərə yüksək dəyər verir: “Azərbaycanla iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq inkişaf edir. Azərbaycan artıq neçə ildir Gürcüstanda investisiyalar üzrə liderdir. Biz iqtisadi-ticari əməkdaşlığı daha da dərinləşdirməli və möhkəmləndirməli, ticarət dövriyyəsini iki dəfə artırmalı, daha çox sərmayə qoymalıyıq. İki ölkə arasında yalnız iqtisadiyyat və ticarət sektorlarında deyil, humanitar və mədəniyyət sahələrində də çox yaxşı münasibətlər var”.

  • Ağstafada qatar kişini vurub öldürdü

    Ağstafada bədbəxt hadisə baş verib.

    Hadisə rayonun Poylu kəndində qeydə alınıb.

    Hərəkətdə olan qatar 1957-ci il təvəllüdlü Məmişov Camalı vurub. O, aldığı ağır xəsarətlərdən ölüb.

    Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

  • İranlı general PKK ilə bağlı İraq hakimiyyətinə xəbərdarlıq edib

    İraqın şimalında terrorçulara bazanın yaranmasına dözə bilmərik”.

    “Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunlarınıın komandanı general Məhəmməd Pakpur İraq hakimiyyəti və bu ölkənin şimalındakı hökumətə xəbərdarlığında bildirib.

    “İrana qarşı olan terrorçu qrupları İraqın şimalından çıxarın. Bu tələbimiz reallaşmazsa, terrorçuların yerləşdiyi yerləri və sığınacaqları məhv etmək üçün üzərimizə düşəni edəcəyik. Hazırda istənilən təhdidə qarşı hərbi hazırlığımız ən yüksək səviyyədədir”, – o vurğulayıb.

    Qeyd edək ki, PKK terror qruplaşması İraqın şimalında yerləşib. Onun “PJAK” adlı dəstəsi İran, xüsusilə Qərbi Azərbaycan ərazisində yerli əhaliyə hücum edir, müxtəlif terror aksiyaları törədir.

  • Ukrayna və Türkiyə “Bayraktar” xidmət mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb

    Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Baykar Savunma” şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.

    “Report”un Ukrayna Prezidentinin saytına istinadən verdiyi məlumata görə, Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.

    Sənədi Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə müdafiə naziri Andriy Taran, Türkiyə tərəfdən isə “Baykar Savunma”nın baş direktoru Haluk Bayraktar imzalayıb.

  • “Qarabağ”ın legioneri: “Hədəfimiz yaxşı oyun göstərməkdir”

    Ağır oyun olacaq. Uzun yol qət etmişik. Hədəfimiz yaxşı oyun göstərməkdir”.

    “Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Kevin Medina Kiprdə “Omoniya”ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

    Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

  • Ekvadorda həbsxanada atışma: Onlarla ölü və yaralı var

    Ekvadorun Quayakil şəhərindəki həbsxanada baş verən atışma nəticəsində azı 29 nəfər ölüb, 42 nəfər yaralanıb.

    Bu barədə Ekvador Respublikası Baş Prokurorluğunun “Twitter” səhifəsində məlumat yayılıb.

    Daha əvvəl 24 nəfərin öldüyü bildirilmişdi.

    Səlahiyyətlilər atışmanın səbəbinin həbsxanadakı müxtəlif dəstə nümayəndələri arasındakı qarşıdurma ilə əlaqələndiriblər.

    Artıq vəziyyətin qaydasında olduğu bildirilir.

  • Füzulinin işğaldan azad edilmiş ərazisində şəkər çuğunduru yığımı davam edir

    Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində şəkər çuğunduru yığımı davam edir.

    İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi qrupundan “Report”a verilən məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra Füzuli rayonunun işğaldan azad edilmiş 600 hektar kənd təsrrüfatı təyinatlı torpaq sahəsində taxıl becərilib və məhsul tədarük edilib. Həmçinin, cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir.

    Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur.

    Sahələrdə şəkər çuğunduru yığımı davam edir və məhsulun itkisiz və optimal müddətdə tam yığılıb tədarük edilməsi üçün əraziyə müasir tipli çuğundur yığan kombayndan istifadə edilir. Əkin sahələrinə suvarma suyu Köndələnçay üzərində yerləşən su anbarından verilir.